Belarus liderinin dedikləri İrəvanda qəzəb doğurub

post-img

Belarus Prezidenti Aleksandr Lukaşenko sentyabrın 12-də ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri ilə görüşüb. Görüş zamanı onun səsləndirdiyi fikirlər, gözlənildiyi kimi, Ermənistanda etirazla qarşılanıb. Buna da A.Lukaşenkonun keçmiş Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı gerçək fikirlər söyləməsi səbəb olub.

Əslində, biz ermənilərin onların ma­raqlarına cavab verməyən şəxslərin fikir­lərini yaxına buraxmadıqlarının əvvəllər də dəfələrlə şahidi olmuşuq. Onlar işğalın davam etdiyi müddətdə bu işğala bəraət qazandıran şəxsləri, necə deyərlər, öpüb gözlərinin üstünə qoyurdular. Bura Avropa Parlamentinin deputatları, ABŞ Konqresi­nin erməni lobbisi tərəfindən ələ alınmış üzvləri, müxtəlif siyasətçilər, jurnalistlər və ictimai xadimlər daxildir. Məsələn, argentinalı dələduz, Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Mo­reno Okampo, amerikalı siyasətçi, uzun il­lər Senatın üzvü olmuş, indi isə məhkəmə­nin barəsində çıxaracağı hökmü gözləyən Robert Menendes, yaxud Parisin meri Ann İdalqo, Böyük Britaniyanın Lordlar Palatasının sabiq vitse-spikeri, baronessa Kerolayn Koks... kimiləri ermənilərin se­vimliləridir. Düz söz danışanlar, erməniləri Azərbaycanla mehriban qonşuluq müna­sibətləri qurmağa, üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, o cümlədən regionda nəqliyyat kommunikasiyalarını açmağa çağıranlar, bir sözlə düşdükləri vəziyyətdən çıxış yolu göstərənlər hayların düşmənləridir. Bu mənada A.Lukaşenko­nun da, belə deyək, “ermənifoblar”ın siya­hısına daxil edilməsi gözlənilməz olmadı.

Bəs Prezident Lukaşenko nə deyib? Bildirib ki, o, uzun illər ərzində İrəvanla Bakı arasında problemin sülh yolu ilə həl­linə çağırıb. Rusiyanın dövlət informasi­ya agentliyi – TASS-ın yaydığı məlumata görə, Lukaşenko daha sonra bununla bağlı Vladimir Putinə müraciət etdiyini deyib: “Bundan sonra artıq ikimiz Paşinyana “Bu problemi həll et!” deməyə başladıq”. Onun sözlərinə görə, Ermənistan baş naziri Ni­kol Paşinyan cavab olaraq iki liderə “Yox, biz döyüşəcəyik!” cavabını verib: “Döyüş­dülər. Niyə indi Rusiyadan, hətta bizdən də inciyirsən? Sən özün (Paşinyan nəzərdə tu­tulur–S.H.) Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etmisən... Kimdən incimə­lisən ki?! Sənin dilini kim əlindən almış­dı? Ermənistan cənubdakı “dostumuz”a (Ukraynanı nəzərdə tutur–S.H.) bənzəyir. Təmkinli ol. Sən ki, qədim sivilizasiyaya, qədim ölkəyə (?) rəhbərlik edirsən. Amma görürsünüz, Qərbə – Avropa İttifaqına get­mək istədi”.

Lukaşenko obrazlı şəkildə bildirib ki, Paşinyan Belarusa atəş açır, amma Rusi­yaya müdaxilə etmək istəyir. Onun söz­lərinə görə, Ermənistan rəhbərliyinin “ilk hücumları” Belarusa olub. “Aydındır ki, o, bizi hədəfə alıb, amma Rusiyaya daxil ol­mağa çalışırdı. Biz Putinlə bunu çox yaxşı gördük, başa düşdük və mən Putinə dedim ki, münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur. Erməni xalqı düşünməsin ki, biz ermənilərə qarşıyıq. Gördüyünüz kimi, heç bir reaksiya vermədik” – deyə Belarus li­deri bildirib.

Lukaşenko hesab edir ki, avropalılar Ermənistanın baş naziri Qərb dünyasına daxil olmazdan əvvəl Paşinyanın özündən və Hayastanın digər rəhbər şəxslərindən nəsə tələb edəcəklər: “Avropalıların arxa­sında amerikalılar dayanır. Bu gün Qərb­də Amerikasız heç bir iş görülmür. Buna görə də onlar Ermənistanı dövriyyəyə cəlb etdilər. Sizcə, Ermənistanı haradasa gözlə­yirlər? Nə bizi, nə Ermənistanı, nə də bi­zim gözlərimiz önündə olan Ukraynanı heç yerdə gözləmirlər. Hər kəs öz problemləri ilə məşğuldur. Və onlar öz problemlərini başqalarının hesabına həll etmək istəyir­lər”.

O vurğulayıb ki, baş verənlərə baxma­yaraq, şəxsən özü ikitərəfli əlaqələrin qo­runub saxlanılmasında maraqlıdır: “Bütün çatışmazlıqlara və nüanslara baxmayaraq, bizimlə Ermənistan arasında əvvəlki kimi mehriban münasibətlərin qurulması yaxşı olardı. İnanın ki, bu vəziyyətin yaranma­sında bizim heç bir təqsirimiz yoxdur. Biz Ermənistana əlimizdən gələn köməyi et­məyə çalışır, yaxından əməkdaşlıq edirdik. Lakin görürsünüz ki, rəsmi İrəvan Qərbə və Avropa İttifaqına yönəlməyə başladı. Məncə, ermənilər ağıllı insanlardır, onlar yaxın gələcəkdə xoşbəxtliklərinin, rifahın harada olduğunu anlayacaqlar”.

Belarus lideri uzun illərin təcrübəsin­dən çıxış edərək, Qərbin siyasətinin ma­hiyyətini də izah edib: “Biz Ermənistanın Qərblə, amerikalılarla əməkdaşlığına qarşı deyilik, amma siz onların siyasətini gö­rürsünüz. Sabah Amerikada hakimiyyətə yeni rəhbərlik gələcək, hətta həm köh­nələri, həm də yeniləri təmsil edən şəx­sin (Kamala Harris nəzərdə tutulur–S.H.) siyasəti tamamilə fərqli olacaq. Onların vərdişi belədir. Deyəcəklər: “Siz kimsiz? Biz sizi tanımırıq”. Ermənilər isə bildirə­cəklər: “Necə yəni tanımırsız? Biz sizinlə dost idik, siz bizə silah verirdiniz. “Yox, biz deyildik!” – amerikalıların cavabı belə olacaq. Amerika isteblişmentinin ünsiyyət məntiqi bu cürdür. Bu, onların siyasətidir. Mən bunu sizin rəhbərliyə də deyirəm. Əgər başa düşmürlərsə, mən artıq siyasət­də naşıyam. Mən çox şey görmüşəm. On­lara etibar etmək olmaz!”

A.Lukaşenko Ermənistanı ənənəvi tərəfdaşlarla əməkdaşlıq nəticəsində əldə etdiklərini heç bir halda itirməməyə çağı­rıb. “Hər şey ola bilər. Amma əlinizdə ola­nı, bu dostluğu, qardaşlığı itirməyin. Bu, iqtisadiyyatda vahid bazardır, qarşılıqlı yardımdır, onu itirməyin. Çünki onu itirsə­niz, orada heç nə qazana bilməyəcəksiniz” – deyə Lukaşenko ermənilərə tövsiyə edib.

Qeyd edək ki, Belarus və Ermənista­nın münasibətləri 2024-cü il iyunun orta­larından etibarən pisləşib. Nəticədə hər iki ölkə səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Bundan sonra Ermənistanın baş naziri N.Paşinyan Lukaşenkonun hakimiy­yəti dövründə Belarusa səfər etməyəcəyi barədə bəyanat verib. Ancaq rəsmi Minsk, A.Lukaşenkonun da qeyd etdiyi kimi, mü­nasibətlərin daha da gərginləşməsinə yol açacaq addımlar atmayıb.

A.Lukaşenkonun ağlabatan fikirləri, girişdə qeyd etdiyimiz kimi, Ermənistanda narazılıqla qarşılanıb. Onlar baş verənlər­dən nəticə çıxarmaqdansa, Belarus lide­rini tənqid etmək yolunu tutublar. Bu isə ermənilərin böyük əksəriyyətində özünə möhkəm yer etmiş reallıqları dərk edə bil­məmək xəstəliyinin təzahüru kimi qiymət­ləndirilə bilər.

Hayastanın “Armenian Report” say­tı A.Lukaşenko çıxışını bitirər-bitirməz, bəlkə də onun dediklərini qavramamış “Biz fərqli Belarus görəcəyik” sərlövhə­li analitik məqalə dərc edib. Məqalədə A.Lukaşenko “qeyri-legitim prezident” adlandırılır. Qeyd edilir ki, onun fikirlə­rini dinləmək qorxulu filmlərə baxmaq kimidir. A.Lukaşenko Ermənistanın daxili məsələlərinə müdaxilə etməkdə ittiham olunur: “Ermənistanın baş naziri Nikol Pa­şinyan Belarusdakı seçkilərin gedişinə heç vaxt müdaxilə etməyib və ya hər hansı şə­kildə ona şərh verməyib. O, Belarusun han­sı xarici siyasət yürütməsi ilə bağlı da heç vaxt öz fikirlərini açıqlamayıb və bu, düz­gün addımdır. Bəs bunun qarşılığında biz nə görürük? Belarus rəhbərinin Ermənista­nın işlərinə müdaxiləsinin nümunələrini... Beləliklə, bu dəfə o, son illərdə “Artsax”da baş verən hadisələrdə Ermənistan rəhbərli­yinin günahkar olduğunu açıqladı”.

Yazıda Ermənistan və Belarusun Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkila­tı və Avrasiya İqtisadi İttifaqı, həmçinin Gömrük İttifaqı üzrə müttəfiq olduqları xa­tırladılır və Minskin İrəvana dəstək vermə­li olduğu deyilir. Guya, Belarus Ermənista­nın əvəzinə Azərbaycanla döyüşməli imiş. Əslində, İrəvan uzun illər ərzində elə hə­min KTMT-yə və Rusiya ilə strateji müttə­fiqliyə güvənərək Azərbaycan torpaqlarını işğal altında saxlayır və sülh danışıqlarında konstruktivlik nümayiş etdirmirdi. Amma Azərbaycan rəhbərliyinin müdrik siyasəti, Rusiya tərəfi ilə ardıcıl iş aparması nəticə­sində rəsmi Moskva öz mövqeyində bey­nəlxalq hüquq normalarını əsas götürdü. Nəticədə biz 44 günlük Vətən müharibəsi zamanı V.Putinin “döyüşlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərin­də gedir” fikrini səsləndirməsinin şahidi olduq. Ermənilər isə bunun günahını öz­lərində görməkdənsə, Rusiya və Belarusu ittiham etmək yolunu tutdular.

Elə “Armenian Report” da, necə deyər­lər, eyni bayatını zümzümə edir. Sayt yazır ki, Rusiya və Belarus birbaşa müttəfiqlik öhdəliklərini yerinə yetirməmək təqsirini öz üzərlərindən atmağa çalışırlar: “Bəli, onlar hələ 2016-cı ilin aprelində Azərbay­can ilk təxribatı törədəndə (?) buna reaksi­yanı yoxlamaq üçün öhdəliklərini nümayiş etdirməyə borclu idilər. O zaman Ermənis­tanın başında Paşinyan yox, tamamilə ru­siyapərəst Serj Sarkisyan dayanırdı. Yaxşı, Rusiya və Belarus, bütün KTMT özlərini necə apardılar? Hər kəs bunu yaxşı xatırla­yır. Bunu görən Bakı başa düşdü ki, böyük müharibəyə başlamaq olar. Yeganə məsələ vaxtla bağlı idi. Lukaşenko bütün bunları bilirdi. Bəs o nə etdi? Öz sözləri ilə desək, o, Paşinyana “Artsax”ı döyüşsüz, könüllü təslim etməyi təklif edib. O, müttəfiqinə kömək təklif etməyib, təslimolma aktını imzalamağı məsləhət görüb”.

Ermənilərin xüsusi narazılığına səbəb olan məsələlərdən biri də Belarus liderinin bu ilin mayında Şuşa şəhərinə səfər etməsi olub. Yada salaq ki, məhz həmin səfərdən sonra Paşinyan ölkəsinin Minskdəki səfiri­ni geri çağırıb. Yazıda Nikolun bu addımı “çox düzgün hərəkət” adlandırılıb.

Məqalə əvvəldən axıradək bu cür yan­lış yozumlardan ibarətdir. Onu oxuduqca, Ermənistan cəmiyyətinin düşünən kəsi­minin yanaşmasının bu cür olması mə­yusluq doğurur. Biz Ermənistandan sülh istiqamətində ciddi addımların atılmasını gözləyərkən onlar hələ də xam xəyallar arxasında qaçırlar. Hələ də Svetlana Tixa­novskayanın Belarusun yeni prezidenti olacağını düşünürlər. Onu “Ermənistanın böyük dostu” adlandırır və hakimiyyətə gəldikdən sonra rəsmi Minskin Azərbay­canla bağlı mövqeyində köklü fərqlərin olacağını bildirirlər. Belə bir ölkə ilə eyni bölgədə yaşamaq, qonşu olmaq, doğrudan da, çətindir...

Səxavət HƏMİD
XQ

Siyasət