Erməni vəhşiliyi – insanlığın üz qarası

post-img

Erməni terror-quldur dəstələrinin 31 il əvvəl Xocalıda törətdikləri dəhşətli qətliamın təfərrüatları ilə tanış olarkən, hər birimizin qəlbində dərin qəzəb və nifrət hissləri baş qaldırır. Bu, rəziillik və barbarlığın ən yüksək formasıdır. Təbii ki, tarix bu qəddarlığı heç vaxt bağışlamayacaq. 

Əziz oxucu, siz kəskin təzada diqqət yetirin: İnsanlıq adına əbədi ləkə gətirən bu vəhşilikləri özlərini sivil dünyaya “mə­sum və məzlum bir xalq” kimi təqdim et­məyə çalışan erməni faşistləri törədiblər. Onlar əsl xislətlərini Xocalıda açıb ortaya qoydular. 

Birinci Qarabağ müharibəsi zamanı qaniçən ermənilər girov və əsirlərin ba­şına olmazın müsibətlər açıblar. Xocalı qətliamının şahidləri bunu qiyamətdən ağır fəlakət adlandırırlar. Bu dəhşətlərin şahidlərinin sinəsindən hər dəfə belə bir nida qopur: Allah bunu heç kəsə göstər­məsin! 

Hörmətli oxucu! Bu gün 1992-ci ilin fevralında erməni girovluğunda olan iki Xocalı sakininin ürək dağlayan həyat he­kayələrini sizə təqdim edirik. 

Birinci hekayə. Sürəyya Qəmbər qızı Bayramova 1930-cu ildə Xocalı şəhərində doğulub. 27 fevral 1992-ci ildə girov götürülüb. 

Sürəyya xanım erməni qaniçənləri­nin onun başına gətirdiyi vəhşiliklərdən danışarkən bunları bildirib: “1992-ci ilin 26 fevral tarixində Xocalı şəhəri Ermə­nistanın silahlı qüvvələri və Rusiyaya aid 366-cı motoatıcı alayın əsgər və zabitləri tərəfindən işğal edildi. 

Əhali bu acı xəbəri eşidib yaxınlıqda­kı meşəyə tərəf qaçmağa başladı. Mənim o vaxt altmış yaşım vardı. Gecəni meşə­də qaldıq. Hər an ölümlə üzləşə bilərdik. Səhər açılanda eşitdim ki, Səfəralı, Əs­gər, Allahverdi və tanımadığım bir çox adam soyuq və təlaşdan ölüblər. İnanın mənə, həmin səhər oradakılar ölənləri ermənilərin əllərinə düşmədikləri üçün xoşbəxt sanırdılar. 

Sürəyya xanım sonra bildirdi ki, on­lar ermənilərin yaşadığı Dəhraz kəndi istiqamətində mühasirəyə düşüblər və düşmənlə qeyri-bərabər döyüşdə Xoca­lının özünümüdafiə batalyonunun üzvlə­rindən 16 nəfər qətlə yetirilib. Oradakı 40 nəfər kişini seçib naməlum istiqamətdə aparıblar, 13 cavan oğlanı isə hamının gözü qarşısında güllələyiblər. 

İkinci hekayə. Xəzəngül Təvəkkül qızı Əmirova 1983-cü ildə Xocalı şəhə­rində doğulub. 1992-ci il fevralın 26-da girov götürülüb. 

Xəzəngül Əmirova başına gələn mü­sibətlər barədə bunları bildiribdir: 

– Ermənistan hərbi birləşmələri Xo­calıya hücum edərkən, mən ailə üzvlərim ilə birlikdə meşəyə qaçmışdım. Quldurlar dinc sakinləri mühasirəyə aldılar. Onlar atəş açaraq bir çox Xocalı sakinini, o cümlədən, anam Rayanı, 7 yaşlı bacım Yeganəni və xalam Göyçəyi qətlə yetir­dilər. 

Atam Təvəkkül çiynindən və ayağın­dan, 4 yaşlı bacım Nigar isə sağ ayağı­nın topuğundan güllə yaraları almışdılar. Ermənilər atamı nənəm Əntiqəni, 8 aylıq qardaşım Vüqarı, məni və daha bir neçə nəfəri Əsgərana aparıb uçuq bir evə sal­dılar. 

Səhər açılanda cəlladlar atamı ağa­ca bağlayaraq ondan bu torpaqların er­mənilərə məxsus olduğunu söyləməsini tələb edirdilər. Lakin ağır işgəncələrə bax­mayaraq, atam Qarabağın Azərbaycana məxsus olduğunu dedi. Bundan sonra ermənilər onun ayaqlarının altına çör-çöp toplayaraq, benzin töküb yandırdılar. 

Bir qədər sonra yenə də atamdan “Qarabağ ermənilərindir”, – deməsini əmr etdilər. Lakin atam yenə də Qaraba­ğın Azərbaycan torpağı olduğunu bildirdi. Qaniçən düşmən atamın ayaqlarını yeni­dən dizlərinə qədər yandırdı. 

Sonra ermənilər: “Torpaqların er­mənilərin olduğunu de, get, uşaqlarını böyüt. Deməsən, səni də, uşaqlarını da öldürəcəyik”, – desələr də, atam: “Mən uşaqlarıma görə torpaqlarımı satmaram. Öldürürsünüz, öldürün! Bu torpaqlar bizimdir!” – dedi. Bundan sonra cəllad­lar atamı anasının və səkkiz aylıq oğlu Vüqarın gözü qarşısında tamamilə yan­dıraraq qətlə yetirdilər. 

Sonda bildirək ki, Xəzəngül Əmirova həmin hadisədən bir neçə gün sonra də­yişdirilmə yolu ilə girovluqdan azad edilib.

 

M.HACIXANLI, “Xalq qəzeti”



Qan yaddaşı