Aqrar sığorta fermerləri ziyandan qoruyur

post-img

Bu il 8 milyon manatdan artıq zərər kompensasiyası ödəniləcək

Azərbaycanda aqrar sığorta mexanizmi tamamilə yeni sahə olsa da, onun tətbiqi kənd təsərrüfatına bir dinamizm, inkişaf gətirib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsi olan aqrar sı­ğorta ötən müddətdə özünü fermerlərin və fərdi təsərrü­fat sahiblərinin əsl dayağı, himayədarı kimi təqdim etməyi bacarıb. Bütövlükdə isə, bu mexanizmin işə düşməsi ötən müddətdə Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına mühüm töhfələr verib.

Xatırladaq ki, Azərbaycanda aq­rar sığortanın tətbiqi Prezident İlham Əliyevin “Aqrar Sığorta Fondunun yaradılması barədə” 19 avqust 2019-cu il tarixli fərmanı və “Aqrar sığorta haqqında” Azərbaycan Respublika­sının Qanunu ilə tənzimlənir. Belə ki, həmin sənədlər kənd təsərrüfatında risklərin sığortalanması ilə bağlı mü­nasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. 

Dövlət başçısının imzaladığı mə­lum fərmana əsasən, ölkəmizdə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, eləcə də idarəedi­ci qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti hə­yata keçirən Aqrar Sığorta Fondu qey­ri-kommersiya hüquqi şəxs yaradılıb. Aqrar sığorta mexanizminin tətbiqinin əsas məqsədi isə təsərrüfat sahiblə­rini və fermerləri gözlənilməz təbiət hadisələrindən müdafiə etmək üçün işlək bir mexanizmin yaradılmasından ibarətdir. Ötən müddətdə ölkə ərazisin­də baş verən leysan yağışları, sel-su­basma da daxil olmaqla, demək olar ki, bütün təbii fəlakət riskləri–fırtına, sel, qasırğa, tufan, dolu və digər hadisələr sığorta təminatına daxil edilib. Ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğun­duru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır. Bütövlükdə isə, ötən dövrdə ölkəmizdə sığortalanan bitkilə­rin sayı 14-dən 41-ə çatdırılıb. 

2020-ci ildə ölkə üzrə cəmi bir neçə müqavilə bağlandığı halda, cari ilin ötən dövründə onların sayı 50 minə çatıb ki, bu da rekord göstəricidir. Bun­dan əlavə, həmin il 6-7 min manat sı­ğorta haqqı yığılmışdırsa, bu il bitkiçilik sığortası üzrə toplanmış sığorta haqla­rının 10 milyon manatı keçəcəyi göz­lənilir. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalist­lərə bildirib ki, 2022-ci ildə fond tətəfin­dən 2,5 milyon manat sığorta ödənişi edildiyi halda, bu il həmin rəqəm mini­mum 2-3 dəfə artaraq 7-8 milyon ma­nata çatacaq. 

Bununla belə, ölkəmizdə sığorta ödənişlərinin daha artıq ola biləcəyini də ehtimal etmək mümkündür. Elə bu məsələni istisna etməyən fond rəhbəri də qeyd edib ki, cari ilin ötən dövrün­də bütün ölkə üzrə kifayət qədər qey­ri-sabit hava şəraiti müşhaidə edilib və bu iri həcmli zərərlərə səbəb olub. Onun sözlərinə görə, sığortalanmalı ərazilərin sayı artdıqca zərərlə bağlı müraciətlər də çox olacaq. “Hər il fərqli nəticələrlə üzləşirik. Təkcə bu ilin ap­rel-may aylarında ölkədə baş vermiş sığorta hadisələrinin sayı, ümumilikdə, ötən il ərzində baş verənlərdən iki dəfə artıq olub”,–deyə o əlavə edib.

Aqrar Sığorta Fondunun məlumatı­na görə, cari ilin 9 ayında ölkə üzrə 420 min hektara yaxın əkin sahəsi sığorta­lanıb. Bu da əkinə yararlı ərazilərin 25 faizi deməkdir. Bunu isə cəmi 3 il əvvəl fəaliyyətə başlayan bir sistem üçün uğurlu nəticə hesab etmək olar. 

Məlum olduğu kimi, aqrar sığorta­nın bir istiqaməti də quraqlıqla bağlıdır. Qeyd edək ki, cari ilin ötən dövründə Azərbaycanda müşahidə olunan ya­ğıntılı hava şəraitinə baxmayaraq, yay mövsümündə isti və quraq günlərin də sayı kifayət qədər çox olub. Göründüyü kimi, quraqlıq kənd təsərrüfatı sahə­sində ortaya çıxan əsas risklərdən bi­ridir. Məhz bu səbəbdən də yaxın vaxt­larda ölkəmizdə bu riskin də sığorta xidmətlərinə daxil edilməsi gözlənilir. Bununla bağlı Aqrar Sığorta Fondu 2023-2025-ci illərdə Azərbaycanda pi­lot lahiyə olaraq quraqlıq sığortasına başlamaq niyyətindədir. Bu məqsədlə hazırda İsveçrə və Türkiyə ilə təcrü­bə mübadiləsi aparılır. Eyni zamanda, ölkədə yağıntıların qeyri-bərabər pay­lanması ilə əlaqədar indeks əsaslı qu­raqlıq sığortasının tətbiqi istiqamətində də araşdırmalar davam etdirilir. 

Yeri gəlmişkən, Aqrar Sığorta Fon­du İdarə Heyətinin sədri Fuad Sadıqov bu günlərdə jurnalistlərə verdiyi açıqla­mada deyib ki, Azərbaycanda quraqlıq hadisəsi ilə bağlı sığorta fondun risklər siyahısına daxil edilə bilər. Quraqlıq sı­ğortasının hazırda fondun qarşısında duran ən vacib vəzifələrdən biri kimi xarakterizə edən F. Sadıqov bildirib ki, Azərbaycan quraqlığa məruz qala­caq ölkələr siyahısında ilk onluqdadır. Onun sözlərinə görə, fond hazırda fermerlərə quraqlıqdan hansı formada təminat verə biləcəyi ilə bağlı təhlillər aparır. 

Ümumilikdə isə, bu il ölkədə 200 min hektara yaxın əkin sahəsi quraqlı­ğa məruz qalıb. Bunun zərərli bir sığor­ta təminatı olduğunu diqqətə çatdıran F. Sadıqov bildirib ki, hazırda fondun əsas vəzifələrdən biri də növbəti döv­rdə bu xidməti fermerlərə təqdim et­məkdir. Onun dediyinə görə, təkcə Tür­kiyə təcrübəsini götürsək, hər alınmış 100 manata görə 900 manat ödəniş edilib. “Öncədən bəllidir ki, toplanan sı­ğorta haqları həmin ərazilər üzrə edilən ödənişlərdən dəfələrlə az olacaq. Bu, tariflərin dəyişməsinə səbəb olacaq. Çalışırıq sistemi elə genişləndirək ki, dayanıqlılıq təmin olunsun”,–deyə fond sədri əlavə edib.

Fuad Sadıqov hesab edir ki, quraq­lıq təminatının verilməsi ilə şiddətli qu­raqlığa davamlı məruz qalan ərazilər­də tariflərin ikiqat artması mümkündür. Sözügedən sahədə dövlət dəstəyinin neçə faiz olmasının hazırda müzakirə mövzusu olduğunu bildirən fond rəh­bəri deyib ki, bu rəqəmin 50 faiz deyil, 60-70 faiz olacağı da gözləniləndir. 

Bir məqamı da qeyd edək ki, ha­zırda Azərbaycanın aqrar sığorta sahəsində qazandığı təcrübə bir sıra ölkələrin diqqətini cəlb edib. Məsələn, Türkiyənin Kənd Təsərrüfatı Sığortası Birliyinin İdarə Heyətinin sədri Osman Yıldız deyib ki, Azərbaycanda Türkiyə­nin aqrar sığorta modeli qurulub, təc­rübə qazanılıb. Bu təcrübə, qarşıya çıxan çətinliklər, əldə edilən bilik siste­min daha səmərəli və gəlirli çalışması­na kömək edir. Azərbaycan bu sistem üçün önəmlidir. Onun sözlərinə görə, Türkiyənin aqrar sığorta modeli Azər­baycanda uğurla tətbiq edilə bilirsə, bu, Özbəkistanda da ola bilər. Osman Yıldız, həmçinin bildirib ki, Türkiyə və Azərbaycan birlikdə aqrar sığorta sis­temini Özbəkistanda qurmaq üçün əlindən gələni əsirgəməyəcək.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat