Azərbaycan–BMT tərəfdaşlığında yeni mərhələ

post-img

Oktyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib.

Nazir çıxışında BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu vurğulayaraq təşkilatın 80 illiyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanın BMT-nin fəal və məsuliyyətli üzvü kimi qurumun əsas orqanlarında, o cümlədən 2012–2013-cü illərdə Təhlükəsizlik Şurasında, həmçinin üç dəfə İqtisadi və Sosial Şurada təmsil olunduğunu qeyd edib.

Ceyhun Bayramov Azərbaycan Respublikasının qlobal arenada artan nüfuzunun və liderliyinin BMT-nin əsas təşəbbüslərinə verdiyi töhfələrlə daha da möhkəmləndiyini diqqətə çatdırıb. O, 2026-cı ildə Azərbaycanın BMT-nin iki mühüm tədbirinə – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyini xatırladıb.

Ceyhun Bayramov bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu da qeyd edib.

Nitqinin sonunda nazir tərəfdaşlığı gücləndirərək yeni əməkdaşlıq istiqamətlərini araşdırmağa və daha sülhsevər, ədalətli və dayanıqlı dünya qurmaq üçün birgə səyləri artırmağa çağırış edib.

Tədbirin yekununda 2026–2030-cu illər üzrə Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.

XQ

Son xəbərlər