“Bolşevik” Rubendən “daşnak” Qeqama tərs şillə

post-img

Nəhayət, Ermənistanda kimin kim olduğu, hansı məzhəbə qulluq etdiyi məsələsi gün işığına çıxmaqdadır. Ən azı, siyasi camedə fəallıq edənlərin, parlamentdə təmsil olunanların öz adları ilə çağırılması bizə bunu deməyə asas verir.

Ermənistan Milli Assambleyasında müxalif “Ermənistan” blokunun üzvü, deputat Qeqam Manukyanın hakimiyyət təmsilçilərini “bolşeviklərin xələfləri” adlandırması ictimai-siyasi gündəmi məşğul edən mövzulardan biridir. Guya Paşinyan komandasının hakimiyyətə gəlməsində bolşeviklərin “danılmaz rolu” olub. Bütün cəbhələrdə məğlubiyyətə düçar olmuş, erməni ictimaiyyətinin gözündən düşmüş müxalifət nümayəndəsinin cavabı ən yüksək səviyyədə, həm də lazımi kəskinliklə verilmişdir.

Oktyabrın 23-də Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasına üzvlərin seçilməsi ilə bağlı məsələnin müzakirələri zamanı hakim “Mülki Müqavilə” partiyasından parlamentin vitse-spikeri, baş nazirin Ermənistanın – Türkiyə danışıqları üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan daşnak Manukyanı ağzını açmağa peşman edib.

Ermənistan Milli Assambleyası sədrinin müavininin yerinə düşən məntiqi cavabına diqqət yetirin: “Müxalifətdə olan “Ermənistan” blokunun deputatı Qeqam Manukyan bizi, guya “Daşnaksütyun” partiyasına qarşı vuruşan bolşeviklərin nəslindən olmaqda ittiham edir. Bu sizin ciddi sözünüzdür? Onda sualıma cavab verin: Kommunist Partiyasının “görkəmli nümayəndəsi” Vardançik (Gümrünün həbs edilmiş meri Vardan Qukasyan nəzərdə tutulur -red.) kimin dəstəyi ilə Gümrü şəhərinin meri oldu? Bəlkə bizim dəstəyimizlə? Bütün bu biabırçılıqdan sonra hələ də bizi hər cür qanun pozuntularında ittiham etməyə özünüzdə cəsarət də tapırsınız. Tarixdə bolşevik-daşnak ittifaqından böyük bəla və təhrif yoxdur. Gün kimi aydındır ki, məhz bu cür ittifaqa keçid nəticəsində Vardançik kimi bir fırıldaqçı doğulmalı idi”.

Bəli, bu, hay cəmiyyətinin “miatsum” adlı letargik yuxudan ayılmasının əlamətidir. Real Ermənistan qurmağa meyilli, tarixə və bu günə praqmatik yanaşma sərgiləməyə çalışan Paşinyan iqtidarı kimi, erməni cəmiyyəti də onu separatçılığa, revanşizmə sürükləyən daşnak tör-töküntüsünün maskasını yırtmağa qərarlı görünür. Məgər bir əsrdən çoxdur dünyanın təsəvvüründə öz qövmünün “məzlum və əzabkeş” kimi saxta obrazını formalaşdırmağa çalışan, utopik “böyük Ermənistan” tiryəki ilə neçə nəsillərin beynini zəhərləyən, torpaq iddiaları ilə xalqını qırğınlara verən, son 30 ildə azərbaycanlılara və öz xalqına olmazın məşəqqətləri yaşadan “Daşnaksütyun” partiyasının ideoloqları olmayıbmı? İndi onlar bizim deyil, özlərinin arasından yetişmiş, amma ədalətin və həqiqətin gözünə dik baxmaqdan çəkinməyən Rubenin tərs şillə kimi naqolay suallarına cavab vesinlər görüm, necə verirlər...

P.S. Ermənistan İstintaq Komitəsinin araşdırmasına görə, Gümrü şəhərinin meri Vardan Qukasyan və meriyanın baş memarı Qaregin Njde küçəsində yerləşən təxminən 1500 kvadratmetrlik qanunsuz tikilinin sökülməməsi barədə razılığa gələrək, sahibindən 4 milyon dram rüşvət almaqda təqsirli biliniblər.

İ.HƏSƏNQALA
XQ

Siyasət