12 yaşlı qızın harayı

post-img

Xocalı müsibəti yaşananda onun cəmi 12 yaşı var idi. Şıltaq, şən, atalı-analı, qardaşlı-bacılı, bol oyuncaqlı xoşbəxt bir qızcığaz həmin gecə cəhənnəm odunun, alovunun içinə düşdü. Hələ həyatı əməllicə dərk etməyən bu məsum uşaq elə bil qorxulu nağılın ən dəhşətli əzablarını yaşayırdı. Budur, ağır silahdan açılan atəş nəticəsində balaca bir uşağın körpə yumruğu boyda ürəyi düz ayaqlarının altına düşərək çırpınmağa başladı. Onu görməmək üçün gözlərini öz əli ilə çıxarmaq istəyirdi. 

Həmin gecə ölmək istəyirdi, başına yağış kimi yağan güllələr­dən onu parçalamaq üçün imdad diləyirdi. 

Heç birisi ona dəy­mirdi...bu, onun əzab­larını daha da artırırdı. 

Xocalı müsibətin­dən ötən 31 il ərzində ilk dəfə danışdı, əgər ona danışmaq demək mümkünsə...

Sevil Səlimova az qala pıçıltı ilə deyir: “Axı nə danışım. Tək yaşayıram. Hər gün danışıram, amma ürə­yimlə. Uzun illərdən sonra ilk dəfədir ürəyimin sözlə ifadə edə bilməyəcəyim ağrısını kiminləsə bölüşürəm. Hamı mənim niyə həmişə susqun olduğu­mu soruşur. Həmin gecə gözümün qabağında əbədi susdurulan körpələrin qışqırığı, onların analarının, eləcə də qardaşım qətlə yetiriləndə öz anamın fəryadı qulaqlarımdan getmir. Bu, mənə cəhənnəm əzabı yaşadır”. 

Həmin dəhşətli gecədə hamı kimi bu qızcığazın ailəsi də ölüm­dən qurtarmaq üçün meşəyə qaçır. Çox böyük dəstə ilə irəliləsələr də, düşmənin hücumu onları pərən-pərən salır. Meşənin qaranlı­ğında qanı axıdılan insanları, o cümlədən, yaralı uşaqları oradaca qoyub getmək ağır olsa da buna məcbur olurlar. 

“İki gün, iki gecə meşədə dolaşdıq, düşməndən yayınmaq üçün saatlarla sakit halda gizlənmək lazım gəlirdi”, – deyə söz­lərinə davam edir: “Bir-iki saat hərəkət etməyən insanı artıq don vururdu. Aclığa, susuzluğa, soyuğa dözməyən uşaqlar ağlayırdı­lar. Xəstələr, qocalar gedə bilmədikləri üçün onları yarıyolda bu­raxmaları, meşədə tək saxlamaları üçün doğmalarına yalvarırdı­lar. Nəhayət, meşədən çıxanda hamı düşünürdü, tezliklə Ağdama çatacağıq. Qarqar çayının qarlı-buzlu suyunu keçmək o qədər də asan deyildi. Keçəndən sonra artıq səngər kimi bir yerlə sürünməli idik. Əsl əzabı orada yaşadıq. 

Düşmən vurmasın deyə qalxa bilmirdik. Sürünmək ondan da dəhşət idi. Vurulan insanlar səngərə yıxılırdılar. Başı bədənindən ayrılan kim, bağırsaqları yerə tökülən kim... Balaca bir uşağın ürə­yinin yerdə çırpınmasını görməmək üçün kor olmaq istəyirdim. Qardaşım Tofiqin qətlə yetirilməsi, onu orada saxlayıb getməyi­miz...bizi müdafiə etmək üçün ölüm-dirim savaşına girən atamı itirməyimiz... Bu acılar ürəyimdə yuva saldı, sağalmaz yaraya çev­rildi. Anam bu dərdlə yaşaya bilmədi. Bir neçə il sonra rəhmətə getdi. İki bacım da yaşamadı”. 

Atası Seydi həmin gecə itkin düşdü. Əmisi Bahadur, əmisi oğlanları Araz (Milli qəhrəman), Mikayıl, Fəxrəddin şəhid oldular. Eləcə də qəhərlənib adlarını dilinə gətirə bilmədiyi çoxlu körpə uşaqlar... 

 

Leyla QURBANOVA

Qan yaddaşı