Bu günlərdə müsəlman Şərqində ilk parlamentli respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümü tamam olur. Tarixi Azərbaycan torpaqlarının Araz çayından şimaldakı hissəsində milli cümhuriyyət qurulması bu ərazidə 1 əsr əvvəl rus işğalı nəticəsində dövlətçiliyini itirmiş xalqımızın milli taleyində misilsiz hadisə olmuşdu. Bu mövzuda müsahibimiz görkəmli tarixçi alim, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.
– 23 aylıq mövcudluqdan sonra – bolşevik Rusiyasının AXC-ni süquta uğratmasından sonrakı kommunist epoxasında bu şanlı tarix tamamilə unutdurulmuş, milli hökumətin mövcudluğuna şahidlik edən fakt və sənədlər gizlədilmiş və məhv edilmişdi. Sovet imperiyası çökdükdən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli tarix elmimiz, ilk növbədə, Xalq Cümhuriyyəti ilə bağlı gerçəkləri ümumxalq yaddaşına qaytardı.
– Tarixin pozulmaz qanunu var: zorla yaradılan və zülmə əsaslanan hər şey gec-tez çökür, yox olub gedir. Kommunistlər əsarət altına saldıqları insanları və xalqları 70 il öz hakimiyyətlərinin əbədi olmasına inadırmağa çalışmış, buna keçmişi, tarixi həqiqətləri unutdurmaq yolu ilə gerçəkləşdirmək istəmişdilər. 1920-ci ilin 28 aprelində bolşevik Rusiyası Azərbaycanı işğal etdikdən sonra AXC liderlərinə divan tutmuş, milli hökumətin tarixinin üstünə qara pərdə çəkmişdilər.
Çağdaş Azərbaycan tarixşünaslığı bu ədalətsizliyi mükün olduğu qədər aradan qaldırmış, AXC-nin şanlı, öyünclü tarixini xalqımıza qaytarmışdır. AMEA Naxçıvan bölməsində də xalqımızın dövlətçilik tarixi, istiqlal mübarizəsi və AXC-nin fəaliyyətinin müxtəlif istiqamətləri və mövzuları üzrə silsilə araşdırmalar arparılmış, dəyərli əsərlər yaradılmışdır. Məqsədimiz zədələnmiş, pozulmuz milli yaddaşı bərpa etməyə elmi yardımçı olmaqdır.
Tarixi həqiqət budur ki, 105 il əvvəl xalqımız Rusiya imperiyasının işğalından yaxa qurtararaq, nəhayət, öz müstəqil dövlətinə sahib olmuş, qədim dövlətçilik ənənələrini bərpa edərək, sivil dövlət təsisatlarının formalaşdırılmasına, hakimiyyətin hər üç qolunun–qanunverici, icraedici və məhkəmə hakimiyyətinin yaradılmasına nail olmuşdu. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq dünyəvi, parlamentli müstəqil demokratik respublika yaranmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması xalqımızın XIX əsrin sonu və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğularından qaynaqlanan milli oyanışı ilə bağlıdır.
– Zülm və əsarət imperiyası olmuş çar Rusiyasının yıxılması tarixi ədalət sayılsa da, onun yerində zorakılıqla yaradılmış bir səltənət qurulsa da, tarix Azərbaycan xalqına qısa müddətdə nicat şansı da vermişdi.
– Çar Rusiyasının yuıxılması imperiya xalqlarının arzu və mübarizəsinin nəticəsi olsa da, bolşeviklər çevriliş yolu ilə hakimiyyətə gəlib həmin ərazidə daha qəddar bir səltənət qurmuşdular. Onlar bu məqsədlərinə çatana qədər Qafqazda 3 cümhuriyyət meydana gəlmişdi. 1917-ci ilin ilin oktyabrında bolşevik-sovet hökuməti Müəssislər Məclisini qovduqdan sonra Cənubi Qafqazdan seçilən deputatlar Tiflisdə toplanaraq Zaqafqaziya Seymini, aprel ayında isə Zaqafqaziya Federativ Respublikasını yaratmışdılar. Lakin fraksiyalar arasında mübarizə Seymin dağılmasına və respublikanın süqutuna gətirib çıxardı. Respublikanın süqutu və seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrimişdi.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və 6 bənddən ibarət İstiqlaliyyət Bəyannaməsi qəbul edildi.
– Çar Rusiyası dövründə Qafqazın mərkəzinə çevrilmiş Tiflisdə elan olunmuş müstəqil Azərbaycan dövlətinin ilk addımdan ölkəmizin baş mədəni mərkəzi sayılan Bakıda fəaliyyət göstərməsi ağrılı bir tarixçə olmuşdu.
– O zaman Bakı erməni-daşnak və rus-bolşevik hərbi-siyasi qüvvələrinin nəzarəti altında idi. Buna görə də liderlərinin əksəriyyətinin bundan əvvəl Bakıda fəaliyyət göstərmiş olduğu milli hökumətin bu şəhərə köçürülməsi mümkün olmamışdı. Azərbaycan Milli Şurası və Milli hökuməti iyun ayının 16-da (1918) Tiflisdən Gəncəyə köçmüşdü və sentyabrın 15-dək burada fəaliyyət göstərmişdi.
İstiqlaliyyət Bəyannaməsinin verildiyi ilk gündə Milli Şuranın tapşırığı ilə Fətəli xan Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət Cümhuriyyətin ilk hökumət kabineti təşkil edildi. Azərbaycan Milli hökumətinin ilk böyük uğuru 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsinin bağlanması oldu. Bu müqavilə əsasında Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Batum müqaviləsinin IV maddəsi yeni yaranmış dövlətimiz üçün həyati əhəmiyyətə malik idi.
İyun ayının 17-də Milli Şura səlahiyyətlərini yeni qurulan Müvəqqəti Hökumətə verdi. İkinci hökumət kabinetinin əsas vəzifəsi hakimiyyəti ölkənin bütün ərazisinə yaymaq və Bakı şəhərini düşmənlərdən azad etməkdən ibarət idi. Fətəli xan Xoyskinin başçılıq etdiyi Milli Hökumət bir sıra tədbirlər həyata keçirdi. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.
1918-ci il 24 iyun tarixli qərarla üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq, Cümhuriyyətin Dövlət Bayrağı təsdiq edildi. Noyabr ayının 9-da bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. İyunun 26-da milli ordu yaradılmağa başlandı. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Hökumətin 1918-ci il 11 avqust tarixi fərmanı ilə “Ümumi hərbi səfərbərlik” haqqında qanun qəbul edildi. 19 yaşından 24 yaşınadək müsəlman gənclər ordu sıralarına çağırıldı. Sentyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski eyni zamanda hərbi nazir oldu. General Səməd ağa Mehmandarov isə nazir müavini təyin edildi.
– Bu arada AXC-yə düşmən kəsilmiş daşnakxislət bolşevik Şaumyanın rəhbərlik etdiyi oyuncaq Bakı Xalq Komissarları Soveti Gəncə üzərinə qoşun yeritdi.
– Onlar dəstəyi Rusiya bolşeviklərindən almışdılar. Tapşırıq bu idi ki, AXC Bakıya buraxılmasın, beşiyindəcə məhv edilsin. İyunun 27-dən iyulun 1-dək Göyçay yaxınlığında baş vermiş döyüşdə Bakı XKS-nin qoşunları darmadağın edildi. Bu məğlubiyyət Bakı XKS-nin süqutunu sürətləndirdi.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan könüllü hərbi dəstəsi Bakını düşməndən azad etdi. Sentyabrın 17-də Azərbaycan hökuməti tam heyətdə Bakıya köçdü. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti əsl paytaxtda qərarlaşdı. 1918-ci il noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabrın 19-da Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdi.
Azərbaycan Parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də keçirildi. Hüquqşünas və tanınmış siyasi xadim, Rusiya türk-müsəlmanılarının lideri Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri, Həsən bəy Ağayev isə onun müavini seçildi. İlk Azərbaycan Parlamenti öz dövrünün demokratik əsaslarda təşkil edilmiş ali qanunverici orqanı idi. Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarlar ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
İngilislər özlərinin nəzarəti altında olan sahələri milli hökumətin ixtiyarına verdi. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğu ləğv edildi. Onlar avqustun axırlarınadək Azərbaycan ərazisini bütünlüklə tərk etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin IV və V hökumət kabinetinə (14 mart 1919–1 aprel 1920) “Müsavat partiyasının liderlərindən biri Nəsib bəy Yusifbəyli başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir şəraitdə fəaliyyət göstərmişdir Azərbaycanın ümumi ərazisi 113,9 min kv. km-ə çatırdı ki, burada 3,3 milyon nəfərə yaxın əhali yaşayırdı. Mübahisəsiz ərazisinin sahəsi 97,3 min kvadratkilometr, qonşu Gürcüstan və Ermənistanla mübahisəli sayılan ərazisi isə 16,6 min kvadratkilometr idi.
– Qərbi Azərbaycanda elan edilmiş Ermənistan dövləti öz xalqının taleyinə sahib çıxmaq əvəzinə, qonşuluğa xəyanət edərək müstəqil Azərbaycanla düşmənçiliyə başladı. “Böyük Ermənistan” arzusu ilə yaşayan ermənilər Azərbaycanın qədim torpaqları olan Zəngəzur, Qarabağ və Naxçıvanı təcavüz hədəfinə çevirdi.
– Cümhuriyyət hökuməti Qarabağı erməni təcavüzündən qorumaq və bu bölgədə qayda-qanun yaratmaq üçün 1919-cu il yanvarın 15-də Qarabağ general qubernatorluğunu yaratdı. Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları general qubernatorluğun tərkibinə daxil edildi. Xosrov bəy Sultanov general-qubernator təyin edildi. X. Sultanovun qətiyyətli tədbirləri nəticəsində Andronikin və digər daşnak qüvvələrinin Qarabağa quldur basqınlarına son qoyuldu və separatçı qüvvələr buradan çıxarıldı. Qarabağda və onun dağlıq hissəsində Azərbaycanın suveren hüquqları təmin olundu.
Ermənistan Respublikası yaranan kimi ermənilər onlara yaxınlıqda yerləşən Naxçıvan torpaqlarına təcavüzə başladılar. Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci ilin noyabrın 18-də Araz–Türk Respublikasını yaratdılar. Araz-Türk Respublikası Naxçıvanın daşnak hücumlarından qorunmasında mühüm rol oynadı və Azərbaycanla birləşmək üçün yollar axtarırdı. Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanı qorumaq üçün imkanı daxilində köməklik edir, danışıqlar aparırdı. Beləliklə, erməni daşnaklarının Naxçıvan torpağını zorla Azərbaycandan ayırmaq cəhdləri boşa çıxır.
Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitlə üzləşsə də ölkənin sosial-iqtisadi həyatı, milli-mədəni quruculuq sahələri ilə bağlı çoxsaylı işlər həyata keçirmişdi. İlk tədbirlər sırasında gömrük xidməti yaradılmış, azad ticarətə şərait yaratmış, neft sənayesini dirçəltmək üçün əks-milliləşdirmə tədbirlərinə əl atılmış, xarici şirkətlərlə sazişlər bağlanmış, maliyyə siyasəti həyata keçirilmişdi. AXC hökuməti “Bakı bonu” adlandırılan milli pul vahidini dövriyyəyə buraxmış, sosial siyasətlə bağlı proqram hazırlayıb tətbiq etmiş və digər zəruri tədbirləi gerçəkləşdirmişdi.
Eyni ilə bu dəyişikliklər mədəni-quruculuq sahəsində də uğurla yerinə yetirildi. Təhsil müəssisələri milliləşdirildi, Azərbaycan dili məktəblərdə məcburi fənn kimi tətbiq edildi, bir sıra yer adları dəyişdirildi, “Rusiya tarixi” əvəzinə “Türk xalqlarının tarixi” fənni tədris edilməyə başlandı, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü. Bakı Dövlət Universiteti yaradıldı, ali təhsilli milli kadrların hazırlanmasına başlanıldı, 100 nəfər azərbaycanlı gənc xarici ölkələrdə təhsil almaq üçün göndərildi. Milli kitabxana açıldı, Azərbaycan Teleqraf Agentliyi, Azərbaycan radiosu, Azərbaycan Dövlət Türk Opera Dram Teatrı yaradıldı və s. AXC-nin tanıdılması üçün fəal siyasi-diplomatik iş aparıldı.
Bütün bunlara baxmayaraq., 23 aydan sonra erməni daşnaklarının vasitəçiliyi, Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu.
Tarixi ədalət yenidən zorakılıqla pozuldu. Azərbaycan Parlamenti aprel ayının 27-də rus ordusunun təzyiqləri altında hakimiyyətin Azərbaycan müsəlman kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etməyə məcbur edildi. Azərbaycan Xalq Cümhuriyyəti uğursuz sonluğa baxmayaraq, xalqımızın tarixində mühüm rol oynadı. Cümhuriyyətin yaranması ilə Azərbaycan XIX əsrin əvvəllərində itirdiyi dövlətçiliyi yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranışı bütün Müsəlman Türk Dünyası üçün çox əlamətdar hadisə idi. Azərbaycan xalqının milli azadlıq hərəkatı nəticəsində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti xalqımızın tarixində və taleyində dönüş məqamı idi. Cümhuriyyətin zorakı yolla süqutu isə xalqımızın zorla xoşbəxtliyə qovuşdurulması kimi qələmə verildi.
Nəhayət, 70 ildən sonra – 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu ümumxalq iradəsi ilə təsdiqləndi.
– Maraqlı müsahibə üçün təşəkkür edirik.
Söhbəti hazırladı:
Tahir AYDINOĞLU, “Xalq qəzeti”