Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası

post-img

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

(əvvəli ötən saylarımızda)

Bütün bunlarla bərabər, Mixail Qorbaçov 11 mart 1985-ci il tarixində Sov. İKP MK-nın Baş katibi vəzifəsinə seçildikdən sonra Kremldə Heydər Əliyevə qarşı münasibət dəyişdi. SSRİ-nin yeni rəhbərinin yenidənqurma siyasətinin bir çox məqamlarının uğursuz olacağını, onun alkoqolizmə qarşı mübarizə adı altında ölkə üzrə möhkəm iqtisadi bazası olan üzümçülük təsərrüfatlarını dağıtmasını bildirməsi Mixail Qorbaçov – Heydər Əliyev münasibətlərində gərginlik yaratmışdır. Ən başlıcası isə dövlət idarəetməsi sahəsindəki səriştəsizliyi ilə siyasi imicini itirən Mixail Qorbaçov SSRİ rəhbərliyində, bütövlükdə, Sovet İttifaqında və beynəlxalq miqyasda böyük nüfuza malik olan görkəmli dövlət xadimi Heydər Əliyevə qısqanc münasibət bəsləmişdir.

Heydər Əliyev Siyasi Büroda öz ədalətliliyi, obyektivliyi, ağlı, prinsipiallığı ilə fərqlənirdi. Mixail Qorbaçov onun cəsarətli çıxışları qarşısında çox vaxt qorxuya düşürdü. Nəticədə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Siyasi Büronun üzvü

Heydər Əliyev 21 oktyabr 1987-ci ildə Mixail Qorbaçovun idarəetmə siyasətinə etiraz əlaməti olaraq vəzifəsindən istefa verdi.

Heydər Əliyevin tutduğu vəzifədən azad edilməsində Moskvada Mixail Qorbaçovun ətrafında olan erməni separatçılarının Sovet dövlətinin rəhbəri ilə olan yaxın münasibətləri də mühüm rol oynamışdır. Təsadüfü deyildir ki, Heydər Əliyev sovet dövlətinin rəhbərliyindən kənarlaşdırıldıqdan az sonra Kreml dairələrinə yaxın olan ermənilər tərəfindən Azərbaycanın qədim ərazisi olan Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında bəyanatlar səsləndirilmiş, Mixail Qorbaçovun və onun tərəfdarlarının dəstəyi ilə qızışdırılan Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqları işğal edilmişdir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə həmişə Azərbaycana xüsusi diqqət və qayğı göstərmişdir. O, Azərbaycan SSR-in dövlət büdcəsinin artırılmasını diqqətdə saxlamış, respublikada bir sıra obyektlərin tikilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasını təmin etmişdir. Gənc Tamaşaçılar Teatrının yenidən qurulması, Gəncə şəhərində avtomobil zavodunun tikilməsi, Xəzər dənizi sahillərində kurort mərkəzlərinin yaradılması SSRİ Nazirlər Soveti Sədrinin birinci müavininin doğma respublikaya qayğıkeş münasibətinin əməli ifadəsi idi.

Keşməkeşli və şərəfli taleyə malik olan Heydər Əliyevin tərcümeyi-halının ən çətin və məsuliyyətli dövrü görkəmli dövlət xadiminin Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən azad edilməsindən sonrakı 1987-1990-cı illərə aiddir. Məlum olduğu kimi, İttifaq əhəmiyyətli fərdi pensiyaçı Heydər Əliyev Sovet rəhbərliyi tərəfindən Moskva ətrafındakı dövlət bağ evində nəzarətdə saxlanılmışdır.

Mixail Qorbaçovun diktəsi ilə “Pravda” qəzetində və digər mərkəzi mətbuat orqanlarında süni şəkildə Heydər Əliyevin əleyhinə yönəldilmiş “Əliyevşina” kampaniyasına start verilmiş, qəzetlərdə saxta məqalələr dərc edilib yayılmışdır. Təəssüf ki, həmin illərdə Azərbaycan Respublikasına rəhbərlik etmiş Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov kimi öz xalqına deyil, Kremlin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətə dəstək verən yarıtmaz, səriştəsiz rəhbərlər də Mərkəzin həyata keçirdiyi böhtan kampaniyasını qızışdırmaq və genişləndirmək yolunu tutmuşlar.

Həm SSRİ rəhbərliyi, həm də Azərbaycana rəhbərlik edənlər Heydər Əliyevin Moskvadan Vətənə qayıtmasına mane olmaq üçün müxtəlif tədbirlər həyata keçirmişlər. Heydər Əliyevin Azərbaycana qayıtmasına maneələr yaratmaq SSRİ rəhbərliyinin və onların dəstək verdikləri erməni separatçılarının ölkəmizi parçalamaq, torpaqlarımızın işğalına nail olmaq və xalqımızı sarsıtmaq kimi planlarının tam həyata keçirilməsinə nail olmaq məqsədi daşımışdır.

Bütün çətinliklərə və maneələrə baxmayaraq, Heydər Əliyev bu illər ərzində daim Azərbaycana qayıtmaq, doğma xalqının milli azadlıq mübarizəsində iştirak etmək üçün səy göstərmişdir. O, həyatını böyük təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də xüsusi nəzarətdə saxlanan bağ evindən Azərbaycanın Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək, 20 Yanvar faciəsi haqqında sərt bəyanat səsləndirmiş, baş vermiş hadisə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qətiyyətli addım atmışdır. Heydər Əliyev əsl cəsarət nümunəsi göstərərək, 20 Yanvar faciəsinin törədilməsinin əsas səbəbkarlarının SSRİ rəhbərliyi və Azərbaycan Respublikasının rəhbər şəxsləri olduğunu bildirməklə doğma xalqının milli azadlıq mübarizəsinə haqq qazandırmışdır. Eyni zamanda, müstəqillik uğrunda mübarizənin başlandığı gündən ideyaları və meydanlarda ucaldılan portretləri ilə azadlıq hərəkatında təmsil edilən Heydər Əliyev Moskva bəyanatı ilə bu məsuliyyətli və şərəfli mübarizədə, iştirak etdiyini qəti şəkildə bəyan etmişdir. Ona görə də Heydər Əliyevin 21 yanvar 1990-cı il Moskva bəyanatı haqlı olaraq “Azərbaycan Respublikasının Müstəqillik Aktının birinci parolu” adlandırılmışdır.

Bundan başqa, Kreml rəhbərliyi tərəfindən nəzarətdə saxlanılan Heydər Əliyev doğma Azərbaycana qayıtmaq üçün yollar axtarmışdır. SSRİ rəhbərliyində, Kreml Aparatında məsul vəzifədə çalışaraq orada baş verən prosesləri izləmək və Siyasi Büro üzvlərini yaxından tanımaq imkanlarına malik olan Nikolay Zenkoviç “Tale yolları” kitabında Heydər Əliyevin Azərbaycana qayıtmaq haqqında tam qərarlı olduğunu qeyd edərək yazır: “Siyasətdən kənarlaşdırılmasına baxmayaraq, həmişə olduğu kimi, Heydər Əliyevi öz xalqının taleyi naminə məsuliyyət hissi heç vaxt tərk etməmişdir. Öz Vətəni üçün taleyüklü olan günlərdə Heydər Əliyev onun üçün xoşagəlməz halların, dramatik vəziyyətlərin baş verə biləcəyinə baxmayaraq, riskli addımlar atmağa hazır olmuşdur.

Ulu öndər, nəhayət, 1990-cı il iyulun 20-də Kremlin icazəsi olmadan təyyarə ilə Azərbaycana qayıda bilmişdir. Lakin Azərbaycan Sovet Respublikasının rəhbərliyi, konkret olaraq Ayaz Mütəllibov Heydər Əliyevin Bakı şəhərində yaşamasına razılıq verməmişdir. Heydər Əliyev növbəti maneələrə və qarşıdurmalara yol verməmək üçün iki gün sonra heç kəsə xəbər vermədən təyyarə ilə Naxçıvana gəlmişdir. Naxçıvan əhalisi görkəmli dövlət xadiminin gəlişini əsl bayram əhvali-ruhiyyəsi ilə qarşılamışdır. Heydər Əliyevin gəlişi ilə əlaqədar Naxçıvan şəhərinin baş meydanında keçirilən mitinqdə 80 min nəfər iştirak etmiş və xalqın böyük oğluna tam dəstək verdiklərini bildirmişlər.

Ümummilli lider həmin dövrdə Naxçıvan Muxtar Respublikasında gedən milli-azadlıq mübarizəsində doğma xalqı ilə birlikdə olmuş, Azərbaycanın bu qədim diyarının Ermənistan tərəfindən işğal edilməsinin qarşısını almışdır. Naxçıvan Muxtar Respublikası əhalisinin iradəsi ilə Heydər Əliyev 1990-cı ilin 30 sentyabrında keçirilən seçkilərdə Nehrəm dairəsindən Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan şəhərindəki M.F.Axundov dairəsindən isə Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci iclasına sədrlik edən Heydər Əliyev 17 noyabr 1990-cı ildə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi olan rəsmi bayrağı kimi qəbul edilməsi haqqında qərarın qəbul edilməsinə nail olmuşdur. Bu, Azərbaycan xalqının milli azadlıq mübarizəsində mühüm tarixi hadisələrdən biri idi. Eyni zamanda, Heydər Əliyevin sədrlik etdiyi həmin iclasda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin bundan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması qərara alınmışdır. Bu, Heydər Əliyevin hələ Mixail Qorbaçovun hakimiyyətdə olduğu dövrdə SSRİ-nin dağılacağını qabaqcadan görə bilməsinin əyani sübutu idi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarın qəbul edilməsi və Azərbaycanın ali hakimiyyət orqanları qarşısında həmin bayrağın ölkəmizin dövlət rəmzlərindən biri kimi qəbul edilməsi haqqında vəsatət qaldırması Heydər Əliyevin xalqımız və müstəqil dövlətimiz qarşısındakı tarixi xidmətlərindəndir. Bundan başqa, 1991-ci il iyulun 19-da Heydər Əliyevin Kommunist Partiyası sıralarından çıxmaq haqqında SSRİ Nazirlər Sovetinin partiya təşkilatına rəsmi şəkildə ərizə ilə müraciət etməsi və buna nail ola bilməsi də nəinki Azərbaycanda, bütövlükdə, Sovet İttifaqında milli azadlıq hərəkatının genişlənməsinə əhəmiyyətli dərəcədə təkan vermişdir. Çox keçmədən, SSRİ-nin dağılması və 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının özünü müstəqil dövlət elan etməsi ilə Heydər Əliyevin uzaqgörənliyi özünün təsdiqini tapmışdır.

Bundan başqa, Naxçıvan MR Ali Məclisinin 14 mart 1991-ci il tarixli sessiyasında Mixail Qorbaçovun tapşırığı ilə SSRİ-nin saxlanılmasına dair yeni ittifaq müqaviləsinin bağlanması üçün referendumun keçirilməsinə dair Azərbaycan SSR Ali Sovetinin qərarının muxtar respublikada icra olunmaması qərara alınmışdır. Bu addım da SSRİ-nin dağılmasına və Azərbaycanda müstəqil dövlətin qurulmasına görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətlərindəndir.

Vətənə qayıdışında hər hansı bir vəzifə tutmaq üçün heç bir niyyətinin olmadığını dəfələrlə bəyan edən Heydər Əliyev, eyni zamanda, həm də ən çətin məqamlarda xalqın iradəsinə ehtiramla yanaşmışdır. O, muxtar respublika əhalisinin təkidi və tələbi ilə 3 sentyabr 1991-ci ildə Ali Məclisin sessiyasında Naxçıvan MR Ali Məclisinin Sədri seçilmişdir. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sessiyasında dörd dəfə çıxış edərək, vəzifəyə seçilməkdən imtina etsə də, muxtar respublika üzrə 77 deputatın yekdil səsverməsi ilə Ali Məclisin sədri vəzifəsini qəbul etməli olmuşdur.

Naxçıvan MR Ali Məclisinin sədri kimi Heydər Əliyev Azərbaycanın bu ayrılmaz tərkib hissəsi olan qədim diyarını Ermənistanın işğalından xilas etmişdir. O, sovet ordusunun Naxçıvanda xidmət edən hissələrini dinc yolla muxtar respublikanın ərazisindən çıxarmışdır. Heydər Əliyev 21 noyabr 1991-ci ildə Azərbaycanın gələcək dövlətçilik tarixində müstəsna rolu olan Yeni Azərbaycan Partiyasını təsis etmişdir. Azərbaycanın Qarabağ bölgəsində müxtəlif qurumlar və ya ayrı-ayrı şəxslər tərəfindən idarə olunan partizan dəstəsinə bənzəyən hərbi qruplaşmaların olduğu bir dövrdə Heydər Əliyev 7 sentyabr 1991-ci il tarixdə qəbul etdiyi qərarla Naxçıvan Muxtar Respublikasında Dövlət Müdafiə Komitəsi yaratmışdır. Azərbaycanda ilk dəfə olaraq kolxoz və sovxozların ləğv edilməsi və torpaq islahatlarının aparılması da 1992-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin mübarizəsinin və ideallarının zirvəsi Azərbaycanda dövlət müstəqilliyinin bərpasından ibarətdir. Ulu öndər ən müxtəlif münasibətlərdə öz nitqlərində müstəqil dövlətçiliyin qurulmasını Azərbaycan xalqının tarixi nailiyyəti olduğunu qeyd etmiş, dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini ən vacib məsələ kimi qarşıya qoymuşdur. Lakin çox təəssüf ki, XX əsrin doxsanıncı illərinin başlanğıcında hakimiyyətə gəlmiş Ayaz Mütəllibov və Əbülfəz Elçibəy Azərbaycan Respublikasının ərazi bütövlüyünü, ictimai-siyasi sabitliyi qoruyub saxlaya bilməmişlər. Ermənilərin təcavüzü nəticəsində Qarabağda və ətraf rayonlarda Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmuşlar. Nəticədə 1 milyona yaxın Azərbaycan əhalisi məcburi köçkün və qaçqın kimi Bakı şəhərinə və Azərbaycanın rayonlarına səpələnmişlər. Çox təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan hərbi birləşmələrinin Qarabağda Azərbaycan ərazilərindən çıxması haqqındakı qətnamələri yerinə yetirilməmiş şəkildə qalmışdır. Belə bir çətin, hərtərəfli böhran şəraitində Azərbaycan xalqının dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən çıxara biləcək yeganə qüvvə görkəmli dövlət xadimi, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev idi.

Azərbaycanın tanınmış ziyalıları 1991-1992-ci illərdə Bakıdan Naxçıvana gələrək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevlə görüşmüş, onun xalq və dövlət naminə, müstəqil dövlətçiliyin itirilmək təhlükəsindən xilası üçün yenidən siyasi hakimiyyətə qayıtmasını xahiş etmişlər. Yüksək dövlət vəzifəsi tutmaq niyyətində olmadığını bildirən Heydər Əliyev hər dəfə bu təkliflərdən imtina etmişdir. Lakin Qarabağda və ətraf rayonlarda Azərbaycan torpaqlarının itirilməsinin davam etdirilməsi, Azərbaycanın müstəqil dövlətçiliyinin real təhlükə ilə üz-üzə qalması Ulu öndərin Yeni Azərbaycan Partiyasını (YAP) yaratmağa razılıq verməsinə səbəb olmuşdur. Azərbaycanın 91 nəfər tanınmış ziyalısının 16 oktyabr 1991-ci il tarixində “Səs” qəzetində dərc etdirdiyi “Azərbaycan sizin sözünüzü gözləyir” adlı müraciətinə Heydər Əliyev “Yeni müstəqil Azərbaycan uğrunda” adlı məqaləsi ilə müsbət cavab vermişdir.

“Azərbaycan Sizin yolunuzu gözləyir” adlı məqalədə tanınmış ziyalılar siyasi və elmi cəhətdən əsaslandırılmış şəkildə qazanılmış dövlət müstəqilliyinin itirilməməsi naminə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasının zəruri olduğunu bəyan edirdilər: “Mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə milmir... Dünənə kimi küçə və meydanlarda demokratiyadan danışanlar demokratiyanın nə demək olduğunu dərk etmirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün istifadə edirlər... Respublikanın olan-qalan iqtisadi potensialı dağılır, təbii sərvətlərimiz talan olunur. Gələcəyə ümidsizlikdən yüzlərlə ziyalı, yüksəkixtisaslı kadrlar ölkəni tərk edirlər. Siyasi partiyalar arasında, sözün əsl mənasında, geniş xalq kütlələrinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən adamları birləşdirə biləcək, beynəlxalq və respublika həyatının bütün sahələrindən tam və yetkin məlumatlı olan güclü lider yoxdur. “Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq versəniz, Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Görkəmli dövlət xadimi Heydər Əliyev respublikada yaranmış ağır vəziyyəti, xüsusən dövlət müstəqilliyinin itirilmə təhlükəsinin olduğunu nəzərə alaraq, “Səs” qəzetinin 6 noyabr 1992-ci il tarixli sayında dərc edilmiş “Yeni müstəqil Azərbaycan uğrunda” sərlövhəli məqaləsində müstəqil dövlətçilik naminə belə bir partiyanın işində iştirak etməyə hazır olduğunu bildirmişdir: “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərinə biganə olmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dölətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya, siaysi və plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurtdən doğur.

Belə partiya Azərbaycanın ictmai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə bir partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram”.

Beləliklə, 21 noyabr 1992-ci ildə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilmişdir. Qurultayda Yeni Azərbaycan Partiyasının yaradıldığı elan edilmiş, partiyanın Proqramı və Nizamnaməsi qəbul olunmuşdur. Ən başlıcası görkəmli dövlət xadimi Heydər Əliyev açıq səsvermə yolu ilə bu siyasi partiyanın sədri seçilmişdir. Bu hadisə müstəqillik dövründə Azərbaycan cəmiyyətində böyük dəyişikliklərin başlanğıcı olmuşdur. Doğrudan da, “Yeni Azərbaycan Partiyasının əbədiyaşar ideoloqu Heydər Əliyevin yaratdığı partiya zamanın bütün keşməkeşlərindən şərəflə çıxaraq özünün xalqa bağlılığını, dünənin, bugünün və sabahın partiyası olduğunu təsdiq etmişdir”.

Naxçıvan MR Ali Məclisinin Sədri kimi Heydər Əliyevin Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə yaratdığı əlaqələrdə Naxçıvanın erməni işğalından xilas edilməsində və sosial iqtisadi inkişafında mühüm rol oynamışdır. Muxtar Respublikanın rəhbəri Türkiyə və İrana səfərlər etmiş, danışıqlar aparmış, müvafiq sənədlər imzalamışdır. Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin 28 may 1992-ci il tarixdə Naxçıvana gəlməsi beynəlxalq əhəmiyyətə malik mühüm tarixi hadisə idi. Həmin gün Naxçıvan MR-in Sədərək kəndində Naxçıvanla Türkiyə arasında salınmış “Ümid körpüsü”nün açılışı olmuş və bu münasibətlə körpünün üstündə keçirilmiş izdihamlı mitinqdə Süleyman Dəmirəl və Heydər Əliyev tarixi nitq söyləmişlər. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi 16 dekabr 1992-ci il tarixdə imzaladığı “Dünya Azərbaycanlıların Həmrəyliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı da mühüm siyasi-tarixi əhəmiyyətə malik olan hadisədir. Məhz bu tarixi sərəncamla ölkəmizdə dünya azərbaycanlıları anlayışı təkrar formalaşmış və böyük hərəkata çevrilmişdir.

Bütövlükdə, Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü həm Ulu öndərin tərcümeyi-halında və həm də Azərbaycanın siyasi inkişafında xüsusi yer tutur. Həqiqətən də, “müdrik siyasi xadimin Naxçıvanda yaşayıb-işlədiyi dövrdə qəbul etdiyi dövlət əhəmiyyətli və cəsarətli qərarlar, həyata keçirdiyi islahatlar Azərbaycanda milli dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm siyasi və tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi dövrdə bütün Azərbaycan xalqı və Vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirmişdir.

XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanda iqtidarda olan AXCP – Müsavat hakimiyyəti səriştəsiz və təcrübəsiz insanlardan təşkil olunduğu üçün ölkəni idarə etmək qabiliyyətində ola bilməmişdir. Ölkədə nüfuzu ilə heç vaxt seçilməmiş Ayaz Mütəllibovun və ümumiyyətlə, dövlətçilik təcrübəsi olmayan Əbülfəz Elçibəyin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1991-1993-cü illərdə ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində dərin böhran vəziyyəti yaranmışdı. Hətta gənc Azərbaycan Respublikası dövlətçiliyini itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin may ayının əvvəllərində Surət Hüseynovun himayəsində olan ordu birləşmələri və onun tərəfdarları üsyan qaldıraraq Gəncə şəhərində və ətraf ərazilərdəki bəzi dövlət orqanlarını ələ keçirmişdilər. Ölkə vətəndaş müharibəsi təhlükəsi vəziyyətində idi.

Belə bir məsuliyyətli və ağır dövrdə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev Azərbaycan Respublikasının o zamankı rəhbərləri tərəfindən Bakıya dəvət olunmuşdur. Eyni zamanda, Azərbaycan xalqı da həm Bakı şəhərində həm də bir çox rayonlarda mitinqlər keçirərək Heydər Əliyevin paytaxta gəlib ölkəmizi yaranmış çətin və mürəkkəb vəziyyətdən qurtarmasını təkidlə tələb edirdi.

Ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması naminə 1993-cü il iyunun 9-da xalqın tələbi ilə Bakıya gəlmişdir. O, yaranmış hərbi-siyasi vəziyyətlə yerində tanış olmaq üçün çətin şəraitdə əvvəlcə qiyamın baş verdiyi Gəncə bölgəsinə getmiş, orada zəruri danışıqlar apardıqdan sonra Milli Məclisdə çıxış edərək əsl həqiqət və çıxış yolları haqqında Azərbaycan xalqına məlumat vermişdir. Mövcud iqtidarın rəhbərləri istefaya getdiklərini elan etmişlər. Görkəmli dövlət xadimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilmişdir.

(ardı var)



Siyasət