Cənubi Qafqazda sülh prosesinin intensivləşməsi vasitəçilər və tərəflər arasında müəyyən razılaşmaların əldə olunması ilə müşayiət olunur. Bu mənada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkənin İctimai Televiziyasına müsahibəsində söylədiyi fikirlər diqqət çəkib. A.Qriqoryan deyib ki, Azərbaycan–Ermənistan sərhədinə nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək.
Vaxt uzandıqca şərtlər dəyişir
“Kommunikasiyaların qarşılıqlı açılması ilə bağlı vacib bir detal var. Bizim fikrimizcə, indi bütün maraqlı tərəflərə aydındır ki, sərhədə nəzarəti tamamilə Ermənistan həyata keçirəcək. Bu məsələ ilə bağlı İrəvanın mövqeyi kifayət qədər dəqiqdir”, – deyən A.Qriqoryan Ermənistanın burada üç əsas prinsipi gözlədiyini qeyd edib.
Onun sözlərinə görə, söhbət Ermənistan ərazisindən keçən yollar üzərində suveren və hüquqi nəzarətdən gedir. Bu zaman qarşılıqlılıq prinsipini önə çəkən İrəvan rəsmisi Ermənistanın da Azərbaycan ərazisindən hərəkətinə imkan yaradılmasının vacibliyini vurğulayıb. A.Qriqoryan hesab edir ki, kommunikasiyaların qarşılıqlı açılması bu prinsiplər çərçivəsində reallaşa bilər.
Əslində, Ermənistan TŞ-nın katibi A.Qriqoryan bu açıqlaması ilə həm də Zəngəzur dəhlizinin işə salınması yolunda ilk baxışda görünməyən maneəni aşkar göstərmiş oldu. Burada söhbət dəhlizə nəzarətlə bağlı Moskva və İrəvan arasında üstüörtülü mübarizədən, daha doğrusu, problemdən gedir.
Deyəsən, Kreml sülh prosesinin özü üçün heç də məqbul sayılmayan hazırkı mərhələsində İrəvana güzəştə getməyə qərar verib. Üç gün əvvəl Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsindəki işçi qrupunun Moskvada düzənlənmiş iclasından sonra Kremlin rəsmi məlumatında pozitiv tonun yer alması, yəqin, yuxarıda dediyimiz məsələ ilə bağlı müştərək anlaşmanın əldə olunmasına işarə idi.
2020-ci il 10 noyabr üçtərəfli Bəyanatı imzalandıqdan dərhal sonra Rusiya sülh danışıqlarında əsas vasitəçi kimi həm Qarabağ və Ermənistan arasındakı Laçın yoluna, həm də Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur yoluna nəzarəti öz əlində cəmləşdirmək təşəbbüsü ilə çıxış etmişdi. Bu barədə ilkin razılaşma da əldə edilmişdi. Bakının Moskvanın siyasi və maliyyə nöqteyi-nəzərindən böyük dividentlər gətirəcək dəhlizə nəzarətə yiyələnmək istəyinə qarşı çıxmaması, Naxçıvanla dəmir və avtomobil yolunun açılması ilə bağlı idi. Amma sülh danışıqlarının xarakteri dəyişdikcə, masa arxasına keçən kontingentin coğrafiyası genişləndikcə, bəyanatda göstərilən ilkin razılaşmanın bəzi bəndlərinə korrektələr etmək zərurəti ortaya çıxdı.
Düşünürük ki, rəsmi Bakının Ermənistanla şərti səhədində, Laçın yolunun üstündə Həkəri postunu qurması, suveren ərazimizə nəzarəti öz əlinə götürməsi İrəvana da identik şansı yaratmış oldu. Kremlin çeşidli müqavimətinə baxmayaraq, Azərbaycanın bu addımı atması, Rusiya Sülhməramlı Kontingentindən 20 metrlik məsafədə sərhəd-keçid məntəqəsini yaratması Ermənistanı Zəngəzur dəhlizinə nəzarəti əldə etmək barədə düşünməyə vadar etdi.
Son vaxtlar İrəvanla Kremlin münasibətlərində hiss edilən gərginliyin bir səbəbi də, çox güman ki, bununla bağlı idi. Armen Qriqoryanın aşıqlamasından anlaşılan odur ki, Moskvada hökumətlərarası üçtərəfli işçi qrupunun son görüşündə Rusiya rəhbərliyi Zəngəzur dəhlizinin giriş və çıxışında Ermənistanın müvafiq rəsmi strukturlarını yerləşdirmək inadı qarşısında geri çəkilməyə və güzəştə getməyə məcbur olub.
Bakı nizamlayıcı rolunda
Sülh danışıqlarını müşayiət edən hadisələrin ardıcıllığına diqqət yetirsək görərik ki, Azərbaycanın Laçın yolu üzərində nəzarət-keçid məntəqəsini yaratması həm də Zəngəzurla bağlı bir çox məsələlərin dəqiqləşdirilməsi prosesində vacib amilə çevrildi. Açıq söyləmək lazımdır ki, Zəngəzur yoluna nəzarəti Rusiyanın təkbaşına həyata keçirməsi gələcəkdə Azərbaycana qarşı “istifadəyə yararlı” təzyiq vasitəsinə çevrilə bilərdi.
Yola nəzarəti İrəvanın həyata keçirməsi Bakı üçün daha sərfəli variant sayıla bilər. Çünki bu halda sərhəd - keçid - gömrük nəzarət müxanizmi asanlaşır, digər tərəfdən, qarşılıqlı asılılıq situasiyası ortaya çıxmış olur. Yəni, əgər erməni sərhədçiləri Azərbaycandan Naxçıvana və əksinə gedən qatar və avtomobillərə, vətəndaşlara problem yaradarsa, özləri də Laçın yolundakı Həkəri postunda eyni problemləri yaşamalı olacaqlar. Belə bir qarşılıqlı asılılıq həm də sərhəd-keçid məntəqələrində beynəlxalq standartların gözlənilməsi və sabitlik nöqteyi-nəzərindən nizamlayıcı mexanizm rolunu oynayacaq.
Aydın məsələdir ki, Rusiya həmin ərazidə, ümumilikdə bölgədə öz maraqlarını həyata keçirmək, zəifləyən nüfuzunu bərpa etmək barədə düşünür. Və bu zaman İrəvanın öz şərtlərini irəli sürməsi Moskvanı naqolay vəziyyətə salır. Amma bir faktı da nəzərdən qaçırmaq olmaz ki, Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin fəaliyyət müddəti 2025-ci ildə başa çatsa da, ikitərəfli müqaviləyə görə, Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsinin xidmət müddəti 2044-cü ilədək davam edəcək. Çox güman ki, İrəvan tam suverenliyə nail olmaqadan ötrü bu məqamı da Moskva ilə aydınlaşdırmalı olacaq.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı,
politoloq
Azərbaycan artıq Laçın yolunu öz nəzarəti altına götürüb. İndi İrəvan deyir ki, Meqridən keçən yolda nəzarəti Rusiya sərhədçiləri deyil, özləri həyata keçirəcəklər. Bəli, onun bir dövlət olaraq buna suveren hüquqları var. Amma məsələ ondadır ki, həmin sərhəd nəzarəti icra ediləndə bizim üçün süni maneələr yaradılmasın.
Yəni, beynəlxalq hüquq və qaydalara əsasən, həmin sərhəd-keçid məntəqəsindən qatar, yaxud avtomobil bir dövlətin öz ərazisindən digər ərazisinə keçdiyi zaman heç bir çətinliklə üzləşməməlidir. Necə ki bu gün Rusiyanın Kalininqrad vilayətinə yolu NATO üzvü olan dövlətin – Litvanın ərazisindən keçir. Bəli, burada viza tələb olunmur, Rusiya vətəndaşları Litva ərazisinə düşə bilməzlər, amma sərhədi keçərkən, heç bir maneə yaradılmır.
Bizim durumda həmin ərazi Ermənistana məxsusdur və ölkə məsələ ilə bağlı qərar vermək hüququna malikdir. Əgər İrəvan oradan Rusiya sərhədçilərini çıxarmaq istəyirsə, öz işidir. Həm Zəngəzur dəhlizinə, həm də Rusiya – İran sərhədinə kimin – Rusiyanın, yoxsa Ermənistanın nəzarət etməsi məsələsinə müdaxilə etməyimiz marağımıza uyğun deyil. Amma biz Laçın yolundakı sərhəd məntəqəsində, həm də istədiyimiz şəkildə hər cür nəzarəti həyata keçiririk. Ermənistan da öz ərazisində bunu edə bilər.
Fərhad MƏMMƏDOV,
politoloq
Armen Qriqoryan müsahibəsində maraqlı məsələyə toxunub. Kommunikasiyaların açılması prosesindəki ziddiyyətlər özünü daha çox Rusiya–Ermənistan müstəvisində göstərir. İrəvanın boynuna götürdüyü öhdəlikləri yerinə yetirməsi Bakı üçün vacibdir. Gündəlikdə əsas iki öhdəliyin – kommunikasiyaların açılması və Ermənistan silahlı birləşmələrinin Qarabağdan çıxarılmasının icrası durur.
Birinci məsələ Azərbaycan üçün çox önəmlidir. Son iki il yarım ərzində bunun hansı formada həyata keçiriləcəyi məsələsinə fərqli fikirlər və yanaşmalar mövcud idi. İlkin yanaşma o idi ki, Laçın yolunda hansı mexanizm işləyirsə, Zəngəzur dəhlizində də həmin rejim tətbiq edilməlidir. İkinci yanaşma zamanla bağlı idi. Yəni, Laçın yolunda Rusiya sülhməramlı kontingentin fəaliyyətinə beşillik müddət qoyulmuşdusa, Zəngəzur dəhlizinə münasibətdə bu müddət yox idi.
Azərbaycan 2021-ci ilin dekabrında Brüsseldə fəaliyyət rejimi ilə bağlı təklif irəli sürdü. Həmin təklifə görə, Bakı Laçın yolunda giriş-çıxışa nəzarət edir, İrəvan da öz ərzisində suverenliyini reallaşdıra bilər. Artıq bu ilin 23 aprelindən Azərbaycan şərti sərhəddə nəzarətini təmin etdi, İrəvan da bundan yararlanıb Zəngəzur dəhlizi ilə giriş-çıxışa özünün nəzarət mexanizminin tətbiqini istəyir. Burada Rusiyanın Ermənistan ərazisində nəzarət funksiyasının məhdudlaşdırılması məsələsi nəzərdən keçirilməlidir.
İmran BƏDİRXANLI,
“Xalq qəzeti”