Sərlövhə təəccüblü qarşılana bilər. Nəzərə alsaq ki, doğum canlıya xas xüsusiyyətdir, şəhadətnamə isə onun baş verdiyini rəsmiləşdirən sənəddir, Ermənistana münasibətdə “doğum şəhadətnaməsi” ifadəsinin işlədilməsi, bəlkə, bir o qədər yerinə düşmür.
Qərinələrlə başımıza gətirdikləri vandalizm aktlarına görə onları insan saymamalı, doğuma layiq görməməliyik, öz yerində. Ancaq fakt budur ki, hazırkı durumda Ermənistan doğulmayıb, sancı çəkir. Hələ doğulub-doğulmayacağını da bilmək olmaz. Proses son dərəcə ağır gedir. Buna görə doğum şəhadətnaməsindən danışmaq tez görünə bilər.
Mətləbə keçməzdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin bir fikrini yada salaq: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”.
Ermənistan baş naziri Nikol Paşinyan mayın 24-də Ermənistan üçün “kadastr şəhadətnaməsi” almaq zərurəti haqqında ilk dəfə danışmağa başlayanda ölkədə bir çoxları onun ortaya növbəti absurd saqqızı atdığını düşündülər. Hesab etdilər ki, baş nazir diqqəti əsas məsələlərdən yayındırmaq məqsədi ilə cəmiyyətə “yem verməkdədir”. Ölkənin ciddi sayılan ekspertləri “yemi uddular” da. Yəni, mövzu ətrafında müzakirə başlatdılar.
Amma baş nazir fikirlərində ciddi, ən əsası isə haqlıdır. O, özünün haqlı olduğunu mayın 24-dən keçən növbəti bir həftədə yenidən isbatlamaq qərarına gəldi. Görünür, məsələnin geniş müzakirə olunduğunu və üzərinə yeni təzyiq dalğasının gəldiyini hiss etdi və sübuta yetirmək istədi ki, təzyiqlərdən qorxub çəkinmir. “Mən nəticə əldə etmək, gələcək nəsillərimizə Ermənistan Respublikasının artırılmış və tam hüquqlu kadastr “şəhadətnaməsi”ni buraxmaq istəyirəm” – deyə Paşinyan vurğuladı. Aydın göründü ki, o, opponentlərinin etiraz və arqumentlərinə məhəl qoymur.
Nikolun bu sətirləri Ermənistanda, sanki, barıt çəlləyini ildırımın vurması təəssüratı yaratdı. Xəstə cəmiyyətin ayrı-ayrı təmsilçiləri bildirdilər ki, guya min illərdir (?) regionda mövcud olan suveren ölkə (?) üçün “kadastr arayışı” absurddur. Onu da bildirənlər tapıldı ki, belə bir sənəd Ermənistanın bütün əvvəlki ərazi tarixinin üstündən xətt çəkərək, cəmi 29 min kvadratkilometrdə mövcudiyyət deməkdir və bu yolverilməzdir.
Ermənistandakı avantürist qövm üçün Paşinyanın “kadastr şəhadətnaməsi” Azərbaycanla sülh müqaviləsidir. Yəni, ölkəmizin 86,6 min kvadratkilometrdə suveren hüquqlarının tanındığı müqavilə. Ən əsası isə 86,6 min kvadratkilometrə Qarabağ ərazisi də daxildir. Başlıca məqamlardan biri də budur ki, həmin xəstə qövmün təmsilçilərinin fikrincə, sülh müqaviləsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ümid etdiyi kimi, erməni qisasının yolunu bağlayacaq, Qarabağın və digər itirilmiş torpaqların geri qaytarılması ideyasını dəfn edəcək. Nəticədə “Ermənistanın dirçəliş ideyası öləcək və Vətəni yenidən azad etmək ümidləri puça çıxacaq”. Yəni, ortada ölkəmizlə sülh perspektivinə dair belə bir son dərəcə sarsaq ambisiozluq var. Sonra da bildirirlər ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürür. Özləri...
Erməni təfəkkürü Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazinin tanınmasından boyun qaçırmaqla, qəsbkarlığı perspektivə daşımaq niyyətini ortaya qoymaqdadır. Ortada bu dərəcədə böyük həyasızlıq var. Həyasızlıq var ki, Ermənistandan Qarabağa gedən ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçməsini onların hüquqlarının məhdudlaşdırılması kimi görürlər, ancaq hesab edirlər ki, Naxçıvana gedən Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçəndə mütləq pasport nəzarəti görməlidirlər. Hərçənd Qarabağ da, Naxçıvan da ölkəmizə məxsusdur və bunu əlahəzrət tarix təsdiqləyir. Belə görünür, ölkədə tarixi gerçəkliklərin fərqinə varan bir şəxs varsa, o da Paşinyandır.
“Kadastr şəhadətnaməsi” söhbəti tarixdən qaynaqlanmaqdadır. Ancaq Ermənistanda tarixə nəzər salan yoxdur. Daha doğrusu, tarixə fərqli “baxış” mövcuddur. Mövzu ətrafında baş qaldırmış diskussiyalarda bildirilir ki, Paşinyanın türklərə çoxdan vəd edilmiş, beynəlxalq səviyyədə razılaşdırılmış və imzalanmış sənəd vermək istəyir. Elə bir sənəd ki, “erməni xalqı hər dəfə öz ərazilərinin (?) qaytarılması məsələsini qaldıranda ona əngəl yaranacaq. Beləliklə, Ermənistana məxsus olanı tələb və azad etməyə cəhd göstərmək işğalçılıq adlandırılacaq...
“Kadastr şəhadətnaməsi” ətrafındakı söhbətlərin Nikola təzyiq müstəvisini şərtləndirən cəhətlərdən birinə də diqqət yetirək. Bildirilir ki, baş nazir Qarabağın Ermənistana məxsusluğunun “təsbit edilməsinə dair” indiyədək qəbul edilmiş bütün daxili sənədlərin və qanunların üstündən xətt çəkmək istəyir. Bu sənədlər içərisində Ermənistanın Müstəqillik Bəyannaməsi də var, preambulasında Bəyannaməyə istinad olunan ölkə Konstitusiyası da. Eyni zamanda, Ermənistanın və Qarabağın birləşdirilməsi haqqında Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli qərarı.
Ermənistan hökumətinin 8 iyul 1992-ci il tarixli qərarının da Paşinyan tərəfindən ləğv ediləcəyi vurğulanır ki, sonuncu sənədə əsasən Qarabağın Azərbaycanın tərkibində yer almasının göstərildiyi istənilən beynəlxalq və ya daxili sənəd Ermənistan Respublikası üçün qəbuledilməz sayılmalıdır. Nəhayət, “kadastr şəhadətnaməsi”nin qondarma rejimin məhvi demək olduğu üzərində dayanılır. Bildirilir ki, “Dağıq Qarabağ Respublikası”nın yaradılması ilə bağlı 1991-ci il dekabrın 10-da keçirilmiş referendumun nəticələri, o cümlədən, “DQR-in yaradılması haqqında Bəyannamə” ləğvə məhkumdur.
***
Göründüyü kimi, Paşinyanın “kadastr şəhadətnaməsi” söhbəti erməni avantürizminin alt qatlarının özünü göstərməsi ilə müşayiət olundu. Bir daha sübut olundu ki, xəstə təfəkkür sahibləri heç bir halda dinc dayanmağı düşünmürlər və ilk fürsətdəcə Azərbaycan üzərinə yenidən hücuma keçmək niyyəti güdəcəklər. Ancaq bu söhbətdə son dərəcə vacib məqam da meydana çıxmaqdadır.
Paşinyan məlum açıqlaması ilə, faktiki olaraq, Ermənistanın mövcud olmadığını göstərməkdədir. Onun fikirləri ölkənin özünə məxsus ərazisinin yoxluğunun təsdiqidir. Deməli, istənilən an hazırda Ermənistan Respublikası adlanan dövlət yer üzündən silinə bilər. Əslində Paşinyan ermənilərin əsrlərlə ayrı-ayrı dövlətlərə sığınaraq, başlarını saxladıqları keçmişin geri qayıda bilməsinə dair təbil zəngi çalır.
Nikol, faktiki olaraq, erməni qövmünün qəsbkarlıq nəticəsində əldə etdiklərinin ona məxsus olmadığını dünyanın da dərk etdiyini, dərk etmək məcburiyyətində qaldığını, yalanlara inanmadığını vurğulayır. Ən əsası isə yaranmış şansdan danışır. O, şansdan faydalanaraq gələcək nəsillərə erməni dövləti mirasını qoymağı təklif edir. Min illik dövlətçilik ənənəsi kimi iddiaların mif, illüziya mahiyyətini qabardaraq, reallığı görmək çağırışını gerçəkləşdirir.
Görünün isə budur ki, Nikolun çağırışına səs verən yoxdur. Halbuki olmalıdır. Çünki onun söylədikləri, eyni zamanda, Ermənistanın dövlət kimi Yer üzündən silinəcəyi təqdirdə, bunun dünya tərəfindən qəsb kimi qiymətləndirilməyəcəyinin anonsudur. Bu yerdə Azərbaycan Prezidentinin daha bir fikrini xatırladaq. Dövlətimizin başçısı erməni avantürizminin sülh müqaviləsinin imzalanmasına maneçilik törədən mənfi təmayüllərinə münasibətdə artıq bir neçə dəfə bildirib ki, Ermənistan indiki şərtlərlə razı deyilsə, sərhəd ölkəmizin lazım bildiyi yerdən keçəcəkdir.
Sonda əvvəldə vurğuladığımız məqama qayıdaq. Bəli, baş nazir Nikol Paşinyan erməni dövləti üçün doğumu təsdiqlətmək istəyir. O, hazırda dövlətin bic olduğunun fərqindədir. Ancaq Ermənistanda bic statusunda yaşamağı üstün tutanların sayı az deyil. Həm də ona görə ki, ölkəyə və cəmiyyətə dövlətçilik yox, sürü təfəkkürü hakimdir. Sürü ilə mübarizədə ən yaxşı təsir vasitəsi isə onu qovmaqdır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”