AQTA sədri un dəyirmanı və çörək istehsalı müəssisələrinə baxış keçirib

post-img

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda fəaliyyət göstərən un dəyirmanı və çörək istehsalı müəssisələrinə yerində baxış keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd “Qida təhlükəsizliyi haqqında” Qanunun tətbiqi ilə əlaqədar olaraq un dəyirmanları və çörək istehsalı müəssisələrində HACCP sisteminin tətbiqi, habelə unun dəmirlə zənginləşdirilməsi istiqamətində həyata keçirilən pilot layihənin tətbiqi vəziyyəti və bununla bağlı infrastruktur imkanlarının yerində qiymətləndirilməsindən ibarət olub.

Sağlam qidalanmanın təşkili istiqamətində əhalinin yüksək qida dəyərinə malik qida məhsulları ilə təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, balanslaşdırılmamış qidalanma nəticəsində ortaya çıxan mikronutriyent çatışmazlığı bir çox xəstəliklərə səbəb olur. Hazırda bir sıra ölkələrdə həmin xəstəliklərin qarşısını almaq üçün qida məhsullarının müxtəlif mikronutriyentlərlə zənginləşdirilməsi effektiv profilaktik tədbir kimi bir çox dünya ölkələrində məcburi qaydada tətbiq edilir.

2003-cü il yanvarın 1-dən etibarən qüvvəyə minmiş “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında” Qanununa əsasən duzun yodlaşdırılması məcburi tələb kimi müəyyənləşdirilib.

Məlumat üçün qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən Azərbaycanda qadınlar, o cümlədən hamilə qadınlar arasında dəmir defisiti, anemiyanın faizi xeyli yüksəkdir. Həmin problemin həlli istiqamətində unun dəmirlə zənginləşdirilməsi prosesi anemiyanın qarşısının alınması baxımından ən təsirli vasitədir. Unun insanların qida rasionunda çox geniş yer tutması səbəbindən 80-dən artıq ölkədə uzun illərdir məcburi qaydada müxtəlif nutriyentlərlə zənginləşdirilməsi tətbiq olunur və onlardan 30-dan artıq ölkədə dəmirlə zənginləşdirmə həyata keçirilir.

Xatırladaq ki, bu il fevralın 9-da Qida Təhlükəsizliyi Agentliyinin sədrinin rəhbərliyi ilə un və çörək istehsalçıları ilə keçirilmiş görüşün nəticəsi olaraq ölkə ərazisində fəaliyyət göstərən un dəyirmanı və çörək istehsalı müəssisələrinə monitorinqlərin keçirilməsi planlaşdırılıb və hazırda bu sahədə tədbirlər davam etdirilir.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə bağlı un dəyirmanları və çörək istehsalı müəssisələrində HACCP sisteminin tətbiqi, habelə unun dəmirlə zənginləşdirilməsi istiqamətində pilot layihəsinin icrası ilə yanaşı, bu sahədə işlərin miqyasının daha da genişləndirilməsi və nəzarət tədbirlərinin gücləndirilməsi nəzərdə tutulur.

Sosial həyat