“İfa edirlər” ermənipərəst senator və konqresmenlər

post-img

Görünən odur ki, indi oturduğu kürsüdə sələfi, Senatdan məhkəmənin hökmü ilə biabırcasına qovulmuş Menendezdən o qədər də fərqlənməyən Benjamin (Bin) Kardin başqa olmaqla bir qrup ermənipərəst senator Azərbaycana qarşı növbəti kampaniyaya start verib. ABŞ-dakı erməni lobbisindən “yemləndikləri” şühbə doğurmayan bu qüvvələr Azərbaycanofobiya və separatizmi dəstəkləyən çıxışlarının sayını artırıblar. 

Erməni lobbisi ilə yaxın münasibətləri olan ABŞ Senatının Beynəlxalq münasi­bətlər üzrə komitəsinin sədri artıq neçənci dəfədir ki, Azərbaycanı hədəfə alır. Amma bu dəfə daha irəli getməyi hədəfləyən Kar­din kollektiv Qərbi Azərbaycanın Ermə­nistan torpaqlarını “işğal” etməsinə səssiz qalmaqda ittiham edib. Xəritədə Cənubi Qafqazın yerini bilməyən senator bəyan edib ki, həmin ərazilər “Ermənistan üçün strateji əhəmiyyətə malikdir”. O, bununla da kifayətlənmir və “Azərbaycanın Ermə­nistanın işğal etdiyi ərazilərini tərk etmək əlaməti göstərmədiyindən, sülh müqavilə­sinin imzalanmasını təxirə salmaq üçün yeni tələblər irəli sürdüyündən” şikayətlə­nib.

“Azərbaycanın Ermənistan Konstitu­siyasının dəyişdirilməsi tələbində israrlı olması Bakının sülh sazişini təxirə salmaq və ya ləğv etmək istəyindən xəbər verir”,– deyən Kardin daha sonra bildirir ki, haqsız yerə həbs edilmiş ermənilərin və ictimai fəalların saxlanıldığı bir ölkədə (Azər­baycanda – red.) BMT-nin COP29 iqlim sammitinin keçirilməsi planı narahatlıq doğurur.

“Demokratiyanın beşiyi” sayılan məm­ləkətin qanunverici institutlarının mənsəb sahiblərinə “beynəlxalq ictimaiyyət” adın­dan danışmaq səlahiyyətini kim verib? Beynəlxalq ictimaiyyətin dəstəklədiyi, BMT-nin ən genişmiqyaslı tədbirinin – COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələri­dir. Bəlkə onlar qərar qəbul edərkən ABŞ Senatından, yaxud Konqresindən, konkret olaraq Kardindən bu barədə məsləhət al­malı idilər? 

Kardinin ardınca ikinci ermənipərəst “solo ifa” Azərbaycanofobluğu ilə çoxdan “məşhur” personaya çevrilmiş konqres­men Frenk Pallone tərəfindən səslənib. İndi də onun ərz etdikləri ilə tanış olaq. Özünün “X” mikrobloqunda mübarək qeydlərini düzən konqresmen ABŞ-nin USAID vasitəsilə Ermənistana maliyyə dəstəyi göstərməsini ürəkdən alqışladığını bəyan edib. Bununla da kifayətlənməyən konqresmen Ağ ev Administrasiyasının Ermənistanla münasibətləri möhkəmlən­dirmək üçün səylərini “durmadan davam etdirməsindən” məmnunluq hissi keçirdi­yini də bildirib.

“Mən Bayden-Harris Administrasi­yasının Beynəlxalq İnkişaf Agentliyi va­sitəsilə yardım paketini ikiqat artırmaq­la Ermənistanla əlaqələri gücləndirmək səylərini davam etdirdiyini görməkdən məmnunam”, – yazan konqresmen ayrılan maliyyənin Ermənistanda demokratiyanın gücləndirilməsinə kömək edəcəyinə əmin­liyini bildirib. 

Səlibçi düşüncəli Frenk Pallonenin aktivləşməsi təsadüfi deyil. Ermənista­nın özündə, Avropanın bəzi ölkələrində və ABŞ-da anti-Azərbaycan xarakterli sinxron hərəkətlənmə son ildə qısa fa­silələrlə müşahidə olunmaqdadır. Səbəb separatçı-revanşist-daşnak “çete”sinin yemlədiyi ermənipərəst “orkestrin” dirijor çubuğunun işarəsi ilə eyni vaxtda ifaya başlamasıdır. 

“Orkestrə” anti-Azərbaycan qüvvələ­rin güclü dəstək verdiyi qondarma ictimai qurumlar da daxil edilib. Belələrinə, elə­cə də Kardin, Pallone və onlarla həmfi­kir olanlara tövsiyə edərdik ki, ölkəmizin əleyhinə sifarişli və qərəzli fikirlər səslən­dirmək əvəzinə, öz evlərində qayda-qanun yaratsınlar, səliqə-sahmana diqqət yetirsin­lər. 

İ.HƏSƏNQALA
XQ



Siyasət