Oktyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclas ənənəvi olaraq sədr Sahibə Qafarovanın hesabat xarakterli çıxışı ilə başladı. Milli Məclisin sədri son plenar iclasdan ötən vaxtdan bu yana gördüyü işlərdən bəhs etdi. Oktyabrın 21-də Ermənistan parlamentinin sədri Alen Simonyanla görüş keçirdiyini deyən Sahibə Qafarova bildirdi ki, görüşdə Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin böyük əhəmiyyəti vurğulandı.
Gündəliyə daxil olan məsələlərin müzakirəsindən əvvəl bir sıra deputatlar çıxış etdilər. Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın 2020-ci ildən bəri sülhün bərqərar olunması istiqamətində atdığı addımları və bu prosesdə üzləşdiyi çətinlikləri təhlil etdi. Deputat qeyd etdi ki, Azərbaycan hazırda sülh prosesinin real mərhələsinə daxil olub: “İki əsrlik münaqişənin, xüsusilə də onun 90 il davam edən aktiv mərhələsinin ardından, 2020-ci ildən sonra yaranan yeni şərait sülhün bərqərar olması üçün real imkanlar açıb. Belə dərin və köklü qarşıdurmadan dərhal sonra tam sülhün təmin olunması təbii ki, mümkün deyildi. Buna görə də 2020-ci il 10 noyabr tarixindən etibarən Prezident İlham Əliyevin irəli sürdüyü sülh konsepsiyası ardıcıl və mərhələli şəkildə reallaşdırılmağa başlanıb”.
Deputat Müşfiq Cəfərov isə çıxışını son günlərdə aktual bir məsələyə yönəltdi. Parlamentari bildirdi ki, son günlər kəndlərdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı ciddi narahatlıq müşahidə olunur. Onun sözlərinə görə, sosial şəbəkələrdə də fermerlərin və heyvandarlıqla məşğul olan vətəndaşların bu məsələ ilə bağlı paylaşmaları, çağırışları artır: “Bu səbəbdən, dabaq xəstəliyinə qarşı profilaktika dövlət səviyyəsində prioritet məsələ kimi dəyərləndirilməlidir. Ən vacib addım mütəmadi vaksinasiya və peyvəndləmə işlərinin fasiləsiz aparılmasıdır. Riskli ərazilərdə bütün sağlam heyvanlar dövri şəkildə peyvəndlənməli, vaksin təminatı vaxtında və tam həcmdə həyata keçirilməlidir”.
Əgər bu gün sülh bərqərar olarsa, yaxın 15 ildə region 16 milyon əhalisi olan vahid iqtisadi məkan kimi inkişaf edəcək, minlərlə yeni iş yeri yaranacaq və resurslar silahlanmaya deyil, rifaha yönələcək. Qarabağın azadlığı sülhün əsasını qoyub. İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır”.
* * *
Daha sonra gündəlikdə yer alan məsələlərin müzakirəsinə keçildi. İlk olaraq, məhkəmələr haqqında ilk 5 məsələ barəsində çıxışlar edildi. Bakı, Gəncə və Sumqayıt Apellyasiya məhkəmələrinə hakimlər təyin edildi. Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızının Bakı Apellyasiya Məhkəməsinə, Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun Gəncə Apelyasiya Məhkəməsinə, Ramin Xəlilov Adilxan oğlunun isə Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olundu. Milli Məclis həmçinin Naxçıvan Ali Məhkəməsinin hakimi Fərman Abbasovun vəzifəsindən azad edilməsini təsdiqlədi. “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələnin müzakirəsindən sonra Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edildi. Məsələlər səsverməyə çıxarılaraq hər biri ilk oxunuşda qəbul edildi.
Layihələrin müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov hakimlərin sayının artırılmasını təklif etdi: “Statistikanın bizə verdiyi məlumata görə, ildə 13 min adam boşanır. Demək olar ki, bir hakim bir gündə 7 boşanmaya baxır. Ona görə də hesab edirəm ki, hakimlərin sayı artırılmalıdır. Məhkəmə Hüquq-Şurası bəlkə də imtahanları yüngülləşdirməlidir ki, hakimlərin sayı çoxalsın ki, qərarların qəbul olunmasında vətəndaşlarımız əziyyət çəkməsin və düzgün olaraq qərarlar qəbul olunsun”.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişikliklər parlamentin plenar iclasında müzakirəyə çıxarıldı. Dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunması barədə qərar verildi. Sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə aparılan müzakirələrdən sonra əldə olunan nəticəyə əsasən, heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən istifadəyə görə ödəniş edəcəklər. Hazırda minimum aylıq əməkhaqqının 400 manat olmasını nəzərə aldıqda sözügedən məbləğ illik 192 manat təşkil edəcək. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.
Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edildi. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılmış sənaye parklarında fəaliyyət göstərən rezidentlərin həmin parklardakı fəaliyyətdən əldə etdikləri mənfəət 2025-ci il yanvarın 1-dən etibarən 6 il müddətinə mənfəət vergisindən azad olunacaq.
Həmçinin, sənaye parklarında eyni fəaliyyətlə məşğul olan rezidentlər həmin fəaliyyət çərçivəsində istifadə etdikləri əmlaka görə də 2025-ci il yanvarın 1-dən başlayaraq 6 il müddətinə əmlak vergisini ödəməkdən azad ediləcəklər. Eyni güzəşt torpaq vergisinə də şamil olunur — sənaye parklarında fəaliyyət göstərən rezidentlər 2025-ci il yanvarın 1-dən etibarən 6 il ərzində sənaye parkı ərazisində istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azad ediləcəklər.
Həmçinin gündəlikdə olan “Dövlət xidmətləri haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “İpoteka haqqında”, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında”, “Ümumi təhsil haqqında” və digər qanun layihələri müzakirəyə çıxarılacaq qəbul edildi. “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Milli Məclis müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakın ödənişli olması haqda təklifi ilk oxunuşda qəbul etdi. Lakin ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Tacir SADIQOV
XQ


