Bakı Türk dünyasının kitablarına qucaq açıb

post-img

Bakının Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündə böyük bir canlanma var. 

İnsan axını bizi şəhərcikdə təşkil olunan II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına aparır. Türk dünya­sının elm, mədəniyyət, incəsənətinin inkişafına, təbliğinə həsr olunmuş festi­valda müxtəlif dillərdə ən gözəl ədəbiy­yat, incəsənət nümunələri diqqəti cəlb edir, nəfis əl işlərinin nümayişi maraq doğurur. Festival tədbirləri üçün böyük səhnə qurulub.

Beynəlxalq Türk Müəllifləri Birliyi­nin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mə­dəniyyət Nazirliyi, Milli Məclisin Mə­dəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mə­dəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRK­PA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilən açılış mərasimində Azərbaycan Dillər Universitetinin tələbələri iştirakçıları dünyanın müxtəlif dillərində salamla­dılar. II Qarabağ müharibəsinin qazilə­ri musiqi proqramı ilə çıxış etdikdən sonra Həsən Kürün ifasında “Cəbhə­dən məktub”, Nicat Ağayevin “Mən vətənəm” şerləri səsləndirildi və içə­risində şeirlər olan şarlar havaya bu­raxıldı. 

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bu ilin qardaş Türkiyə üçün şanlı yubileylə əlamətdar olduğunu bildirdi: “Cümhu­riyyətin 100 illiyi təkcə Türkiyə cəmiy­yətinin deyil, bütün Türk dünyasının qürur mənbəyidir. Bu günlər Türkiyə seçkinin nəticələrinin sevincini yaşayır. Türkiyənin hər qələbəsi həm də Azər­baycanın qələbəsidir. 

Azərbaycan öz tarixinin ən möh­təşəm qələbəsini əzəli torpaqlarını düşmən tapdağından azad etməklə qazandı. Bu qələbəni xalqımızın qəh­rəman oğul və qızları silah gücünə, igidlikləri sayəsində əldə etdilər. Kitab mədəniyyəti, ədəbiyyat nəsilləri mü­bariz yetişdirir, bunun nəticəsi olaraq böyük qələbəyə nail oluruq. Sabaha kitabla getməliyik. Çünki, gələcəyimiz məhz gənc nəsillə bağlıdır”. 

Sonra Milli Məclisin deputatları Qənirə Paşayeva, Cavanşir Feyziyev, Xalq şairi Sabir Rüstəmxanlı, aka­demik Dilqəm Tağıyev və başqaları çıxış edərək festivalın türk dünyası­nın sarsılmaz birliyinə, xüsusilə eyni mədəniyyətə, tarixə malik olan qardaş Azərbaycan və Türkiyə dövlətlərinin əlaqələrinin daha da möhkəmlənmə­sinə böyük töhfə verəcəyini bildirdilər. 

Yeddi gün davam etdəcək festivalın ilk saatlarından hiss olunurdu ki, bu­dəfəki təqdimatlar daha genişmiqyas­lıdır. İnsanlar dəstələrlə kitab stendlə­rinə, eləcə də incəsənət nümunələrinin nümayiş olunduğu bölmələrə yaxınla­şırdılar. 

“Xalq qəzeti” ilə fikirlərini bölüşən AYB-nin mətbuat katibi Xəyal Rza da festival çərçivəsində təşkil olunan kitab yarmarkası ilə yanaşı, böyük tədbirlərin təşkil ounacağını da qeyd etdi. Bildir­di ki, budəfəki sərgi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və sər­ginin davam edəcəyi günlər ərzində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qır­ğızıstan, Macarıstan, Türkmənistan, Özbəkistan günləri keçiriləcək. Eyni zamanda elmi konfranslar, şeir saat­ları, imza günləri təşkil ediləcək, uşaq tamaşaları nümayiş olunacaq. Festi­valda ilk dəfə yay kinoteatrı formatında filmlərin nümayişi də planlaşdırılıb. 

TEAS Press Nəşriyyat Evinin nü­mayəndəsi Günel İsmayılova tədbirin elə ilk saatlarında oxucuların onları sevindirdiyini dedi: “Təqdirəlayiq haldır ki, kitablara maraq böyükdür. Artıq ilk kitablarımızı satmışıq. Oxucularımız klassiklərin əsərlərinə, eləcə də detek­tiv nümunələrə, həmçinin “Üç alma” uşaq nəşrlərinə maraq göstərirlər. 

Fəxriyyə İbrahimovanın hazırladığı kişi, qadın aksesuarları unikallığı ilə fərqlənir. Təbii daşlardan düzəldilmiş boyunbağılar, qolbaqlar, gümüş və di­gər materiallardan sırğa və üzüklər sa­hiblərini tapdıqca məmnun olur: “Belə sərgilər hamımız üçün çox yaxşıdır. Düzü, öz işlərimi təqdim etməklə yana­şı, digərlərinin əl işlərinə də baxıram. Mütailəni çox sevirəm deyə, kitab sər­gisi də mənim üçün böyük maraq kəsb edir. Bundan əvvəl “International Busi­ness Festival 2023” sərgisində iştirak etdim və mənim üçün çox faydalı oldu. Bu sərgiyə 500-dən çox məhsulla qa­tılmışam”. 

“Kitabım.az” mağazasının nü­mayəndəsi Orxan Səfərov: “600-ə yaxın kitab gətirmişik. Sərginin sonrakı günləri də kitablar əlavə ediləcək. Təx­minən, 2 minə yaxın kitab nümayiş et­diriləcək. İspaniya, ABŞ, Türkiyə, Fran­sa və digər ölkələrdən xarici ədəbiyyat gətirilib. İnsan axını var. Müasir yazar­ların kitablarına tələbat çoxdur. Eyni zamanda, elmi kitabları çox axtarırlar. Oxucularımızla ünsiyyət qurmaq baxı­mından sərgi çox faydalıdır. Onların tələblərini, maraqlarını öyrənirik”. 

“Üçbucaq Kitab Evi”nin təsisçi di­rektoru Tural İlyas kitab evi olaraq 4-5 nəşriyyatı təmsil etdiklərini bildirdi. Qeyd etdi ki, təqdim etdikləri kitablar oxucuların diqqətini cəlb etdiyinə görə razıdır. 

Festivala gələnlərdən bir neçəsi ilə də həmsöhbət olduq. 

Aybəniz Rüstəmova, tələbə: “Fes­tivalı çoxdan gözləyirdim. Özümə si­yahı tutmuşam. Dilçiliyə aid elmi kitab­ları axtaracağam. Eləcə də yaxşı bədii əsərlər istəyirəm”. 

16-17 yaşlarında iki oğlu ilə festi­vala gələn Zəhra Ağamalıyeva özünün tikmə, oyma işləri ilə maraqlandığını, oğlanlarına isə kitablar alacağını dedi: “Artıq ağacdan hazırlanmış oyma şam­dan almışam. Oğlanlarımdan biri de­tektiv, digəri isə bədii əsərlər xoşlayır. Əvvəlki kitab sərgilərində də olmuşuq. Belə yarmarkaları çox bəyənirik”. 

Festivalı tərk edərkən ən balaca iştirakçılardan biri diqqətimi cəlb edir. 5 yaşlı Namiq anası Səriyyəni şəkilli kitabların yanına dartır. Ona yaxınla­şıb soruşuram ki, hansı kitabı axtarır. Məstan və Toplanın şəkilləri olan kitabı göstərir. Bu balaca ünvanı düz tapıb. Bütövlükdə, kitablarla sabaha addım­layanların yolu uğurlu olacaq! Bey­nəlxalq Bakı festivalı onlara bu yolda geniş qapı açıb.

L.AZAD, “Xalq qəzeti”



Mədəniyyət