“Startap”çı KOB-ların sayı 210-a çatıb

post-img

Biznes layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən “Startap” şəhadətnaməsi almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) edilən müraciətlərin sayında artım müşahidə olunur.

Bu yaxınlarda KOBİA-da “Startap” şəhadətnaməsinin verilməsi üzrə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında kiçik və orta biznes subyektlərindən daxil olmuş 7 müraciətə baxılıb. Nəticədə, 4 kiçik və orta biznes subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da, ölkədə “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 210-a çatıb. Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, “Startap” şəhadətnamələri “Smart Soft and Services” MMC-nin “Whatsapp” üzərindən avtomatlaşdırılmış müştəri ünsiyyəti və marketinq həlləri təqdim edən platforması, “Simic App” MMC-nin bizneslər üçün Aİ əsaslı platforması, “Mediatrends” MMC-nin intellekt əsaslı media monitorinq və təhlil sistemi və “Builders and Realtors Unity” MMC-nin beynəlxalq təchizat və şəbəkə platforması layihələri üçün təqdim edilib.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

 

İqtisadiyyat