Ararat, mandat və şpaqat

post-img

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti spekulyativ fikirləri ilə gündəmə gəlib. O, dünən ölkə parlamentində ilkin büdcə dinləmələri zamanı çıxış edərək bildirib ki, rəsmi İrəvan Qarabağın gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün “Qarabağ xalqı”ndan, daha dəqiq desək “Artsax xalqından” mandat almayıb. 

Əvvəla, “Artsax xalqı” ifadəsi üzərin­də dayanaq. 86,6 min kvadratkilometr ərazidə Azərbaycanın suveren hüquq­larını tanıdığını bildirən Ermənistanın xarici siyasət idarəsinin rəhbəri anla­malıdır ki, ərazi bütövlüyünü qəbul et­diyi ölkə onun işlətdiyi ifadəni qətiyyən məqbul saymır. Yəni Bakı üçün “Azər­baycanın Qarabağ bölgəsində yaşayan ermənilər” məntiqi əsasdır. 

Bəli, Mirzoyan buna məhəl qoymur və bildirir ki, Ermənistan dövlətinin baş­lıca vəzifəsi Xankəndi ilə Bakının dialoq apara biləcək dəqiq platformasının və ya mexanizminin yaradılmasıdır. Sual olunur: bir halda ki, Qarabağ erməniləri İrəvana bölgənin gələcəyi ilə bağlı da­nışıq aparmaq mandatı verməyiblər, nə üçün dialoq mühiti formalaşdırmaq naminə çalışır? Digər tərəfdən, belə çıxa bilər ki, əgər Qarabağ erməniləri, o cümlədən qondarma rejimdəki beş-altı separatçı bir yerə yığılıb Mirzoyana mandat versə, o, statusla bağlı danışıq aparmağa qol çırmayacaq (?). 

Özünün ziddiyyətli fikirlərini davam etdirən Ermənistan XİN rəhbəri növbəti təzada da baş vurmaqdadır. Mirzoyan bildirir ki, Xankəndi–Bakı dialoq plat­formasına dair məsələ həllini tapma­sa, Ermənistan və Azərbaycan arasın­da münasibətlərin nizamlanması real, tamhüquqlu, uzunmüddətli və sabit ola bilməz. Nəzərə alaq ki, Qarabağdakı separatçı rejim Azərbaycanın tərkibin­də status əldə etməkdən deyil, müstəqil dövlət olmaqdan dəm vurur. Məlumdur ki, bu baxış üçün mandat məntiqi yad­dır. 

İndiki halda Ermənistan bir şey edə bilər ki, o da separatçıları rəsmən tanı­maqdır. Bunu isə etmir, daha doğrusu, etməyə qorxur. Belədə, obrazlı desək, tutmaqdan çəkinən it hansı duruma dü­şürsə, Mirzoyan da həmin vəziyyətdə­dir. 

Daha bir sual da meydana çıxır: bir halda ki, “Qarabağ xalqı” Ermənistana mandat vermir, nə üçün Xankəndi–Bakı dialoqu İrəvanın Bakı ilə sülh gündəli­yində prioritet olmalıdır? Mirzoyan nə üçün bildirməlidir ki, “Artsax xalqının” hüquq və təhlükəsizliyinin təminatı baxımından çoxlu açıq məsələlər var? Nəyə görə o və Ermənistan hakimiyyə­tindəki digər şəxslər həmin məsələlər sırasında “Qarabağın blokadası”, “La­çın dəhlizinin qanunsuz bağlanması” kimi mənasız ritorikaya baş vurmalıdır­lar? 

Mirzoyanın anlaşılmaz məntiqindəki digər absurd məqama diqqət yetirək. O bildirir ki, Qarabağ əhalisinin qaz və işıq təminatındakı problemlər Ermənis­tan deyil, “Qarabağ xalqının” seçdiyi qurumlar tərəfindən qaldırılmalı və həll edilməlidir. “Bizim vəzifəmiz bu dia­loqun başlanğıcını, mexanizmlərini və platformasını təmin etməkdir”, - deyən XİN rəhbərinin fikirlərindən yəqin heç kəs heç nə başa düşmədi. 

Deməli, ərazidəki təminat məsələlə­rini Azərbaycan həll etməlidir, separat­çılar da orada qalıb müstəqillik davası aparmalıdırlar? “Qarabağ xalqının” seç­dikləri kimdir və ya kimlərdir görəsən? Hər halda ortada Azərbaycanın se­paratçı kimi tanıdığı tör-töküntülərdən başqa kimsə yoxdur. Onlar da ağızdo­lusu bildirirlər ki, Azərbaycanla dialoq mümkünsüzdür, Bakının yurisdiksiyası qəbuledilməzdir, dözülməzdir və sair. Bu durumda da Mirzoyanın Qarabağ ermənilərindən söz açması, hansısa mandatdan danışması məntiqsizdir. 

Bu cür axmaq avatürizm nümayişi­nindən sonra Mirzoyan həyasızcasına onu da bildirir ki, Ermənistanın Azər­baycanın ərazi bütövlüyünün miqyas göstərilməklə tanıması, İrəvanın heç bir torpaq iddiasının olmadığını göstərən siyasi bəyanatdır. Ancaq Azərbaycan, nə xarici işlər naziri, nə də prezident səviyyəsində, Ermənistanın ərazi bü­tövlüyünü 29,8 min kvadratkilometrlik sərhədləri daxilində tanıdığını bəyan etməyib. “Azərbaycan Prezidentinin iştirakı ilə keçirilmiş görüşün nəticələri Aİ Şurasının rəhbəri Şarl Mişelin bəya­natında təqdim edilib. Burada tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdıqları bildirilib və konkret rəqəmlər göstərilib. Bakıdan isə heç bir ictimai təsdiq olmadı”, – deyən erməni XİN rəhbəri bunun tezliklə baş verəcə­yinə ümid bəslədiyini dilə gətirib. 

A.Mirzoyan unudur ki, Bakı söz oyununa getmir. Ölkəmiz mövqeyində konkretdir. Azərbaycan Prezidenti və rəsmiləri Ermənistanın sülh müstəvi­sindəki manipulyasiyalarını da yaxşı görür. Mirzoyanın, sözünün əvvəli ilə axırı düz gəlməyən, bəyanatındakı məntiqin qəbuledilməzliyi də göz önün­dədir. Ancaq erməni XİN rəhbərinin çıxışında, spekulyativ də olsa, bir pozi­tiv məqam var. Onun sözlərindən belə çıxır ki, Azərbaycan Ermənistanı 29,8 min kvadratkilometrlik ərazidə tanıdığı­nı bildirməyənədək, təhlükə saçacaq, bunu 2022-ci ilin sentyabr hadisələri göstərdi və ona görə İrəvan delimita­siya və demarkasiya parametrlərinin tezliklə müəyyənləşməsində maraq­lıdır. Pozitivlik də elə bundadır ki, XİN başçısı Bakının güc tətbiqi qorxusunu içində yaşatmaqdadır. Əks halda, onun avantürizmi, şübhəsiz, daha yüksək di­apazonda özünü göstərərdi. 

Yeri gəlmişkən, A.Mirzoyan parla­mentdəki çıxışında Ermənistan-Azər­baycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələnin üzərində xüsusi dayanıb. O, mövcud istiqamətdəki prosesin nə vaxt həyata keçiriləcəyi ilə bağlı yekun razılaşma­nın əldə edilmədiyini vurğulayıb. “Yal­nız öhdəlik var ki, bu proses Alma-Ata Bəyannaməsinin müddəalarına uyğun olsun. Bunun hansı konkret xəritədə keçiriləcəyi ilə bağlı yekun razılaşma yoxdur. Bildiyimə görə, Kişineu sam­mitində Azərbaycan Prezidenti 1975-ci ilin SSRİ Baş Qərargahının xəritəsin­dən istifadə perspektivi ilə bağlı heç bir etiraz bildirməyib”, - deyən Ermənistan XİN rəhbəri qeyd edib ki, konkret hansı xəritənin daha sərfəli olduğu da qey­ri-müəyyəndir, İrəvan 1975-ci ilin xəritə­sini məqbul sayır.

Anklavlara gəlincə, Mirzoyan bunu Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın həll edəcəyini bil­dirib. Onun sözlərinə görə, anklavlarla bağlı məsələ nisbətən yaxın zamanlar­da qaldırılmağa başlayıb və buna görə öyrənilməlidir. Xüsusən, anklavların formalaşmasının hüquqi əsasları öy­rənilməlidir. “Siyasi nöqteyi-nəzərdən etiraf edirik ki, SSRİ-nin son illərində belə anklavlar olub. Lakin fikrimcə, bu, delimitasiya və demarkasiya komissiya­sının məşğul olmalı olduğu məsələdir”, - deyən Mirzoyanın anklavların da 86,6 min kvadratkilometrə daxil olduğunu bildirməsi onu göstərir ki, məsələ ətra­fında ilk baxışdan hansısa müzakirəyə ehtiyac qalmır. Anklavlar Azərbaycana qaytarılmalıdır. Vəssalam!

Sonda onu da bildirək ki, Ermənis­tanın XİN rəhbərinin çıxışındakı təzadlı məqamlar həm ölkə rəhbərliyinin avan­türist mahiyyətinin məhsuludur, həm də hiss olunur ki, baş nazir Nikol Paşinya­nın özü kimi, onun komandasının təm­silçiləri də özlərini itiriblər. Əlbəttə, bu adamlar özlərini siyasətçi sayır, guya, dövlət idarə etdiklərini düşünürlər. Amma onu düşünmürlər ki, siyasət qey­ri-ciddiliyin doğurduğu baş-ayaq sevmir və belə davranışın cəzası ağır olur. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət