Tarixi Çernobbio bəyanatı kontekstində
III MƏQALƏ
Heç bir ölkəni özünə düşmən hesab etməməlisən.
Heydər ƏLİYEV,
Ümummilli lider
Regional və regionlararası kontekst
Azərbaycanın xarici siyasətinin regional və regionlararası konteksti II Qarabağ savaşından sonra daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Çünki Azərbaycan bir dövlət olaraq artıq yeni səviyyədə siyasət yeritməli oldu. Onun üçün fərqli fəaliyyət mexanizmləri yaradıldı. O cümlədən Azərbaycan üçün regional və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətə ciddi əhəmiyyət verildi.
Bu baxımdan Azərbaycan üçün Qoşulmama Hərəkatı (QH) və Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi əhəmiyyət kəsb edir. Ancaq rəsmi Bakının uğuru onunla bağlıdır ki, regional və regionlararası əlaqələrdə ikitərəfli əməkdaşlıq da mühüm yer tutur. Bu, maraqlı bir situasiyadır. Çünki ikitərəfli əməkdaşlıqda formatından regional təşkilatlarda əməkdaşlığa və sonra regionlararası səmərəli əlaqələrə keçidin praktiki mexanizmini müəyyən etmək asan məsələ deyildir. Nümunə üçün deyək ki, Azərbaycan – Gürcüstan, Azərbaycan – İran və Azərbaycan – Rusiya ikitərəfli əməkdaşlıq formatından bütövlükdə regionu əhatə edən əməkdaşlıq formatına keçid yaradıcı siyasi-diplomatik yanaşma tələb edir.
Azərbaycan bu istiqamətdə nəticəverici fəaliyyət göstərməkdədir. Əsas olaraq burada layihələrə regionun bütün dövlətlərini qoşmaq üsulu seçilmişdir. Ermənistandan başqa, region dövlətləri Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə iştirak edirlər. Bu prosesin əhatə dairəsi enerji, ticarət, nəqliyyat-logistika və kommunikasiyaların bütün növləridir.
Rəsmi Bakının regional miqyasda həmin istiqamətlərdə fəaliyyəti Cənubi Qafqazda ciddi dəyişikliklər etmişdir.
Birincisi, enerji sferasında çoxşaxəli layihələr faktiki olaraq regional infrastruktur yaratmışdır.
İkincisi, nəqliyyat-loqistika aspektində Cənubi Qafqaz Azərbaycanın səyləri nəticəsində müxtəlif istiqamətlərdən gələn yolların kəsişmə sahəsinə çevrilmişdir. Bura Şərq – Qərb, Şimal – Cənub, Cənub – Qərb kimi istiqamətlər daxildir. Bütövlükdə isə Azərbaycan həmin marşrutları Orta dəhliz layihəsi ətrafında birləşdirə bilmişdir.
Üçüncüsü, Azərbaycan ikitərəfli təhlükəsizlik sazişlərini vahid regional miqyasda birləşdirmişdir.
Bununla rəsmi Bakı ikitərəfli əməkdaşlıq formatlarını vahid platformada regional əməkdaşlıq platformasına çevirmişdir.
Eyni xətt regionlararası əlaqələrə də tətbiq edilməkdədir. Özü də burada Qərb istiqaməti ilə Şimal və Şərq istiqamətlərinin tarazlığı gözlənilir. Azərbaycan eyni məntiqlə Mərkəzi Asiya, Uzaq Şərq və Avropa ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Onları bir-biri ilə sıx əlaqəli şəkildə qurur. Prezident İlham Əliyevin son İtaliya səfərində ifadə etdiyi aşağıdakı fikirlər məhz bu kostekstdə dərk edilməlidir: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”. Burada Prezident İlham Əliyev İtaliya ilə münasibətlərin bir neçə vacib məqamını vurğulamışdır.
Birincisi, Azərbaycanla İtaliya münasibətlərini strateji tərəfdaşlıq formatında qurmuşlar. Bununla bağlı müvafiq sənədin 2014-cü ildə imzalanmasına baxmayaraq 2005-2014-cü illərdə mütəmadi təmaslar olmuşdur. Deməli, ən azı 10 il iki dövlət arasında əlaqələr qurulmuş, onlara konkret məzmun verilmişdir. Həmin illərdə Azərbaycanın Avropa istiqamətində həyata keçirdiyi layihələrə nəzər salsaq, münasibətlərin möhkəm təməlinin yaranmasında Bakının incə bir şəkildə regional miqyasda əlaqələri Avropa istiqamətində İtaliya nümunəsinə uğurlu proyeksiya etdiyinin xüsusi rol oynadığını görərik.
Konkret olaraq, 2005-2014-cü illər ərzində Azərbaycan Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Ərzurum, Bakı – Supsa kimi layihələri həyata keçirmiş və faktiki olaraq Avropa istiqamətində əməkdaşlıq şəbəkəsini yaratmışdır. Bu baxımdan İtaliya ilə ikitərəfli əməkdaşlığın konkret proqramlar üzrə inkişafı 2014-cü ildə strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ilə nəticələnmişdir.
İkincisi, ikitərəfli əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Bu da onu ifadə edir ki, Azərbaycan öncədən İtaliya ilə əməkdaşlığa, bütövlükdə, Cənubi Qafqaz – Avropa əlaqələri kontekstində baxmışdır. Söhbət faktiki olaraq regionlararası əlaqələrin təşkili və inkişafından gedir.
Üçüncüsü, müntəzəm siyasi təmaslar yaxın siyasi tərəfdaşlığın təminedici mexanizmidir. Bu da geniş sahədə və məkanda qarşılıqlı əlaqələrin regionlararası miqyasa transformasiyası deməkdir.
Bütün bu fəaliyyətin təməlində əldə olunan nəticələr durur. Prezident İlham Əliyev bu barədə Çernobbioda demişdir: “Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”.
Əgər bunları ümumiləşdirsək, belə bir nəticə alarıq ki, Avropa Birliyinin 10 üzvünün Azərbaycanın strateji tərəfdaşı olması sistemli, davamlı və şoxşaxəli siyasətin nəticəsidir. Bu, faktiki olaraq, Bakının regional miqyasda siyasi xəttini uğurla regionlararası miqyasa transformasiya etməsi nümunəsidir. Maraqlı fakt ondan ibarətdir ki, bu prosesdə Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti, xüsusilə 4 il ona sədrlik etdiyi dövrdə həyata keçirdiyi proqramlar əminlik yaratmışdır ki, bizim ölkə yaxşı nəticələr əldə edə biləndir.
Qlobal arena
“2-ci Çernobbio bəyanatı”nda yer almış başqa əhəmiyyətli məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev Azərbaycanın “qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışdığını” və bu əsasda “qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulmasının mümkünlüyünü” vurğulamışdır. Bu, o deməkdir ki, Azərbaycan artıq qlobal miqyasda proseslərə təsir edə bilir. Bu, bağlılıqda iki faktı göstərə bilərik.
Birincisi, Azərbaycanın enerji layihələri geniş bir məkanda enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi üzvi surətdə birləşdirə bilmişdir. Onu da deyək ki, Avropa istiqamətində məhz İtaliya ilə olan əlaqələr bu prosesə xüsusi dinamika vermişdir.
İkincisi, Azərbaycan, bütövlükdə, Avropa üçün kritik olan vəziyyətdə belə, enerji təhlükəsizliyini milli təhlükəsizliyin təmininə yönəldə bilir. Bunu Prezident İlham Əliyevin Çernobbioda ifadə etdiyi aşağıdakı fikilərindən aydın görə bilərik: “Burada deyə bilərəm ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, – bu isə dekabr ayına təsadüf edəcək, – bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır”.
Bunu “2-ci Çernobbio bəyanatı”nın ən vacib məqamlarından biri hesab edirik. Çünki söhbət faktiki olaraq rəsmi Bakının bir neçə region üçün əhəmiyyəti olan bir funksiyanı yerinə yetirə bilməsindən gedir. Rusiya, Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Avropanı əhatə edən məkanda Bakı əlaqələndirici rolunu oynayır.
Daha güclü Azərbaycan uğrunda
İtaliya ilə əməkdaşlığın inkişaf dinamikası göstərir ki, Azərbaycan ikitərəfli əməkdaşlıqdan çoxtərəfli əməkdaşlıq platformalarına keçidi, bütövlükdə, regionlararası miqyasda yeni geosiyasi düzən yaratmaq kontekstində reallaşdırır. Bu prosesin Azərbaycan üçün üç mühüm nəticəsi ola bilər.
Birincisi, Azərbaycan bir neçə regionda geosiyasi prosesləri müsbət konstruktiv məcraya yönəldən əsas gücə çevrilə bilər. Bunun üçün Bakının Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi səmərəli təsir vasitəsi vardır. Əsas məsələ bu iki təşkilatdakı fəaliyyəti vahid məqsəd fonunda əlaqələndirməyi bacarmaqdan ibarətdir.
İkincisi, Azərbaycan Avropa ilə Asiya arasında enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi sintez edə bilən dövlət statusuna yüksələ bilər. İlk baxışdan bir qədər ümumi görünən bu məqam reallıqda kifayət qədər dinamik fəallıq tələb edir. Görünür, burada daim yeni layihələr irəli sürmək və onların həyata keçməsini təmin etmək istiqaməti üstünlük təşkil etməlidir. Onu da nəzərə almaq lazımdır ki, geniş bir məkanda ziddiyyətlər həmişə olacaqdır. O baxımdan Azərbaycan təşəbbüskar olmaqda davam etməlidir.
Üçüncüsü, Azərbaycan daha güclü müstəqil dövlət olmaq istiqamətində davamlı addımlar atır. Rəsmi Bakı ölkənin sosial, iqtisadi, energetik, hərbi, müdafiə və təhlükəsizlik aspektlərində güclənməsini uğurla regional və regionlararası miqyasa transformasiya edə bilir. Bu da yaxın gələcəkdə Azərbaycanın qlobal miqyasda aktor olmasını təmin edəcəkdir.
“2-ci Çernobbio bəyanatı”nın məzmunundan alınan bir neçə qənaət göstərir ki, ölkə faktiki olaraq növbəti mühüm transformasiya mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə başlıca özəllik Azərbaycanın regionlararası miqyasda təsiredici gücə çevrilmək imkanlarının yaranmasından ibarətdir.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru