1993-cü ilin 15 İyun havasına fərqli hərarət gətirən seçim

post-img

1993-cü ilin iyun günlərində Azərbaycan təkcə siyasi, hərbi, iqtisa­di deyil, həm də mənəvi böhran içərisində idi. Cəmiyyətdə ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi kök atmağa başlamışdı. Heydər Əliyevin qar­şısında yalnız ölkəni böhran vəziyyətindən çıxarmaq deyil, həm də xalqın geniş təbəqələrini Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşdirmək, ona ümid və inam aşılamaq, qətiyyət və mübarizlik təlqin etmək vəzifəsi dayanırdı.

Milli Məclisin 15 iyunun Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında qərarından 

27 iyun 1997-ci il

Həmin tarixi gün soydaşlarımızın yaddaşına elə yazılıb ki, hər birimiz o qərarın sanki dünən, srağagün qəbul edildiyini güman edirik. Bu da səbəbsiz deyil. Çünki müstəqilliyin əbədiləşdirilməsi, dövlətimizin beynəlxalq aləmə inteqrasiyası, torpaqlarımızın düşmən tapdağından təmizlənməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası elə sürətlə gedib ki, hətta bəzən vaxtın necə ötdüyünün də fərqinə vara bilməmişik.

Hamının gözünün qabağındadır. Ölkəmizdə bir-birini əvəz edən icti­mai-siyasi proseslər, icra olunan la­yihələr, həyata keçirilən yerli və bey­nəlxalq tədbirlər o qədər çoxdur ki, bəzən yaddaşımızdakı əlamətdar gün­ləri xatırlayıb qabartmağa da macal tapmırıq. Ancaq parlamentin 1993-cü il iyunun 15-də qəbul etdiyi qərarı – ümummilli lider Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsini hər gün, hər saat, hər an xatırladığımızı da etiraf et­məliyik. Elə Milli Məclisin həmin günün əbədiləşdirilməsi məqsədiylə 1997-ci il iyunun 27-də qəbul etdiyi qərar da bi­lavasitə böyük qurtuluşun adına layiq tarixi fakt idi.

Həmin sənəddə qeyd edilirdi ki, AXC– Müsavat rejimindən Heydər Əliyevə son dərəcə ağır miras qalmışdı. Siyasi oyun­lara və hakimiyyət çəkişmələrinə cəlb edilmiş ordu çaş-baş düşüb öz döyüş qa­biliyyətini itirmişdi. Naşılıq və səriştəsizlik nəticəsində dövlət aparatı, demək olar ki, dağılmış, idarəetmə və nəzarət funksiya­sından məhrum olmuşdu. Belə bir şərait­də legitim dövlət hakimiyyətinin təmsilçisi olan keçmiş prezident Əbülfəz Əliyev öz komandasının fəlakət həddinə gətirdiyi ölkəni böhranlı vəziyyətdən çıxarmaqda Heydər Əliyevə kömək etmək əvəzinə, gizli olaraq paytaxtdan qaçıb Azərbayca­nın ucqar dağ kəndlərindən birinə sığın­mağı daha üstün tutmuşdu.

İndi həmin tarixi sənədlərə nəzər salanda bir növ özümü xoşbəxt hesab edirəm. Çünki həmin illərdə ölkə əhalisinin böyük əksəriyyəti kimi mən də yaşanan problemlərin və məhrumiyyətlərin zərər­didəsi olsam da, çoxsaylı tarixi faktların xalq, dövlət və ölkə naminə atılan addım­ların əksəriyyətinin şahidi olmuşam. Şa­hidlik isə fərdin ölkədə baş verənlərə ayıq başla və ədalətli şəkildə münasibət bildir­məsinə, ən başlıcası, ətrafdakılara qarşı obyektiv olmasına zəmin yaradır. 

Yaxşı yadımdadır, müstəqilliyin ilk il­lərində Qarabağ problemini həll etmək və ölkədə demokratik dəyişikliklər apar­maq vədi ilə hakimiyyəti ələ keçirən qüv-vələr nəinki öz vədlərinə əməl etmədilər (daha doğrusu, edə bilmədilər), hətta qısa müddət ərzində ölkəni fəlakət gir­dabına, vətəndaş müharibəsi və parça­lanma həddinə gətirib çıxardılar. Çünki naşı və siyasətdənkənar idilər. Onların bir illik hakimiyyəti dövründə Azərbayca­nın strateji cəhətdən əhəmiyyətli əraziləri itirildi, yeni ərazi itkiləri üçün real təhlükə yarandı. Daha pisi o idi ki, xalqın orduya inamı ölmüşdü. Fərarilik baş alıb gedirdi (44 günlük İkinci Qarabağ müharibəsində isə nəinki fərarimiz olmadı, əksinə, orduya yazılmaq üçün növbələr yaranmışdı) . 

Yuxarıda adını çəkdiyimiz tarixi qə­rarın preampulasında qeyd edildiyi kimi, müstəqilliyin ilk illərində ordu quruculuğu sahəsində konkret heç bir iş görülmədi. Dövlət quruculuğu kimi son dərəcə mü­hüm sahə başlı-başına buraxıldı, xalqın mənafeyi unudularaq, ayrı-ayrı şəxslərin istək və iddialarına meydan açıldı. Xarici siyasət xəttinin müəyyən edilməsində yol verilən kobud səhvlər və ifrat subyektivizm halları Azərbaycanın dünya miqyasında təklənməsinə, bir sıra region dövlətləri ilə qarşılıqlı münasibətlərinin gərginləşmə­sinə gətirib çıxardı. Ölkədə dövlətə de­yil, ayrı-ayrı şəxslərə xidmət edən silahlı dəstələr yaradılırdı. Bu isə həmin şəxslə­rin Konstitusiyaya zidd yolla hakimiyyətə gəlmələri, qeyri-sabitlik və hərc-mərclik üçün zəmin yaratmışdı. Bir sözlə, Azər­baycanın bir müstəqil dövlət kimi varlığı təhlükə altında idi. 

Xalq məhz belə bir zamanda ulu ön­dər Heydər Əliyevin siyasətə qayıtmasını tələb edirdi. Doğrudur, əvvəllər ulu öndə­rin qayıdışı arzulanır, sonra ondan xahiş­lər edilirdisə, 93-cü ildə artıq xalq ümum­milli liderdən israrlı şəkildə tələb edirdi ki, müstəqilliyimiz əsrin əvvəlindəki taleni yaşamasın. 

Buradakı “tələb” ifadəsi bəlkə də oxu­cularımızdan kiminsə xoşuna gəlməyə bilər. Ona görə də Prezident İlham Əli­yevin müstəqilliyin 30 illiyi münasibətilə xalqa ünvanladığı tarixi müraciətindən bir iqtibas seçməyi məqsədəuyğun sayırıq: “Azərbaycan tarixinin bu ağır dönəmin­də ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təh­lükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət inti­zamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələ­cək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proses­lərinə qoşularaq gələcək müvəffəqiyyətlə­rinə yol açan cəsarətli addımlar atdı”.

Bəli, bu gün bayram etdiyimiz Qurtu­luş Günü xalqımıza heç zaman olmadığı qədər güclü bir Azərbaycan dövləti bəxş etmişdir. Bütün dünya ulu öndərin işləyib hazırladığı inkişaf strategiyasının bəhrələ­rinə şahidlik edir. Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan həmin stra­teji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nə­ticəsi isə Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. 

Dövlət başçımızın dediyi kimi, rəşa­dətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı iş­ğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəti­cələnmişdir. Azərbaycanın Vətən müha­ribəsindəki Zəfəri regionumuzda yeni re­allıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır. 

Biz bütün bunlara görə Azərbaycan parlamentinin 1993-cü il iyunun 15-də qəbul etdiyi qərara minnətdarıq. Məhz hə­min qərarla böyük dövlət xadimi Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıt­mış, xalqımız vətəndaş müharibəsindən, milli dövlətçiliyimiz isə məhv olmaqdan xilas edilmişdir. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət