Bölgələrdə Qurtuluş Günü təntənələri

post-img

Naxçıvan

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə təntənəli mərasim keçiri­lib. Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Birləşmiş Or­kestri bayram konserti ilə çıxış edib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, dövlət və hökumət nümayəndələri şən­likdə iştirak ediblər.

Məclisdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin səd­ri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri barə­də məruzə edib. Tarixçi alim bildirib ki, 30 il gerçəkləşdirilmiş Milli Qurtuluş çağ­daş tariximizin möhtəşəm özülü olub. Ötən 30 ildə ümummilli liderin yaratdığı əsaslar üzərində ölkəmizdə davamlı in­kişaf gedir, onun qarşıya qoyduğu və­zifələr uğurla yerinə yetirilir. 

Qeyd edilib ki, ulu öndərin milli ma­raqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli da­vamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfin­dən uğurla davam etdirilir. Ölkə başçısı­nın rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunması Heydər Əliyevin qurtu­luş strategiyasının uğurlu nəticəsidir.

Bayram şənliyi Naxçıvan Dövlət Fi­larmoniyasının Birləşmiş Orkestrinin konserti ilə davam edib.

Mingəçevir

Mingəçevir Şəhər İcra Hakimiyyə­tinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Univerisitetinin akt zalında 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə “Milli döv­lətçiliyimizin xilaskarı” mövzusunda el­mi-nəzəri konfrans keçirilmişdir. 

Konfransı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd etmişdir ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. 1993-cü ilin iyun ayının əvvəlindən baş­layaraq ölkəmizdə baş verənləri təhlil etməklə hər birimiz bu qənaətə gəlirik ki, 15 iyun günü Azərbaycan xalqı və dövlətçiliyi üçün, həqiqətən də, qurtuluş tarixidir. 

1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi vəziyyət, vətən­daş müharibəsi təhlükəsi, ərazi baxı­mından parçalanma, xaos, anarxiya şə­raiti xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir missiyanı öz üzərinə götürən, həya­tını təhlükələrə məruz qoyan ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyu­nun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. 

Qısa müddətdə həyata keçirilən sə­riştəli siyasətlə ümummilli lider Heydər Əliyev doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bə­lalardan xilas etdi. O, 1993-cü ilin iyun ayının 15-də qayıdışı ilə tariximizin yeni bir mərhələsinin – quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, döv­lətçilik tariximizin şanlı səhifəsini yazdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ru­hiyyə ilə qeyd edir. 

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Dahi şəxsiyyət Heydər Əliyevin Azər­baycanın siyasi hakimiyyətinə qayıdışı tarixi zərurət idi”, Mingəçevir Dövlət Uni­versitetinin Humanitar fənlər kafedra­sının müdiri, dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova “Ulu öndər Heydər Əliyev milli qurtuluşu­muzun sərkərdəsidir”, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Qu­liyeva “Ümummilli lider Heydər Əliyevin 1993-cü il 15 iyun tarixindəki xilaskarlıq missiyası müasir uğurlarımızın başlan­ğıc səhifəsidir”, Mingəçevir Dövlət Uni­versitetinin baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Ruhiyyə Hüseynova “Ölkə Prezidenti cənab İlham Əliyevin qazandığı zəfərlər Azərbaycanın xoş­bəxt gələcəyinin təminatıdır” mövzula­rında məruzələrlə çıxış etmişlər.

Şirvan

Kür çayının sol sahilindəki iri sənaye şəhəri Şirvanda “Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbir Milli Qurtuluş Gü­nünə həsr olunmuşdu. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və elmi işçi Bəxtiyar Həsə­novun da qatıldıqları tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin mərkəzi meydandakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər, unu­dulmaz dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. 

Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin Azərbaycan xalqı qarşısında ta­rixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən sərgi ilə tanışlıq oldu. İclas salonunda təd­bir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca “15 İyun Milli Qurtu­luş Günüdür” adlı sənədli film nümayiş olundu. İcra hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında bildirdi ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkədə yaranmış siyasi sabitlik və sosial-iqtisa­di inkişaf dövlətimizin möhkəmlənmə­sində, sivil dünyaya sıx inteqrasiyasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Ulu öndərin uğurlu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Tədbirdə tarixçi-alim Cəbi Bəhramov sözügedən mövzuda məruzə ilə çıxış etdi. Onun həmkarı Bəxtiyar Həsənov, YAP Şirvan şəhər təşkilatının sədri Za­hir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan-Salyan Regional Təhsil İdarəsi­nin müdiri Sənan Mənsimli öz çıxışların­da Qurtuluş Gününün ümummilli-tarixi əhəmiyyətindən bəhs etdilər. Qonaqlara Vətən müharibəsində qazanılan qələbə­nin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyələri təq­dim edildi. 

Ağdam 

Artıq 30 ildən bəri qeyd etdiyimiz Milli Qurtuluş Günü Azərbaycanın xa­osdan, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşma­sının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi böyük ictimai, si­yasi və tarixi əhəmiyyətə malik gün­dür.

Bu fikir Ağdam Rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qur­tuluş Günü münasibətilə keçirilən “Milli dövlətçiliyimizin xilaskarı” möv­zusunda tədbirdə səsləndirildi.

Ağdam Rayon İcra Hakimiyyə­tinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlə­rinin, ziyalıların iştirak etdiyi tədbir­də əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə tər gül dəstələri düzüldü. Sonra ulu öndərin və respublikamı­zın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xa­tirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdı­şından sonra istər daxili, istərsə də xarici siyasətdə mühüm yeniliklərin baş verməsindən, dünya şöhrətli siyasət xadiminin Azərbaycan döv­lətçiliyini xilas etməsindən, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasından, Qurtuluş Gününün əhəmiyyətindən bəhs etdilər.

Cəlilabad

Tədbir iştirakçıları ulu öndərin abi­dəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoydular. Sonra Heydər Əliyev Mərkəzində başlanan tədbirdə Azərbay­can Respublikasının Dövlət Himni səs­ləndirildi.

Rayon icra hakimiyyətinin başçı­sı Rafiq Cəlilov Milli Qurtuluş Gününü xalqımızın və dövlətimizin taleyində dönüş anı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gün kimi dəyərləndirdi. Bu tarixin məhz görkəmli dövlət xadimi, müasir və müstəqil Azərbaycanın bani­si, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin ağır sı­naqlarla qarşı-qarşıya qaldığı bir vaxt­da xalqın təkidi ilə Bakıya gələn, böyük risklərə baxmayaraq, dərhal Gəncəyə gedib siyasi kataklizmləri yatıran və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən dünya şöhrətli siyasətçi müqəddəs qurtuluş missiyasını böyük məharətlə yerinə yetirib. Ulu öndər məhz xalq sevgisinə, dəstəyinə arxala­naraq bütün taleyüklü məsələləri böyük ustalıqla həll edib.

Bildirildi ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi-ideoloji kursu keyfiyyətcə yeni müstəvidə davam etdirilir. Prezident İlham Əliyev xalqımızın milli maraqlarını hərtərəfli təmin etməklə, Azərbayca­nın inkişaf strategiyasını uğurla həyata keçirir, Vətən müharibəsindən böyük zəfərlə çıxmış xalqımızı aydın və ilhamlı sabahlara aparır. 

Hər bir azərbaycanlı respublikaya rəhbərlik etdiyi hər iki dönəmdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lider Heydər Əliyevi böyük rəğbət və eh­tiramla yad edir.

Tədbirdə ulu öndərin şərəfli ömür yo­lundan bəhs edən sənədli film nümayiş olundu və rayon mədəniyyət mərkəzinin solistlərinin ifasında konsert proqramı təqdim edildi.

Salyan

“Milli dövlətçiliyimizin xilaskari” möv­zusunda tədbir Salyan rayon ictimaiyyə­ti tərəfindən maraqla qarşılandı. 

Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Salyan Ra­yon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək 15 İyun – Milli Qurtuluş Gününün özəlliklərindən danışdı. Bildirildi ki, bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi ya­radan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəm­lənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan əbədiyaşar bir insan – Heydər Əliyevdir. 

Qeyd edildi ki, qazanılan bütün nai­liyyətlərin əsasında ümummilli lider tərə­findən müəyyənləşdirilən uğurlu siyasi kurs və Prezident İlham Əliyevin bu kur­su uğurla davam etdirməsi faktı dayanır. Həmin uğurun bariz nümunəsi 2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə edilən böyük qələbədir.

Siyəzən 

Rayon Mədəniyyət Mərkəzində icra hakimiyyətinin başçısı Novruz Novru­zovun iştirakı ilə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar keçirilmiş tədbir də "Milli dövlətçiliyimizin xilaskarı" mövzu­suna həsr edilmişdi.

Tədbirdə YAP Siyəzən rayon təşkila­tının sədri Samir Baxşiyev geniş məruzə ilə çıxış etdi. O, konkret faktlara istinad edərək bildirdi ki, əgər ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın çağırışına cavab olaraq Naxçıvandan Bakıya gəlməsəydi, yenicə əldə olunan dövlət müstəqilliyimiz ciddi təhlükələrlə üz-üzə qalaraq məhv ola bilərdi. Məhz bu xilaskarlıq missiya sayəsində ölkə­də siyasi sabitlik yaradıldı, vətəndaş qarşıdurması dayandırıldı və ölkəmiz tədricən sabit inkişaf yoluna çıxdı. İndi Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir, onun iradəsi olmadan regional miqyasda heç bir addım atıla bilməz. 

Bildirildi ki, 44 günlük Vətən mü­haribəsində qazandığımız möhtəşəm qələbə isə cari reallıqları Azərbaycanın xeyrinə dəyişmiş, ölkəmizi əsas söz sa­hibinə çevirmişdir. Bütün bu üstünlüklər isə möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ulu öndərin siyasi kursuna sadiqliyi nəti­cəsində qazanılmışdır.

Sonra mədəniyyət mərkəzinin direk­toru Ziyadə Dadaşovanın “Milli Qurtuluş fəlsəfəsi” mövzusunda çıxışı maraqla dinlənildi. Çıxışlardan sonra Milli Qurtu­luş Gününə həsr olunmuş qısametrajlı film nümayiş olundu.

Tədbirin sonunda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Nov­ruzov çıxış edərək 15 İyun – Milli Qurtu­luş Gününün Azərbaycan Respublikası üçün tarixi əhəmiyyətini bir daha vurğu­ladı. 

Şamaxı

Milli Qurtuluş Günü münasibətilə Şa­maxıda “Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər vurğulayıb­lar ki, ümummilli liderin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzül­dən tərəqqiyə doğru dəyişib. Ulu öndər siyasi müdrikliyi, zəngin dövlətçilik təc­rübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizin bütün təh­lükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin edib. Xalqımız Heydər Əliyevin ətrafın­da sıx birləşərək, Milli Qurtuluşun açdı­ğı yolla öz böyük gələcəyinə dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər olub.

Ələt

Qaradağ rayonunun Ələt qəsəbəsin­də “Bakı Beynəlxalq Dəniz Ticarət Li­manı” QSC (Bakı Limanı) “Ətraf mühit, sosial və korporativ idarəetmə proqra­mı” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Ələt Eko Park”ın açılışı olub.

Parkda uşaqların inkişafı üçün əl­verişli şərait yaradılıb, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onla­rın idmanla məşğul olmaları məqsədilə futbol meydançası, müxtəlif idman qur­ğuları, oyun meydançaları salınıb. 

Görülmüş işlər çərçivəsində binaları əhatə edən həyətdə asfalt örtüyü yenilə­nib, 162 metr uzunluğunda velosiped zolağı salınıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpa­sı ilə yanaşı, müxtəlif növ həmişəyaşıl ağac və gül-çiçək kolları əkilib.

 

Əli ƏLİYEV,
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”













Sosial həyat