Bolqarıstan Azərbaycandan qaz idxalını artırıb

post-img

Hazırda respublikamız bu ölkənin “mavi yanacağ”a tələbatının 75 faizini ödəyir 

Avropa İttifaqının (Aİ) statistika idarəsi “Eurostat”ın məlumatına əsasən, 2023-cü ilin iyulunda Bolqarıstan Azərbaycandan 77,3 milyon kubmetr qaz idxal edib. İyun ayında isə bu göstərici 74,8 milyon kubmetrə çatıb. Beləliklə, Bolqarıstan respublikamızdan təbii qaz idxalını aylıq hesablamada 3,3 faiz artırıb. Bütünlükdə isə cari ilin yanvar-iyul aylarında ölkəmizin Bolqarıstana qaz ixracı 5 milyard 37 milyon kubmetr olub. 

Qeyd edək ki, bu ölkə 2022-ci il ok­tyabrın 1-də istismara verilən Yunanıs­tan–Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başla­yıb. IGB ilə qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr nəzərdə tutulub.

Azərbaycan Avropaya “mavi yanacağ”ı Cənub Qaz Dəhlizinin (CQD) son hissəsi olan Trans–Adriatik boru kəməri (TAP) va­sitəsilə tədarük edir. Kəmərin gücü ildə 20 milyard kubmetrə­dək genişləndirmə imkanı ilə 10 milyard kubmetrdir. 

Energetika Nazirliyinin məlu­matına görə, bu ilin yanvar-iyul ayları ərzində ölkəmizdən Avro­paya 6,6 milyard kubmetr təbii qaz ötürülüb. Bütünlükdə hesa­bat dövründə “mavi yanacaq” ix­racı 13,8 milyard kubmetrə çatıb ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7 faiz çox olub.

Xüsusən, “Azər-Çı­raq-Günəşli” (AÇG) yataqlar blokundan 7 milyard kubmetr, “Şahdəniz”dən 15,4 milyard ku­bmetr, “Abşeron” yatağından isə 0,1 milyard kubmetr qaz hasil edilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasil etdiyi qazın həcmi isə 5,1 milyard ku­bmetr olub.

Bütün bu göstəricilər təbii ki, ölkəmizin neft-qaz potensialının zənginliyindən xəbər verir. Belə bir ehtiyata malik Azərbaycan uzun illərdir ki, Avropanın ener­ji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. “Köhnə qitə”­nin təbii qazla təminatına böyük töhfələr verən republikamız artıq bu gün özünü etibarlı enerji tərəf­daşı kimi təsdiqləyir. Azərbayca­nın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından isə 3 ilə yaxın bir vaxt ötür. 

Xatırladaq ki, TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uza­nır. Boru kəmərinin ümumi uzun­luğu 878 kilometrdir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Alba­niya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilo­metri isə İtaliyadan keçir. Hazırda Azərbaycan TAP vasitəsilə İta­liya, Yunanıstan və Bolqarıstan istehlakçılarını təbii qazla təmin edir.

XXI əsrin nəhəng enerji dəh­lizi olan CQD-nin son seqmenti sayılan TAP boru kəməri Avropa ölkələrinə qaz idxalı marşrutlarını şaxələndirməyə geniş imkanlar yaradır. Artıq bir sıra ölkələr tərə­findən interkonnektorlar (birləşdi­rici kəmərlər) vasitəsilə TAP boru kəməri ilə daxili qaz şəbəkələrini əlaqələndirməyə maraq göstə­rilir. Bu da Azərbaycan qazının Avropanın dərinliklərinə qədər gedib çatmasını şərtləndirir. Bu baxımdan yuxarıda adıçəkilən Yunanıstan–Bolqarıstan inter­konnektoru mühüm önəm daşı­yır. 

Həmin interkonnektor vasitə­silə tədarük edilən Azərbaycan təbii qazının həcmi Bolqarısta­nın tələbatının təxminən 75 fa­izini ödəyir və bu ölkədə “mavi yanacaq”la bağlı münasib qiy­mətlərin formalaşmasında həl­ledici rol oynayır. Bolqarıstanın respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoya­nov mediaya müsahibəsində bu barədə ətraflı bəhs edərək inter­konnektorun ölkəsinin müxtəlif mənbələrdən və marşrutlardan qazın paylanması üçün əsl re­gional haba çevrilməsinə imkan yaratdığını diqqətə çatdırıb. Səfir müsahibəsində, eyni zamanda, IGB-nin ötən il oktyabrın 1-də Sofiyada Prezident İlham Əliyev və Avropa Komissiyasının pre­zidenti Ursula fon der Lyayenin iştirakı ilə keçirilən mərasimdə kommersiya tədarükünə başladı­ğını da vurğulayıb. 

Xatırladaq ki, sözügedən in­terkonnektor “mavi yanacağ”ın Yunanıstan ərazisi ilə TAP va­sitəsilə Bolqarıstana və qonşu ölkələrə nəqli üçün əsas marş­rutdur. Bu, Cənub–Şərqi Avro­pa regionuna qaz tədarüklərinin diversifikasiyası üçün mühüm və ümumi maraq daşıyan la­yihə olmaqla Mərkəzi və Şərqi Avropada enerji bağlantısı üzrə yüksək səviyyəli infrastrukturdur. Eyni zamanda, Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaş­dırılması üçün ilk marşrut olan interkonnektor tədarükün daha yüksək təhlükəsizliyinə və mən­bələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabəti şərtləndirir. 

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

2020-ci ilin sonundan eti­barən Trans-Adriatik boru kəmərinin tikintisinin ikinci mərhələsinin başa çatmasın­dan sonra Azərbaycan ilk dəfə Avropa bazarına təkcə xam neft deyil, həm də təbii qaz ixrac etməyə başladı. Əvvəlcə təbii qazın İtaliya, Yunanıstan və Bolqarıstana ötürüləcəyi nəzərdə tutulurdu. Lakin son­radan bir sıra digər dövlətlər tərəfindən də bu layihəyə bö­yük maraq yarandı və həmin dövlətlər arasında ölkəmizə dost olan Macarıstan da var idi. 

Qısa dövr ərzində həyata keçirilən layihələr nəticəsində Azərbaycan qazı Macarısta­na daxil oldu. Hazırda respub­likamız bu tədarükün həcmini artırmağı planlaşdırır. Ölkələri­mizi birləşdirən neft və qaz tə­chizatı ilə bərabər, “yaşıl ener­ji” layihəsinin reallaşdırılması da maraq dairəsindədir. 

2022-ci il iyunun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avro­pa İttifaqı ilə Azərbaycan Res­publikası arasında enerji sahə­sində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, həmin ilin dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Res­publikası, Gürcüstan, Rumıni­ya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inki­şafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanması da bu is­tiqamətdə irəli atılan mühüm addım kimi yüksək dəyərləndi­rilir. Ümumiyyətlə, “yaşıl elekt­rik enerjisi” Azərbaycan ilə Macarıstan arasında energe­tika sahəsində əməkdaşlığın daha bir seqmentidir. Lakin bu yanaşma bütün Avropa İt­tifaqına aiddir. Çünki uzun illər ərzində neft və qaz, həmçinin perspektivdə “yaşıl elektrik enerjisi” Azərbaycanın Avro­panın enerji təhlükəsizliyinin təmin olunmasında ixrac baxı­mından üzərinə götürdüyü mühüm prioritetdir. 

Xatırladaq ki, “mavi yana­cağ”ın əvvəlcə İtaliya, Yuna­nıstan və Bolqarıstana ötürül­məsi nəzərdə tutulurdu. Lakin cari ildən başlayaraq Maca­rıstan və Rumıniya da Xəzər dənizinin dərinliklərindən hasil edilən qazın nəql olun­duğu ölkələr sırasına qoşul­du. Bundan sonra isə bir sıra digər ölkələr də Xəzərin təbii qaz idxalçısı olmağa maraq göstərdilər və bununla bağlı cari ilin aprelində Azərbay­can, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyanın energetika şirkətləri “həm­rəylik halqası” adlanan saziş imzaladılar. Bu sənədin im­zalanmasında məqsəd Avro­panın daxili qaz interkonnek­torlarının Cənub Qaz Dəhlizi ilə nəql edilən qazın həcminin artırılması üçün istifadə olun­masıdır. 

Göründüyü kimi, qaz ix­racatçılarının sırası getdikcə genişlənir. Bu səbəbdəndir ki, Avropa Azərbaycandan 2027-ci ildə 20 milyard kubmetr qaz tədarükünə ümid bəsləyir. Ha­zırkı dinamika da bu məqsədə nail olmağa imkan verir. 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat