Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Gülüstan” sarayında təşkil olunan konfransda hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələri, yerli və beynəlxalq ekspertlər, 20-yə yaxın ölkədən 350 nəfərə yaxın şəxs iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu konfrans, eyni zamanda, DOST Agentliyinin yeni “SocGov” brendinin ilk dəfə təqdim olunması ilə sosial idarəetmədə innovasiyaların və düşüncə tərzinin yeni mərhələsinin başlanğıcını ifadə edir.
Prezident İlham Əliyevin sosial sahədə siyasətinin mərkəzində insan amilinin dayandığını bildirən nazir bunun nəticəsi olaraq son illərdə sosial sahədə ardıcıl və dərin islahatların həyata keçirildiyini, 2018–2025-ci illərdə reallaşdırılan 5 böyük sosial islahat paketinin nailiyyətlərini, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Sosial ədalətin, şəffaflığın təminatı, sosial sahədə xidmətlərin operativ göstərilməsi, inzibati metodlardan xidmət modelinə keçid istiqamətində aparılan işləri qeyd edən Anar Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının bu istiqamətdə mühüm əhəmiyyətini vurğulayıb.
Nazir süni intellekt texnologiyalarının tətbiqi istiqamətində nazirliyin Strategiyası çərçivəsində hazırlanmış üçillik Yol Xəritəsinə uyğun şəkildə işlərin aparıldığını qeyd edib. O, “Əlillik” altsistemində tətbiq edilən süni intellekt əsaslı funksionallıq vasitəsilə tibbi göndərişlərdə mətn analizinin həyata keçirildiyini, bu altsistemdə süni intellekt əsaslı məsləhət mexanizminin də hazırlanmaqda olduğunu bildirib.
Konfransda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva çıxış ediblər.
Tədbir panel müzakirələri ilə davam edib.
XQ


