AŞPA suverenliyimizin tam bərpa edilməsi ilə barışa bilmir

post-img

Azərbaycanın şərtləri yerinə yetirilməsə Avropa Şurasından çıxmaq prosesinə start veriləcək 

2024-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etmədi. Yəni, nümayəndə heyətimizin bu qurumdakı fəaliyətinə, bir növ, birillik “embarqo” tətbiq olundu. Buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi və bəyanat verdi. 

AŞPA-nın qətnaməsində “Dağlıq Qa­rabağla bağlı, xüsusilə də Laçın dəhlizin­dən sərbəst və təhlükəsiz keçidin təmin olunması, Dağlıq Qarabağdakı humanitar vəziyyətə dair qətnamələrin yerinə yeti­rilməməsindən və yüz mindən çox erməni əhalinin bölgəni tərk etməsi ilə nəticələnən ötən ilin sentyabrında baş vermiş hər­bi əməliyyatlardan narahatlıq keçirdiyi” diqqətə çatdırılır. Qurumun Monitorinq komitəsinin həmməruzəçiləri Azərbay­canın AŞPA ilə əməkdaşlıqda yol verdiyi “boşluqları” da qətnamədə qeyd ediblər. Xatırladaq ki, bu qurum keçən ilin sentyabr və oktyabr aylarında “Dağlıq Qarabağda humanitar vəziyyətə dair” və “Azərbayca­nın Qarabağda apardığı hərbi əməliyyatları qətiyyətlə pisləməsi” barədə qətnamələr qəbul edib. Hətta Bakını sanksiyalarla hədələyib. AŞPA-nın reallığı təhrif edən, ədalətsiz, ermənipərəst mövqeyinin göstə­ricisi olan həmin qətnamələrinə Azərbay­can XİN arqumentli və tutarlı cavab verdi. Mövcud vəziyyətdən hansı hüquqi və siya­si çıxış yolları var? Bəs, Azərbaycanla Av­ropa institutları, xüsusən də AŞPA arasında növbəti dəfə ehtirasların artması nəyə gə­tirib çıxara bilər? Bu və digər suallarımızı Cənubi Qafqaz Araşdırmaları Mərkəzi­nin rəhbəri, politoloq Fərhad Məmmə­dov cavablandırır: 

– Əvvəlcə onu nəzərə çatdırım ki, Azərbaycanın xarici siyasətinin Avropa istiqaməti institusional olaraq “üç yarım” institutu əhatə edir. Birincisi Avropa Şu­rasıdır (AŞPA daxil olmaqla) ki, biz bu qurumun tamhüquqlu üzvüyük. Coğrafi baxımdan qitəni əhatə edən Avropa Şura­sı anaxronizmdir. Burada regionlaşma baş verdiyindən artıq Avropa İttifaqı ilə müna­sibətlər ön plana keçib. İkincisi ATƏT kimi yarım ölü strukturun tamhüquqlu üzvü sa­yılırıq. “Qoca qitə”nin üzvü olduğumuz üçüncü institutu Avropa İttifaqıdır. Aİ ilə Azərbaycan arasında 1997-ci ilin sənədi və iki il əvvəl enerji sahəsində strateji tərəf­daşlıq əlaqələrini tənzimləyən ayrıca saziş və bəyannamə var. Bu münasibətlər davam edir. Nəhayət, dördüncü struktur Avropa Siyasi Birliyidir. Sonuncu yaranmış bu qurum hələ tam institutlaşmayıb, hazırda ATƏT-i əvəz etmək üçün yeni fəaliyyət prinsiplərini formalaşdırmağa çalışır.

– Sizin fikrinizcə, Azərbaycan parla­menti ilə AŞPA arasında münasibətlərin böhran həddinə gəlib çatmasının əsas səbəbi nədir?

– 44 günlük Vətən müharibəsindən sonra yalnız Aİ iki ölkə arasında danışıq­lar prosesində vasitəçilik rolunu oynamaq imkanı əldə etdi, amma Aİ Şurasının prezi­denti Şarl Mişelin Qranada bəyanatını im­zalaması səbəbindən qurumun vasitəçilik missiyası uğursuz oldu. Bununla yanaşı, Aİ-nin əsas qurumu – Avropa Parlamenti də açıq-aşkar anti-Azərbaycan mövqeyi tutdu. AP-ın nümunəsini AŞPA da təkrarla­dı. Nəticələr hamıya məlumdur. Azərbay­canın tamhüquqlu üzvü olduğu AŞPA-da nümayəndə heyətimizin təmsilçiliyi don­duruldu. Bu, siyasi qərardır. Açıq demək lazımdır ki, almaniyalı deputat Frank Şva­benin Azərbaycana qarşı məqsədyönlü şəkildə təşkil etdiyi böhtan kampaniyası Milli Məclislə AŞPA arasındakı münasi­bətlərdə böhranın yaranmasına səbəb oldu. Azərbaycan nümayəndə heyəti iştirakı­nı bir il müddətinə dondurdu, AŞPA-nın məlum qətnaməsindən sonra Azərbaycan nümayəndə heyəti öz qərarı ilə səlahiyyət­lərini dayandırdı. Əsas səbəblərdən biri də budur. 

– AŞPA məlum qətnaməsində Azər­baycanın, guya, azad və ədalətli seçkilə­rin keçirilməsi, məhkəmə hakimiyyəti­nin müstəqilliyinin təmin olunması kimi öhdəliklərə etinasız yanaşdığı öz əksini tapıb…

– AŞPA-nın bu cür münasibətinə sə­bəb Ermənistan silahlı qüvvələrinin qa­lıqlarını torpaqlarımızdan çıxarmaq üçün Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı və bunun nəticəsində bütün əra­zilərində özünün suverenliyini bərpa etmə­sidir. AŞPA Azərbaycanın bunu bacarması faktı ilə hələ də barışa bilmir. Ona görə ki, Avropanın bu “titullu” qurumu Azərbay­canın maraqlarını heçə saymaqla özünün regionda daim arbitr rolunu oynayacağını nəzərdə tuturdu. Bir neçə ay ərzində AŞPA üzvü olan bir sıra ölkələrin milli nümayən­də heyətləri münasibətlərin normallaşdırıl­ması və Azərbaycan nümayəndə heyətinin qurumdakı fəaliyyətinə qayıtması məqsə­dilə AŞPA-ya müraciət etdilər. Amma bu müraciətlərə məhəl qoyulmadı. Buna cavab olaraq rəsmi Bakı öz növbəsində, AŞPA-nı növbədənkənar parlament seç­kilərini müşahidə etmək üçün çağırmadı. Çünki Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına səs verən avoparlamentarilərin ölkəyə girişinə qadağa qoyuldu. Bu da məntiqi addımdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə Azərbaycana qarşı sanksiya­lar tətbiq edən, bəyanatlar verən bir təşki­latın nümayəndələrini ölkəyə dəvət etmək və onlara seçkiləri izləmək imkanı vermək nəyə lazım idi?!

– Aydın məsələdir ki, qarşılıqlı mü­nasibətlərin arzuolunmaz həddə çatma­sında AŞPA-nın konkret üzvlərinin rolu var… 

– Bəli. Yuxarıda belə təxribatçılar­dan birinin – almaniyalı deputat Frank Şvabenin adını qeyd etdik. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada keçirilən 48-ci Beynəlxalq Çer­nobbio Forumundakı çıxışında dedi ki, Azərbaycan nümayəndə heyətinin bu qurumda səlahiyyətləri bərpa edildikdən sonra AŞPA üzvlərinin ölkəmizə səfə­rinə qoyulan qadağa aradan qaldırılacaq. Azərbaycanın bu konstruktiv mövqeyi AŞPA-da, xüsusən də ermənipərəst de­putat Şvabe və onun əlaltıları tərəfindən hiddətlə qarşılanıb. Böhranın daha bir eskalasiya həddi bu yaxınlarda Azərbay­canın İşgəncələrə Qarşı Komitə ilə, yəni təqsirləndirilən və həbs olunan erməni separatçıları mövzusunda əməkdaşlığa hazır olduğunu bəyan edəndə baş verdi.

– AŞPA-nın məlum qətnaməsinin ilkin mətnində “prosedur qaydalar ye­rinə yetirildikdən sonra” Azərbaycan nümayəndə heyətinin öz fəaliyyətini da­vam etdirə biləcəyi yazılıb…

– Elədir. Doğrudur, AŞ-dan çıxmaq onun tərkibindəki digər təsisatlarda da fəa­liyyəti dondurmaq deməkdir. Amma AŞ­PA-nın bu davranışı cavabsız qala bilməz. Azərbaycan ərazi bütövlüyü və ədalətin bərpası mövzusuna kənardan heç bir mü­daxiləyə imkan verməyəcək. Rəsmi Bakı cinayət əməllərinə görə həbs edilmiş 23 Ermənistan vətəndaşı mövzusuna da məhz belə yanaşır. Əgər ərazi bütövlüyünə, su­verenliyinə, ədalətin bərpasına görə Azər­baycan Avropa Şurasından çıxmalı olsa, bu, baş verəcək. Və heç kimin buna şü­bhəsi olmasın. Diplomatik mənbələrdən məlum olur ki, Azərbaycan hadisələrin bu cür neqativ inkişafına hazırlaşıb və növbə­ti anti-Azərbaycan addımları gözləmədən AŞ-dan çıxmaq qərarını verə bilər. 

Prezident İlham Əliyev AŞPA–Azər­baycan münasibətlərinin normallaşmasının hansı şərtlər daxilində baş verə biləcəyini qeyd edib. Bu şərtlər yerinə yetirilməsə, çıxış prosesinə start veriləcək… 

Beləliklə, AŞPA-nın ədalətsiz qət­naməsinin ömrünün bitməsinə üç ay yarım qalmış mövzuya qayıtmağı zəruri saydıq. Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olması faktını AŞPA-da təmsil olunan deputatların böyük əksəriyyəti qəbul edir. Aİ üzvü olan yeddi ölkə ilə enerji daşıyı­cıları sahəsində etibarlı tərəfdaşlıq münasi­bətlərinə malik Azərbaycan bu əməkdaşlı­ğı davam etdirməkdə maraqlıdır. 

Təqdim etdi:
İmran BƏDİRXANLI
XQ



Müsahibə