Xəzərin Azərbaycan sektorunda bir sıra iri neft və qaz layihələrinin operatoru olan BP şirkəti ölkəmizdə, eləcə də ixrac kəmərlərinin keçdiyi ölkələrdə çoxsaylı sosial sərmayə proqramları icra edir. Bundan da məqsəd region ölkələrinin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaqdan ibarətdir.
Əvvəlki dövrlərdə olduğu kimi, 2025-ci ilin birinci rübündə də BP və tərəfdaşları Azərbaycan, Gürcüstan və Türkiyədə mühüm sosial investisiya layihələrinin həyata keçirilməsini davam etdirib. Həmin layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
Cari ilin ilk rübündə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda belə sosial investisiya layihələrinə 0,4 milyon dollardan çox vəsait xərcləyiblər. Rüb ərzində bu layihələrə hazırda davam edən 16 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə daxil idi.
Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından ölkəmizdə sponsorluq etdiyi layihələrə birinci rüb ərzində 0,2 milyon dollardan çox vəsait xərcləyib. Bunlara hazırda davam edən 13 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 3 konfrans və seminara dəstək olmaqla, ümumilikdə, 22 layihə daxildir.