Zəfər yürüşünün Xudafərin səhifəsi

post-img

4 Oktyabr Cəbrayıl şəhəri günü

...Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü elan edilmişdir. Düz 3 il əvvəl məhz bu gün 44 günlük şanlı savaşın ilk günlərində düşmən əsarətindən azad edilmiş Cəbrayıl sakinləri ilk dəfədir ki, bu əlamətdar hadisəni böyük sevinc və qürur hissi ilə qeyd edirlər. 

Azərbaycanın bütün bölgələri, rayon və kəndləri gözəldir, əzizdir, doğmadır. Araz çayının üzərində hələ XI və XIII əsrlərdə inşa edilən Xudafərin körpüləri burada yerləşdiyi üçün “Qarabağın giriş qapısı” sayılan Cəbrayıl mənim üçün xü­susilə əzizdir. 

Tale elə gətirib ki, 1985-1993-cü illər­də “Bakinski raboçi” qəzetinin, mərkəzi Cəbrayıl şəhəri olmaqla, Mil-Muğan zo­nasının bölgə müxbiri kimi çalışmışam. Bu illər ərzində rayonun doğma yurda, torpağa qəlbən bağlı olan saf, mərd, hünərvər insanlarını yaxından tanımı­şam, onlarla dostluq, yoldaşlıq etmişəm. Bu gün də dostluq əlaqələrimiz davam edir. 

1990-cı illərin əvvəllərində quldur erməni yaraqlıları yerli separatçıların diktəsilə Cəbrayılın Hadrut rayonu ilə həmsərhəd olan kəndlərində ağır zorakı­lıqlarla müşayiət olunan vəhşiliklər törət­məyə başlamışdılar. O zaman Cəbrayılın əli silah tutan kişiləri könüllü özünümüda­fiə dəstələri düzəldərək doğma torpağı düşməndən qorumağa başladılar. 

Yadımdadır, həmin ağır və gərgin dönəmdə Cəbrayıl artıq ilk şəhidlərini verirdi. Rayon polis şöbəsinin əməliyyatçısı, milis kapitanı Zahid Məmmədov yaraqlıların qəfil basqınına məruz qalan dinc əhaliyə köməyə tələsən zaman yolda basdırılmış minaya düşərək şəhid oldu. 

Azərbaycan İnşaat və Memarlıq Universitetinin memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Fuad Əsədov Bakıda dərslərini yarımçıq qoyaraq ata-anasının yaşadığı doğma Cəbrayıla gələrək ağır döyüşlərə qatıldı və 1992-ci ilin yazında qəhrəmancasına şəhid oldu. 

Elə həmin günlərdə rayonun Qaracalı kəndindən olan 13 yaşlı qorxubilməz ye­niyetmə Samir Əliyev səngərdə növbə çəkən döyüşçülərimizə düşmənin ağlına belə gətirmədiyi keçilməz dağ yolları ilə evlərindən ərzaq sovqatları, sevgililə­rindən məktublar gətirirdi. Samir o vaxt Avropada çox populyar olan qaradərili məşhur futbolçu Tiqanaya zahirən çox bənzədiyi üçün onu bu adla da çağırır­dılar. 

Bir ildən sonra artıq 14 yaşlı “Tiqa­na” Cəbrayıl şəhəri uğrunda döyüşlərdə sinəsindən ağır güllə yarası alaraq həlak oldu. Atası Qədir kişi, anası Əminə xala Samirin ölümünə ömürlərinin sonunadək inana bilmirdilər. 

Lakin bütün bu ayrı-ayrı qəhrəman­lıq və şücaət nümunələrinə baxmaya­raq, 1993-cü il avqustun 23-də Cəbrayıl erməni silahlı birləşmələri tərəfindən işğal olundu və rayon əhalisi ölkəmizin, demək olar ki, bütün şəhər və kəndlərinə səpələnərək ağır, nisgilli köçkün taleyi yaşamalı oldu. 

Mən cəbrayıllılarla İmişli, Sabirabad və Biləsuvardakı çadır düşərgələrində və başqa yelərdə görüşürdüm. Onların hər biri düşməndən qisas almağa hər an ha­zır olduqlarını söyləyirdilər. 

Qisas qiyamətə qalmaz, deyirlər. Nəhayət, 2020-ci ilin payızında Azərbay­can Ordusu Qarabağın azadlığı naminə Vətən müharibəsinə başladı. Döyüş­lər başlananadan 7 gün sonra Cəbrayıl şəhəri azad edildi. 

Ali Baş Komandan İlham Əliyev hə­min gün televiziya ilə xalqa müraciətində demişdir: “Bu gün Cəbrayıl şəhəri və ra­yonun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azər­baycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm”. 

Qeyd etmək lazımdır ki, bu tarixi qələ­bənin müharibənin taleyində olduqca bö­yük mənası var idi. Belə ki, ilk dəfə olaraq silahlı qarşıdurmanın birinci həftəsində şəhər və rayon mərkəzi azad edildi. Bu, Ordumuza əlavə güc və inam verdi. 

Cəbrayılın azad olunması hələ 2016-cı ilin şanlı Aprel döyüşləri zamanı baş­lamışdı. Çünki ərazidəki strateji yüksək­liklər işğalçılardan azad olunandan sonra Cəbrayılın Füzuli rayonu ilə sərhədindəki Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olmuşdur. Bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. 

Xatırladaq ki, Cocuq Mərcanlı kən­dinin sakini Oqtay Həziyev heç nəyə baxmadan, heç kimdən qorxmadan tək­başına öz ailəsi ilə Cocuq Mərcanlıda 20 ildən çox yaşayıb. O, Azərbaycanın ilk “Əmək” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bu yüksək mükafatı Oqtay Həziyevə onun evində, şəxsən təqdim edib və qəhrəmanı qucaqlayıb bağrına basıb. 

Bu gün Cəbrayıl rayonu Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliye­vin bir an azalmayan diqqət və qayğısı sayəsində bərpa və yenidən inşa edilir. Rayonda yeni yollar, yaşayış binaları ti­kilir, müasir infrastruktur yaradılır. Erməni vandallarının vəhşicəsinə dağıtdığı Cəb­rayıl ən yaxın həftələr, aylar ərzində öz doğma sakinlərini qəbul edəcək. 

Qərinələr, əsrlər boyu erkən yaz­da Azərbaycanın güneyindən quzeyinə uçub gələn qaranquşlar Araza enərək onun sularından içir, sonra isə yenidən səmaya pərvazlanaraq oradan əvvəlcə Qarabağa, sonra isə bütün Azərbaycana yayılırdılar. 

Ornitoloqlar qeyd ediblər ki, Qara­bağın işğal altında olduğu 27 il ərzində qaranquşlar bu yerlərə, bir dəfə də ol­sun, uçub gəlməyib, səmtlərini dəyişiblər, sanki ermənilərin viran qoyduğu evləri görmək istəməyiblər. Bu, nə hikmətdir, nə möcüzədir, bu sirr yalnız böyük Allaha bəllidir.

Amma üç ildir ki, qaranquşlar yeni­dən əvvəlki “marşrutlarını” bərpa edib­lər. Onlar Cəbrayılda, bütün Qarabağda yeni ucaldılan evlərin eyvanlarında yuva qurur, bu məmləkətin əsl sahiblərini sə­birsizliklə gözləyirlər. Cəbrayıllılar özləri də doğma yurda can atırlar. Yurd, torpaq doğma sakinləri ilə gözəl və möhtəşəm­dir!

Məsaim ABDULLAYEV
XQ

Siyasət