Alman deputatın anti-Azərbaycan baxışlarına nəzər
Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, məşhur ermənipərəst fırıldaqçı Frank Şvabe bu ilin əvvəlində BBC-yə müsahibəsində Azərbaycanda keçirilmiş 7 fevral Prezident seçkilərindən söz açmış və bildirmişdi ki, prosesdə müşahidəçilik missiyasını ATƏT deyil, Avropa Şurası həyata keçirməlidir. Əlbəttə, Şvabe öz aləmində müəyyən əsaslar gətirmiş və fikrini ikincinin birinciyə nəzərən seçki müşahidəçiliyi baxımından daha ixtisaslaşmış qurum olmasından dəm vurmuşdu.
Ancaq bunun ardınca söylədiyi fikirlər alman parlamentarinin, necə deyərlər, qarınağrısı səbəblərini ortaya çıxarmışdı. Şvabe bildirmişdi ki, vaxtilə AŞ Azərbaycanda seçki müşahidəçiliyini həyata keçiribmiş, o zaman qurumun nümayəndələri, yerli hakimiyyət tərəfindən satın alınıbmış, indi isə bu, mümkün deyil. Ona görə də hazırda Azərbaycan iqtidarı müşahidəçilik baxımından AŞ-nin deyil, ATƏT-in üzərində dayanır. Belə çıxmışdı ki, ikincinin müşahidəçiləri, guya maddi təmənna müqabilində seçkilərdəki pozuntu faktlarına göz yumurlar. Avropada “Korrupsion Seele” (korrupsiya ruhu) ləqəbi ilə tanınan F.Şvabe başqa nə düşünə bilər? Adamın aldığı nəfəs rüşvətdir. Deməli, onun ATƏT-ə yönəlmiş vicdansızlıq və korrupsiya ittihamı təsadüfi deyilmiş.
Alman deputatı Avropanın müxtəlif ölkələrindəki erməni lobbi və diaspor təşkilatları bəsləyir. Bəsləyir ki, Azərbaycana qarşı ən məkrli ssenarilər qursun. Cənab “Korrupsion Seele” də üzərinə düşən “vəzifənin” öhdəsindən layiqincə gəlir. İndi onun qarşısına qoyulmuş “tapşırıq” bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) müstəvisində Azərbaycanı ləkələməkdir. Şvabe son günlər məhz buna görə “fəallaşıb”. Əlbəttə, “fəallığın” başqa bir mühüm səbəbi də var – Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya ötən həftə reallaşmış səfəri və səfərə Avropa mediasının son dərəcə böyük önəm verməsinə, ölkəmizin nüfuzunu təsdiqləyən materialların yayımlanmasına səbəb olub. Görünür, durum ermənipərəstləri hiddətləndirib. Onlar hərəkətə keçmək qərarına gələrək, Şvabeni “xoda” salıblar.
Əlbəttə, F.Şvabenin “fəallığının” parametrləri dəyişməzdir: Azərbaycanda, guya, insan hüquq və azadlıqlarına həqarətlə yanaşılır, demokratik prinsiplərə riayət edilmir, azad seçki mühiti yoxdur və sair. Digər tərəfdən, alman parlamentari bunları bildirib: “Azərbaycan öz nümayəndə heyətini assambleyaya qaytarmaq üçün heç bir şərt olmadan AŞPA qaydalarına əməl etməlidir. Azərbaycan Prezidentinə kim məsləhət verir? Avropa Şurası Parlament Assambleyasını şantaj etmək olmaz. Şərtlər çox aydındır. Azərbaycan Parlament Assambleyasının bütün qaydalarına qeyd-şərtsiz əməl etməli, siyasi məhbuslar azadlığa buraxılmalı, Azərbaycan İşgəncələrə Qarşı Komitə ilə tam əməkdaşlıq etməlidir. Təbii ki, ölkəyə giriş qadağası olmamalıdır”.
Göründüyü kimi, alman deputat Azərbaycan nümayəndə heyətini AŞPA-dakı səs hüququndan məhrum etmək üçün hansı cəfəng və absurd məqamları qabartmışdısa, yenə eyni tərzdə davranır. Hər halda, anti-Azərbaycan mahiyyətli siyasi dünyagörüşündə şər və böhtandan başqa nə isə yenilik ola bilməz. Amma “yenilik” var və bu haqda söz açmazdan əvvəl bildirək ki, Şvabenin açıqlaması həm də onu göstərir ki, bu şəxs ümumən ölkəmizin AŞPA-da təmsil olunmasına qarşıdır. Daha doğrusu, qurumda ölkəmizə maraqlı olan qütblərin təşəbbüslərini beşiyindəcə boğmağa çalışır. Ona görə də təfəkkürünün mücərrəd guşəsində bəslədiyi sərsəmlikləri yenidən Avropanın ictimai rəyinə sırımağa can atır. Əlindən gələni ardına qoymasın. Çünki Şvabe kimi birdəfəlik istifadə alətlərini çox görmüşük. Necə deyərlər, it hürər, karvan keçər.
İndi isə Şvabenin anonsunu verdiyimiz “yeniliyindən” danışaq. Əslində, söhbət hansısa yenilikdən getmir. Sadəcə, alman deputatın anti-Azərbaycan xisləti o qədər güclüdür ki, onu, bir növ, “bədiiləşdirib”. Əlbəttə ki, yaxşı bacardığı korrupsiya əməli müstəvisində. Məlum olduğu kimi, bir müddət əvvəl Almaniyanın ictimai televiziya kanalı olan “ARD”də ölkəmizə həsr olunmuş “Uçurum” filmində nümayiş olunmuşdu. Alman vergi ödəyicilərinə 500 min avroya başa gəldiyi bildirilən ekran işində Avropanın, o cümlədən Almaniyanın siyasi cameəsi Azərbaycanla rüşvət sövdələşmələrində günahlandırılıb.
Bəli, Şvabenin təşəbbüsü ilə çəkilmiş “Uçurum”un süjet xətti şər və böhtan üzərində qurulması ilə heyrət doğurur. Deməli belə: Gerd adlı vicdanlı olduğu bildirilən alman deputat Azərbaycandakı seçkilərə müşahidəçi kimi qatılmaq qərarına gəlir. O, Bakıdan olan erməni qadını Alina Kasparyan ilə sevgi münasibətlərindədir. Alinanın həyat yoldaşı isə neft sənayesindən olan “pis əmilərin” evlərini dağıtdığına görə dünyasını dəyişib. Alina isə Almaniyaya köçüb və Gerdlə münasibətə başlayıb. Lakin Alinanın qızı Leyla Kasparyan Azərbaycana qayıdıb, “Azərbaycanın səsi və Bakının vicdanı” adlı dissident bloqu sayəsində məşhurlaşıb.
Şvabenin qəhrəmanı olan Leyla həm də LGBT nümayəndəsidir. Yəni, görünür, “ssenaridə” bunsuz olmazdı. Mövcud status Azərbaycanda dəhşətli tabu sayılır. Lakin Leyla cəsarətli davranır və onun xarakteri qız sevgilisini də riskə atır. Sevgilisi Valentina Əhmədova isə Avropa Şurasının nümayəndə heyətini qəbul edən azərbaycanlı deputatın müşaviridir.
Bir sözlə, erməni lezbiyan Leyla ilə deputat Gerd Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparırlar. Onlar müəyyənləşdirirlər ki, “Qarabağın işğalından” (ölkəmizin Qarabağa sahiblənməsi və 44 günlük müharibə belə təqdim olunub – red.) sonra Azərbaycan Avropa üçün elektrik avtomobilləri və smartfonlar istehsalı üçün mühüm xammal təchizatçısına çevrildi və buna görə avropalılar “Azərbaycan rejiminə” göz yumurlar.
Əlqərəz, Şvabenin təşəbbüsü ilə belə bir cəfəng və bəsit motivli ekran işi bu ilin martında Bundestaqda nümayiş olunub. Qapalı keçirilmiş təqdimata alman deputatların, “Transparency International” təşkilatının nümayəndələrinin, “ARD” telekanalının təmsilçilərinin və Almaniyanın LGBT icması nümayəndələrinin gəldikləri məlumdur.
Şvabenin ermənipərəst mövqeyinin davamı kimi, alman parlamentarinin 44 günlük müharibə günlərində də gündəmə gəlməsini xatırlayaq. Məsələn, o, 29 oktyabr 2020-ci il tarixdə Bundestaqda çıxışı zamanı demişdi ki, Qarabağ münaqişəsi güc yolu ilə həllini tapmayacaq. Deputatın sözlərinə görə, Azərbaycan ərazi qazancı əldə edə bilər, lakin bu, sülhə gətirib çıxarmayacaq, danışıqlar ATƏT platformasında aparılmalı olacaq. Axı ATƏT platforması Qarabağın və digər Azərbaycan torpaqlarının işğalını leqallaşdırmağa yönəlmişdi. Şvabe bilirdi nə deyirdi...
Alman deputat daha bir açıqlamasında isə Türkiyəni Ermənistan və Azərbaycan arasındakı münaqişəyə müdaxilədə günahlandırmış, bütün hərbi birləşmələrin geri çəkilməli, döyüşlərin dayandırılmalı və hər iki tərəfin münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparmaq üçün bir araya gəlməli olduğunu vurğulamışdı. Şvabenin “sülh qaranquşluğunun” erməni avantürizminin saxlanılmasına xidmət etdiyi də məlumdur.
Bundan başqa alman deputat 2023-cü il oktyabrın 3-də, yəni ölkəmizin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən, bölgədəki separatçı rejimin canını tapşırmasından sonra Alman Federal Hökumətinin dini etiqad azadlığı üzrə komissarı statusunda çıxış edərək, yaranmış vəziyyətdən narahatlığını ifadə etmişdi. O demişdi ki, “Azərbaycan erməni-xristian dininin bütün sübutlarını məhv etməyə çalışır”. Son dərəcə həyasız notlara köklənmiş Şvabe onu da bildirmişdi ki, Azərbaycan Qarabağın dini abidələrinə münasibətdə 2020-ci ildə işğal etdiyi ərazilərdəki, həmçinin vaxtilə erməni xristian həyatı izlərini sildiyi Naxçıvan eksklavındakı kimi eyni təcrübədən bəhrələnmək istəyir.
Qeyd edək ki, Azərbaycan heç bir xristian dini abidəsini dağıtmayıb. Ancaq Şvabedə az da olsa, vicdan hissi qalsaydı, otuz il ərzində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına diqqət yetirərdi. Əlbəttə, alman deputatdan vicdan gözləntimiz yoxdur. Buna inanacaq qədər sadəlövh ola bilmərik. Həm də ona görə ki, Şvabenin ildən-ilə özünün qatı ermənipərəstlik mövqeyindəki rəng çalarlarını daha da tündləşdirdiyini görmüşük. Məsələn, onu görmüşük ki, bu adam Azərbaycana qarşı Qarabağı tərk etmiş ermənilər məsələsində yarıtmaz tələblər səsləndirib, ölkəmizi etnik təmizləmədə qınayıb, Laçın dəhlizinə görə vay-şivən qoparıb.
Bir qədər əvvəlki zaman kəsiyinə diqqət yetirsək, görərik ki, Şvabe təzə ermənipərəst deyil, stajlı ermənipərəstlərdəndir. O, 2018-ci ildə AŞPA-da Avropa Şurasına üzv ölkələrin ərazisinə insan hüquqlarının monitorinqi missiyalarının göndərilməsinə, ən əsası qurumun “boz zonalar”a məhdudiyyətsiz çıxışının təminatına dair qətnaməni səsverməyə çıxarıb və qəbul edilməsinə nail olub. Azərbaycan nümayəndə heyətinin əleyhinə, Ermənistan nümayəndə heyətinin lehinə səs verdiyi bu qətnamə prinsip etibarilə Qarabağdakı separatçı rejimi dövlət kimi leqallaşdırmaq mahiyyətinə köklənmişdi.
Sonda vurğulayaq ki, Şvabe kimi mənəviyyatı puç olan avantüristlərin mövcudluğu Avropa demokratiyası, ümumən “köhnə qitə”nin ictimai fikri üçün son dərəcə böyük ləkədir. Belə utanc halları qaldıqca, orada nəinki beynəlxalq hüquq normalarının, bütövlükdə insani dəyərlər sisteminin deqredasiyası qaçılmazdır.
Ə.CAHANGİROĞLU
XQ