Nizami Kino Mərkəzində Mehmandarovlar nəslindən bəhs edən “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filminin ilk nümayişi keçirilib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Mehmandarovlar nəslinin nümayəndəsi Mustafa Mehmandarov çıxış edərək, filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan Respublikası Mədəniyyət nazirliyinə dərin minnətdarlığını ifadə etdi. Mayın 30-da Şuşada yerləşən “Mehmandarovların Malikanə Kompleksi”ndə aparılan təmir-bərpa işlərindən sonra açılışının baş tutduğunu deyən dirijor bildirdi ki, bu sadəcə hansısa bir abidənin bərpası deyil, eyni zamanda milli-tarixi irsimizin bərpası, yenidən dirçəlməsi və gələcək nəsillərə ötürülməsidir.
Sonra, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbasqulu ağa Bakıxanov adına tarix institunun baş direktoru, professor Kərim Şükürov, Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev, “Mehmandarovlar” kitabının müəllifi, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev, filmin rejissoru Yavər Rzayev Cərrahlıq Akademiyasının məzunu Əbdül Kərim bəy Mehmandarovun həkimlik fəaliyyəti ilə yanaşı, Qarabağın və ümumilikdə Azərbaycanın tarixində əhəmiyyətli rol oynaması, eləcə də 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil qaydada müqavimət göstərməsində, “Difai” təşkilatının yaradılmasında göstərdiyi müstəsna xidmətlərindən söz açdılar.
Qeyd olundu ki, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində həm Rusiya imperiyasında, həm də xaricdə təhsil alan bir sıra azərbaycanlı gənclərin əksəriyyəti həkim ixtisasına yiyələnirdilər. Onlar əmək fəaliyyətinə uyğun olaraq xəstələri müalicə edir, insanlarla bərabər cəmiyyətin də xəstəliyini müəyyən edirdilər. Onların hər biri cəmiyyətin sağalması yolunu seçməklə yanaşı, müxtəlif ideoloji, siyasi platformalardan da çıxış edirdilər.
Bildirildi ki, Müasir Azərbaycan həkimlərinin öndəri hesab edilən Mehmandarov 75 illik həyatı dövründə beş ictimai-siyasi sistemin dəyişilməsinin şahidi olub. Çar Rusiyası, Müvəqqəti və Zaqafqaziya hökuməti dövründə yaşayıb, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə şahidlik edib və nəhayət, Sovet dönəmində - 1929-cu ildə vəfat edib.
Sonra, Mehmandarovun həyatı, fəaliyyəti və Mehmandarovlar ailəsinə həsr olunmuş film nümayiş olundu. Ekran işində Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir. Mehmandarovlar Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıb. Film, həmçinin kompozisiyası və sujet xətti ilə də digər filmlərdən seçilir və simvolik sonluqla bitir. Sonda, Prezident, Ali Baş Komandan erməni əsirliyində olan Şuşanı deyil, artıq, azad olmuş, çiçəklənən Şuşanı, seyr edir. Bu sujet xətti ilə paralel olaraq, Mehmandarovlar nəslinin davamçıları da Şuşaya gəlir və ulu babalarına məxsus Malikanə Kompleksini ziyarət edirlər. Onların baş çəkdikləri bu bina təkcə Şuşanın deyil, gələcək nəsillərin də gələcəyinin simvoludur.
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Yavər Rzayev, Vasif Quliyev, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərli, montaj rejissoru Elşad Rəhimov, prodüseri Nazim Hüseynovdur.
Filmin çəkilişləri Bakıda və Şuşada aparılıb.
Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”