Azərbaycan–Türkiyə əlaqələri ümumi tərəqqiyə xidmət edir

post-img

Azərbaycan–Türkiyə əlaqələ­rində beynəlxalq iqtisadi və nəqliyyat layihələrinin real­laşması daim xüsusi yer tutub. İki qardaş dövlətin iqtisadi əməkdaş­lığı ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlayıb. 

1992-ci il noyabrın 1-də Azərbay­can–Türkiyə arasında Ankarada “Ti­carət və İqtisadi Əməkdaşlıq haqqında” imzalanan saziş 1993-cü il yanvar 23-dən qüvvəyə minib. Bakı–Tbilisi–Cey­han neft, Bakı–Tbilisi–Ərzurum qaz, TANAP, TAP və ”Yeni İpək Yolu” nəq­liyyat dəhlizində mühüm önəm daşıyan Bakı–Tbilisi–Qars dəmir yolu layihələri hər iki dövlətin əlaqələrinin möhkəmlən­məsinə əsaslı təsir göstərib. 

Burada bir məqamı da qeyd edək ki, son illər qardaş ölkənin iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən, Tür­kiyə iqtisadiyyatı son 20 ildə real ifadə­də 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı hazırda 900 milyard dolları keçib. Beynəlxalq Valyuta Fondu cari il Türkiyədə ümumi daxili məhsulun 1 tril­yon 29 milyard dollara çatmasını proq­nozlaşdırıb. Bu isə qardaş ölkənin tril­yon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacağı inamını yaradıb. 

Belə bir güclü iqtisadiyyata malik olan dövlətin Azərbaycana investisiya qoyuluşu da diqqət çəkir. Ümumiyyətlə, bu ölkələr arasında qarşılıqlı sərmayə yatırımı da daim diqqətdə saxlanılır. İndiyə qədər Azərbaycanın Türkiyə iq­tisadiyyatına 19,5 milyard ABŞ dolları, Türkiyənin isə Azərbaycan iqtisadiyya­tına 12 milyard ABŞ dolları investisiya qoyması bunun bariz ifadəsidir. Onu da bildirək ki, hazırda Türkiyədə 2 minə yaxın Azərbaycan, respublikamızda isə 4 100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir.

Qlobal iqtisadiyyatda baş verən müəyyən xoşagəlməz proseslərə baxmayaraq hazırda qardaş dövlət­lər arasında bütün sahələrdə olduğu kimi, ticari-iqtisadi əlaqələrdə də dina­mik inkişaf müşahidə edilir. Belə ki, iki ölkənin ticarət dövriyyəsinin illik dəyəri 2016-cı ildəki 2,3 milyard ABŞ dolları olduğu halda, 2021-ci ildə iki dəfə çox –təqribən 5 milyard ABŞ dolları olub. Ötən ilin yanvar–sentyabr aylarında isə bu rəqəm 4,2 milyard ABŞ dolla­rı təşkil edib. Əlbəttə, belə bir yüksək göstəricinin əldə olunmasında 2020-ci il fevralın 25-də iki ölkə arasında güzəşt­li ticarətin təşviqi məqsədilə imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti ara­sında Preferensial Ticarət Sazişi (PTS) əhəmiyyətli rol oynayıb. 

Azərbaycan–Türkiyə əlaqələrində ticari-iqtisadi münasibətlərin dərinləşdi­rilməsinə bu gün də xüsusi həssaslıq­la yanaşılır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun az bir müddət bundan əv­vəl Türkiyənin ticarət naziri Ömer Bolat­la görüşü də bunun parlaq ifadəsidir. 

M.Cabbarovun türkiyəli həmkarı ilə görüşündə dövlət başçılarının siyasi ira­dəsinin, verdikləri tapşırıqların icrasının əməkdaşlığın inkişafında mühüm əhə­miyyəti vurğulanıb. Türkiyənin Azərbay­canın əsas ticarət tərəfdaşlarından biri olduğu və iki ölkə arasında Preferen­sial Ticarət Sazişinə dəyişiklik haqqın­da imzalanan Protokolun ticari-iqtisadi əlaqələrin gücləndirilməsinə əlavə sti­mul yaratdığı bildirilib. Eyni zamanda, qardaş ölkələr arasında uğurlu inves­tisiya tərəfdaşlığının həyata keçirildiyi, qeyri-neft ticarət dövriyyəsinin artdığı da diqqətə çatdırılıb. Təbii ki, həmin gö­rüşdə Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı la­yihələrin regional əməkdaşlığı dərinləş­dirməklə yanaşı, bölgənin mənzərəsini də dəyişdiyi vurğulanıb.

İki qardaş ölkə arasında iqtisadi əməkdaşlıq barədə iyunun 13-də prezi­dentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında da geniş bəhs edilib. Dövlətimizin başçısı məmnunluq hissi ilə ticarət dövriyyə­sinin sürətlə artdığını və bunun artıq 6 milyard dollara yaxınlaşdığını, eyni zamanda, bu prosesin dinamik xarak­ter aldığını bildirib. “Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edə­cək, xüsusilə enerji sahəsində. Azər­baycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq”,– deyə Prezident İlham Əliyev diqqətə çatdırıb. 

Ölkə rəhbəri bəyanatında, həmçi­nin bütün görülən işlərə paralel olaraq Türkiyə ərazisindən Avropa ölkələrinə böyük tələbat yarandığı üçün Azər­baycanın qaz ixracının artdığını, enerji sahəsində respublikamızın fəaliyyətinin təkcə təbii qaz məsələsi ilə məhdudlaş­madığını da vurğulayıb. Dövlətimizin başçısı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçi­vəsində keçirilən görüşdə qardaş ölkə rəhbəri ilə yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqın­da fikir mübadiləsi aparıldığını da deyib. 

Prezident İlham Əliyev mətbuata bəyanatında yuxarıda vurğulananlar­la bərabər, Azərbaycanda nəqliyyat və logistika imkanlarının genişləndirildiyini, Bakı Dəniz Limanının imkanlarının 25 milyon tona genişləndirildiyini də xatır­ladıb.

Yeri gəlmişkən, Qərb və Şərq ara­sında təbii coğrafi bağlantı səbəbi ilə ötən illərdə Azərbaycanın nəqliyyat infrastrukturuna böyük sərmayə yatı­rılıb və bunun nəticəsində bütün zəru­ri infrastruktur obyektlərinin ölkəmizə daha çox yük qəbul etməsi gerçəkləşib. Bütün bunlarla yanaşı, Orta Dəhlizin inkişafı istiqamətində də bir sıra mü­hüm layihələr reallaşdırılıb. Adıçəkilən dəhlizdən daha səmərəli istifadə etmək üçün bütün iştirakçı ölkələr arasında “vahid pəncərə” sisteminin tətbiqinin gerçəkləşdirilməsi məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində fəal iş aparılıb. Bundan isə əsas məqsəd isə Orta Dəhliz marşrutunun kommersiya baxımından daha cəlbediciliyi olub. 

Ümumiyyətlə, dövlətimizin başçı­sının rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaş­dırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. 

Azərbaycan Prezidenti tərəfindən aparılan islahatların məntiqi davamı olan Azərbaycan İnvestisiya Holdinqi­nin yaradılması respublikada yerli və xarici investisiyaların sağlam təməllər üzərində reallaşdırılmasına da öz müs­bət təsirini göstərir. Çünki bu gün Azər­baycana investisiya yatırmaqda maraqlı olan iri şirkətlər var. Hazırda respublika­da sərmayə qoyuluşu prosesi uğurla davam edir. Bütün bunlar isə ölkəmizə xarici investisiya qoyuluşuna müsbət zəmin yaradır. Son illərdə Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların 60 milyard dollara çat­ması da elə bunun nəticəsidir.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

Siyasət