Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 24-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında sədr bildirib ki, bir sıra zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib. Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.
Sonra məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.
Zərərçəkmiş Vəliyev Fikrət Cavad oğlunun elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də gecə saatlarında Ermənistan hərbçiləri Xocalı şəhərində evləri yandırarkən o, evinə gedib. Orada heç kimin olmadığını görüb və Kətik meşəsi istiqamətində qaçıb. Qarqarçayın üzərindəki körpünün altında çoxlu sayda Xocalı şəhər sakinlərini, o cümlədən arvadı Vəliyeva Ürüzə Xanlar qızını, bacısı Sürəyya Vəliyeva və bacısı oğlu Əhmədov Anar İslam oğlunu görüb. O, ailə üzvləri və təxminən, 300 nəfər Xocalı sakini ilə birlikdə Kətik meşəsi istiqamətində hərəkət edib, Kətik kəndinə yaxınlaşarkən Ermənistan ordusu tərəfindən atəşə tutulmaları nəticəsində adlarını bilmədiyi bir neçə Xocalı sakini öldürülüb və yaralanıb. Bütün gecəni meşədə qaldıqları üçün Xocalı şəhər sakinlərinin əksəriyyətinin ayaqlarını don vurub, adlarını bilmədiyi bəzi şəxslər donvurmadan ölüblər. Həmin gecə bacısı və digər qohumları naməlum şəraitdə itkin düşüblər, onların yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur.
Dumanlı hava şəraiti ilə əlaqədar Ağdam rayonu istiqamətində gedən yolu tapa bilməyib, fevralın 27-də 230 nəfər Xocalı şəhər sakini ilə Dəhrəz kəndinin yaxınlığından keçərkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar. Bağırova Zəhra Sarı qızı, Telman, Mehti və adlarını xatırlamadığı 4 nəfər burada ölüb, 3 nəfər isə yaralanıb. O və digərləri girov götürülərək həmin kənddə yerləşən tövlədə saxlanılıb və burada işgəncələrə məruz qalıblar. Həmin vaxt Ermənistan hərbçisinin girovların arasından olan uşağa təpiklə vurması nəticəsində onun başı zərblə divara dəyib. Uşağı qorumaq üçün onu yerdən götürüb qucağına alsa da, həmin hərbçi Azərbaycan dilində “sizin hamınızı öldürəcəyik” deyib. Üzərilərində olan pul vəsaitləri, qızıl-zinət əşyaları qarət edilib, soyuq fermada ac-susuz saxlanılıblar. Bundan əlavə, Ermənistan hərbçiləri girovların arasından gəncləri - Usubəli Qarayevi, Zakir, Əliyar və Elşad Usubovları, Rövşən Həsənovu, Vüqar Hüseynovu, Ülfət Əliyevi, Tofiq Zeynalovu, Elşad Həsən oğlunu, Ələddin Paşayevi, Siyavuş Halay oğlunu, Rövşən Qaçay oğlu və Şahin adlı Xocalı sakinlərini seçib çölə çıxarıblar. Sonra atəş səsləri, ardınca isə avtomobil səsi eşidilib, hazırkı vaxtadək həmin şəxslər itkin düşmüş sayılır.
Elan olunan ifadələrə əsasən, zərərçəkmiş şəxslər Hümbətəliyev Rüfət Bəxtiyar oğlu, Cavadov Natiq Şahin oğlu, Baxşəliyev Nizami Fizuli oğlu və Nəbiyev Nadir İqor oğlu ifadələrində 2022-ci il sentyabrın 13-də Kəlbəcər rayonunun ərazisində düşmənin təxribatından bəhs ediblər. Qeyd edilib ki, həmin vaxt R.Hümbətəliyev,
N.Cavadov və N.Baxşəliyev düşmənin açdığı atəşlər nəticəsində, N.Nəbiyev isə düşmənin basdırdığı minanın partlaması nəticəsində yaralanıblar. Elnur Rüstəmov, Qədim Xəlilov və Ümid İmamquliyev isə həlak olublar.
Zərərçəkmiş Mustafayev Siyasət Akif oğlunun hüquqi varisi qismində tanınaraq dindirilmiş Mustafayev Akif Məmməd oğlu ifadəsində bildirib ki, övladı 2020-ci il sentyabrın 27-də Ağdərə rayonunun Talış kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində həlak olub.
Digər zərərçəkmiş Həbibov Rahim Şirməmməd oğlu ifadəsində göstərib ki, o, “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”nun şöbə rəisi vəzifəsində işləyib və işi ilə əlaqədar “Şuşa-Xankəndi” 110 kV-luq yüksəkgərginlikli elektrik hava xəttinin çəkilməsinin planlaşdırılması məqsədilə 2023-cü il dekabrın 7-də əraziyə baxış keçirərkən mina partlayışı baş verib və xəsarət alıb.
Abbasov Alman Ənvər oğlu ifadəsində qeyd edib ki, o, Füzuli rayonunun Qarabağ kəndində yaşayır. 2020-ci il oktyabrın 9-da Ermənistan silahlı qüvvələri tərəfindən atılan artilleriya mərmilərindən biri onun yaşadığı evin yaxınlığına düşüb. Nəticədə evi və istifadəsində olan avtomobili yararsız vəziyyətə düşüb, özü, habelə Rəfiyev Elçin Məmməd oğlu, Şirinov Elşən Şahmar oğlu, Aslanov Yaşar Savalan oğlu və Əhmədov Tahir Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Həsənzadə Cəsarət Gülağa oğlu ifadəsində göstərib ki, 2023-cü il sentyabrın 19-da Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış tankəleyhinə idarəolunan raket mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və yanında olan Akif Koroğluyev, Hüseyn Babayev və Amin Ələsgərov xəsarətlər alıblar, Füzuli Məmmədov isə həlak olub.
Balakişiyev Ehtibar Təvəggül oğlu qeyd edib ki, 2020-ci il oktyabrın 3-də Beyləqan şəhərinə 3 raket atılıb. Həmin raketlərdən birinin yol kənarına düşməsi nəticəsində xəsarət alıb.
Zərərçəkmiş İbrahimov Nadir Əli oğlu ifadəsində göstərib ki, 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri, Əziz Əliyev küçəsinə atılan raket zərbəsinin təsirindən evi dağılıb. Həmin vaxt onunla birlikdə 1 yaşlı nəvəsi Emil İbrahimov və arvadı Süheyla İbrahimova ətrafda olan şəxslərin köməyi ilə dağıntılar altından çıxarılıblar. Hadisə nəticəsində hər üçü xəsarət alıb.
Digər zərərçəkmiş Həsənova Lalə Akif qızı ifadəsində bildirib ki, 2020-ci il oktyabrın 4-də yaşadığı Gəncə şəhəri, Nəriman Nərimanov prospektindəki evə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket zərbələrinin təsirindən özü və qızı Nigar xəsarətlər alıblar, oğlu İlyasın sol qolu və barmaqları sınıb. Zərbənin təsirindən evləri dağılaraq yararsız hala düşüb.
Zərərçəkmiş Teymurov Fərid Füzuli oğlunun hüquqi varisi Teymurov Füzuli Əjdər oğlu ifadəsində bildirib ki, oğlu Fərid 2020-ci il oktyabrın 7-də Suqovuşan kəndi ərazisində itkin düşüb, onun nəşi yalnız 2021-ci il yanvarın 2-də tapılıb.
Zərərçəkmiş Kərimov Elmir Rəhim oğlunun hüquqi varisi Kərimov Rəhim Həkim oğlu ifadəsində bildirib ki, oğlu 2020-ci il oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində həlak olub.
Zərərçəkmiş Quliyev Elçin Rövşən oğlunun hüquqi varisi Quliyev Rövşən Balay oğlu oğlunun 2020-ci il sentyabrın 29-da, zərərçəkmiş Cəfərov Oruc Vaqif oğlunun hüquqi varisi Cəfərov Vaqif Mahmud oğlu övladının 2020-ci il oktyabrın 1-də, zərərçəkmiş Nağıyev Baloğlan Müdəhət oğlunun hüquqi varisi Nağıyev Müdəhət Baloğlan oğlu övladının 2020-ci il oktyabrın 5-də, zərərçəkmiş Cəfərov Təbriz İlqar oğlunun hüquqi varisi Cəfərov İlqar Qərib oğlu ifadəsində övladının 2020-ci il oktyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Suqovuşan kəndi istiqamətində açdığı atəşlər nəticəsində həlak olduqlarını bildiriblər.
Məhkəmə iclası digər ifadələrin oxunması ilə davam etdirilib.
Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.
XQ


