II MƏQALƏ
Yaradıcı liderlik təcrübəsi
Hər bir yaradıcı liderlik təcrübəsinin daxili məntiqi vardır. Bu mövzuda I məqalənin sonlarında həmin kontekstlə yanaşı, başqa təcrübələrə də münasibətin vacibliyi vurğulanmışdı. Konkret nümunə kimi Prezident İlham Əliyevin aşağıdakı fikirləri göstərilmişdi: “Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.
Bu sitat təsadüfi seçilməmişdir. Orada ifadə edilən fikirlərdən iki istiqamətdə nəticələr çıxarılmasını aktual hesab edirik. Birinci istiqamətdə həmin fikirlərdəki tezislərdə İlham Əliyevin sürətlə dəyişən situasiyalara lider kimi yaradıcı yanaşmasının daxili məntiqi bağlılığı əks olunmuşdur. İkinci istiqamət Azərbaycanın siyasi və geosiyasi “cəzbetmə mərkəzi” olaraq hansı məqama transformasiya etdiyinin məntiqinə aiddir. Burada daxili məntiqi özəllik kontekstində “liderin şəxsiyyəti”, “siyasi kurs ənənəsinə münasibət” və “praktiki nəticənin qiymətləndirilməsi” kimi parametrlərin qarşılıqlı münasibətləri prizmasında təhlil aparmaq lazım gəlir.
Konkret olaraq, yuxarıdakı sitatın daxili məntiqi təhlilinə nəzər salaq. Liderin fəaliyyəti kontekstində burada iki pillədə məntiqi dinamika mövcuddur. Onlardan biri cümlə fəlsəfəsinin məntiqi tərtibi ilə bağlıdır. Prezident İlham Əliyevin ifadəsində həmin məqam aşağıdakı cümlələrin bir-birini məntiqi tamamlamasında yer almışdır: “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu”.
Bu mətni tezislərin semantikası prizmasında strukturca düzsək, aşağıdakı maraqlı dinamik keçidlər şəbəkəsi alınır: “müharibəni udduq - işğala son qoyduq”+ “sülhü qazandıq - bərpa işlərinə başladıq”+ “suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu”+ “bu, müsbət təcrübədir”. Belə bir təsnifin faydası ondan ibarətdir ki. onların sintezində ümumi məntiqi yekun mənzərəni almaq imkanı meydana gəlir.
Vurğulanan nümunə üçün həmin mənzərə belədir: “Ədalət zəfər çaldı”! Burada incə şəkildə Azərbaycan liderlik ənənəsində bir məqam təsbit edilmişdir: yaradıcı liderliyin son məqsədi siyasi dividenddən çox ədalətin üstün olmasını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev detalları dəqiq tezislər formasında vurğulayaraq əldə etdiyi əsas nailiyyəti belə ifadə edir - ədalət qalib gəldi, biz onu təmin etdik, kimsədən qisas almaq niyyətimiz və ya hansısa siyasi dividend götürmək məqsədimiz yoxdu!
Bu mövqenin fəlsəfi anlamı Prezident İlham Əliyevin kreativ liderliyinin mahiyyətcə fəzilətli olması ilə bağlıdır! Müasir fəlsəfədə hətta elmi idrakda fəzilətliliyin fundamental rol oynadığı tezisi ciddi müzakirə olunur. Tədqiqatçılar XXI yüzildə elmi biliyin fəzilətli olmasını əsas şərt kimi qoyurlar və bu kontekstdə biliyin həqiqiliyi məsələsinə baxırlar. Deməli, müasir elmi idrak üçün həqiqət anlayışı, ümumiyyətlə, fəzilətliliklə sıx bağlıdır. Təbii ki, bu anlamın konkret siyasi kreativliyə proyeksiya edilməsi çox önəmli və praktiki mahiyyəti olan məsələdir. Buna görə də İlham Əliyevin siyasi kreativliyinin konkret hansı fəzilət faktorları ilə xarakterizə olunması məsələsi əhəmiyyətlidir. Çünki yuxarıda vurğulanan xüsusiyyətlər prizmasında fəzilətlilik dövlət quruculuğunun “həqiqət anı”dır!
İlham Əliyev liderliyinin fəzilətliliyini ədalətlilik, hüquq, mənəvi ləyaqətlilik və humanitarlıq təşkil edir. Bu faktorlar isə milli maraqların təmini üzərində bərqərar olmuşlar. Bu tezisin təsdiqi “ədalətin zəfər çaldığı bir prosesin yekun mənzərəsi nədən ibarətdir?” sualına Prezident İlham Əliyevin lakonik cavabıdır. O, sitatda belə ifadə olunmuşdur: “Azərbaycan yeni bir dövrə qədəm qoyub”.
Bunların fonunda siyasi kreativlik üçün böyük əhəmiyyət kəsb edən digər məsələlərə nəzər sala bilərik.
Geosiyasi “cəzbetmə mərkəzi”
Yuxarıda aparılan təhlildən ikinci istiqamətin maraqlı obrazı alınır. Azərbaycan xüsusi “cəzbetmə mərkəzi” olmaq statusuna transformasiya etmişdir. Bu transformasiyanın sərhədlərini ədalətlilik, hüquq və ləyaqət təşkil edir. Onların birgə təzahür formalarından biri də dövlət səviyyəsində humanitarlıqdır.
Bu nailiyyətin memarı Prezident İlham Əliyevdir. Avrasiya məkanında Azərbaycanın təkbaşına ərazi bütövlüyünü bərpa və tam suverenliyi təmin etməsi əsasında dövlət olaraq regional geosiyasi cəzbetmə mərkəzi statusuna yüksəltməsi İlham Əliyevin kreativ liderliyinin anatomiyasıdır. Burada siyasi-diplomatik aspektdə fəaliyyətin konseptuallığı ilə praktiki addımların mükəmməl sintezi mövcuddur. Başqa cür bu nailiyyəti əldə etmək mümkünsüzdür. Bu baxımdan Azərbaycan Prezidenti elə bir siyasi kreativ təcrübəyə malikdir ki, ranqından asılı olmayaraq istənilən dövlət ondan yararlana bilər. Bu məqam da Prezident İlham Əliyevin kreativ liderliyinin faydalılıq miqyasını ifadə edir!
İndi aldığımız bu nəticələrin prizmasında yuxarıda vurğuladığımız üç mühüm məntiqi məqam üzərində dayanaq. Onlardan biri kreativ liderlikdə özgüvəndir, digəri siyasi varislik və liderlikdə kreativlikdir, üçüncüsü isə kreativliklə innovativlik arasında əlaqədir. Bu parametrlər liderin şəxsi keyfiyyəti, siyasi mühitin təkamül dinamikası və hər iki faktorun konkret texnoloji mühitdə sinxronluğunun təmsilçiləridirlər.
Kreativ lider varisliyində İlham Əliyev təcrübəsi
Prezident İlham Əliyevin yaradıcı liderliklə siyasi varisliyi uyğunlaşdırması təcrübəsi orijinal və səmərəlidir. Azərbaycan lideri iki miqyasda praktiki müsbət nəticəverici təcrübəni ortaya qoymuşdur. Birinci, milli miqyasda siyasi yaradıcılıq-siyasi varislik vəhdətinə nail olmuşdur. İkinci, milli səviyyədə əldə etdiyi təcrübəni uğurla Türk dünyası (TDT timsalında) miqyasına proyeksiya etmişdir.
Burada maraqlı məqam ondan ibarətdir ki, TDT səviyyəsində siyasi varisliyin Azərbaycan təcrübəsi bütövlükdə Türk dünyası üçün faydalı olan formada transformasiya edilmişdir. İlham Əliyevin siyasi təcrübəsinin bu aspekti liderliyin kreativliyi kontekstində ciddi politoloji əhəmiyyət kəsb edir. Şübhəsiz ki, onun geniş tədqiqinə böyük ehtiyac yaranmışdır. Başqa səbəblərlə yanaşı, həm də ona görə ki, dünya miqyasında milli səviyyədə siyasi varisliklə liderliyin yaradıcılığını uğurlu sintez edə bilmək fəlsəfəsini İlham Əliyev bir neçə dövlətin mövcud olduğu təşkilat miqyasına qədər genişləndirmişdir.
Proses və siyasi fəaliyyət olaraq İlham Əliyev bütövlükdə istənilən regional təşkilatın uğurlu ola bilməsi formullarından birini irəli sürmüşdür. Əlavə olaraq, Azərbaycan Prezidenti xüsusi tarixi sınaq keçmiş türk xalqlarının dövlətləri arasında münasibətlərin perspektivli formulunu yaratmışdır. Yeni tarixi mərhələdə və XXI əsri yeni geosiyasi çağırışları fonunda bu, strateji mahiyyət kəsb edir.
İlham Əliyev konkret hansı təcrübəni yaratmışdır? Milli miqyasda aparıcı qurucu və birləşdirici funksiyası yerinə yetirən “bir millət, iki dövlət” kəlamını məhz siyasi varislik prinsipi üzərində ölkədaxili miqyasda dövlət quruculuğunda bərqərar etmişdir. Bundan sonra aktiv fəaliyyəti və konkret təşəbbüsləri ilə azərbaycançılıq ruhunun ümumtürk miqyasına proyeksiyasını hər bir türk dövlətinin özünəxas milli maraqları kontekstində transformasiyasına nail olmuşdur. Onun əsas əlamətləri TDT üzvləri arasında qarşılıqlı etibar və etimadın yaranması, ayrıca türk dövlətlərinin müstəqil olmağa can atmasının yeni səviyyəyə yüksəlməsi və bunların fonunda ortaq türk dövlət, mədəniyyət və siyasi kimlik identikliyini formalaşdırmaq prosesinin yeni keyfiyyət göstəriciləri almasındadır.
Burada problemin nəzəri və metodoloji tərəfinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq üçün ümumfəlsəfi kontekstdə bir haşiyə çıxaq.
Ümumilikdə siyasi varisliyin kreativ liderliyin şərtlərindən biri olması müasir dövr üçün çox əhəmiyyətli məqamdır. Əgər hər hansı dövlətdə siyasi varislik proses kimi qırılsa, onda liderliyin kreativliyinin substantivliyi ilə məqsədi arasında ciddi ziddiyyət yaranır. Deməli, liderin siyasi varisliyi dövlətçiliyin inkişaf şərtlərindən biri kimi daim diqqətdə saxlamasının özü də yaradıcı yanaşmanın əlamətləri sırasına daxildir.
Görünür, bu kimi məqamlara görə, müasir politologiyada “siyasi liderliyin səmərəliliyi” anlayışı xüsusi yer tutur. Həmin anlayış siyasi liderliyin səmərəliliyinə və nəticələrinə təsir edən bütün faktor və şərtləri özündə ehtiva edir. Bununla liderlik o zaman kreativ xarakterli sayılır ki, konkret nəticələrinə görə səmərəli olsun.
Belə alınır ki, səmərəli siyasi liderlik reallıqda birbaşa siyasi varisliklə vəhdətdə olmalıdır. Bu anlamda “səmərəlilik” dövlət quruculuğu ənənəsi ilə müasirliyin optimal nisbətinin yekun ifadəsi kimi başa düşülür. Yəni səmərəlilik, əslində, dövləti inkişaf kontekstində müsbət nəticəverici hadisə kimi uğurlu olmağın yığcam ideya obrazıdır.
Bu anlamda siyasi varisliyin hakimiyyət varisliyinin növlərindən biri kimi özəlliklərinin müəyyən edilməsinin aktuallığı şübhə doğurmur. Konkret olaraq, onun əsas əlaməti siyasi kursun varisliyidir. Yəni siyasi varislik başlıca olaraq siyasi kursun növbəti lider tərəfindən qəbul edilməsi və inkişaf etdirilməsi ilə əlaqəlidir. Bu istiqamətdə o, hakimiyyətin bir adama ötürülməsi və idarəedən elitanın təsdiq olunmuş statusda saxlanması kimi varisliyin digər növlərindən fərqlənir.
Bununla yanaşı, siyasi kursun varisliyində məqsəd özəlliyi fəlsəfi baxımdan diqqəti çəkir. Həm də ona görə ki, varisliyin hansı anlamda qəbul edilməsi bütövlükdə dövlətçiliyə ciddi təsir edə bilir. O cümlədən dövlətin idarəedilməsinin transformasiyaları fərqli ssenarilər üzrə reallaşır. Belə alınır ki, bir sonrakı mərhələyə keçid etmiş istənilən dövlət və cəmiyyət siyasi varisliyin növündən asılı olaraq konkret idarəetmə üsuluna, daxili və xarici fəaliyyət xüsusiyyətlərinə malik olur.
Bu qısa xarakteristikadan bir vacib fəlsəfi qənaət əldə etmək olar. Siyasi varisliyin bir tərəfi onun hansı anlamda qəbul edildiyi ilə sıx bağlıdırsa, digər tərəfi varisin lider kimi dövlətçiliyin inkişafına kreativ yanaşması ilə bağlıdır. Əgər siyasi varisliyin mahiyyəti ilə liderin kreativliyi uyğun olursa, dövlət quruculuğunda uğura nail olmaq şansı yaranır. Əks halda, ölkə yeni ziddiyyətlər burulğanına düşə bilər.
Əlbəttə, bu cür harmoniyanın yaranması mahiyyətcə mürəkkəb prosesdir. Çünki liderin son dərəcə həssaslıqla dövlət quruculuğuna yaradıcı yanaşması və onu siyasi varislik çərçivəsində reallaşdırması lazım gəlir. Həmin kontekstdə fəlsəfi təfəkkür üçün liderliyin başqa parametrləri də aktuallıq kəsb edir.
Nəticədə kifayət qədər mürəkkəb mənzərə yaranır. Siyasi yaradıcılığın konkret dövlətlər üzrə politoloji təhlili sistem yanaşma tələb edir. Eyni zamanda, hər bir ölkənin sosial-mədəni, dövlət quruculuğu ənənəsi və qarşıya qoyduğu strateji məqsədləri prizmasında dəqiq qiymətləndirmə tələb edən proses təsiri bağışlayır. Bunun üçün yuxarıda vurğulanan faktorlarla yanaşı, Azərbaycan Prezidentinin fəaliyyətinin siyasi yaradıcılıq aspektdə mühüm parametrlərindən olan digər iki anlayış üzərində dayanmaq zəruridir.
Onlardan biri innovasiyalılıq, digəri isə liderin özgüvənidir. Hər iki anlayışın klassik anlam kontekstindən çıxarılaraq müasir dövrün çağırışları mühitində dərk edilməsi lazımdır. Ayrıca, Azərbaycanın müasir müstəqillik dönəminin fərqli xüsusiyyətləri nəzərə alınmalıdır. Prezident İlham Əliyev bu kontekstdə də böyük uğur əldə etmişdir. Bu prosesin əsas təkanverici gücü İlham Əliyevin siyasi kreativliyi yüksək olan strateji zəkaya sahib olması ilə bağlıdır! Məsələnin bu cəhəti üzərində geniş dayanaq.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

