Dünya növbəti dəfə Azərbaycan–Türkiyə qardaşlığının şahidi oldu

post-img

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çev­rilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti 

İstanbul, 29 aprel 2023-cü il 

Adətən, Azərbaycanın hansısa ölkə ilə dostluq və tərəfdaşlığı barədə söz açarkən xatırladırıq ki, bu münasibətlər zamanın çox sınaqlarından çıxmışdır. Ancaq Türkiyə Cümhuriyyəti ilə əməkdaşlığımızın hansısa sınaqdan çıxmasına ehtiyac olmayıb və olmayacaq. Çünki bizim mənəvi-əxlaqi kitabımızda qardaşın qardaşı sınaması termini yoxdur və olmayacaq. Ancaq bu əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin nəinki ötən illərdəkinə, hətta ötən gündəkinə nisbətən daha yüksək səviyyəyə qalxması həmişə “günün reallığı” olmuşdur. 

Bütün türk xalqlarının sevdiyi, bəşəriyyətin sabit gələ­cəyinə nail olmaq üçün çalışan dünya siyasətçilərinin inam və ehtiramla qəbul etdiyi Rəcəb Tayyib Ərdoğan möhtəşəm siyasi fəaliyyətini davam etdirmək üçün növbəti beş il üçün fəaliyyətə başlaması da Bakı ilə Ankara arasındakı münasi­bətlərin daha ali səviyyəyə qaldırılmasını təmin edəcəkdir. Yəni, qardaş ölkənin dövlət başçısı qarşıdakı beş ildə də türk xalqına, Türkiyədə yaşayan bütün xalqların təmsilçilərinə, bö­yük öndər Mustafa Kamal Atatürkün qurub yaratdığı Türkiyə Cümhuriyyətinə, tarixi türk dövlətçiliyinə, Türkiyə–Azərbaycan dostluğuna və ümumiyyətlə, müasir dünyada hamının sülh, əmin-amanlıq şəraitində yaşamasına indiyədək necə xidmət etmişdisə, yenə də həmin fəaliyyətini davam etdirəcək.

Ankarada keçirilən möhtəşəm tədbir­də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın məxsusi salamlanması, cə­nab Ərdoğanın çıxışında Azərbaycanla münasibətlərə xüsusi toxunması və digər məqamlar sübut etdi ki, Ankarada Bakı­nın öz yeri vardır. 

... Geridə qalan 20 il sübut etdi ki, cə­nab Ərdoğan böyük coğrafiyası, hərtərəf­li potensialı, təbii sərvətləri, möhtəşəm hərbi gücü olan Türk dünyasının ehti­ramla qəbul etdiyi liderdir. “Dünyanın harasında bir türkün burnu qanayırsa, biz həmin ağrını öz canımızda hiss edi­rik” – deyən Ərdoğan dünyanın bütün güc mərkəzlərinə qarşı təkbaşına, mər­di-mərdanə etiraz etmişdir. Məsələn, Krım probleminə münasibət bildirən Türkiyə Prezidenti Qərb liderlərini qətiy­yətlə tənqid edirdi: “Krımla bağlı konkret mövqeyimizi 2014-cü ildən bu yana tək­rarlayırıq. Həm Rusiya, həm də Ukrayna ilə müzakirələrimizdə bu mövzunu daim gündəmdə saxlamışıq. Qərb Krımın işğa­lına reaksiya versəydi, indi bu mənzərəni görərdikmi?! Amma Qərb Krımın işğalına göz yumdu. İndi isə onlar nələrsə danı­şırlar... Təəssüf ki, beynəlxalq ictimaiy­yət bu ədalətsizliyin aradan qaldırılması üçün lazımi həssaslığı göstərmədi və zə­ruri dəstəyi vermədi. Ukrayna haqlı mü­barizəsində yalnız qoyuldu. Evlərini tərk edən mülki şəxsləri, qorxu və narahatlıq dolu uşaqları, xaraba olan şəhərləri, ölən dinc şəxsləri gördükcə kədərimiz artır’’.

Türkiyə Prezidenti həm Şuşa Bə­yannaməsinin imzalanmasından sonra­kı çıxışında, həm də Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılış mə­rasimlərində demişdir ki, biz hər zaman haqqın yanında olmuş, ədalətli tərəfləri müdafiə etmişik. Biz bunu nəinki otuz il düşmən tapdağında qalmış torpaqlarımı­zın işğaldan azad edilməsi prosesində, eləcə də Rusiya – Ukrayna münasibətlə­rinin ən kritik vəziyyətə çatması zamanı, dünyada yaranan taxıl probleminin həlli prosesində, Afrika ölkələrinin sosial-iqti­sadi durumunun dünya liderlərinin nəzə­rinə çatdırılmasında, eləcə də, terrorçu qruplaşmaların Yaxın Şərqdəki fəaliy­yətinə son qoyulması məqsədilə rəsmi Ankaranın atdığı addımlarda gördük və şahid olduq. 

Azərbaycan Prezidenti İlham Əliyev də qardaş ölkə liderinin dövlət idarəet­məsindəki mükəmməl təcrübəsini və beynəlxalq aləmdəki nüfuzunu daim yüksək qiymətləndirir. Dövlət başçımız bu il aprelin 29-da İstanbulda keçirilmiş “TEKNOFEST” aerokosmik və texnologi­ya festivalındakı çıxışında fəxrlə xatır­latmışdır ki, bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkə­zidir: “Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan or­duların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Tür­kiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir”.

Millət vəkili Vüqar Bayramov Azər­baycan – Türkiyə münasibətlərinin bu­günkü səviyyəsinə, eləcə də, Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyətlərinə münasibət bildirərkən demişdir ki, Tür­kiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir: “İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açı­lışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannamə­sinin Şuşada imzalanması da bunları təsdiq edir”. 

Xatırladaq ki, Türkiyə iqtisadiyya­tı son 20 ildə Ərdoğanın rəhbərliyi ilə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan ölkə iqtisadiy­yatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesabla­malarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlə­nilir. Bu isə o deməkdir ki, xarici şoklar olmasa, bu il ölkə trilyon dollarlıq iqtisa­diyyata malik məmləkətlər qrupuna daxil olacaq. Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sə­naye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur.

Sonda xüsusilə vurğulayaq ki, bey­nəlxalq aləmdə davam edən ikili stan­dartlardan bezar olmuş ölkələrin xalqları və siyasətçiləri cənab Rəcəb Tayyib Ər­doğanın “Dünya beşdən böyükdür” ifadə­sini az qala, hər gün təkrar edirlər. Cənab Ərdoğan bu ifadəni BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə etiraz olaraq demişdir. Biz fəxr edirik ki, Türkiyə Pre­zidentinin həmin tezisini dəstəkləyən və təkrarlayan ilk siyasətçilərdən biri məhz Prezident İlham Əliyev olmuşdur. 

Cənab Rəcəb Tayyib Ərdoğan dünən yeni dönəm prezidentliyinə başladı. Biz əminik ki, bu gündən etibarən Türkiyədə və Türk dünyasında sözün həqiqi məna­sında yeni dönəm başlayır. 

Uğur olsun Türkiyə! Yaşasın Azər­baycan – Türkiyə dostluğu və qardaşlığı. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

 



Siyasət