Astronavtika Konqresi Azərbaycana kosmik inkişaf meyarları gətirir

post-img

Ölkəmiz 2030-cu ildə Aya və Marsa missiya göndərməyi hədəfə alır

Ölkəmizin 74-cü Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etməsi respublikamızın innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymət kimi mühüm önəm daşıyır. Bu məclis Azərbaycanda kosmos sənayesinin, eləcə də aparıcı texnologiyaların inkişafını stimullaşdıracaq. Konqresin elmi-təcrübi yekunları respublikamızın qeyri-neft sektoruna birbaşa təsir göstərən amil kimi yüksək dəyərləndirir. Xüsusən də, qeyd edilən istiqamətdən daxilolmalar büdcə üçün çox əhəmiyyətlidir. 

Bu sahənin sürətli inkişafının, kosmik səna­yeyə son 10 ildə 600 milyon dollar investisiya yönləndilməsinin nəticəsidir ki, Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi dü­şünür. Astronavtika Konqresi çərçivəsində İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə əlaqədar bağlanan müqavilə ilə yanaşı, Azərbaycan hö­kumətinin kosmos proqramını bundan sonra da uğurla həyata keçirəcəyi kosmik sənayenin da­vamlı inkişafına əminliyi ifadə edir. 

74-cü Beynəlxalq Astronavtika Konqresində bütün bunlar barədə ətraflı bəhs olunub. Prezi­dent İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında kosmik sənayedə əldə edilən uğurlar­dan danışmaqla bərabər, diqqəti son illərdə ölkə­mizin siyasi, sosial-iqtisadi sahələrində qazanılan bir sıra mühüm uğurlara da yönəldib. Dövlətimizin başçısı Azərbaycanın dünyada ilk dəfə XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanındı­ğını, o zaman dünyada neft hasilatının yarısının ölkəmizin payına düşdüyünü, XX əsrin ortalarında isə dünyada ilk dəfə dənizdə neftin məhz Azər­baycanda– Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən çıxarıldığını xatırladıb.

Ölkə rəhbəri nitqində hazırda müstəqil ölkə olaraq, Azərbaycanın təbii sərvətləri­nin xalqımızın mənafeyinə xidmət etdiyini, müstəqillik illərinin sürətli transformasiya­sının təbii sərvətlərimizin düzgün istifadə­sinin təzahürünə çevrildiyini bildirib. 

Prezident İlham Əliyev çıxışında diqqətçəkən bir məqama da toxundu: “Neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu, inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi”.

Həqiqətən də dövlət başçısının çıxı­şında səslədirdiyi bu fikir ötən illər ərzində ölkəmizin timsalında öz təsdiqini tapıb. “Əsrin müqavilsi”nin icrasına qoyulan in­vestisya artıqlaması ilə qaytarılıb. Xarici sərmayədarlar, eləcə də Azərbaycan döv­ləti tərəfindən böyük həcmdə gəlir əldə edilib. Bununla da həm dövlətin, həm də investorların maraqları təmin olunub. Eyni zamanda, neftdən əldə edilən gəlir­lər ölkəmizin sürətli inkişafına yönəldilib. Ölkə rəhbərinin vurğuladığı kimi, neftdən gələn gəlirlər ümumi inkişafımıza sər­mayə kimi qoyulub. Sosial məsələlərin həlli üçün əlverişli şərait yaradılıb. Bunun­la həm də ölkəmizin beynəlxalq mövqeləri möhkəmləndirilib. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən qurucu­luq, abadlıq – bütün bunlar neft sənayesi­nin uğurlu nəticələri ilə reallaşdırılıb. 

Bu gün ölkəmizin enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmər­lərinin xəritəsinə nəzər salanda, ilk növ­bədə, Azərbaycanın düşünülən dəst-xət­ti, uğurlu strategiyası gözlərimiz önündə canlanır. Respublikamızın təşəbbüskarı olduğu, qonşular və tərəfdaşlarla birgə həyata keçirilən layihələr regionumuzun enerji təhlükəsizliyinə töhfə verməklə bə­rabər, Azərbaycanı beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısına çevirib. 

Ölkəmiz hazırda iqtisadi sahədə şaxələndirmə yolunu seçib. Yəni, respub­likamız neftdən asılılığı aşağı salmağı pri­oritet vəzifə kimi qarşıya qoyub, qeyri-neft sektorunu inkişafını diqqətdə saxlayıb və bu istiqamətdə yüksək göstəricilər əldə edib. 

Prezident İlham Əliyev 74-cü Bey­nəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında neft strategiyası­nın uğurlarından danışarkən, müstəqilliyi­mizin ilk illərinə ekskurs edərək o dövrdə xalqımızın təcavüz, işğal və etnik təmiz­ləmədən əziyyət çəkdiyini, böyük faciə, humanitar fəlakət yaşadığını xatırladıb: “1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azər­baycanlı qaçqın və məcburi köçkün və­ziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq də­nizə çıxışı olmayan ölkəmizdə hərc-mərc­lik hökm sürürdü və gələcək üçün pers­pektivlər o qədər də aydın görünmürdü”.

Ölkə rəhbərinin vurğuladığı kimi, o illərdə bu məhrumiyyətlərə, ağrı-acılara baxmayaraq, xalqımız güclü siyasi iradə nümayiş etdirdi, Azərbaycan dövləti əra­zilərimizi erməni faşizminin əsarətindən xilas etməyə, işğala dinc yolla son qoy­mağa çalışdı. Lakin bu, heç bir nəticə ver­mədi, 28 illik danışıqlar prosesi qəsbkarı tutduğu haqsız yoldan çəkindirə bilmədi. Sonda Azərbaycan problemi BMT nizam­naməsinin hər bir ölkəyə verdiyi özünümü­dafiə hüququndan istifadə etməklə aradan qaldırdı, erməni işğalına son qoydu.

Əlbəttə, bu, yaradılan güclü iqtisadiy­yat hesabına gerçəkləşdi. Dövlətimizin başısı konqresdəki nitqində belə bir iqti­sadi gücü rəqəmlərlə diqqətə çatdırdı: son 20 il ərzində ümumi daxili məhsulun dörd dəfə, büdcə gəlirlərinin 30 dəfədən çox, xarici ticarət dövriyyəsinin on dəfədən çox artdığını bildirdi. Eyni zamanda, birbaşa xarici borcun həcminin aşağı salındığını, bunun hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil etdiyini xatırla­daraq dedi: “2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumu­zu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dolların­dan çoxdur və onlardan 190 milyard dolla­rı qeyri-enerji sektoruna yatırılmışdır”.

Konqresdə müstəqilliyimizin ilk illə­rində üzləşdiyimiz bir problem–yoxsul­luqla bağlı yaranan çətinlik də xatırla­dıldı. Bildirildi ki, 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluğun 5,5 faiz təşkil etdiyi və belə bir müsbət göstəriciyə hasil olunaraq beynəlxalq bazarlara çıxarılan təbii sərvətlərin lazı­mi qaydada idarəsi hesabına gerçəkləş­diyi bildirildi. Bu fikrin təsdiqi kimi, milli sərvətlərin bərabər paylanmasının bu gün beynəlxalq ekspertlər və ən vacibi isə Azərbaycan xalqı tərəfindən qeyd olunduğu diqqətə çatdırıldı. 

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Beynəlxalq Astronavtika Konqresi kimi mötəbər bir tədbirin əlli ildən sonra Bakıda ikinci dəfə keçirilməsi ölkəmi­zin dünyadakı nüfüzunun və Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Eyni zamanda, bu tədbir respublikamızda kosmik tə­dqiqatlara önəm verilməsi, elm – tex­nikanın tətbiqinin stimullaşdırılması və kosmik texnologiyalar hesabına inno­vativ inkşafın sürətləndirməsinin bey­nəlxalq aləmdə dəyərləndirilməsi kimi uğurların təsdiqidir. 

Bütün bu uğurlar isə ölkəmizdə ma­terialşunaslıq, texnologiya, elektronoka və digər elmi-texniki istiqamətlərin dün­ya səviyyəsində konsentrasiyası nəti­cəsində reallaşır. 

Kosmik tədqiqatlar dedikdə yaxın və uzaq kosmosu fərqləndrmək zə­ruridir. Əgər yaxın kosmos Yerin at­mosferindən kənara çıxmağı nəzərdə tutursa, uzaq kosmos tədqiqatlarının hədəfi isə planetləri fəth etmək, onların səthinə kosmik aparatları endirməkdir. 

Ölkəmizi daha çox yaxın kosmos tədqiqatları maraqlandırır. Burada əsasən, kosmik xidmətlər yer alır. Meteorologiya sahəsində, kosmik tu­rizmdə, elmdə, tele-komunikasiyada kosmik xidmətlərin iqtisadi səmərəsi respublikamız üçün mühüm önəm da­şıyır.

Azərbaycanın kosmosa buraxı­ğı 3 peykdən 2-si tele-komunikasiya məqsədləri üçün, digər 1-i isə yer sət­hini müşahidə funksiyasını həyata keçi­rir. Prezident İlham Əliyevin Beynəlxalq Astronavtika Konqresində vurğuladığı kimi, hər 3 peyk azərbaycanlı mütəxə­sislər tərəfindən idarə olunur, 45-dən çox ölkə bu peyklərin xidmətlərindən istifadə edir. 

Peyklərin kommersiya faydalarına gəldikdə isə deyə bilərəm ki, dəyəri 233 milyon dollar olan “Azərspace-1” resurslarının 80 faizi kommersiya is­tismarındadır. Dəyəri 190 milyon dol­lar olan “Azərspace-2” isə Azərbaycan iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi gözlənilir. 2020-ci ildə peyk­lərin kommersiya istismarından əldə et­diyi gəlirlər isə 45,1 milyon ABŞ dolları təşkil edib. 

Belə ki “Azərkosmos” publik hüquqi şəxs ötən 2022-ci ili mənfəətlə başa vurmuşdur. Agentliyin ümumi mənfəəti 4,4 milyon manat,xalis mənfəət isə 1,4 milyon manat olmuşdur.

Ümumilikdə, “Azərkosmos”un gəlir­lərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır. Bu qurum döv­lət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həc­minə görə ən yüksək nəticə ilə ilk sıra­larda qərarlaşır. 

XQ





Siyasət