Rəsmi İrəvan Avropa İttifaqının Ermənistandakı missiyasını rüsvay etdi

post-img

Məlum olduğu kimi, bu il fevralın 20-dən etibarən Avropa İttifaqı Ermənistan ərazisində 100 nəfərlik missiya ilə fəaliyyətə başlayıb. Lakin missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra Ermənistan missiyanı rüsvay edən təxribata əl atıb. Belə ki, Qərbdəki himayədarlarının bölgədəki mövcudluğundan cəsarətlənən Ermənistan ordumuzun Tovuz və Naxçıvan MR-nın Sədərək rayonlarındakı mövqelərini 15 dəfə atəşə tutub. 

Ermənistan tərəfi bununla bir daha təsdiq edib ki, öz təxribatlarından əl çək­mək, bölgədə sülhün və təhlükəsizliyin qorunması üçün Azərbaycanın sülh səy­lərini dəstəkləmək niyyətində deyil. Lakin Ermənistan sadəcə, özünü ifşa etməyib. Rəsmi İrəvan fevralın 21-də Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla, həm də Avropa İttifaqının missiyasını rüsvay edib. İrəvan bu təxribatı ilə sübut edib ki, missiya vəziyyətə nəzarət etmək iqtidarında deyil və onun bölgədəki möv­cudluğu Ermənistanın anti-Azərbaycan fəaliyyəti üçün heç bir məhdudiyyət ya­ratmayacaq. 

İrəvan bu təxribatı ilə ölkəmizə həm də mesaj verməyə çalışır ki, Avropa İt­tifaqının missiyası heç də neytral olma­yacaq. Yəni, missiyanın işi Ermənistan təxribatlarını görməzdən gəlmək, baş verən insidentlərə görə Azərbaycan tərə­fini ittiham etmək olacaq ki, bu da rəsmi İrəvanın arzu və niyyətlərinə tamamilə uyğundur.

 

Missiya bununla razılaşırmı?

 

Şübhəsiz, missiyanın fəaliyyətə baş­lamasından bir gün sonra Ermənistanın Azərbaycana qarşı hərbi təxribata yol verməsi, hər şeydən öncə, Avropa İtti­faqının bölgədəki missiyasını görməzdən gəlmək, onun mövcudluğunu təhqir et­mək deməkdir. Ermənistanın bu davranı­şı missiyanın gələcək fəaliyyətini, obyek­tivliyini və tərəfsizliyini bəribaşdan sual altına qoyur. Məhz bu səbəbdən də mis­siya ən azı öz nüfuzunu qorumaq üçün Ermənistanın təxribatlarına “Yox!” demə­yi bacarmalı, baş verən insidentlərə görə rəsmi İrəvanın məsuliyyət daşıdığını bə­yan etməlidir. Əks-təqdirdə, Ermənistan missiyanın mövcudluğu fonunda təxribat­larını davam etdirməklə Avropa İttifaqını, onun bölgədəki nümayəndələrini növbəti dəfə rüsvay edəcək, bu missiyanın heç nəyə yaramadığını əməli şəkildə bütün dünyaya göstərəcək. 

İkincisi, missiyanın Ermənistanın təx­ribatlarını önləməsi onun bölgədə sülh və təhlükəsizliyin təmininə töhfə verdiyi­ni ortaya qoymaq baxımından gərəklidir. Missiya Ermənistanın təxribatlarını ifşa etməklə göstərməlidir ki, onun bölgədəki mövcudluğu həqiqətən də faydalıdır və bu İrəvanın maraqlarına deyil, sülhün, təhlükəsizliyin bərpasına xidmət edir. 

Missiyanın erməni təxribatları ilə bağlı ədalətli mövqe ortaya qoyması Azərbay­canın etimadını qazanması, rəsmi Bakı tərəfindən dəstəklənməsi baxımından da əhəmiyyətlidir. Hansı ki, Azərbaycan tərəfi ilk gündən Avropa İttifaqının mis­siyasının bölgədəki fəaliyyətinə ehtiyac olmadığını, bu fəaliyyətin sülhün təmina­tına ciddi bir töhfə verəcəyinə inanmadı­ğını vurğulayıb. Son hadisələr sübut etdi ki, Azərbaycanın proqnozları özünü doğ­rultmaqdadır. 

 

“Dəmir yumruq” yerindədir

 

Ermənistanın 21 fevral tarixli təxriba­tı İrəvanın Avropa İttifaqının misiyasını “himayəedici çətir” qismində gördüyünü göstərir. İrəvan hesab edir ki, Fransanın ciddi söz sahibi olduğu missiyanın əsl işi erməni təxribatlarına göz yummaq, təmas xəttində baş verəcək hər bir insi­dentə görə Azərbaycanı ittiham etmək ol­malıdır. Belə olmasaydı, Ermənistan mis­siyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra genişmiqyaslı təxribata əl atmazdı. 

Şübhəsiz, Avropa İttifaqının missiya­sının erməni təxribatlarına alət olub-ol­madığı haqqında indidən qəti fikir bildir­mək tezdir. Lakin missiyanın 21 fevral tarixli təxribatı ilə bağlı susqunluğu Azər­baycanın şübhələrinin əsassız olmadığı­nı göstərir. Ancaq Ermənistan bilməlidir ki, heç bir kənar güc, heç bir missiya Azərbaycanla mübarizədə Ermənistanın uğurunu təmin edə bilməz. Çünki “dəmir yumruğun” əzə bilmədiyi “himayəedici çətir” yoxdur. İrəvan təxribatlarını davam etdirəcəyi təqdirdə Azərbaycan Ermənis­tanın kimin arxasında gizlənməsindən asılı olmayaraq layiqli cavabını verəcək. 

 

“Sülhpərvər missiya” bölgəyə silahla gəlib... 

 

Azərbaycanın Ermənistandakı missi­ya ilə bağlı daha bir narahatlığı Avropa İttifaqının bölgəyə göndərdiyi 100 nəfərlik heyətinin yarısının silahlı olması faktı ilə bağlıdır. Qeyd edək ki, hələ bir neçə həftə öncə missiya heyətinin silahlı ola biləcəyi ilə bağlı ehtimallar səslənirdi. Baxmaya­raq ki, Avropa İttifaqının özü də Ermə­nistana göndərəcəyi missiyanın “mülki missiya” olduğunu qeyd edirdi. Lakin Avropa İttifaqı missiya ilə bağlı son açıq­lamasında missiyaya daxil olan şəxslərin yarısının silahsız olduğunu qeyd edib ki, bu da digər yarısının silahlı olması deməkdir. Bu isə özlüyündə belə bir sual doğurur: “sülhpərvər missiya” bölgəyə niyə silahla gəlib? İki ildən çoxdur ki, müharibənin başa çatdığı bölgəyə silahlı şəxslər göndərmək, regiondakı gərginliyi avropalı silahlılar hesabına bir qədər də artırmaq hansı zərurətdən qaynaqlanır? Ən əsası, Avropa İttifaqı və Ermənistan hakimiyyəti missiyanın mülki deyil, hərbi olması ilə bağlı həqiqəti ictimaiyyətdən niyə gizlədib? 

Bütün bu suallar həm Avropa İttifaqı­nın, həm də İrəvanın proseslərə səmimi yanaşmadığnı göstərir. Baş verənlər onu deməyə əsas verir ki, ortada fərqli maraq və məqsədlər mövcuddur. Sülh və təh­lükəsizliklə bağlı deyilənlər isə sadəcə bu gizli məqsədləri pərdələmək məqsə­dini daşıyır. Ancaq Avropa İttifaqı bilməli­dir ki, onun Cənubi Qafqazdakı uğursuz fəaliyyəti bu qurumun bütün dünyadakı nüfuzuna mənfi təsir göstərəcək, ona olan beynəlxalq etimadın azalmasına sə­bəb olacaq. Onu da unutmaq olmaz ki, bugünə qədər Ermənistanla dostluqdan qazanan heç bir dövlət, beynəlxalq təş­kilat olmayıb.

 

Seymur ƏLİYEV

Siyasət