Son günlər Rusiya-Ukrayna savaşı yenidən aktiv fazaya keçib. Dünən cəbhənin bir çox istiqamətlərində qızğın döyüşlərin getdiyi barədə məlumatlar yayılıb. Hər iki tərəfdən itkilərin olduğu bildirilir.
“The Associated Press” agentliyi ABŞ-dakı Müharibə Araşdırmaları İnstitutuna istinadən yazıb ki, Ukrayna hərbçiləri dünən Zaporojye vilayətində bir neçə istiqamətdən hücuma keçiblər və müəyyən qədər irəli gediblər.
Hələlik söhbət məhdud taktiki uğurlardan gedir. Lakin təhlilçilərin fikrincə, bu, Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatlarına başladığına dəlalət etmir.
UNİAN agentliyinin verdiyi xəbərə görə, dünən Ukrayna ordusu Donetsk vilayətinin qərb hissəsində, Zaporojye vilayətinin isə şərqində uğurlu lokal hücum əməliyyatları həyata keçirib. Ukraynanın mexanikləşdirilmiş hərbi birlikləri Rivnopolya istiqamətində irəliləyə biliblər.
Belə bir xəbər də yayılıb ki, Rusiya hərbçiləri Levadnomda öz mövqelərindən geri çəkilməli olublar.
Rəsmi Moskva bütün bu faktları təkzib edir, əksinə, cəbhənin bir çox istiqamətlərində Rusiya silahlı qüvvələrinin üstün mövqelər qazandığını bildirir. Göründüyü kimi, tərəflər bir-birinə qarşı həm də kəskin dezinformasiya müharibəsi aparırlar.
Yeri gəlmişkən, cəbhədə baş verən qızğın döyüşlər barədə xəbərlər sosial şəbəkələrdə də öz əksini tapır. Bir çox blogerlərin məlumatlarına görə, Ukrayna hərbçiləri dünən Donetsk və Zaporojye vilayətlərində rəqibin müdafiəsinin birinci eşolonunu yararaq 500 metrdən 3 kilometrədək irəliləyiblər. Lakin bu faktları dəqiqləşdirmək mümkün olmayıb.
Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Svatovsk rayonu (Luqansk vilayəti) istiqamətində Rusiya silahlı birləşmələrinə qarşı uğurla əks-hücuma keçərək 400 metr irəliləməyə nail olublar.
Onun sözlərinə görə, Rusiya ordusu cəbhədəki hərbi qruplaşmalarını məhbuslardan ibarət “Ştorm Z” hücum dəstələri ilə gücləndirib.
Sırski, həmçinin 80-ci əlahiddə hava hücumu briqadası döyüşçülərinin İvanovski meşəsi yaxınlığındakı ərazinin bir hissəsini azad etdiyini söyləyib. Qeyd edilir ki, söhbət Baxmut istiqamətində meşəlik ərazidən gedir.
2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı hərbi münaqişədir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı son məlumatda deyilir ki, hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 210 min 350 hərbçisi məhv edilib. Rusiya mənbələri isə rəqəmlərin reallığı əks etdirmədiyini bildirir.
Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, ukraynalı silahlılar dünən Belqorod vilayətinin Novaya Tavoljanka rayonuna daxil olmağa cəhd ediblər, lakin hava və artilleriya zərbələri nəticəsində bunun qarşısı alınıb, 10-dan çox silahlı zərəsizləşdirilib.
“Qarşıdurma zamanı Ukraynanın 5 minaatan tağımı sıradan çıxarılıb, Rusiya ərazisinə hücum edən Polşa istehsalı olan iki “Krab” özüyeriyən silah qurğusu məhv edilib. Rusiya Silahlı Qüvvələri son sutka ərzində Donetsk istiqamətində 425-ə qədər ukraynalı hərbçini məhv edib. Bundan başqa, Rusiya hava hücumundan müdafiə sistemləri Donetskdə Ukrayna Silahlı Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub. RF Silahlı Qüvvələri Zaporojye istiqamətində düşmənə xeyli itki verib”, - Rusiya MN-in məlumatında qeyd olunub.
Bəli, Ukrayna torpağında on beş aydan çoxdur ki, qanlı müharibə gedir və bu, ağır zorakılıqlarla müşayiət olunan amansız qarşıdurmanın nə vaxt bitəcəyi bəlli deyil. Bir çox dövlətlər müharibənin dayandırılması və sülh danışıqlarının başladılması üçün cəhdlər edib. Bu dövlətlərdən biri də Çindir.
Çinin bu təşəbbüsü ilə bağlı Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “The Straits Times” qəzetinə müsahibəsində bildirib ki, Pekin Rusiyanı zəbt etdiyi bütün ərazilərdən geri çəkilməyə məcbur edə bilsə, Ukrayna müharibəni dayandırmaq üçün sülh təşəbbüsündə Çini vasitəçi kimi qəbul etməyə hazırdır.
Müdafiə nazirinin sözlərinə görə, Çin çox güman ki, Rusiya üzərində təsir imkanlarına malikdir, lakin onun niyyətləri qeyri-müəyyən olaraq qalır. Xatırladaq ki, Çin müharibədə sülhməramlı kimi çıxış etmək niyyətində olduğunu açıqlayıb və 12 bənddən ibarət “sülh planı”nı təqdim edib.
Bu arada məlum olub ki, italiyalı kardinal, İtaliya yepiskopları konfransının rəhbəri Matteo Cuppi Roma Papasının elçisi kimi Kiyevə gələcək. “Müqəddəs taxtın” mətbuat xidmətinin məlumatına görə, xüsusi elçi böhranın həlli yollarını müzakirə etmək üçün iyunun 5-6-da Ukraynada olacaq. Bu barədə açıqlamada bildirilir ki, kardinalın səfərinin məqsədi ədalətli sülhün yolları barədə Ukrayna hakimiyyətini diqqətlə dinləmək və gərginliyin azalmasına kömək edəcək humanitar səyləri dəstəkləməkdir.
Rusiya mediasında yayılan məlumata görə, Papanın elçisinin Moskvaya da səfəri planlaşdırılır.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”