Müstəqil dövlətlərdə sosial məsələlərin uğurlu həlli olduqca aktualdır. XXI əsr özü ilə cəmiyyətlər üçün elə yeni problemlər gətirmişdir ki, bütövlükdə, toplumu əhatə edən və hər bir insan üçün səmərəli olan birgəyaşam forması axtarışı yeniləşmə tələb edir. Təbii ki, bu prosesdə dövlət quruluşu və idarəetmə sistemi əsas yer tutur. Bunun fonunda indi alimlər adekvat sosial dövlət nümunəsi axtarırlar. Bu istiqamətdə yekdil fikir formalaşmamışdır. Lakin müəyyən təkliflər vardır. Həmin təkliflər müasir cəmiyyət üçün elm və texnologiyanın oynadığı müstəsna rol ilə bağlıdır. Məsələ bizim üçün Azərbaycanın da sosial dövlət modelinə üstünlük verməsi müstəvisində çox aktualdır. Xüsusilə ölkənin 2030-cu ilə qədər inkişaf strategiyasında "sosial dövlət" anlayışı mərkəzi yer tutur. Lakin öncə, qısa da olsa, ümumnəzəri məqamları aydınlaşdırmaq gərəkdir.
Yeni əsrdə sosial dövlət modeli
XXI əsrin gəlişi ilə dünya miqyasında cəmiyyətlərin sosial-iqtisadi dinamikası ilə mənəvi-mədəni və əxlaqi dəyişmə sürəti arasında yeni nisbət formalaşmağa başladı. Bu proses alimlər, iqtisadçılar, sosioloqlar və kulturoloqlar üçün cəmiyyətdə insan kapitalı məsələsini daha da aktuallaşdırmış oldu. Filosoflar ümumi səviyyədə "insan yeni cəmiyyətin sürətli yeniləşməsi şəraitində necə xoşbəxt ola bilər?" sualını qaldırdılar. Bununla da sosial, iqtisadi və mədəni dəyişikliklərin qovşağında başqa məsələlərlə yanaşı, "sosial dövlət" anlayışının daha da aktuallaşması müşahidə edildi.
"Sosial dövlət" maddi nemətlərin, gəlirlərin və zənginliklərin sosial ədalətlilik prinsipi üzrə paylanmasını nəzərdə tutan siyasətə əsaslanan dövlətdir. Məqsəd cəmiyyətdə sosial ədaləti təmin etmək, hər vətəndaş üçün layiqli həyat keyfiyyətinə malik olmaqdır.
Bu anlayışı ilk dəfə 1850-ci ildə alman dövlət xadimi və iqtisadçısı Lorens fon Şteynin işlətdiyi bildirilir. L.f.Şteynə görə, dövlət vətəndaşların mütləq bərabərliyini sosial, iqtisadi sferada təmin etməlidir. Gəlirlər ədalətli paylanmalıdır.
Alimlər sosial dövlətin əlamətləri kimi 10-dan çox faktor göstərirlər. Məsələn, ölkənin yüksək iqtisadi inkişaf səviyyəsi, bazar iqtisadiyyatı, çoxukladlı iqtisadiyyat, vətəndaş cəmiyyətinin formalaşması, sosial məsuliyyət, əhalinin bütün qrupları üçün sosial xidmətin inkişafı, vətəndaşların rifah halının yaxşılaşdırılmasını dövlətin öz üzərinə götürməsi, vətəndaş cəmiyyəti institutlarının mövcudluğu və s.
Sosial dövlətin aşağıdakı funksiyaları bir-birindən fərqləndirilir. Bunlar əhalinin sosial müdafiəsi zəif olan kəsiminə dəstək, korrupsiya, işsizlik və yoxsulluqla mübarizə, gənc sahibkarlara yardım, məşğulluğun təmini və gəlirlərin daim artmasına dəstək, sosial sığorta təminatı, təhsil, səhiyyə və mənəvi-mədəni inkişafın bütün əhali üçün əlçatanlığı, cəmiyyətdə sosial və iqtisadi qeyri-bərabərliyin aradan qaldırılması, sosial xidmətlərin göstərilməsidir. Bu paradiqma çərçivəsində məsələnin nəzəri tərəfinin dərinliklərinə baş vurmadan bir sıra məqamları qısa vurğulayaq.
Cəmiyyətin bütövlüyü
XX əsrin ikinci yarısından başlayaraq aydın oldu ki, cəlbedici görünən "sosial dövlət" anlayışında daxili ziddiyyət vardır. Belə ki, bu dövlət modelinin əsas məkanı olan Avropa və ABŞ-da iqtisadi, sosial və maliyyə böhranı vüsət almağa başladı. Bu proses XX əsrin 60-cı illərində Qərbdə daha da kəskinləşdi. Artıq 1970-1980-ci illərdə Qərb dövlətləri cəmiyyətlərində parçalanmaların, təbəqələşmənin, sosial kəsimlərin bir-birinə qarşı durmalarının əlamətləri daha qabarıq görünməyə başladı. Bu, Qərb alimləri tərəfindən "sosial dövlət" anlayışının təftiş edilməsi ehtiyacından xəbər verirdi.
Əsas məsələ gəlirlərin qeyri-bərabər paylanmasının güclənməsi, yoxsul təbəqələrin sosial baxımdan müdafiəsiz qalması, hüququn bütün əhali üçün eyni cür tətbiq edilməməsi və bütövlükdə sosial ədalətsizliyin özünü göstərməsi idi.
Bunun fonunda Marqaret Tetçer və Ronald Reyqan yeni monetar kurs işləyib hazırladılar. Pul kütləsinin bazarda dövriyyəsi hesabına tənəzzül aradan qalxdı, cəmiyyətdə həyat səviyyəsi yüksəldi. Lakin meydana başqa bir problem çıxdı.
Fransız filosofu və sosioloqu Alen Turen "reyqanizm" və "tetçerizm"in ümumi müsbət nəticə verməsi fonunda Qərb cəmiyyətlərində sosial ədalətsizliyin daha da gücləndiyini yazır. Nəticədə, Qərbdə həyat səviyyəsinin yüksəlməsi ilə müəyyən sosial kəsimlərə qarşı ədalətsizliyin artması paralel şəkildə getdi. Bu isə kökündən sosial dövlətin klassik anlamına zidd idi.
Sosial dövlətin XX əsrin 80-ci illərindən sonra optimal nümunəsi axtarışları daha da gücləndi. Burada başlıca məqam, bütövlükdə, cəmiyyətdə ədalətin təmini məsələsi ilə bağlı idi. Onun nəzəri ifadəsi "ümumi rifah" ola bilərdi. Yəni, elə bir cəmiyyət modeli yaradılmalı idi ki, bütün sosial kəsimləri əhatə edən rifah təmin edilmiş olsun. Bu, tədricən "ümumi rifah cəmiyyəti" və "yüksək rifah cəmiyyəti" modellərinin nəzəri araşdırılmasına təkan verdi. Məsələnin bu cür qoyuluşunun öz sosial, iqtisadi, mədəni və texnoloji səbəbləri vardı.
Süni intellekt amili
Alimlər vurğulayırlar ki, cəmiyyətlərdə elmi, texnoloji və texniki kəşflərin sürətli tətbiqi nəticəsində keyfiyyətcə dəyişmə başlandı. Bu, toplumun bütün sferalarına təsir etdi. Yeni nəsil insanlar yetişdi, sosial-mədəni mühit dəyişdi. Mədəniyyətə münasibət yeniləşdi və s. Məsələn, XX əsrin 80-90-cı illərində daha çox vəzifədə və ya müxtəlif fəaliyyət sahələrində irəliləməyə, uğur qazanmağa üstünlük verən və klassik mədəniyyətə əks mövqedə olan gənc təbəqə meydana gəldi. "Kontrkültür"çülər (əks-mədəniyyətçilər) adlandırılan bu təbəqə, faktiki olaraq, marginal xarakterli idi. Bu isə bütövlükdə, cəmiyyətdə yeni sosial-psixoloji və iqtisadi ab-hava yaratdı.
Bu prosesin detallarına varmadan onu qeyd edək ki, bu kimi proseslər süni intellektin və yüksək informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə müşayiət olunurdu. Avtomatik şəkildə "sosial dövlət" anlayışı da transformasiya olmalı idi.
Birincisi, bütövlükdə sosial dövlətin klassik modeli yetərli deyildi. İkincisi, ümumrifah və ya yüksək rifah cəmiyyətlərinin konkret nümunələri işlənib hazırlanmalı idi. Lakin bu prosesdə də bir sıra çətinliklər və ziddiyyətlər meydana çıxırdı. Onların əsas hissəsini professor Klaus Şvab araşdırmışdır.
3 kapitalizm növü
Professor Klaus Şvab hesab edir ki, hazırda dünyada iki iqtisadi sistem rəqabətdədir. Onlardan biri aksioner kapitalizmi, digəri isə dövlət kapitalizmidir. Aksioner kapitalizmi ABŞ və Qərb ölkələrinə xasdır, dövlət kapitalizmi modeli kimi isə Çin göstərilir. Aksioner kapitalizminə kapitalizmin anqlo-saks növü də deyilir. Onun əsas əlaməti qiymətli kağızlara sərmayə qoyuluşuna üstünlük verilməsi ilə bağlıdır. Dövlət kapitalizmi isə dövlətin iri şəxsi biznesi nəzarət altına götürməsi ilə bağlıdır.
K.Şvab hesab edir ki, hər iki növün qüsurları vardır və müasir yüksək texnologiyalar bütövlükdə sənaye inkişafının xüsusiyyətinə uyğun deyildir. Çünki onlar insanı tam olaraq sosial müdafiə "çətir"i altına ala bilmirlər. Vətəndaşın həyatı üçün müxtəlif növ təhdidlər və risklər yaranır. Buna görə də K.Şvab "bütün maraqlı tərəflərin kapitalizmi" (ing. Stakeholder capitalism) kimi yeni kapitalizm növünü təklif edir.
Alim "bütün maraqlı tərəflər" dedikdə, cəmiyyətin həm qiymətli kağız mülkiyyətçiləri kəsimini, həm də dövlət nəzarətində olanları nəzərdə tutur. Bu, ümumi anlayışın "patronajlığı" altında müasir cəmiyyətdə yüksək texnologiyaların tətbiqi ilə müəyyən sintez yaranmasına üstünlük verir. Onun konkret forması isə şirkətlər daxilində gəlir-paylanma prinsipinin dəyişməsi vasitəsilə həyata keçir. Belə ki, "maraqlı tərəflərin" kapitalizmini müdafiə edənlər biznesdə yalnız sərmayəçilərin maraqlarının üstünlük təşkil etməməli olduğunu deyirlər. Burada bütün maraqlı tərəflər – sərmayəçilər, müstəqil tərəfdaşlar, iştirakçılar, xarici iştirakçılar və hətta ətraf mühit nəzərə alınmalıdır. Bu məsələ 2019-cu ildə "Business Roundtable"də və 2020-ci ildə K.Şvabın başçılıq etdiyi Davos Forumunda geniş müzakirə edilmişdir.
Mütəxəssislər sosial dövlətin "bütün maraqlı tərəflərin kapitalizmi" adlanan növünü daha perspektivli sayır, bu çərçivədə yüksək rifah cəmiyyətinin formalaşmasını strateji hədəf kimi göstərirlər. Azərbaycan bu müqayisələrin fonunda məhz yüksək rifah cəmiyyətini formalaşdırmağı qarşısına məqsəd qoymuşdur. Bu tezisin işığında Azərbaycanın sosial dövlət olaraq yürütdüyü siyasətin əsas özəllikləri üzərində geniş dayanmağa ehtiyac vardır.
Azərbaycan sosial dövlətdir
Müstəqil Azərbaycan dövlətinin ümumi mahiyyətini Prezident İlham Əliyev yığcam tezisdə dəqiq ifadə etmişdir: "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır".
Burada Azərbaycanın sosial dövlət kimi əsas özəllikləri konkret ifadə olunmuşdur: insan, vətəndaş qayğıları, vətəndaşın problemlərinin ədalətli həlli, vətəndaşın təhlükəsizliyi, insanın xoşbəxtliyi. Vurğulanan faktorların önə çəkilməsi tarixi seçimdir.
Ümumiyyətlə, vurğuladığımız tezisin mahiyyətini sosial siyasətin əsas xüsusiyyətləri fonunda tam dərk edə bilərik. Nəzəri olaraq sosial siyasətin aşağıdakı üç özəlliyi göstərilir:
– Vətəndaşların rifahının dəstəklənməsi;
– həm iqtisadi, həm də qeyri-iqtisadi məqsədlərin əhatə edilməsi;
– insanlararası resursların bərabər bölüşdürülməsi və idarə edilməsinin vacibliyi.
Əgər bu müddəalara sosial dövlət modelləri və müasir kapitalizmin növləri prizmasından baxsaq, bir vacib özəlliyi mütləq nəzərə almalıyıq. Azərbaycanda sosial dövlət nümunəsinin əsası Heydər Əliyev tərəfindən qoyulmuş kurs üzrə aparılmaqdadır. Ulu öndər sosial siyasəti öz rəhbərlik missiyasının prioriteti kimi görürdü. Bu isə ümumilikdə Azərbaycanın dövlətçilik və idarəetmə ənənəsini ciddi nəzərə almaqla müasir yanaşmalar fonunda özəl nümunəsinin yaradılması anlamına gəlir. Burada aşağıdakı bir neçə başlıca faktoru vurğulamaq olar:
– Ölkənin bütün potensialı xalqa məxsusdur;
– milli sərvətlər xalqın bütün təbəqələrinə məxsusdur;
– sosial ədalət prinsipi tam qorunmalıdır;
– əhalinin aztəminatlı hissəsinə dövlət qayğısı daim artırılmalıdır.
Bu prinsiplər fonunda müasir kapitalizmin aksioner, dövlət və "bütün maraqlı tərəflərin kapitalizmi" modelləri ilə müqayisəsindən aydın görünür ki, Azərbaycan özünəməxsus "bütün maraqlı tərəflərin kapitalizmi" modelinə üstünlük verir. Çünki burada hər hansı ayrı-seçkilik yoxdur: ölkənin potensialı xalqındır, milli sərvətlər sərmayəçilər qrupunun deyil, xalqındır, gəlirlərin bölüşdürülməsi üçün sosial ədalətin Konstitusiya səviyyəsində qorunması prioritet şərtdir və əhalinin aztəminatlı hissəsinə (bütün kəsimləri əhatə edən) dövlət qayğısı vacib şərtdir.
Bütün bu özəlliklər ölkənin strateji inkişaf sənədlərində aydın ifadə edilmişdir. Bunlarla yanaşı, Azərbaycanda sosial dövlət quruculuğunun çox vacib iki xüsusiyyəti də Prezident İlham Əliyev tərəfindən müəyyən edilmişdir. Onlar "yaşıl ölkə" və "humanitar dövlət" anlayışlarıdır.
Sosial dövlət sosial-iqtisadi inkişafın Milli Prioritetləri müstəvisində
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı strateji inkişaf sənədində son məqsəd kimi göstərilir ki, "ölkəmizdə qüdrətli dövlət və yüksək rifah cəmiyyəti" yaradılmalıdır. Bu tezisin bir tərəfi güclü dövlət yaratmaqdan ibarətdirsə, digər tərəfi yüksək rifaha qovuşmuş vətəndaş cəmiyyətinin formalaşması ilə bağlıdır. Deməli, sosial dövlət kimi strateji hədəf konkretdir: ümumi yüksək rifah cəmiyyəti yaratmaq!
Bu məqsədə çatmağın üstün istiqamətləri də müəyyənləşdirilmişdir. Onlar sənəddə aşağıdakı kimi formulə edilmişdir:
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı 5 milli prioritet reallaşdırılmalıdır:
– Durmadan artan rəqabətqabiliyyətli iqtisadiyyat;
– dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
– rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
– işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
– təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.
Diqqət etsək görərik ki, milli prioritetlər sosial-iqtisadi xarakterli 5 vacib faktoru harmonik şəkildə özündə birləşdirir. Onlar rəqabətqabiliyyətlilik, inklüziv və sosial ədalət cəmiyyəti, insan kapitalı və müasir texnologiyalar, demoqrafik tarazlığın tam təmini, "yaşıl artım" ölkəsi olmaqdır. İnklüzivlik, sosial ədalət, demoqrafik tarazlıq, insan kapitalı və "yaşıl ölkə" müasir anlamda humanitarlığın başlıca xüsusiyyətləridir. Onu da mütləq vurğulamaq lazımdır ki, müəyyən edilən milli prioritetlərin məzmunu BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik"də müəyyən edilmiş əsas istiqamətlərlə tam səsləşir. Orada isə sosial-iqtisadi və humanitar-inklüzivlik arasında vəhdət vurğulanır. Bundan başqa, Avropa İttifaqının (Aİ) son inkişaf strategiyası da BMT-nin dayanıqlı inkişaf konsepsiyasına uyğunlaşdırılmışdır.
Deməli, dünyanın inkişaf etmiş hissəsində sosial dövlət modeli humanitarlıq və dayanıqlı inkişaf xətti ilə sıx bağlılıqda götürülür. Azərbaycan bu aspektdə də nümunə ola bilər.
Nəhayət, onu qeyd edə bilərik ki, vurğulanan özəlliklər Azərbaycanda real olaraq həyata keçirilən sosial-iqtisadi proqramlarda tam əks olunmuşdur.
Sosial dövlət quruculuğu
Son 20 ildə milli iqtisadiyyat dünyada rekord səviyyədə – 3 dəfədən çox artmışdır. Davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində sahibkarlıq inkişaf etdirilmiş və qeyri-neft sektoru əhəmiyyətli dərəcədə genişlənmişdir. Milli iqtisadiyyata investisiya axını təmin edilmişdir.
Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğu kəskin şəkildə azaltmışdır. Əməkhaqları, pensiya və digər sosial ödənişlər mütəmadi olaraq artırılmışdır. Yeni iş yerləri açılmış və məşğulluq imkanları artmışdır. Əhalinin gəlirlərində ilbəil artım müşahidə edilmişdir. Sosial müdafiə və reabilitasiya əhəmiyyətli yeni müəssisələr şəbəkəsi qurulmuşdur. Sosial təminat sistemi əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Ümumilikdə götürdükdə: "Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət trendləri şərtləndirib ... ".
Bunlardan başqa, Prezident İlham Əliyev hər il müvafiq sərəncamlar imzalamaqla minimum pensiyaları mütəmadi artırır. "Ümumilikdə ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb ... Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq, 5 milyard 907 milyon manata çatıb".
Mütəxəssislər Azərbaycan dövlətinin sosial təminat məsələsinə humanist yanaşmasını da konkret faktlarla göstərirlər. Məsələn, son illər müvafiq qanunvericilikdə humanist yanaşmalar tətbiq edilib: 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək sahələri sırasına yeni 59 vəzifə, peşə əlavə edilib.
Gətirilən faktlar aydın surətdə Azərbaycanın sosial dövlət kimi özəlliklərini nümayiş etdirir. Burada dövlət başçısının daim cəmiyyətin inkişafı üçün göstərdiyi diqqət və qayğı qabarıq surətdə özünü göstərir. Azərbaycan sosial dövlət quruculuğunda nümunədir və şübhəsiz ki, onun təcrübəsindən digər müstəqil dövlətlər də yararlanmalıdırlar!
Kamal ADIGÖZƏLOV