2 yaşı tamam olan “Qaradağ” GES-də 1 milyard 9 milyon kilovat-saat enerji hasil edilib
Azərbaycanın zəngin bərpaolunan enerji potensialının beynəlxalq miqyasda təqdimatı sayılan “Qaradağ” Günəş Elektrik Stansiyanın (GES) istismara verilməsindən 2 il ötür. 230 meqavat gücündə olan bu nəhəng “yaşıl enerji” məkanı bir neçə gün əvvəl öz hesabına ilk milyardıncı kilovat-saat elektrik enerjisini daxil edib.
Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, 2023-cü il oktyabrın 26-da istismara verilmiş “Qaradağ” GES Azərbaycanın bərpaolunan enerji sahəsində ilk irimiqyaslı beynəlxalq investisiya layihəsi kimi ölkəmizin dünyanın prioritet elan etdiyi “yaşıl enerji” keçidinə mühüm töhfəsidir. Ötən müddətdə burada istehsal olunmuş 1 milyard kilovat-saat elektrik enerjisi ölkə üzrə 220 milyon kubmetr təbii qaza qənaət imkanı yaradaraq atmosferə 400 min ton karbon qazı atılmasının qarşısını alıb.
Elə həmin mərasimdə stansiyanın uğurlu fəaliyyətini əks etdirən simvolik sertifikatın imzalanma mərasimi keçirilib. Sertifikatı Azərbaycan tərəfdən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “Azərenerji” ASC İdarə Heyəti sədrinin müavini Rüstəm Qasımov imzalayaraq “Masdar” şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidliyə təqdim ediblər.
“Qaradağ” GES ildə, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə 110 min ev təsərrüfatını “yaşıl enerji” ilə təmin edir. Stansiyanın direktoru Rəcəb Babaşovdan aldığımız məlumata əsasən, cari ilin 9 ayında burada 458 milyon 597 min 700 kilovat-saat elektrik enerjisi istehsal olunaraq şəbəkəyə ötürülüb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32 milyon 102 min 400 kilovat-saat çoxdur. “Qaradağ” GES-dən şəbəkəyə təhvil verilən gündəlik maksimal göstərici isə bu il iyunun 26-da qeydə alınıb – 2 milyon 821 min 500 kilovat-saat. Ümumilikdə isə, bugünədək stansiyada 1 milyard 8 milyon 577 min 880 kilovat-saat “yaşıl enerji” istehsal edilib.
Xatırladaq ki, “Qaradağ” GES layihəsinin icraçısı Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir. 2018-ci ildə Azərbaycan hökumətinin ölkədə bərpaolunan enerji üzrə pilot layihələr üçün elan etdiyi tenderin qalibi seçilən şirkət 2020-ci ilin yanvarında Azərbaycan Respublikasında sənaye miqyaslı günəş fotovoltaik (PV) layihəsinin inkişafı üçün icra sazişi imzalayıb. Yeri gəlmişkən, 230 meqavatlıq (MWac) Qaradağ Günəş PV stansiyası ölkənin dövlət-özəl tərəfdaşlığı kimi strukturlaşdırılmış ilk xarici investisiyaya əsaslanan müstəqil sənaye miqyaslı günəş layihəsidir.
Şirkət 2021-ci il aprelin 6-da Azərbaycan hökuməti ilə investisiya sazişi və “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti ilə elektrik enerjisinin alqı-satqısı və ötürülməsi üzrə müqavilələr imzalayıb. Bir il sonra martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhali Mazroueinin iştirakı ilə “Qaradağ” GES-in təntənəli təməlqoyma mərasimi keçirilib.
2022-ci il avqustun 2-də Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiyanın Cayka Fondu və Abu-Dabi İnkişaf Fondu ilə kredit müqavilələri imzalanıb. Ümumi dəyəri 262 milyon dollar təşkil edən layihənin maliyyələşdirilməsinə ayrılan vəsaitin 153,7 milyon dolları “Masdar” şirkətinin öz sərmayəsidir. Bu da ümumi maliyyələşmənin, təqribən, 55 faizi deməkdir. Yerdə qalan 108,3 milyon dollarlıq vəsait isə banklardan alınmış kreditlərin payına düşür.
Həmin il avqustun 9-da 550 hektar ərazidə tikinti-quraşdırma işlərinə başlanılıb. İnşaat işləri ilə paralel olaraq buradan “AzərEnerji” ASC-nin “Cənub” yarımstansiyasınadək 330 kilovoltluq tək dövrəli 45 kilometrlik elektrik verilişi xətti çəkilib. Ümumilikdə isə, cəmi 8 ay ərzində inşaatçıların, energetiklərin və digər peşə sahiblərinin fədakar əməyi sayəsində Azərbaycan elektroenergetikasının daha bir parlaq səhifəsinə imza atılır. 2023-cü il oktyabrın 26-da ölkə energetikasının, enerjisistemin, hələlik, ən böyük “yaşıl” stansiyası istismara verilir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və xeyir-duası ilə “Qaradağ” Günəş Elektrik Stansiyasının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir və digər rəsmi şəxslər iştirak ediblər.
Stansiyada quraşdırılan əsas qurğu və avadanlıqlar, xüsusən də 570 min 720 ədəd günəş paneli Çinin dünyaca məşhur şirkətlərinin istehsalıdır. Yeri gəlmişkən, günəş panellərinin hər birinin gücü 545-550 vatt təşkil edir ki, bu da stansiyanın tikintisi dövrü üçün ən müasir güclü panellər hesab olunur. Səmərəli iş əmsalına nail olmaq məqsədilə panellər xüsusi dəqiqliklə yerləşdirilib. Tam avtomatik rejimdə çalışan stansiyanın müxtəlif yerlərində sensorlar və metostansiyalar quraşdırılıb ki, bu da hava şəraitinə tam nəzarət etməyə imkan yaradır. Stansiyanın ərazisi vaxtaşırı olaraq əsən güclü küləklərin təsirinə məruz qaldığından panellərin səthi toz qatı ilə örtülür. Buna görə də onların həftədə ən azından iki dəfə təmizlənməsinə ehtiyac yaranır. Təmizlik işləri robot sistemi vasitəsilə həyata keçirilir. Onların sayı isə 631 ədəddir. Bu da ən son, müasir texnologiya sayılır. Həmin qurğulara quraşdırılmış günəş panelləri onları elektrik enerjisi ilə təchiz edir.
Stansiyanın bütün fəaliyyətinə mərkəzi idarəetmə otağından nəzarət olunur. Belə ki, buradakı birləşmə sxemi vasitəsilə bütün istehsal prosesi diqqətlə izlənilir. Burada stansiyanın fəaliyyət göstərdiyi bütün dövr ərzində istehsal olunan elektrik enejisi anbaan qeydə alınır. Mərkəzi idarəetmə otağında qurğu və avadanlıqların işi ilə yanaşı, küləyin sürətini, havanın temperaturunu və rütubəti tam ölçmək mümkündür.
Qeyd edək ki, “Qaradağ” GES-in uğurlu fəaliyyəti gələcəkdə ərazidə bir sıra əlavə genişləndirmə işlərinin aparılmasına zərurət yaradır. Artıq bununla bağlı Azərbaycanın Energetika Nazirliyi ilə məsləhətləşmələr, danışıqlar aparılır. Genişləndirmə işləri həyata keçiriləcəyi təqdirdə isə ötürücü şəbəkənin də imkanları artırılacaq.
Mirbağır YAQUBZADƏ
XQ


