Qanla yazılmış şərəfli tarix

post-img

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycandan kənarda da anılır. 35 il əvvəl SSRİ rəhbərliyinin Bakıda törətdiyi qanllı cinayətə biganə qalmayan beynəlxalq təşkilatlar, siyasi liderlər özlərinin etiraz səslərini ucaldırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, həmişə olduğu kimi, şəhidlərimizin ruhunu dərin ehtiram hissi ilə yad edirlər.   

Vaşinqton

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər. Bəyanatda 20 Yanvar faciəsindən bəhs edən konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan "Qara Yanvar" gecəsində, təxminən, iyirmi altı min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla günahsız insanlara və dinc etirazçılara atəş açdığını bildirib. 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verən S.Kohen ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri kimi həmkarlarına Azərbaycanın müstəqilliyi yolunda canlarını qurban verənləri tanımağa çağırış edib. Bəyanatında 20 Yanvar faciəsindən bəhs edən konqres üzvü R.Aderholt dost və tərəfdaş olan Azərbaycanda “Qara Yanvar”ın 35-ci ildönümünün anıldığını bildirib.

London

Böyük Britaniya parlamentində qanunverici sənəd statusunda olan 644 nömrəli erkən gündəlik təklifi təqdim edilib. Təklif deputat Bob Bləkmen tərəfindən irəli sürülüb və 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğının 35-ci ildönümünün xatırlanmasını hədəfləyir. Vurğulanır ki, Bakıya hərbi müdaxilə Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına cavab olaraq həyata keçirilib və nəticədə, təxminən, 150 dinc sakin həlak olub. Bu qanunverici sənəd Böyük Britaniya Parlamentinin üzvlərini həmin faciəvi günün qurbanlarının xatirəsini anmağa və bu tarixi hadisələri yadda saxlamağa çağırır. Deputat Bob Bləkmen təklifin mətnində hadisələrin əhəmiyyətini vurğulayaraq xalqların azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin yaddaşlarda qalmasının vacibliyini qeyd edib. Məlumat olaraq bildirək ki, erkən gündəlik təkliflər Böyük Britaniya Parlamentində müəyyən məsələlərə diqqət çəkmək və müzakirələrə başlamaq məqsədilə təqdim edilən rəsmi qanunverici sənədlərdən biridir.

Tbilisi

“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə Gürcüstan paytaxtında 20 Yanvar və 9 Aprel faciələrinə həsr olunmuş “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı foto-sərgi və anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Uğur Tahlan, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Marneuli Bələdiyyəsinin struktur bölmələrinin rəhbərləri və üzvləri, TİKA-nın Gürcüstan nümayəndəliyinin baş direktoru Zeynəb Bayraq, Türkiyənin “MAARİF” Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen, eləcə də ziyalılar, elm adamları və gənclər 
iştirak ediblər.

20 Yanvar və 9 Aprel faciələrinə həsr olunmuş foto-sərgi ilə tanışlıqdan sonra tədbir hər iki faciədə, eləcə də Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, sovet ittifaqının ali və hərbi rəhbərliyi 20 Yanvar və 9 Aprel faciələrini törətməklə Azərbaycan və Gürcüstan xalqlarının azadlıq və müstəqillik arzularını boğmaq üçün Bakı və Tbilisiyə ordu yeridərək günahsız insanları qətlə yetiriblər. O qeyd edib ki, bu faciələr xalqlarımızın qanla yazılmış şərəfli tarixidir. 

İqdır

“Qanlı Yanvar cinayətini törədənlərin məsuliyyətə cəlbetmə müddəti yoxdur”. Bu sözləri İqdırdakı “Azərbaycan Evi”nin rəhbəri, Türkiyə–Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndəsi Serdar Ünsal bildirib.

Çıxışında qanlı yanvar günlərində Azərbaycan xalqının qəhrəmanlıq nümayiş etdirdiyini, azadlıq və müstəqillik uğrunda mübarizə apardığını vurğulayan S.Ünsal azərbaycanlıların SSRİ rəhbərliyinin ədalətsizliyinə, qərəzliliyinə dözmək istəmədiklərindən danışıb. O vurğulayıb ki, informasiya blokadasını ilk yaran ümummilli lider Heydər Əliyev olub: “Onun bəyanatları sayəsində bütün dünya SSRİ rəhbərliyinin törətdiyi bu dəhşətli dövlət terroru aktından xəbər tutdu. O vaxt Moskvada yaşayan Heydər Əliyev faciədən dərhal sonra, yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqı ilə həmrəylik nümayiş etdirdi. O, qanuna, demokratiya və humanizm prinsiplərinə zidd hərəkətləri qətiyyətlə pisləyib”. Daha sonra qeyd edib ki, sovet rəhbərliyindəki separatizmin himayədarları Azərbaycan xalqını qorxudaraq susmağa məcbur edə bilmədilər. Bu zaman, o, Məmməd Əmin Rəsulzadənin sözlərini xatırladıb: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.

Çıxışının sonunda S.Ünsal vurğulayıb ki, 20 Yanvar hadisəsi güclü və qüdrətli Azərbaycana – Cənubi Qafqazın tanınmış liderinə müstəqillik yolunu açdı və onun “sovet keçmişi” birdəfəlik qapanmış oldu: “Qanlı yanvar sovet hakimiyyətinin tarixində qara ləkədir. Bu qətliamda iştirak edənlər cəzalandırılmalıdır”.

Daşkənd

Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım mərasimi keçirib.

Tədbirdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Əvvəl ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə və şəhidlər bağına çiçək dəstələri qoyulub. 

Mərasim iştirakçıları 20 Yanvar faciəsi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı kitab sərgisinə, həmçinin fotostendə baxıblar.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mədəniyyət Mərkəzinin əməkdaşı Yusif Məmmədov tədbiri açaraq sözü Azərbaycanın Özbəkistandakı səfiri 
Hüseyn Quliyevə verib.

H. Quliyev 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətindən danışıb. Bildirib ki, arasında qocalar, qadınlar və uşaqlar da olmaqla dinc sakinlər güllələndikdən sonra – yanvarın 20-də səhər tezdən Bakıda fövqəladə vəziyyət elan olunması ilə əlaqədar Mixail Qorbaçovun fərmanı oxunub.

H.Quliyev deyib ki, 20 Yanvar faciəsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib və keçmiş SSRİ rəhbərlərini ittiham edib. 

Səfir qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib.

H.Quliyev əlavə edib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı böyük faciədən sonra daha da mətinləşdi, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdi. 20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu deyən diplomat, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu da vurğulayıb.

Özbəkistan Ali Məclisi Senatının üzvü Husan Ermatov deyib ki, 20 Yanvar faciəsi artıq Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi iz buraxıb. Şəhidlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını veriblər, bu isə əsl qəhrəmanlıqdır.

Sonra “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənd Şəhər Şurasının deputatı Cəmilə Şermuxammedova, alim və tərcüməçi Babaxan Şərif və başqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında danışıb, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu söyləyib, başda M. Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərliyini ittiham ediblər.

Sonda Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kursunun şagirdləri 20 Yanvar faciəsinə dair şeirlər söyləyiblər. 

Hazırladılar:
İ.BƏDİRXANLI,
Qulu KƏNGƏRLİ
XQ

 









Qan yaddaşı