Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak etmək üçün Ankaraya səfəri gözlənildiyi kimi, erməni cəmiyyətinin radikal-revanşist-daşnak kəsiminin, habelə diasporun etirazı ilə qarşılanıb. Miflərin, erməni yalanlarının əsiri olan, Türkiyə ilə düşmənçiliyi davam etdirməkdən niyyətli urapartiotlar, Azərbaycanın qazandığı tarixi Zəfəri hələ də həzm edə bilməyənlər baş nazirin səfərini növbəti alçaldılma, aşağılanma hesab etdiklərini bildirirlər. Bəzi şərhlərdə isə N.Paşinyanın Ankaraya səfərinin sıradan hadisə olmadığı, bunun Türkiyənin regional miqyasdan çıxaraq, əsas geosiyasi oyunçuya çevrilməsinin göstəricisi olduğu qeyd olunur.
Ankara getdikcə ən etibarlı paytaxta çevrilir
Məsələn, “Ermənistanın səsi” qəzetində dərc olunmuş “Öz gələcəyinə doğru addım” sərlövhəli məqalədə deyilir: “Ankarada Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi çərçivəsində Nikol Paşinyan Türkiyə lideri ilə qısa söhbət edib. Bundan əvvəl xəbər verilmişdi ki, Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın da iştirak etdiyi ayaqüstü qısa müzakirə olub. Paşinyanın Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev ilə nə danışdığını geniş ictimaiyyətin, xüsusən də erməni ictimaiyyətinin bilməsinə ehtiyac yoxdur. Anlamaq üçün hadisə yerindən şəkillərə, Paşinyanın üzündəki ifadəyə baxmaq kifayətdir: onlar Ermənistanın baş naziri üçün xoş olan nədənsə danışırdılar. Ehtimal etmək olar ki, söhbət Ərdoğanın Paşinyana ayaq üstdə qısaca dediyi “apaqa ka”dan (erməni dilində “gələcək var” deməkdir-S.H) gedirdi”.
Ancaq revanşist əhval-ruhiyyəli müəllif Ara Məliksetyan yazır ki, söhbət Ermənistanın, “Artsax”ın və erməni xalqının gələcəyindən deyil, Paşinyan və onun komandasının gələcəyindən gedir: “Bu yaxınlarda Nikol Paşinyan bəyan etmişdi ki, Ukrayna ətrafında davam edən geosiyasi böhran kontekstində Ermənistan üçün manevr imkanları getdikcə daralır. Aydındır ki, manever imkanları ilk növbədə onun özü üçün daralır. Həm də imkanların daralması Ukrayna cəbhəsində Rusiya ilə Qərb arasında qarşıdurmanın kəskinləşməsi ilə bağlı deyil. Sahə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması tarixinin yaxınlaşması ilə daralır. Aydındır ki, sənədi imzalamaqla, bundan irəli gələn bütün nəticələrlə Paşinyan bu gün aralarında manevr apardığı əsas geosiyasi oyunçuların marağına səbəb olmayacaq. Onun artıq Bakı üçün də o qədər dəyəri qalmayacaq. Bununla belə finala doğru irəliləyən Ermənistan-Azərbaycan nizamlanma prosesindən fərqli olaraq, Ermənistan-Türkiyə prosesi hələ startdadır. Hələlik son tarixlər yoxdur və Ankaranın hələ uzun müddət Ermənistanın baş naziri postunda Paşinyana ehtiyacı olacaq. Türkiyənin Ermənistandan almaq istədiyi çox şey var. Faktiki olaraq, Ankara getdikcə ən etibarlı paytaxta çevrilir. Paşinyan bunun əsasında Ermənistanda hakimiyyətini qoruyub saxlaya bilər. Digər tərəfdən, Türkiyə özü açıq şəkildə regional çərçivədən kənara çıxaraq, əsas geosiyasi oyunçuya çevrilir”.
Müəllif daha sonra yazır: “Bu şəraiti nəzərə alsaq, Paşinyanın nə Ərdoğanın inauqurasiya mərasiminə dəvəti qəbul etməsi, nə Türkiyə Prezidenti ilə görüşdə sevincli üz ifadəsi, nə də Türkiyənin təhrikçiliyini (?) və minlərlə erməninin həyatına son qoyan 44 günlük müharibədə birbaşa iştirakını (?) unutması qətiyyən təəccüblü deyil. Paşinyanın Türkiyəyə səfəri onun “apaqa”sında ciddi, həyati vacib addımdır”.
Oskanyan: “Bu işin açarı Bakıdadır”
“Doğru olan getməmək idi. Burada Paşinyanın ləyaqət problemi də var. Ərdoğan sözün həqiqi və məcazi mənasında təkcə erməni xalqını deyil, Paşinyanın özünü də təhqir (?) edib. Bu təhqirlər (?) heç kəsdə mərasimdə iştirak etmək istəyinə səbəb ola bilməzdi”. Bunu isə revanşistlərin daha bir nümayəndəsi – Ermənistanın keçmiş (1998-2008) xarici işlər naziri Vardan Oskanyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, N.Paşinyanın mərasimdə iştirakı Ermənistandakı və diaspordakı geniş dairələrdə təəccüb və qəzəbə səbəb olub: “Düzünü desəm, bu səfər məni nə təəccübləndirdi, nə də qəzəbləndirdi, çünki Paşinyan Ankarada erməni xalqını yox, özünü təmsil edirdi. O, hətta öz partiyasını və ya bütün hökuməti də təmsil etmədi, çünki heç kim məni inandıra bilməz ki, orada onun iştirakına qarşı çıxmayacaq adam yoxdur. Onun Ankarada hansı dəyərləri tapdaladığı sualının emosional və mənəvi tərəfini bir kənara qoyacam. Siyahı çox uzundur. Mən məsələni yalnız siyasi və diplomatik baxımdan təqdim edəcəm”.
Oskanyan qeyd edib ki, Paşinyan bu səfəri ilə diplomatiyadan uzaq olduğunu bir daha göstərdi: “Mən tez-tez demişəm və təkrar etməkdən də çəkinməyəcəyəm ki, əgər onun minimal diplomatik bacarığı olsaydı, biz ilk növbədə müharibədən qaçardıq və bu gün Qarabağın bütün ərazisinə, onu Ermənistanla bağlayan 20 kilometrlik Laçın dəhlizi ilə birgə “Artsax”a malik olardıq. Paşinyan anlamır ki, zəlzələdən sonra Türkiyəyə yardım göstərməklə və Ərdoğanın andiçmə mərasimində iştirak etməklə, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi baxımından Ankaranı özünə cəlb edə bilməz. Türkiyə məqsədəuyğun hesab etdiyi zaman addımını atacaq. Üstəlik, Ermənistan-Türkiyə sərhədinin açılmasının və diplomatik münasibətlərin qurulmasının açarı Bakıdadır. İndi Qarabağ Bakıya verilir və Azərbaycanın digər şərtləri də tezliklə yerinə yetiriləcək. Türkiyə səfər edib-etməməsindən asılı olmayaraq sərhədi açacaq”.
Hayların keçmiş baş diplomatı qeyd edib ki, Ermənistanla Türkiyə arasındakı münasibətləri, məsələn, Fransa və Yunanıstanın bu ölkə ilə münasibətlərindən daha vacib hesab etmək olmaz: “Ancaq nə Makron, nə də Mitsotakis o mərasimdə iştirak etmədilər. Həm də ona görə ki, Ərdoğan onları şəxsən təhqir (?) edib. Doğru olan getməmək idi. Əgər bütün erməni xalqı arasında bu səfərdən əziyyət çəkəcək bir nəfər olsaydı, getməyə ehtiyac yox idi, çünki getməməklə itirəcəyimiz heç nə yox idi”.
Haşiyə: Ötən yazılarımızın birində revanşist düşərgəni təmsil edən 68 yaşlı V.Oskanyanın iflic xəstəliyindən əziyyət çəkdiyini bildirmişdik. Ancaq onun “Facebook” paylaşımı əqli inkişafdan da geri qaldığını, regionda gedən proseslərdən, o cümlədən müttəfiq olduqları Yunanıstanda hakimiyyət dəyişikliyinin baş verməsindən xəbərsiz olduğunu üzə çıxarıb. Əgər belə olmasaydı, Kiriakos Mitsotakisi Yunanıstanın baş naziri kimi təqdim etməzdi. Oskanyanın yunan hökumətinə mayın 25-dən bəri İoannis Sarmasın rəhbərlik etdiyini bilməsində fayda var.
Paşinyan mərasimdə niyə ikinci cərgədə əyləşib?
Qeyd etdiyimiz kimi, Paşinyanın mərasimdə iştirakı, Ankarada kimlərlə görüşməsi, söhbət etməsi və sair nüanslar haylar arasında qızğın diskussiya predmetidir. Dünən parlamentdə müzakirələr zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana müxalifətçi “Hayastan” fraksiyasından olan deputat Artur Xaçatryan N.Paşinyanın mərasimdə niyə ikinci cərgədə əyləşməsi ilə bağlı sual ünvanlayıb. A.Mirzoyan deputata belə cavab verib: “Bu, protokol məsələsidir, bütün baş nazirlər ikinci cərgədə oturmuşdular. Ərdoğan üçün önəmli şəxs olan Macarıstanın Baş naziri Orban da ikinci cərgədə əyləşib. Bu, sadəcə, protokol məsələsidir”.
Bardakçı ilə foto da müzakirələrə səbəb oldu
Diaspor ermənisi, “California Courier” qəzetinin naşiri və redaktoru Arut Sasunyan isə “Facebook” səhifəsində N.Paşinyan və türk jurnalist Murad Bardakçının Ankarada çəkdirdiyi fotosunu paylaşıb. O, fotonun altında yazıb: “Paşinyanın yanında dayanmış qırmızı qalstuklu şəxs Tələt Paşanın fəaliyyətini tərənnüm etməklə məşğul olan türkiyəli jurnalist Murad Bardakçıdır. Paşinyan komandasının bu şəklin çəkilməsinə necə icazə verməsi təəccüblüdür”.
Türkyönlülər fəlakətə apara bilər
“Biz kimik? Bu sual çox vacibdir, çünki Ermənistanda cəmiyyətin türkyönlü hissəsi fərqinə varmadan həm özünü, həm də başqalarını fəlakətə sürükləyə bilər”. Bu barədə isə “Alternativ layihələr” qrupunun eksperti Vahe Ovannisyan öz məqaləsində yazıb.
“Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasimində Nikol Paşinyanın iştirakı və alçaldılma (?) epizodları Ermənistan cəmiyyətində narazılıq dalğasına və bunu ifadə etmək istəyinə səbəb olmur. Niyə? Bəlkə bu, cəmiyyətin əhval-ruhiyyəsidir? Ola bilsin ki, bu gün cəmiyyətin əhəmiyyətli hissəsinin “Birləşmək” şüarı altında kvazi oyanışı var, lakin bu, bu gün türk dünyasının birləşməsini nəzərdə tutur. 1988-ci ildə bu, erməni dünyasının (?) hissələrinin birləşməsi demək idisə, indi türk dünyasının hissələrinin birləşməsi deməkdir. Bunun bütün erməni xalqının ideyası olduğunu düşünmək fikrindən uzağam, lakin bu ideyanın çoxlu daşıyıcıları mövcuddur və onun gücü var”.
Bundan əlavə, Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov və digərləri N.Paşinyanın Ankaraya səfərini tənqid ediblər. Ancaq bu radikal-revanşist kəsim deyəsən hələ də dərk etmir ki, Ermənistan 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğrayıb. Müharibənin başa çatmasından ötən iki il yeddi aya yaxın dövr ərzində Azərbaycan yeni diplomatik-siyasi və hərbi qələbələr əldə edib. Ermənistan rəhbərliyi dövlət və xalq üçün məsuliyyət daşıyan qüvvə kimi yeni itkilərlə üzləşməmək, dövlətçiliyin, müstəqilliyin itirilməsinin qarşısını almaq üçün Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşdırmaq yolunu tutub. Paşinyan anlayır ki, Ermənistan dövlətini qorumağın, özünün dediyi kimi “kadastr şəhadətnaməsi” əldə etməyin yolu Bakı və Ankara ilə normal qonşuluq əlaqələri yaratmaqdan keçir. Radikal-revanşist kəsim isə özlərini erməni xalqının cəfakeşi kimi göstərsə də, əslində haylara ən böyük zərbəni vururlar. Erməni xalqının onları siyasi səhnədən birdəfəlik silib atması günün tələbidir.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
– İndiki mərhələdə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması əslində, daşnaklar və revanşistlər üçün ən böyük təhdiddir. Çünki “Daşnaksütyun” partiyasının yaradılmasının əsas məqsədi türklərə qarşı daim qırğınlar törətməkdir. Əgər bunu etməsələr, onlar siyasi arenadan getməlidir. Türkiyə və Azərbaycanla münasibətlər düzəlsə, belə deyək, zərbə altında ilk qalan daşnaklar olacaq. Erməni kilsəsinin vuran əli onlardır. Kilsənin başqa gücü yoxdur. Diasporun başlıca zərbə qüvvəsini daşnaklar təşkil edir. Paşinyan bunu çox yaxşı bilir. Başa düşür ki, daşnakları sıxıb Ermənistanda onların fəaliyyətinə qadağa qoysa, bununla xaricdən uzanan bəzi əlləri də kəsmiş olacaq.
Yay ayları ərzində müxtəlif səviyyələrdə intensiv Ermənistan-Azərbaycan danışıqları olacaq. Artıq Türkiyədə prezident seçkiləri başa çatıb. Rəcəb Tayyib Ərdoğanın qələbəsindən sonra Türkiyə də aktiv fazaya başlayır. Eyni zamanda Ankara bütövlükdə regionda gedən proseslərdə fəal rol oynayacaq. Bu mərhələdə Paşinyan revanşistlərin, daşnakların qarşısını alsa, deməli, sülhün və sabitliyin bərqərar olması üçün ciddi maneə qalmayacaq.
Səxavət HƏMİD, “Xalq qəzeti”