Qardaşlığa layiq, ali məqsədli Şuşa Bəyannaməsi

post-img

Tərəflər müdafiə qabiliy­yətlərinin və hərbi təhlükəsiz­liyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadilə­sini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliy­yət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsasla­nan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlət­lərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstək­ləyəcəklər. 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsindən

15 iyun 2021-ci il

 

Biz məmnunuq ki, iyirmi birinci əsrin üçüncü onilliyi Turan sevda­lıları üçün möhtəşəm perspektivin ilk və uğurlu mərhələləri ilə başlan­mışdır. Türkdilli xalqların tarixində yeni dövrə start verilmişdir. Ancaq daha böyük qürur və iftixarımız ondan ibarətdir ki, bu proseslərin önündə məhz Türkiyə Cümhuriy­yəti və Azərbaycan Respublikası gedir. Üçüncü onilliyin geridə qa­lan otuz ayında cənab prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin türkdilli ölkələrə reallaş­dırdıqları çoxsaylı səfərləri sübut edir ki, arzu etdiyimiz möhtəşəm perspektivin daha da yaxınlaşdı­rılmasına ən böyük töhfəni məhz bu iki lider verir. 

Doğrudur, SSRİ-nin süqutundan sonra yaranmış türk dövlətlərinin heç birinin uğurlu sabaha gedən yolu tam rəvan olmayıb. Hamımız müxtəlif prob­lemlərlə üz-üzə olmuşuq. Ancaq Azər­baycan çətinliyi daha böyük idi. Çünki bəzi məkrli siyasi dairələrin himayədar­lıq etdiyi Ermənistan ərazilərimizi iş­ğal etmişdi. Çar Rusiyası və Sovet dönəmində başlanmış qəsbkarlığın müstəqillik dönəmində də davamı son dərəcə böyük məhrumiyyət idi. Belə bir zamanda daim yanımızda qardaş Tür­kiyəni gördük. Üstəlik, Ermənistanın güvəndiyi Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatındakı türkdilli ölkələrin rəhbərləri də ərazi bütövlüyümüzü daim dəstəklədilər. Bədxahlarımız gördülər ki, Azərbaycan siyasi mübarizə meyda­nında tək deyil. 

İndi isə, bilavasitə bu sətirlərin qələmə alınmasının əsas səbəbləri barədə. Qardaş Türkiyə Cümhuriyyəti­nin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi növbəti dəfə and iç­məsindən sonra ilk xarici səfərlə Bakıya gəlməsi bir neçə cəhətdən əlamətdar oldu. 

Birincisi, türk xalqı son nəticəsi ikin­ci turda məlum olan möhtəşəm seçkidə öz iradəsini ortaya qoyduğu kimi, cənab Ərdoğan da seçkidəki qələbədən dər­hal sonra Bakıya gəlməklə, beynəlxalq aləmdəki dostlarımıza və bədxahları­mıza xalqının etimadını qazanmış li­derin iradəsinin nədən ibarət olduğunu göstərdi. İkincisi, bu səfər Azərbaycan xalqının 1997-ci ildən bəri hər il bayram etdiyi Qurtuluş Gününün ərəfəsində reallaşdırıldığına görə özünəməxsus əhəmiyyətə malikdir. Üçüncüsü, qar­daş ölkə liderinin Bakıya növbəti səfə­ri tarixi Şuşa Bəyannaməsinin ikinci ildönümünə təsadüf etdi. Dördüncüsü, Rəcəb Tayyib Ərdoğan Laçında Sərhəd Nəzarət-Buraxılış Məntəqəsinin açıl­masıyla dövlətmizin ərazi bütövlüyünün tam təmin edilməsindən sonra ölkəmizə səfər edən iki dövlət başçısından biri oldu. 

Bu bir faktdır ki, ekspertlər həm cə­nab Rəcəb Tayyib Ərdoğanın Azərbay­cana, həm də Prezident İlham Əliyevin Türkiyəyə səfərlərinin hər birini tarixi hadisə kimi xarakterizə edirlər. Dövlət başçımızın xatırlatdığı kimi, Türkiyə Prezidenti 44 günlük İkinci Qarabağ müharibəsinin ilk saatlarından, ta Bakı­da keçirilən Zəfər Paradınadək hər an bizim yanımızda olmuşdur. Eləcə də, iş­ğaldan azad edilmiş ərazilərimizdə inşa edilmiş beynəlxalq hava limanlarının ilk xarici qonağı da məhz cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur. 

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilmiş “TEXNOFEST” festivalının açılışında çıxış edərkən, hə­min məqamları böyük qədirbilənliklə xa­tırlatmışdır: “Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qar­daşımla bərabər biz “TEKNOFEST”dəiştirak etmişdik. Bu gün mən bura­dayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”.

Dövlət başçımız həmin çıxışında xatırlatmışdır ki, iki il əvvəl Şuşa Bə­yannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu­lar. Onun fikrincə, həmin tarixi Bəyan­namənin Qarabağın tacı olan Şuşa­da imzalanmasının xüsusi önəmi var: “Şuşa Azərbaycan xalqının əziz şəhə­ridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticə­sində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhur­başqanı, qardaş türk xalqı daim bizim yanımızda idi. İkinci Qarabağ savaşı­nın ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”.

Şuşa Bəyannaməsinin ikinci ili­nin tamam olmasına gəlincə isə onu da deməliyik ki, tərəflərin “Azərbay­can Prezidenti İlham Əliyevin və Tür­kiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa­nın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqə­dar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixin­də imzalanmış “Azərbaycan Respubli­kası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inki­şafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yar­dım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaş­lıq və qarşılıqlı yardım haqqında Müqa­vilə”ni rəhbər tutaraq” imzaladıqları bu sənədin gənc müstəqil Azərbaycan dövləti üçün, sözün həqiqi mənasında, misilsiz əhəmiyyəti vardır. 

Bu sətirləri həmin sənəddə öz əksini tapmış iki məqamı xatırlatmaqla yekun­laşdırmaq istəyirik. Birincisi: “Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbay­can 44 günlük Vətən müharibəsi ər­zində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını iş­ğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bər­pa olunmasını təmin etdi.” 

İkincisi: “Tərəflərdən hər hansı biri­nin fikrincə, onun müstəqilliyinə, suve­renliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxu­nulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edil­diyi təqdirdə, Tərəflər birgə məsləhət­ləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsə­dilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnamə­sinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və silahlı qüvvələrin güc və idarəetmə struktur­larının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Vəssalam. Yəni İrandan, Fransa­dan və ya hansısa başqa bir dövlət­dən göndərilən təlimatlar əsasında Xankəndidə – Azərbaycanın əsas tarixi şəhərlərindən birində oturub Bakı ilə təhdid dilində danışmaq istəyənlər də, onların havadarları və silahgöndərənlə­ri də anlamalıdırlar ki, odla oynayırlar. Bu qədim Azərbaycan ərazisində xaos və anarxiya yaratmaq istəyənlər unut­masınlar ki, Şuşa Bəyannaməsi Bakı ilə Ankara arasında hansısa müqavilə­nin tələblərindən asılı olmayaraq, tarix boyu yaranmış qardaşlıq və müttəfiqlik münasibətlərini beynəlxalq səviyyədə rəsmiləşdirmişdir. 

Cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərini alqışlayır, Şuşa Bəyannaməsinin iki yaşını təbrik edirik. Qurtuluşumuz həm də birliyimizdə, qar­daşlığımızda və iki dövlətin bir millətinin daimi ucalığındadır.

 

İ.QAÇAYEV, “Xalq qəzeti”

Siyasət