Amma öskürəyin artması insanlara əziyyət verir
Qışdan sonra immunitetin zəiflədiyi, temperaturun dəyişdiyi və virusların yayılması üçün əlverişli şəraitin yarandığı fəsil başlayır. Yazın əvvəlindən etibarən uşaqlarda, həm də yaşlılarda öskürək müşahidə olunması bədənin viral infeksiyadan təsirləndiyinin göstəricisidir. Bu fikirləri ATU-nun ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, ftiziopulmonoloq Rafiq Bayramov XQ-yə müsahibəsində bildirdi. O, öskürəyin niyə məhz yaz aylarında kəskinləşməsi və uzun müddət davam etməsi ilə bağlı sualımıza açıqlamasında dedi:
– Yazda havaların tez-tez dəyişməsi ilə əlaqədar olaraq insanlar arasında müxtəlif nasazlıqların, o cümlədən öskürəklə müşahidə olunan bronx-ağciyər xəstəliklərinin artması müşahidə olunur. Ümumilikdə, bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi var ki, bunların da 200-ə qədəri ağciyərlərin səpələnmiş xəstəlikləridir. Bronx-ağciyər xəstəliklərinə tutulanların yarıdan çoxunda ilk 6 ayda heç bir əlamət olmur. Tənəffüs orqanlarının xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti isə xəstələrin bir qismində uzun müddət, ümumiyyətlə, müşahidə olunmur. Öskürək orqanizmin müdafiə refleksi olub, hava axınının ağciyərlərdən sürətlə xaric olması və bununla da tənəffüs yollarının yad hissəciklərdən təmizlənməsi prosesidir. Öskürək, əsasən, tənəffüs orqanlarının patologiyaları üçün xas olan əlamət sayılsa da, tənəffüs sistemində heç bir problem olmayan şəxslərdə də müşahidə oluna bilər. Çünki müxtəlif səbəblərdən yarana bilər.
– Bu səbəblər hansılardır?
– Tənəffüs sistemi orqanlarının patologiyaları zamanı (kəskin respirator virus infeksiyaları – KRVİ, bronx və ağciyər parenximasının zədələnməsi ilə gedən xəstəliklər – bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), vərəm), LOR orqanların patologiyalarında (rinit, postnazal drip sindromu, sinusit, laringit), müxtəlif qıcıqlandırıcı maddələrlə nəfəsalma zamanı, ürək - damar sisteminin ürək çatışmazlığı ilə müşahidə olunan xəstəliklərində, mədə-bağırsaq xəstəlikləri zamanı (əsasən, qastroezofaqial refluks xəstəliyi – QERX), dərman preparatlarının arzuolunmaz effekti kimi – AÇF inhibitorları, amiodaron və bəzi toz formasında olan dərman preparatlarının istifadəsində, psixoemosional pozğunluqlarda (psixogen oskürək), metabolik pozğunluqlarda (podaqra, respirator alkaloz, Şeqren sindromu, hiperterioz) öskürəyin yaranması, bəzən də fəsadlaşması müşahidə olunur.
Öskürək quru və yaş (bəlğəmli) olur, davam etmə müddətinə görə isə kəskin (əgər 3 həftəyədək davam edərsə), yarımkəskin ( 3 həftədən – 3 ayadək davam edərsə) və xroniki (əgər 3 aydan çox davam edərsə) olmaqla 3 qrupa bölünür.
– Bölgü öskürəyin kəskinliyinə, ya başqa əlamətə görə aparılır?
– Quru öskürək yuxarı tənəffüs yollarının xəstəliklərinin başlanğıc mərhələsində, qastroezofaqial reflüks, bəzi dərman preparatlarının qəbulu, ağciyərlərin peşə-toz xəstəlikləri (pnevmokoniozlar), plevrit zamanı və s. hallarda daha çox müşahidə olunur. Bəlğəmli öskürəyə isə əsasən bronx-ağciyər aparatının iltihabi xəstəlikləri, o cümlədən ağciyər vərəmi zamanı rast gəlinir. Kəskin öskürək adətən yuxarı tənəffüs yollarının virus və bakterial infeksiyaları, pnevmoniya, yad cismin aspirasiyası, bronxial astma və AXOX-un kəskinləşməsi zamanı müşahidə olunur.
Yarım kəskin öskürək isə keçirilmiş kəskin tənəffüs infeksiyalarından sonra, LOR orqanların xəstəliklərində, ağciyərlərin interstisial patologiyalarında, vərəm, plevrit, bronxial astma, AXOX, tənəffüs orqanlarının yeni törəmələri, tütünçəkmə və s. zamanı olur. ÜST-nın tövsiyələrində qeyd olunur ki, əgər xəstə 3 həftədən çox öskürərsə, onun mütləq ağciyər vərəminə görə müayinə olunması məsləhətdir.
Xroniki öskürək isə daha çox ürək – qan damar sistemi (ürək çatışmazlığı), mədə-bağırsaq sistemi patologiyaları (qastroezofaqial refluks), birləşdirici toxumanın diffuz xəstəlikləri, bəzi dərman preparatlarının qəbulu (AÇF inhibitorları), tütünçəkmə, vərəm və s. zamanı müşahidə olunur. Öskürəyin qarşısının alınması və müalicə olunması üçün onun hansı səbəbdən yaranmasının müəyyən edilməsi və həmin səbəbə qarşı müalicə və profilaktika tədbirlərinin aparılması tələb olunur.
– Hansı infeksiyalar daha çox öskürəyə səbəb olur? Bəzən öskürək tez-tez xırıltı və nəfəs darlığı ilə müşayiət olunur.
– Öskürəyə səbəb infeksiyalardan danışanda öncə deməliyik ki, qrip, xüsusilə, yazın əvvəlində ən çox yayılmış viral infeksiyalardan biri olaraq qalır, tez-tez quru və ağrılı olan şiddətli öskürəyə səbəb olur. Xəstəliyin digər əlamətlərinə yüksək hərarət, baş ağrısı, zəiflik, əzələ ağrısı və boğaz ağrısı daxildir.
Qriplə əlaqəli öskürək digər simptomlar aradan qalxdıqdan sonra da bir neçə həftə davam edə bilər. Qrip virusu pnevmoniya, bronxit və ya xroniki xəstəliklərin şiddətlənməsi (məsələn, astma) kimi ağırlaşmalara səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda, tənəffüs çatmazlığı da daxil olmaqla ciddi fəsadlar mümkündür.
Respirator sinsitial virusa (RSV) uşaqlarda daha çox rast gəlinir, lakin infeksiya böyüklərə də təsir edə bilər. Yazda bu virusun aktivliyi artır. Aşağı tənəffüs yollarının iltihabına səbəb olur, nəticədə öskürək, xırıltı və nəfəs çətinliyi yaranır. Qeyd etməliyik ki, öskürəyə səbəb infeksiyalardan biri RSV-dir. Virus bronxiolitə (kiçik bronxların iltihabı) və ya pnevmoniyaya səbəb ola bilər.
Rinovirus infeksiyası soyuqdəymələrin ən çox yayılmış səbəblərindəndir. Yazda onlar fəal şəkildə yayılaraq, burun axmasına, öskürək və boğaz ağrısına səbəb olur. Bu infeksiya ilə əlaqəli öskürəkdə adətən, bəlğəm əmələ gəlir. İnfeksiyanın əsas xüsusiyyəti odur ki, öskürək 10–14 günə qədər davam edə bilər. Soyuqdəymə vəziyyətində ağırlaşmalar nadir hallarda baş versə də, xroniki tənəffüs xəstəlikləri olan insanlarda rast gəlinir. İnfeksiya sinusit və ya otitə çevrilə bilər.
Koronavirus infeksiyası – COVID-19 və digər ştamları quru və uzunmüddətli öskürək yaradır. Yaz aylarında immun sistemi zəiflədikdə yoluxma riski artır. İnfeksiyanın xüsusiyyətlərindən danışanda qeyd etməliyik ki, COVID-19-a yoluxanda xəstəlik öskürək, iybilmənin itməsi, nəfəs darlığı və yorğunluqla müşayiət olunur. Yaşlılar və xroniki xəstəliyi olan insanlar, xüsusilə həssasdırlar.
Parainfluenza- paraqrip virusu olaraq tez-tez öskürək ilə müşayiət olunan laringit və bronxitə səbəb olur. Yazda aktivliyi artır. Paraqrip zamanı öskürək, xüsusilə, uşaqlarda uzun sürən ola bilər. Öskürək tez-tez səsin xırıltısı və tənəffüs çətinliyi ilə müşayiət olunur. İnfeksiya qripdən yüngül keçsə də, uşaqlar üçün təhlükəli ola bilər. Uşaqlarda paraqrip qırtlaqın şişməsinə səbəb ola bilər ki, bu da təcili tibbi yardım tələb edir. Bronxit və ya pnevmoniya kimi ağırlaşmalar mümkündür.
Öskürəyə səbəb olan yaz virus infeksiyaları nisbətən sağlamlığa ciddi təhlükə yarada bilər. Xəstəliyin əlamətlərini vaxtında tanımaq və fəsadların qarşısını almaq üçün tədbirlər görmək vacibdir. Əgər öskürək uzun müddət davam edirsə və ya ağır simptomlarla müşayiət olunursa, həkimə müraciət edilməlidir.
– Doktor, ötən həftə Türkiyənin Antalya şəhərində keçirilən ağciyər xəstəlikləri üzrə beynəlxalq konqresdə siz də iştirak etmisiniz. Hansı yeni tibbi-elmi yanaşmalar oldu?
– Türk Toraks Dərnəyinin təşkil etdiyi konqresdə 1200 nəfər iştirak edirdi. Avropa Respiratorlar Cəmiyyəti, Amerika Torokal Cəmiyyəti və s. beynəlxalq təşkilatların rəhbərlərinin də qatıldığı konqresdə hava çirklənməsi və tütünçəkmənin tənəffüs orqanlarına zərərli təsiri, bronxial astma, ağciyər vərəmi, interstisial ağciyər xəstəlikləri, ağciyərlərin xronik obstruktiv xəstəliyi və digər ağciyər patologiyalarının diaqnostika və müalicəsinə müasir yanaşmalara həsr olunmuş məruzələr dinlənildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.
Konqresin ağciyər vərəmi işçi qrupunun “Klinik təcrübədə vərəmin müalicəsi, müşahidəsi və yan təsirlər” toplantısında moderator və müzakirəçi kimi iştirak edərək, müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi apardıq. Məruzəçi qismində “Azərbaycanda vərəm: mövcud durum və hədəflər” mövzusunda məruzə edib iştirakçıların suallarını cavablandırdıq.
Söhbəti qələmə aldı:
Zərifə BƏŞİRQIZI
XQ