Qareginin qara günləri başladı

post-img

Katolikosun taxtdan salınması ehtimalı, nəhayət, gerçəkləşir

Erməni Apostol Kilsəsinin İkinci Qarabağ müharibəsindən, xüsusilə də 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonrakı davranışı bu qurumun əsl mahiyyətini bir daha ortaya qoydu. Həmin hadisələrədək başda bütün ermənilərin patriarxı, katolikos II Qaregin olmaqla dini libas altında gerçək simalarını gizlədən digər kilsə mənsubları siyasi proseslərə açıq müdaxilə etməyə, dini ayin və mərasimləri siyasi revanşizmin alətinə çevirməyə cəhd göstərdilər.

II Qaregin və onun ətrafındakı ruhanilər isə xalqın dini hisslərindən siyasi məqsədlər üçün istifadə etməyə, hökumətə qarşı etimadsızlıq yaratmağa çalışırlar. Müharibənin nəticələrini, regionda yaranmış yeni geosiyasi reallıqları qəbul etmək əvəzinə, kilsə yenə də Qarabağ klanına bağlı çevrələrin təsiri altında siyasi oyunlar oynayır. Kilsə hazırda siyasi intriqaların bir parçasına çevrilib. Bununla da xalqın mənəvi dayağı funksiyasını itirib.

Baş verənlərlə bağlı “Joxovurd” qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumat diqqəti cəlb edir. Qeyd olunur ki, II Qaregin həbs olunsa belə, katolikosluqdan imtina etməyəcəyini bəyan edib. Nəşrin yazdığına görə, II Qaregin bəyan edib ki, o, hətta həbsxanadan da kilsəyə rəhbərlik etməyə hazırdır və katolikosluqdan imtina etməyəcək. Yazıda o da bildirilib ki, katolikos hüquq-mühafizə orqanları tərəfindən mümkün həbsi də daxil olmaqla, istənilən təzyiqə qarşı dayanmağa hazır olduğunu vurğulayıb.

Qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyəti ilə kilsə arasındakı qarşıdurma bu il mayın sonlarında baş nazir Nikol Paşinyanın sosial şəbəkə hesabında yüksək vəzifəli ruhaniləri tənqid edən sərt açıqlamalarından sonra daha da kəskinləşib. Ardınca hökumət başçısı bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini təklif edərək, dövlətin bu prosesdə əsas rol oynamasını irəli sürüb. O, həmçinin katolikosu devirmək hərəkatına şəxsən rəhbərlik etmək niyyətində olduğunu açıqlayıb. Bundan sonra arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapaxyan, yepiskop Mkrtıç Proşyan və Muğni kəndindəki Surb Gevorq monastırının rahibi Qaregin Arsenyan müxtəlif ittihamlarla həbs ediliblər. Həmçinin keçmiş ierey Aram Asatryanın Erməni Apostol Kilsəsi daxilində müxalifət mitinqlərində iştirak etməyə məcbur edilməsi barədə ifadələri əsasında da cinayət işi açılıb.

Bu istiqamətdə “Hraparak” qəzetinin yazdıqları da maraq doğurur. Qəzet qeyd edir ki, oktyabrın 18-də media orqanlarında arxiyepiskop Natan Ovannisyanla bütün ermənilərin katolikosunun keçmiş işçisi ieromonax Ağan Yerncakyan arasında baş verən söhbətin səs yazısı dərc olundu. Söhbət zamanı Ovannisyan II Qareginin onu hakimiyyətə qarşı etirazlarda iştirak etməyə məcbur etməsindən şikayətlənir: “Bundan dərhal sonra “kütləvi aksiyada iştirak etməyə məcburetmə” maddəsi ilə cinayət işi qaldırıldı. Lakin məlum olur ki, səs yazısının həqiqiliyi yoxlanıla bilmir və onun internetdə necə yayıldığı bəlli deyil. Əldə etdiyimiz məlumata görə, hakimiyyət demək olar ki, bütün yüksək vəzifəli ruhanilərin telefon danışıqlarını dinləyir və hamısına qarşı kompromat materialları saxlayır. Arxiyepiskop Natanın söhbətinin niyə ictimailəşməsinə gəldikdə isə, məlum olur ki, bu da məqsədli şəkildə edilib. O, Eçmiədzin Ana Taxtının xarici əlaqələr və protokol departamentinin direktoru, məcazi mənada desək, kilsənin xarici işlər naziridir. Digər kilsələrlə əlaqə saxlayan məhz Ovannisyandır. O, istənilən vaxt, hətta Qareginin həbsi və sair hallarda dünyanın müxtəlif kilsələrinə müraciət edə bilər. Bu baxımdan onlar beynəlxalq qalmaqaldan yayınmaq üçün onu “neytrallaşdırmağa” çalışırlar”.

Situasiyanı şərh edən Din və Siyasət İnstitutunun direktoru Anton İqnatenko bildirib ki, Ermənistanın baş naziri və bütövlükdə respublika hakimiyyəti erməni kilsəsinin katolikosunu əvəz etmək səlahiyyətinə malik deyil, lakin Paşinyan alternativ mənəvi mərkəz yaratmağa ümid edir. O, öz fikrini bununla əsaslandırır ki, Paşinyan bir neçə gün öncə bəzi kilsələri Erməni Apostol Kilsəsindən müsadirə etməklə hədələmişdi. O, həmçinin bildirmişdi ki, mənəvi həyatın mövcud olduğu yer Ovanavank monastırıdır. Onun rahibi isə ierey titulundan məhrum edilmiş keşiş Aram Asatryan idi.

İqnatenkonun qeyd etdiyi kimi, dövlət və kilsə arasındakı münasibətlər Konstitusiya və “Vicdan azadlığı və dini qurumlar haqqında” qanunla tənzimlənir: “Bu, Rusiya qanunlarına bənzəyir; erməni kilsəsinin xüsusi rolu yalnız preambulada tanınır. Dövlət, xüsusən də baş nazir katolikosun dəyişdirilməsi təşəbbüsünü irəli sürə bilməz. Bunu anlayan Paşinyan əvvəldən katolikos II Qareginə qarşı kampaniyasını kilsənin sadiq övladı olan, ali primat və sonradan bir sıra digər iyerarxiyalar tərəfindən kilsə normalarının pozulmasından kədərlənən adi vətəndaş mövqeyindən başladı. İyul ayında Nikol Paşinyan II Qaregini vəzifəsindən uzaqlaşdırmaq planını açıqladı: kilsənin mərkəzindən – Eçmiədzindən katolikosu çıxarmaq, evli yerli keşiş təyin etmək, Milli Kilsə Şurasında müasir dildə kilsə xartiyasını qəbul etmək və nəhayət, yeni katolikos seçmək”.

Lakin ekspertin qeyd etdiyi kimi, Erməni Apostol Kilsəsi bu planın həyata keçirilməsinin qarşısını ala bilib, ona görə də Paşinyan Ovanavankda alternativ kilsə mərkəzi yaratmaq variantına keçib: “Ermənistan hökumətinin başçısı vəzifəsindən kənarlaşdırılan keçmiş keşiş Asatryana dəstəyini bildirib. Bundan əlavə, baş nazir gələn bazar günü Ovanavankda Asatryanın keçirəcəyi liturgiyada iştirak etmək niyyətində olduğunu açıqlayıb”.

Qeyd edək ki, Paşinyan həqiqətən də bazar günü – oktyabrın 26-da sosial şəbəkə hesabında Ovanavankda Asatryanın keçirəcəyi liturgiyada iştirak etmək niyyətində olduğunu bildirib. Nikolun bu açıqlaması ölkədə yeni situasiyanın formalaşmasına səbəb olub. Hökumət rəhbərinin bu addımı sıradan bir dini mərasimdə iştirak kimi görünmür. Əksinə, bu, son aylarda kilsə ilə dövlət arasında yaşanan gərginliyin məntiqi davamı, həm də siyasi və mənəvi nüfuzun yenidən bölüşdürülməsi cəhdi kimi dəyərləndirilir. Baş nazirin məqsədi açıq-açıq olmasa da, artıq sezilir: dövlətin nəzarətindən çıxmış, daxili siyasi proseslərə qarışan və “Qarabağ klanı”nın təsiri altında hərəkət edən kilsə rəhbərliyini tədricən kənarlaşdırmaq, onun yerinə yenilənmiş dini institut formalaşdırmaq.

Paşinyan hökuməti üçün indi əsas vəzifə kilsəni dağıtmaq deyil, onu yeniləməkdir. Yeni kilsə modeli daha çox milli dəyərlərə, dövlətçilik prinsipinə və ictimai barışa xidmət etməlidir. Hakimiyyət bu yolla həm dini institutun nüfuzunu qorumağa, həm də onun siyasi təxribat vasitəsinə çevrilməsinin qarşısını almağa çalışır. Ovanavank mərasimi də məhz bu niyyətin rəmzi kimi qəbul edilir. Paşinyanın orada görünməsi II Qareginin təsir dairəsinin sonunun yaxınlaşdığını göstərir.

Belə görünür ki, Ermənistan artıq təkcə siyasi deyil, dini idarəetmədə də yeni mərhələyə qədəm qoyur. Qaregin kənarlaşdırılması ehtimalı reallığa çevrilir, onun yerinə isə cəmiyyətlə daha yaxın, dövlətlə əməkdaşlığa açıq bir ruhani rəhbərin gətirilməsi planı formalaşır. Bu, həm kilsə daxilindəki klan maraqlarının zəifləməsi, həm də dini müstəvidə yeni ideoloji xəttin bərqərar olması deməkdir. Paşinyanın bu istiqamətdə atdığı addımlar təsadüfi deyil. Məqsəd həm mənəvi, həm də siyasi baxımdan ölkəni vahid idarəçilik sisteminə yönəltməkdir.

Əgər bu proses başa çatarsa, Ermənistan tarixində ilk dəfə kilsə və dövlət maraqları uzun fasilədən sonra bir nöqtədə birləşəcək. Köhnə təfəkkürün daşıyıcıları olan Qaregin və onun tərəfdarları tədricən arxa plana keçəcək, ölkənin dini siması isə modernləşmə və dövlətçilik zəminində yenidən formalaşacaq. Yeni kilsə ideyası artıq təkcə siyasi məqsəd deyil, həm də Ermənistanın gələcək ideoloji modelinin əsas sütunlarından birinə çevrilməkdədir.

Politoloq Zaur Məmmədov da bu fikirdədir ki, Ovanavankdakı mərasimdə baş nazirin iştirakı həm də siyasi jest kimi dəyərləndirilir. Onun sözlərinə görə, bu, kilsə daxilində yeni qüvvələrə dəstək mesajıdır: “Artıq bəzi ruhanilərin Paşinyan hakimiyyətinə yaxın çevrələrdə daha çox görünməsi, dövlətin də onlara mənəvi dəstək göstərməsi müşahidə olunur. Yeni nəsil kilsə xadimləri müharibədən sonrakı dövrdə millətin mənəvi bərpasını dini ekstremizm və revanşizmdən uzaq, daha rasional xətt üzərində qurmaq niyyətindədir. Bu da onu göstərir ki, II Qareginin rəhbərlik etdiyi kilsə modelinin dəyişdirilməsi məsələsi gündəlikdən çıxmayıb”.

Ekspert qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın mənəvi həyatında yaranmış boşluğu doldura bilməyən apostol kilsəsi indi daxildən parçalanma mərhələsindədir. Qaregin və çevrəsi uzun illərdir cəmiyyətdə birləşdirici deyil, bölücü rol oynayırlar: “Onun hər çıxışı siyasi mübahisəyə çevrilir, hər addımı revanşist dairələrin maraqları ilə səsləşir. Bu vəziyyət dövlətin ideoloji və mənəvi təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirilir”.

Səxavət HƏMİD
XQ



Siyasət