Lankasterdə təhsil alan doktorant Lalə Kərimova xalqımızı ləyaqətlə təmsil edir
Elimiz-obamız hər zaman elmə, savada, bilik adamına dəyər verib, belə şəxsləri hörmətli tutub. İmişli rayonunda da ziyalı ailələr, nəsillər çoxdur. Bu bölgədə adları, əməlləri xoş sözlə, rəğbətlə çəkilən nəsillərdən biri də Kərimovlardır.
Nəslin ağsaqqalı Kərim Kərimov hələ 1966-cı ildə pedaqogika üzrə müdafiə edib. O vaxtdan onu hörmətlə “alim-pedaqoq” deyə çağırıblar. Kərim müəllim sıravi müəllimlikdən rayon təhsil şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. El ağsaqqalı, fədakar pedaqoq kimi ad-san qazanıb. Əvvəlcə övladları onun yolunu davam etdiriblər, indi isə nəvələri bu şərəfli peşənin daşıyıcılarıdır.
Lalə rəhmətlik Kərim Kərimovun oğlu Azər müəllimin övladıdır. O, 2007-ci ildə İmişli şəhər N.Şirinov adına 5 saylı şəhər orta məktəbi bitirəndən sonra Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. Burada 4 il ərzində ingilis dili və ədəbiyyatını sevə-sevə, mükəmməl surətdə öyrənib.
ADU-da ingilis dilini isə çox tez və rahat öyrəndi. İndi o, doğma dili ilə yanaşı, rus və ingilis dillərində səlis danışır. Lalənin ingilis dilini mükəmməl öyrənməsi onun pedaqoqların da diqqətini özünə cəlb edib. Onlar Jalə haqqında söz düşəndə fəxrlə dedilər:
–Lalə çox istedadlı gəncdir. Kaş siz onu Şekspirin sonetlərini orijinalda əzbərdən deyəndə öz gözlərinizlə görüb eşidərdiniz. O, həqiqətən, ingilis dilinin incəliklərini doğma dilimizin ruhu, ahəngi qədər hiss edib duya bilir.
ADU-nu bitirəndə Bakıda Jalənin işə düzəlmə ilə problemi olmayıb. Əvvəlcə “Kaspi” liseyində, sonra “CELT Colleges” şirkətində, daha sonra isə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində çalışıb. Bir müddət “Xəzər” və “Qərbi Kaspi” universitetlərində tələbələr qarşısında mühazirələr oxuyub. Adlarını sadaladığım bütün bu kollektivlərdə sadəliyi, səmimiyyəti, xeyirxahlığı ilə hamının sevimlisinə çevrilib.
Lalə Kərimova yüksək motivasiyalı xanımdır, əldə etdiyi uğurlarla kifayətlənməyi ağlına belə gətirmir. Onu dilçiliklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında cərəyan edən hadisələr də çox maraqlandırır. Bu sahələrdə də daim biliklərini zənginləşdirməyə cəhd edir. Bu məqsədlə 2017-ci ildə sənədlərini Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistraturasına verib və ilk cəhddən bu nüfuzlu ali təhsil olacağına qəbul olunub.
Deyirlər ki, elmdə son dayanacaq olmur. Daim öz üzərində çalışmalı, yeni zirvələr fəth etməlisən. Lalə yeni bilgilər, məlumatlar almağa çox meyillidir. Onu xüsusilə Qərb və Şərq sivilizasiyasında qadının rolu və vəzifələri problemi çox məşğul edir. Yaxşı bilir ki, Azərbaycanın gələcək inkişaf və tərəqqisi qadınların cəmiyyətdəki rolundan və nüfuzundan asılı olacaq.
Lalə “qadın və cəmiyyət problemi”ni araşdırmaq fikrinə çoxdan düşmüşdü. O, bir dəfə bu mövzuda elmi iş müdafiə etmək üçün Böyük Britaniyada doktoranturada oxumaq arzusunda olduğunu atasına bildirdi. Azər müəllim əvvəlcə etiraz etdi. Atanın öz məntiqi var idi: “Düşündüm ki, uzaq, yad ölkədir, qohum-qardaşdan aralıda Lalə üçün çətin olar!”. Amma sevimli qızının israrlı xahişlərindən sonra ata “yumşalaraq” razılıq verdi.
Burada bir məqamı vurğulamağa ehtiyac var. Azər müəllim ömrü boyu müəllim işləyib, halal zəhməti ilə ailəsini dolandırıb. Təbii ki, qızının xaricdə, Birləşmiş Krallıq kimi zəngin bir dövlətdə oxumasını maddi cəhətdən təmin etmək üçün onun imkanları yox idi.
Amma xoşbəxtlikdən çıxış yolu tapıldı. Bəlli oldu ki, Azərbaycan dövləti istedadlı, perspektivli gənclərin dövlət hesabına təhsil almaları üçün xüsusi proqram qəbul edib. Məhz həmin proqram çərçivəsində müsabiqədən qalib çıxmış Lalə Kərimova hazırda Birləşmiş Krallığın nüfuzlu Lankaster Universitetinin doktoranturasında təhsil alır.
Lalə 3 illik doktorantura pilləsinin artıq 1-ci ilini arxada qoyub. Onun oradan da xoş sorağı gəlir. Deyirlər ki, Lalə ağlı, zəkası, kreativliyi ilə fərqlənir. Onu həm təhsil aldığı ali məktəbdə, həm də Birləşmiş Krallığın digər universitetlərində tez-tez təşkil olunan simpozium və konfranslara dəvət edirlər. Təklif və tövsiyələrinə diqqət kəsilirlər.
Lalə bu ilin 9-13 iyul tarixlərində İspaniyanın Barselona şəhərində qadınların cəmiyyətdə rolu ilə bağlı keçirilən konfransda maraqlı məruzə ilə çıxış edib. Qərb və Şərq sivilizasiyalarında ziyalı qadın mental tipləri arasındakı fərqlər və bunları doğuran səbəbləri izah edib. O, əmindir ki, qlobal inkişaf ayrı-ayrı xalqların milli-mənəvi, əxlaqi dəyərlərinə qarşı çıxmamalı, ən azı onlara hörmətlə yanaşmalıdır. Bu ilin 8-12 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək konfransa da dəvətlidir. Hansı ölkədə, hansı şəhərdə olmasından asılı olmayaraq, məqam düşən kimi doğma müstəqil ölkəmizin şanlı tarixi, mədəniyyəti, xüsusilə də Bakının, Şuşanın gözəllikləri barədə ürəkdolusu söz açır.
Qəzetimiz üçün bu yazını hazırlayarkən Jalə ilə “Vatsap” vasitəsilə əlaqə saxladım. Məlum oldu ki, o, bu günlərdə dissertasiya işi ilə bağlı gərgin tədqiqatlarını davam etdirir və bu sahədə elmi araşdırmalarını mümkün qədər tez başa çatıdırmaq fikrindədir. Gənc həmsöhbətim Lankesterdəki həmkarları barədə də həvəslə söz açdı.
Lalədən Bakıda, İmişlidəki doğmalarından ən çox kimlər üçün darıxdığını soruşdum. Nədənsə, o, birdən-birə tutuldu. Anladım ki, o, həmin an onun üçün ən əziz olan varlığı, 5 il əvvəl vaxtsız dünyasını dəyişən anası Gülnarə xanımı xatırlayıb. Onun kövrəldiyini hiss edib özümü qınadım, dərhal mövzunu dəyişməyə tələsdim:
–Jalə, ingilis qızları, xanımları ilk tanışlıq zamanı sənə ən çox hansı sualı verirlər?
–Adımı soruşurlar, mənasını biləndə gülümsəyirlər. “Həqiqətən, laləyə bənzəyirsən” deyirlər!
Lalə bu cavabı verəndə gülümsədi. Bütün gözəl, abırlı, ismətli Azərbaycan qızları, gəlinləri, xanımları kimi Laləyə də ürəkdən gülmək, sevinmək və sevilmək çox yaraşır. Allah qorusun!
Məsaim ABDULLAYEV
XQ