İranın müasir etno-mədəni mənzərəsi

post-img

Doğrudanmı bu ölkədə farslar əksəriyyət təşkil edir?

 

(əvvəli XQ-nin 26 sentyabr 2023-cü il tarixli sayında)

 

İran İslam Respublikasının rəsmi şəxsləri, məmurları milli məsələlərdən söhbət açanda ölkənin etnik tərkibində farslarn əksəriyyət təşkil etdiyini bildirirlər. Bu ölkənin tarixində farsların heç bir vaxt çoxluq təşkil etmədiyini bildiyimiz üçün rəsmi statistikaya müraciət etmək ehtiyacı duyduq.

Bu coğrafiyanın etno-psixolojı mən­zərəsini daha da geniş təhlil etməyə ehti­yac var. Bu zaman İranın rəsmi siyasətinin nə qədər yanlış və düşünülməmiş oldu­ğunu üzə çıxarmaq mümkündür. Ölkənin passionarlığının pozulması yalnız marqi­nallaşdırılmış İslam ilə özünü göstərmir. Bir çox digər səbəblər də mövcuddur. Ya­zımızın I hissəsində birinci və ikinci qrup ostanların etnomədəni səciyyəsini ver­məyə çalışdıq.

Üçüncü qrupa daxil olan ostanlar

Rəsmi məlumata görə, Fars ostanının 4,5 milyon əhalisinin 20, İsfahanın 4,5 mil­yon əhalisinin 20, Gilanın 2,5 milyon əha­lisinin 20, Çahar-Mahal və Bəxtiyari osta­nının 1 milyon əhalisinin 20 faizini türklər təşkil edir. Qeyd etdiyimiz kimi, məlumatın saxtalaşdırılmasında 25 faiz manipulya­siya olduğunu bildiyimizi nəzərə alaraq 2,5–3 milyon nəfərlik fərq üzə çıxır. 

Rəzəvi Xorasan ostanının 6 milyon 435 min nəfər əhalisinin (2016) 20 faizə qədərini azərbaycanlılar və türkmənlərin təşkil etdiyi rəsmi etiraf edilir. Rəsmi məlu­matda isə ostan əhalisinin 80 faizinin fars­lar olduğu bildirilir. Bu əyalətin tarixçəsi və etno-mədəni təhlili ayrıca bir tədqiqatın obyektidir.

Dördüncü qrupa daxil olan ostanlar 

2006-cı ildə aparılmış rəsmi siyahıya­almaya əsasən, Elam ostanında 545 min 787 nəfər əhali yaşayırdı. Ümumi olaraq vilayətdə əhalinin əksəriyyətini kürdlər təşkil edirlər. Əhalinin 80 faizini kürd, qa­lanlarını isə lor, azərbaycanlı və ərəblər təşkil edirdilər. 

Kohgiluyə və Buyer Əhməd ostanı İranın cənub-qərbində yerləşir və mərkə­zi Yasuc şəhəridir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən, ostanda 634 min 299 nəfər əhali yaşayırdı. Əhali­nin 80 faizini lorlar, 10 faizini qaşqaylar və digərləri təşkil edirdi. 

Mazandaranın əhalisi 3 milyona yaxın göstərilir. Əhalinin faiz nisbəti tama­milə gizlədilsə də məlumdur ki, burada, əsasən, mazilər, giləklər, talışlar, türkmən­lər və azərbaycanlılar yaşayır. Mazanda­randa farslar tarixən yaşamayıb. Yalnız Qacarlardan sonra idarəçilik və mərkəzi hakimiyyətin təmsilçiləri olaraq az sayda insan özünü fars sayıb.

Yəzd ostanının 500 min əhalisinin ol­duğu bildirilir və çox böyük faizinin fars olduğu qeyd olunur. Əhalinin əsas identi­fikasiyası atəşpərəstliyi ilə müəyyənləşir. Əgər din faktorunu nəzərə almasaq, bu ostanı farsların dominant olduğu bir coğ­rafiya olaraq müəyyənləşdirə bilərik.

Kermanşah ostanının 2 milyona yaxın əhalisi var. Əsasən, kürdlərin məskunlaş­dığı bu ərazidə lorlar və azərbaycanlılar da böyük sayda yaşamaqdadırlar. Kerman ostanının əhalisi, təxminən, 500 mindir və böyük əksəriyyətini bəluclar təşkil edir.

Sistan və Bəlucistanın 2,5 milyon əha­lisi var ki, rəsmi məlumata görə onların 65 faizi bəlucdurlar. 2016-cı ilin məlumatına görə, Buşəhr ostanında 1,2 milyon əha­linin 87 faizi farsdır. Bəsrə körfəzinin sa­hilində yerləşən tarixi ərəb torpaqlarında belə bir faiz göstəricisi, şübhəsiz ki, sax­tadır.

700 min əhalisi olan Semnan ostanın­da sakinlərin 20 faizə qədərini azərbay­canlılar, türkmənlər və rəsmi məlumata görə, 80 faizini farslar təşkil edir.

Lurestan ostanının əhalisi 1,8 milyon nəfər olub (2016) və 90 faizi lorlardır.

Bu sistemləşdirilmiş mənzərə İran coğrafiyasında əhalinin dislokasiyası və təxmini etnik mənzərəsini ifadə edir. La­kin bütün İran coğrafiyasında təbii şərtlər, həyat standartları, dövlət dəstəyi, təhsil, səhiyyə və mədəniyyət eyni şəkildə pay­lanmayıb.

Tehran-Şiraz-İsfahan yolu ilə cənuba yollanarsınızsa, yolun ortasında şərqə doğru yol ayrılır və bu böyük bir coğrafiya əsasən, bəlucların yaşadığı ərazi olaraq tanınır. Bu ərazilərin insanları Əfqanıstan və Pakistanla daha çox inteqrasiya olunur və əsasən sünni məzhəbdirlər. 

İran İslam Respublikasında əhalinin artım dinamikası haqqında statistik mə­lumatlar gizli saxlanılır və yalnız rəhbərə məruzə edilir. Lakin sosial həyat tərzi haqqında və sosiologiyadan əldə edilən məlumatlar, həyat ukladı və iqtisadi göstə­ricilər (büdcə bölgüsü) imkan verir ki, bir sıra nəticələr əldə edək. Ölkənin əhali artı­mı, əsasən, Kürdüstan, Lorestan, Bəlucis­tan və Azərbaycan ostanlarının hesabına baş verir. Mərkəzi hakimiyyət milli ostan­lara münasibətdə dağıdıcı bir siyasət hə­yata keçirir. 

İran rəsmi dairələri məqsədli olaraq kürd əşirətlərini kiçik qruplara bölərək yeni coğrafiyalarda məskunlaşdırır (əsasən Azərbaycan ərazilərində) və bununla da əhali artımını stimullaşdırır. Kürdüstan, Bəlucistan və Lurestan məntəqələrində minlərlə məktəb yaşlı uşaqlar təhsildən kənarda qalır, ostan mərkizindən kənarda olan yaşayış yerlərində sistemli tədris işi həyata keçirilmir, məktəbləri olan əyalət­lərin təhsil modeli islam təbliğinə yönəldil­miş yarım dünyəvi təhsil modelidir ki, ayrı­ca bir tədqiqatın obyekti ola bilər.

Lurestanda əhalinin artımı, əsasən ənənəvi həyat ukladı və qadın faktoruna əsaslanır. Lurestanda qadın dominantdır, ailə qurucusudur, çoxuşaqlılıga təmayül­lüdür, təhsilə təmayüllü deyil, iddialı deyil, zəhmətkeşdir və dözümlüdür. Bu amillər Lurestanın son 40 ildə əhalisinin sürətlə artımını təmin edir. Əsasən, təhsildən kə­nar böyüməkdə olan lor gəncləri şəhərlərə axın etdikcə, farsdilli əhalini müəyyən­ləşdirir və fars ənənəvi həyat ukladının “üçüncü” təbəqəsini təşkil edir. 

Azərbaycanda əhali artımı bir tərəf­dən yeni ailələrin qurula bilməməsi (əsas səbəb olaraq iqtisadi vəziyyət göstərilir), digər tərəfdən əhalinin kütləvi miqrasiya­sı ilə səciyyələnir. Azərbaycan əhalisi İran coğrafiyasında passionarlığı ilə fərqlənir. Ümumi ideologiyaya xidmət edir, ənənəvi müsəlmanlığın əsas sütununu təşkil edir və digər etnik qrupların din yaradıcılığında iştirak etmir. Yeri gəlmişkən, İran coğrafi­yasında din yaradıcılığı İslamdan öncə də geniş yayılmış fəaliyyət sahəsi olub. İran­dan fərqli olaraq Azərbaycan coğrafiyası dini ənənələri klassik modeldə qorumağa təmayüllü idi. İran İslam Respublikası za­manında da İran dini yaradıcılığı davam edirdi. Fars və cənub əyalətlərində İslam ritualları atəşpərəstliklə sintez edilir və yeni elementlər əlavə olunurdu. Məsələn, İsfahanda Novruz bayramından 13 gün sonra evində səməni yetişdirmiş insanlar bir yerə toplanır və səməni halvası bi­şirmək mərasimi keçirir. Böyük tiyanlar­da uzun müddət qarışdırmaqla bişirilən səməni halvası üçün bütün iştirakçılar növbə ilə tiyana yaxınlaşır, böyük çöm­çələrlə onu qarışdırır və “ya Zəhra” deyə çağırışlar edirlər. Halva hazır olduqdan sonra otaqdan hamı həyətə çıxaraq hal­va tiyanını tək qoyurlar. Mərasimdə işti­rak edən qonaq soruşduqda “bəs bu nə üçündur?”, məclisin agsaqqalı cavab verir ki, “həzrəti Zəhra səməni halvasını çox sevərmiş. Biz otağı boş qoyduq ki, həzrəti Zəhranın ruhu gəlib halvadan yesin, sonra biz onu paylayaq”. 

Belə bir İslam anlayışı və müxtəlif dini rituallar İranın cənubunda normal qəbul edilən hallardır. Klassik fars ostanlarından olan Yəzddə 500 min əhalinin olduğu və onlardan 20 faizinin zərdüşt olduğu rəsmi qeyd olunur. Lakin ərazinin öyrənilməsi nəticəsində məlum olur ki, insanların döv­lət məmurlarından qorxusu nəticəsində in­sanlar ikili həyat yaşayır. Kənar insanlara, xaricilərə daha səmimi etiraflar edirlər və özlərini müasir İran sivilizasiyasının tərkib hissəsi kimi görmürlər. Belə ki, əhalinin 80 faizi zərdüşt babalarına sadiqdirlər. İranın cənub ərazilərində zərdüştçiliyə, Sasani dövrünün ənənələrinə ehtiram edənlər, Həxamənişilər dövlətini ulu babaları he­sab edənlər, erkən xristianlar və mitraçı qruplar da yayılmaqdadırlar. 

Beləliklə, məlum olur ki, İran coğrafi­yasının bütün məntəqələrində yaşayan və bir çoxlarında əksəriyyət təşkil edən türk müsəlmanlar, klassik Cəfəri şiyələridir. Yalnız azərbaycanlılar əhalinin yarısını, qaşqaylar və türkmənlərlə birlikdə götür­dükdə isə əhalinin 60-65 faizini təşkil edir­lər. Lakin bu gün, Tehranda bir məmur rəy sorğusu apararsa, əlbəttə ki, təhsil almış və dil ləhcəsini ört-basdır edənlər “mən farsam”, ləhcəsini gizlədə bilməyənlər isə “mən iranlıyam” deyəcəkdir.

 

Pərviz KAZIMİ, 

tarix üzrə fəlsəfə doktoru, dosent

Siyasət