Paytaxt Ulu öndəri ehtiramla anır

post-img

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paytaxt Bakının idarə və təşkilatlarında, elm, təhsil və mədəniyyət müəssisələrində çoxsaylı anım mərasimləri, aksiyalalar keçirilir. Tədbirlərdə Ulu öndər böyük ehtiramla yad edilir, xalq və Vətən qarşısında tarixi xidmətləri xatırlanır.

Daxili İşlər Nazirliyi

DİN-in əməkdaşları və hərbi qulluqçuları Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində keçirdiləri növbəti ağacəkmə kampaniyasını Ümummilli liderin anadan olmasının 102-ci ildönümünə həsr ediblər.

Əvvəlcə polis əməkdaşları və hərbi qulluqçular ərazidə olan bitkilərə qulluq göstərib, yaşıllıq zonasında təmizlik işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış zeytun tinglərini əkib, suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.

Elm və Təhsil Nazirliyi

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Elm və Təhsil Nazirliyi üzrə ərazi ilk partiya təşkilatında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ehtiramla qeyd edilib. Xüsusi vurğulanıb ki, unudulmaz dahi şəxsiyyət hakimiyyətdə olduğu hər iki dönəmdə milli elm və təhsilin inkişafına diqqət göstərib.

Öncə “Heydər Əliyev və Azərbaycan təhsili” adlı videoçarx nümayiş etdirilib. Sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov dünya şöhrətli siyasətçinin Azərbaycanda dövlət quruculuğu, siyasi sabitliyin təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, təhsil və digər sahələrin inkişafı baxımından müstəsna xidmətləri barədə danışıb. Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasının, təhsil sahəsinə göstərdiyi yüksək diqqətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

YAP rayon təşkilatının sədri Elçin Quliyev, nazirliyin maliyyə şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Elm və Təhsil Nazirliyi üzrə ərazi partiya təşkilatının sədri Rauf Orucov, Bakı Dövlət Universitetinin kafedra müdiri Azad Rzayev və digər qonaqlar ulu öndərin xalq qarşısında misilsiz xidmətlərini qədirbilənlik duyğuları lə yada salıblar. Çıxışlardan sonra Elm və Təhsil Nazirliyi Ərazi üzrə Partiya Təşkilatının İdarə heyətinin yeni üzvlərinə biletlər təqdim edilib və uğurlar arzulanıb.

Diasporla İş üzrə Dövlət Komitəsi

Əlamətdar ildönümü ilə əlaqədar olaraq, DİDK-nin əməkdaşları və xaricdəki Azərbaycan icmalarının üzvləri Fəxri xiyabanı ziyarət ediblər. Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyublar.

Komitədə keçirilən toplantıda sədr Fuad Muradov çıxışında Ulu öndərin Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsindəki yorulmaz fəaliyyətini xatırladıb, eləcə də Azərbaycan diasporunun formalaşması, vahid diaspor şəbəkəsinin yaradılması üçün Ümummilli lideri yürütdüyü hərtərəfli düşünülmüş, məqsədyönlü siyasətindən bəhs edib. Prezident İlham Əliyevin tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ardıcıl və davamlı işlərin görüldüyün, müxtəlif ölkələrdə Azərbaycan evlərinin açıldığı diqqətə çatdırılıb.

Tədbirdə Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” sənədli filmindən bir hissə, həmçinin “Heydər Əliyev və diaspor quruculuğu” adlı videoçarx nümayiş olunub.

Natiqlər böyük lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərini qeyd edib, əvəzolunmaz lider kimi yaddaşlarda əbədi yaşayacağını söyləyiblər.

Müdafiə Sənayesi Nazirliyi

Fəxri xiyabanı ziyarət edən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları ulu öndər Heydər Əliyevin ölməz ruhu qarşısında baş əyib, məzarı önünə gül dəstələri qoyublar. Ziyarətçilər məşhur oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə nazirlikdə könüllü qanvermə aksiyası keçirilib. Respublika Qan Bankının həkimləri tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Dövlət İmtahan Mərkəzi

DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev – qəlblərdə yaşayan lider” mövzusunda keçirilən məclisdə çıxış edib.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və RİH-in birgə təşkilatçılığı ilə isə “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev – qəlblərdə yaşayan lider” mövzusunda müzakirələr olub. Ulu öndərin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində dönüş nöqtəsinin yaranması, bütün sahələrdə əhəmiyyətli dirçəlişin başlanması, ən mühüm istiqamətlərdən biri olan milli kadr potensialının formalaşdırılması məqsədilə atılan addımlar, həmçinin ulu öndər tərəfindən müəyyən edilmiş strateji inkişaf xəttinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında danışıb.

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi Fəxri xiyabana da gedərək, Ulu öndərin məzarını ziyarət edib, əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

ATU

Azərbaycan Tibb Universitetində (ATU) düzənlənən mərasimdə rektor Gəray Gəraybəyli bildirib ki, hər il ölkəmizdə və ondan kənarda Ümummilli liderin anadan olduğu gün təntənə ilə qeyd olunur. “Tələbələrimiz, gənclərimiz tarixi hadisələri bizdən öyrənir. Nə qədər kitablar yazılsa, filmlər çəkilsə, məktəblərdə tarix dərsləri keçilsə belə, kifayət deyil. Bu gün sakit, firavan həyat yaşayan gənclər xalqımızın keçmişdə hansı sınaqlarla üzləşdiyini, Heydər Əliyevin xilaskarlıq missiyasının böyüklüyünü canlı şahidlərdən də eşidib bilməlidirlər.

Ümummilli Liderin həyat yolundan bəhs edən videoçarx izlənildikdən sonra uzun illər Prezident Heydər Əliyevin köməkçisi olmuş, Prezident Katibliyinin rəisi işləmiş professor Dilarə Seyidzadə özəl xatirələrini danışıb. Ulu öndərin xalqına, millətinə, dilinə, dininə, mədəniyyətinə necə bağlı olduğunu konkret nümunələrlə dilə gətirib.

ADPU

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ildönümü münasibətilə “Milli maraqlar naminə siyasi çeviklik: Heydər Əliyev strategiyası” mövzusunda respublika elmi konfransı keçirilib. Əvvəlcə ali məktəbin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Vəfa Cəfərova-Allahyarovanın “1001 ahəng” adlı fərdi sərgisi nümayiş olunub.

Konfransı açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı əhəmiyyətli roluna diqqət çəkərək qeyd edib ki, Heydər Əliyevin təməlini qoyduğu ideyalar müstəqil Azərbaycan dövlətinin əsas ideoloji və siyasi dayağı kimi bu gün də öz aktuallığını qoruyur. Rektor bu cür elmi tədbirlərin gənc nəsildə Heydər Əliyev irsinin elmi əsaslarla öyrənilməsinə və sistemli şəkildə təbliğinə ciddi töhfə verdiyini vurğulayıb.

“Heydər Əliyev – Müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda geniş Sonra məruzələr təqdim olunub. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov və komitənin üzvləri – professor Bəxtiyar Əliyev, dosent Pərvin Kərimzadə, eləcə də professor Samir Vəliyevin məruzələri maraqla dinlənilib.

Konfransın sonunda çıxışlar ətrafında interaktiv diskussiya təşkil olunub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Ulu öndərin məzarının ziyarəti zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov çıxış edərək Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib, müasir Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində dahi rəhbərin siyasi kursunun dayandığını bildirib.

Veteranlar, həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun məzarını, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidə kompleksini, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın, Respublika Veteranlar Təşkilatının sabiq sədrləri Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də polkovnik Rzaqulu Quliyevin məzarlarını ziyarət ediblər.

Binəqədi rayonu

“Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir Binəqədidə maraqla qarşılanıb. Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev adına istirahət parkında dahi rəhbərin abidəsini ziyarət edib, gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra çıxışlar olub. Rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, deputatlar Məlahət İbrahimqızı, Kamaləddin Qafarov və Səbinə Xasayeva, yazıçı-publisist Şərəf Cəlilli, YAP rayon təşkilatının sədri Vüsar İsmayılov Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdə böyük uğurlara imza atmasından söhbət açıblar.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olunub. Daha sonra tədbirin bədii hissəsində ulu öndər Heydər Əliyevin sevdiyi musiqilər səslənib.

Çapa hazırladı:
Əli ƏLİYEV
XQ









Sosial həyat