Azərbaycan turizmi COP 29-a necə hazırlaşır?

post-img

Beynəlxalq iqlim məclisi ölkəmizə səyahət imkanlarını yüksək səviyyədə tanıdacaq

Bu ilin noyabr ayında Bakıda ke­çiriləcək Birləşmiş Millətlər Təşkila­tının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı­nın 29-cu sessiyası ərəfəsində müvafiq qurumlar ölkədə və xaricdə çoxsaylı tədbirlər həyata keçirir. Bu mötəbər tədbirə turizm sektoru da ciddi ha­zırlaşır. İqlim konfransı çərçivəsində paytaxtımıza onminlərlə qonağın gələ­cəyi gözlənilir. 

Turizm sektorunda COP29-a hazırlıq­la bağlı yeniliklər barədə Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qa­sımovdan XQ üçün müsahibə aldıq. 

– Kənan müəllim, əsasən, iqlim dəyi­şikliyinə və onun nəticələrinin minimu­ma endirilməsinə istiqamətlənən COP29 kimi beynəlxalq aksiyanın turizm sekto­ru ilə bağlılığı özünü nədə göstərir?

– Turizm dünya iqtisadiyyatının aparı­cı istiqamətlərindən biri kimi il ərzində yüz milyonlarla insanın yaşayışını təmin edir. Pandemiyadan əvvəl, 2019-cu ildə turizm dünyada ÜDM-nin 4 faizini təşkil edirdi. Bir sıra ölkələrin və cəmiyyətlərin əsas gəlir mənbəyi kimi turizm sahəsi ildən-ilə inki­şaf edir. Dünya üzrə səyahətlərin və turizm fəaliyyətlərinin miqyası artdıqca onun iqlim dəyişikliyi ilə mübarizədə rolu da artır. 

Turizm sektoru iqlim dəyişikliyindən təsirlənən həssas sahələrdən biri olmaqla yanaşı, ekoloji mübarizəyə nəzərəçarpan “töhfə” verən sahələrdəndir. Belə ki, tu­rizm fəaliyyətləri dolayı və birbaşa yolla emissiyanı artırır. Hazırda turizmin qlobal karbon emissiyasında birbaşa, dolayı və dəyər zənciri üzrə payı 8-dir. Xüsusi qa­baqlayıcı tədbirlər görülməzsə, 2030-cu ilədək bu rəqəmin 25 faizə çatması proq­nozlaşdırılır. Dünya üzrə səyahətlərin sayı­nın getdikcə artması bu sahədə təxirəsalın­maz tədbirlərin görülməsini zəruri edir. 

Təəssüf ki, indiyədək COP tədbirlə­ri çərçivəsində turizmin iqlim dəyişikli­yində roluna xüsusi diqqət ayrılmayıb. Bu baxımdan COP26 çərçivəsində qəbul olunan “Turizm sahəsində İqlim Fəaliy­yəti üzrə Qlazqo Bəyannaməsi”ni hələlik ən ciddi uğur hesab etmək olar. Hazırda sənədi 850-dən çox dövlət, özəl və qey­ri-hökümət təşkilatı imzalayaraq müvafiq tədbirlər həyata keçirir. Bəyannamənin əsas hədəfi 2030-cu ilədək turizm sektoru üzrə emissiyaların 50 faizədək azaldılma­sı, 2050-ci ilədək isə xalis sıfır emissiya­sına nail olmaqdır. COP29 çərçivəsində biz Qlazqo bəyannaməsinə dəstək olaraq, daha səmərəli fəaliyyətlərin həyata keçiril­məsi üçün “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üçün Qlobal Tərəfdaşlıq” təşəbbüsü ilə çıxış edəcəyik. 

– COP29-un gündəliyinə daxil edilən məsələlər sırasında turizm necə təmsil olunacaq?

– COP29-un ev sahibi kimi Azərbay­canın görəcəyi işlərə dəstək vermək, daha çox tərəfdaş cəlb etmək və bu sahədə cid­di nəticələr əldə etmək üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. COP29-un Fəaliyyət Gündəliyinin 14 təşəbbüsü sırasında indiyə qədər keçirilən COP tədbirləri üzrə ilk dəfə “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üçün Qlobal Tərəfdaşlıq” bəndinə yer verilib. Konfransın 20 noyabr gündəliyində “Tu­rizm günü” xüsusi qeyd edilib.

COP29 tədbiri zamanı “Turizm günü” çərçivəsində bir sıra vacib tədbirlərin ke­çirilməsi nəzərdə tutulur. Tədbirlər zamanı sahə üzrə emissiyaların ölçülməsi, karbon­suzlaşma tədbirlərinin həyata keçirilməsi, turizm təcrübələrinin yenidən dizayn edil­məsi, maliyyələşmə imkanları kimi strateji istiqamətlər hərtərəfli müzakirə ediləcək. 

“Turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üçün Qlobal Tərəfdaşlıq” təşəb­büsü çərçivəsində 2015-ci ildə COP21-in nəticəsi olaraq qəbul edilən Paris Sazi­şinə tərəf çıxan ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinin yenilən­məsi prosesində turizm sahəsinin daha geniş şəkildə əks etdirilməsi məsələsi də gündəmə gətiriləcək. Qeyd edək ki, BM Turizmin apardığı xüsusi təhlil nəticəsində müəyyən edilmişdir ki, dünya üzrə təqdim olunan 191 MSMET-dən 101-də (53 faiz) turizm sektoruna da istinad olunur. Bu 101 MSMET-nin 50 faizi turizmi ölkənin iq­tisadiyyatı üçün vacib sektor kimi vurğu­layır, 56 faizi turizmi iqlim dəyişikliyinə həssas sahə kimi tanıyır, 64 faizi sektoru iqlim dəyişikliyinə uyğunlaşma, 36 faizi isə mitiqasiya tədbirlərinin tərkib hissəsi olaraq qeyd edir. Bu göstəricilər turizm sahəsinin qlobal iqtisadiyyatda və İstixana Qazları Emissiyalarında payını nəzərə ala­raq MSMET-də daha geniş və əhatəli şə­kildə əks etdirilməsinin zəruriliyinə diqqət çəkir.

“Turizm sahəsində İqlim Fəaliyyəti üzrə Qlazqo Bəyannaməsi”nin icrası pro­sesində milli turizm qurumlarının daha fəal və həlledici rol oynaması məqsədilə sahə üzrə məsul nazirlərin və digər yük­sək səviyyəli dövlət nümayəndələrinin Bakıda iclasının keçirilməsi də planlaş­dırılır. Yekunda COP29 Sədrliyinin Fəa­liyyət Gündəliyində yer alan turizm üzrə xüsusi təşəbbüsün uğurlu icrası məqsədilə Bakı Bəyannaməsinin qəbulu gözlənilir. Bu sənədin qəbulu ilə turizm sahəsi üzrə məsul təşkilatların və dövlət qurumlarının istər yeni nəsil MSMET-də turizm sahə­sinin daha geniş şəkildə əks etdirilməsi, istərsə də turizm sahəsində İqlim Fəaliy­yəti üzrə Qlazqo Bəyannaməsinin icrası istiqamətində milli turizm qurumlarının nümunəsində dövlətlərin fəal rol alması məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşviqi hədəflənir. 

İnanırıq ki, ölkəmizdə keçirilən COP29 çərçivəsində turizm üzrə təşəbbüsün mü­zakirəsi növbəti COP tədbirləri üçün yeni ənənə yaradacaq. Bakı konfransı dünya iqtisadiyyatının vacib istiqamətlərindən olan turizmin iqlim dəyişikliyinə qarşı mü­barizədə rolunu artırmağa, eləcə də iqlim dəyişikliyinin bu sektor üzərində mənfi tə­sirlərinin azaldılmasına öz töhfəsini verə­cək. Nəhayət, COP tarixində xüsusi Bakı irsi formalaşacaq.

– Dövlət Turizm Agentliyi və ölkə turizm sənayesi COP29 tədbirinə necə hazırlaşır?

– Texniki və təşkilati baxımdan turizm sənayesinin COP29 kimi mühüm tədbirin yüksək səviyyədə keçirilməsini təmin et­mək məqsədilə tam hazırlıqlı vəziyyətə gətirilməsi istiqamətində işlər davam edir. Azərbaycana bu tədbirlə əlaqədar səfər edəcək qonaqların rahat yerləşdirilməsi üçün mayın 23-dən vahid onlayn rezervasi­ya platforması istifadəyə verilib. Rezerva­siyaların qəbulu davam edir. “COP29-ac­commodation.bnetwork.com” ünvanında yerləşən platformada hər bir ulduz dərəcə­sinə uyğun hotellər və yaşayış kompleks­ləri təqdim edilir. Yerləşdirmənin ümumi həcmi və növləri, təhlükəsizlik, logistika baxımından əlçatanlığı və qonaqlara xid­mətlə bağlı digər sahələr beynəlxalq təcrü­bəyə və meyarlara əsaslanır.

Agentlik Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən artıq yerləşmə obyek­tinin auditini həyata keçirib. Onlardan 207-si təsnifatdan keçirilərək ulduz dərə­cəsi əldə edib. Təsnifatdan keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün vaxt verilib və onların təkrar auditi davam edir. Dövlət Turizm Agentliyi re­gionlarda fəaliyyət göstərən yerləşmə ob­yektlərinin də monitorinqini aparıb. Ulduz dərəcələrinin təyin edilməsi ilə bağlı işlə­rin icrası nəzərdə tutulur.

Xidmət keyfiyyətinin artırılması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən ho­tellərin 2 minə yaxın personalına peşə tə­limləri, eləcə də mətbəx idarəedilməsi ilə bağlı təlimlər keçirilir. Hotel və restoranlar üçün veqan və vegetarian menyular hazır­lanıb. Agentlik hotellərdə qastronomiya təlimlərinin keçirilməsi üzrə işləri davam etdirir.

Bundan əlavə, 200 turizm bələdçisinin sertifikatla təmin olunmaları, minə yaxın turizm könüllüsünün müvafiq hotellərə təhkim edilməsi üzrə də tədbirlər keçiri­lir. Milli park və qoruqların ərazisindəki təbiət və mədəniyyət abidələrində abadlıq işlərinin həyata keçirilməsi, infrastruktu­run yenilənməsi, qeyd olunan ərazilərə tur proqramların hazırlanması fəaliyyətləri də davam edir.

COP29 Azərbaycanın tarixi, milli- mə­dəni irsin tanıdılması ilə yanaşı, ölkəmizin ekoturizm, aqroturizm, məsuliyyətli və dayanıqlı turizm kimi yeni bir sahədə də geniş potensialı haqqında məlumatların ar­tırılmasına töhfə verəcək.

Ümumilikdə, turizmdə dayanıqlılıq məsələsi agentliyin xüsusi diqqətində­dir. Ötən ilin noyabrında Ümumdünya Səyahət və Turizm Şurasının Ruandanın Kiqali şəhərində keçirilən “Dayanıqlı gələ­cəyə körpülərin qurulması” mövzusunda Qlobal Sammitində Azərbaycanın Dünya Səyahət və Turizm Şurasının rəsmi desti­nasiya tərəfdaşı seçilməsi heç də təsadüfi deyil. Azərbaycan bu tərəfdaşlığı ilə hotel­lər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini ehtiva edən “Hotellər üçün Dayanıqlı Əsaslar” üzrə proqrama da üzv olub.

Bu ilin aprel ayında Stokholmda ke­çirilən “Dayanıqlı Turizm” konfransında Dövlət Turizm Agentliyi Qlobal Daya­nıqlı Turizm Şurasına üzv qəbul olunub, Azərbaycan Turizm Bürosu və Şura ara­sında Anlaşma Memorandumu imzalanıb. Razılaşmaya əsasən, dayanıqlı turizmin inkişafına dəstək göstərmək, qlobal daya­nıqlı turizm standartlarını milli səviyyəyə uyğunlaşdırmaq və ölkəmizdə bu sahədə mövcud beynəlxalq meyarları tətbiq etmək nəzərdə tutulur.

Bütövlükdə, COP29-un ölkəmizdə keçirilməsini turizm imkanlarının təbliğ edilməsi və sahənin müsbət imicinin for­malaşdırılması, biznes və işgüzar potensia­lının tanıdılması üçün əlverişli fürsət kimi qiymətləndiririk. COP29 kimi tədbirlər beynəlxalq standartlara uyğun xidmətin təşkili üzrə təcrübənin formalaşmasına, turizm sənayesi ilə əlaqəli olan kiçik və orta sahibkarlığın inkişafına da mühüm töhfələr verir. 

Belə beynəlxalq toplantılar xidmət key­fiyyətinin artırılması ilə birgə, göstərilən xidmətlərin çoxalmasına və çeşidliliyə sə­bəb olaraq turizm sənayesinin inkişafına təkan verir. Ölkəmizin bir sıra irimiqyaslı beynəlxalq tədbirlərə, müsabiqələrə evsa­hibliyi etmək təcrübəsi yüksəkdir. Müva­fiq infrastruktur, təşkilati və texniki baza COP29-un da ən yüksək səviyyədə təşkil olunmasına imkan yaradır.

Müsahibəni hazırladı:
Zərifə HÜSEYNOVA
XQ

Müsahibə