Zəfər Günü Malayziyada qeyd olunub

post-img

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin təşkil etdiyi tədbirdə Malayziyanın rəsmi qurumlarının təmsilçiləri, Senatının və Nümayəndələr Palatasının üzvləri, nüfuzlu universitetlərin, elmi-tədqiqat qurumlarının, işgüzar və ictimai təşkilatların nümayəndələri, diplomatlar, Malayziyadakı Azərbaycan, Türkiyə, Pakistan icmasının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Səfir İrfan Davudov Prezident İlham Əliyevin siyasi və hərbi rəhbərliyi altında xalqımızı şanlı Zəfərə aparan yolun hərbi, iqtisadi-sosial, siyasi və strateji tarixindən, Azərbaycanın öz haqlı mübarizəsində qarşılaşdığı ikili standartlar və digər bütün çətinliklərə baxmayaraq, beynəlxalq hüququn tələblərini təkbaşına icra edərək qəəlbəyə nail olmasından bəhs edib. Qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı və dövlətinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin parlaq təcəssümü, həmçinin milli birliyin və qürurun rəmzidir.

Zəfər Gününün ölkəmizin müasir tarixində mühüm mərhələ olduğunu, regionda sülh, sabitlik və inkişaf üçün yeni imkanlar açdığını qeyd edən səfir İ.Davudov Ermənistan-Azərbaycan münaqişəsi başa çatdıqdan sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıldığını, Vaşinqtonda əldə edilmiş razılaşmaların sülh danışıqlarının həlledici mərhələsi olduğunu bildirib. O, Azərbaycanın regionda dayanıqlı sülhə və tərəqqiyə nail olunması istiqamətində göstərdiyi səylər barədə də ətraflı məlumat verib.

Tədbirdə, həmçinin Dövlət Bayrağı Gününün yaranması tarixi barədə də məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın üçrəngli milli bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən qəbul olunub. Onun yenidən Azərbaycanın dövlət bayrağı kimi təsdiq edilməsi isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycanın Dövlət Bayrağı ölkəmizin dövlətçilik atributlarından biri, milli suverenliyin simvolu və Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsi olaraq türk milli mədəniyyətinə, demokratik əsaslara və İslam sivilizasiyasına sədaqətimizi nümayiş etdirir.

Tədbirdə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan, Şuşada keçirilən ənənəvi musiqi festivalını əks etdirən videolar nümayiş olunub. Tədbir Azərbaycan milli musiqi məktəbinin yetirməsi, Malayziyadakı Azərbaycan icmasının fəal üzvü Gülçöhrə Raonun ifaları ilə davam etdirilib. Qonaqlar Qarabağ zəfərini və regionda aparılan bərpa-quruculuq işlərini əks etdirən fotosərgiyə baxıblar.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri 
Pekin























Sosial həyat