Müsahibimiz Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Fərhad Yusifovdur
– Fərhad müəllim, bu gün bütün sahələrdə olduğu kimi, dövlət idarəçiliyində də rəqəmsal transformasiyalar həyata keçirilir. Bu istiqamətdə transformasiyalar konkret olaraq hansı sahələri əhatə edir?
– Dövlət idarəçiliyində rəqəmsal transformasiyalar yalnız funksionallığın, səmərəliliyin artırılmasından ibarət deyil, eləcə də, dövlət xidmətlərinin genişləndirilməsində və elektron iştirakın gücləndirilməsində mühüm rol oynayır. Bütün dünyada rəqəmsal dövlətin inkişaf etdirilməsi üçün müxtəlif modellər təklif olunsa da, hazırda ölkələr əsas diqqəti vətəndaşyönümlü yanaşma əsasında fərdiləşdirilmiş xidmətlərin göstərilməsinə yönəltmişlər.
Rəqəmsal dövlətin inkişafı ilə dövlət administrasiyası və idarələri həm struktur, həm də hökumət-vətəndaş arasında əlaqələrin dinamikası baxımından sürətli şəkildə transformasiya olunur. Aydındır ki, bu, yalnız dövlət idarəçiliyində rəqəmsal transformasiyaların həyata keçirlməsi və süni intellekt texnologiyalarının tətbiqi vasitəsilə mümkündür. Dünyada baş verən böhranlar, xüsusilə pandemiya şəraitində dövlət sistemlərində və idarəetməyə yanaşmada bir sıra çatışmazlıqların olduğunu üzə çıxardı. Pandemiya dövründə rəqəmsal dövlət həlləri və alətlərindən effektli istifadə onların nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etdi. Bu, bir daha göstərdi ki, mövcud dövlət idarəçiliyi sistemləri, dövlət qurumları cəmiyyətdə baş verə biləcək qəfil dəyişikliklərə və ya gözlənilməz böhranlara qısa bir müddətdə uyğunlaşmaq imkanlarına malik deyillər. Dünyəvi çağırışlar, rəqəmsal transformasiyalar isə mövcud vəziyyəti dəyişərək hökumətlərdən onlara daha həssas, çevik, hesabatlı və effektli olmağa kömək edə biləcək süni intellekt, bulud texnologiyaları, əşyaların interneti, blokçeyn texnologiyalarının tətbiq olunmasını tələb edir.
– Azərbaycanda rəqəmsal dövlət quruculuğu istiqamətində hansı işlər görülür?
– Son illər ərzində ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində rəqəmsal dövlətin formalaşdırılması, elektron imzanın tətbiqi, dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi ilə bağlı mühüm addımlar atılmışdır. Hazırda Elektron Hökumət İnformasiya Sistemi, Elektron hökumət portalı, ASAN xidmət, Açıq məlumatlar portalı fəaliyyət göstərir və dövlət informasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması, ehtiyat nüsxələrin saxlanması üçün rəqəmsal infrastruktur yaradılmışdır. Eləcə də, hökumət buludunun yaradılması, informasiya mübadiləsi üçün xüsusi infrastruktur vasitələrindən istifadə, elektron dövlətin effektiv fəaliyyətini təmin edən dövlət informasiya sistemləri və ehtiyatlarının inkişafı üzrə mühüm işlər görülmüşdür. Eyni zamanda, Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılmış və dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanılması və sistemləşdirilməsi həyata keçirilmiş, xidmətlərin unikallaşdırılması və təkrarçılığın qarşısının alınması təmin olunmuşdur.
Bu il dövlət başçısı İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” qəbul edilmişdir. Məqsəd vətəndaşların rifahını yüksəltmək, dövlət xidmətlərini modernləşdirmək və iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməkdir. Konsepsiyada dövlət idarəetmə sisteminin rəqəmsallaşdırılması, ölkə səviyyəsində rəqəmsal ekosistemin formalaşdırılması, rəqəmsal dövlət arxitekturasının qurulması, rəqəmsal cəmiyyətə keçid istiqamətində mühüm vəzifələr qoyulmuşdur. Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.
– Rəqəmsal dövlət sistemində süni intellektin tətbiqi vətəndaşlara hansı yeni imkanlar vəd edir?
– Rəqəmsal dövlətdə süni intellekt texnologiyalarının tətbiqi vətəndaşlar üçün bir sıra yeni imkanlar və üstünlüklər yaradır. Bu imkanlar əsasən xidmətlərin sürətləndirilməsi, şəffaflığın artırılması, fərdiləşdirilmiş xidmətlərin göstərilməsi və resursların daha effektiv istifadəsinə yönəlib. Dövlətlər süni intellekt texnologiyalarından istifadə edərək vətəndaş-hökumət münasibətlərini dərinləşdirmək, vətəndaşların yaxından iştirakını təşviq etmək, şəffaflığı və ictimai inamı artırmaq istəyirlər.
Süni intellekt texnologiyalarının tətbiqi xidmətlərin keyfiyyətini və səmərəliliyini artırmaqla, inzibati məsələlərin avtomatik icrasını təmin etmək və qərar qəbuletmə proseslərini dəstəkləməklə dövlət xidmətlərin təkmilləşdirilməsinə imkan verir. Aparılan araşdırmalar göstərir ki, dövlətlər vətəndaşların tələbatını ödəmək, göstərilən xidmətlərin səmərəliliyinin artırılması, vətəndaş məmnuniyyətinin təmin olunması üçün bulud hesablamaları, süni intellekt və blokçeyn kimi qabaqcıl texnologiyalardan istifadə edirlər. Bu yanaşmalar hökumətlərə analitik və proqnozlaşdırma imkanlarını gücləndirməyə və gələcəyə yönəlik inkişaf ssenarilərini yaratmağa imkan verir. Vətəndaşlar üçün dövlət xidmətlərinə daha asan və sürətli çıxış imkanı yaradır. Süni intellekt vasitəsilə müraciətlər avtomatik emal edilir və vətəndaşların ehtiyaclarına uyğun xidmətlər təqdim olunur.
Eyni zamanda, 24/7 rejimdə işləyən chatbot və virtual köməkçi xidmətləri vətəndaşların sorğularına operativ cavab verilməsini təmin edir. Elektron sənəd dövriyyəsi sayəsində vətəndaşlar dövlət qurumlarına getmədən onlayn müraciət edə bilirlər. Süni intellekt istifadəçilərinin məlumatları təhlil edilərək onlara uyğun xidmətlər təklif olunur. Süni intellekt texnologiyalarından istifadə biometrik məlumatlar əsasında vətəndaşların şəxsiyyətini təhlükəsiz şəkildə təsdiqləyir və dövlət sistemlərinə olan inamı artırır.
Bugün üçün artıq əminliklə deyə bilərik ki, gələcəkdə bu texnologiyanın daha geniş yayılması ilə səhiyyə, təhsil, sosial xidmətlər, təhlükəsizlik və nəqliyyat sahələrində süni intellektin imkanları daha da genişlənəcək. Bu isə vətəndaşların dövlət xidmətlərindən daha effektiv və təhlükəsiz şəkildə istifadə etməsinə, bürokratiyanın aradan qaldırılmasına və idarəetmənin səmərəliliyinin artırılmasına imkan verəcək.
– Rəqəmsal dövlət platformasında süni intellektin tətbiqində təhlükə varmı?
– Bəli, rəqəmsal dövlət platformasında süni intellektin tətbiqi bir çox üstünlüklər təqdim etsə də, bəzi təhlükələr və risklər də mövcuddur. Ən mühüm məsələlərdən biri fərdi məlumatların təhlükəsizliyi və məxfiliyin qorunmasıdır. Rəqəmsallaşma məlumatların ələ keçirilməsi, şəxsi məlumatların oğurlanması və məlumatlara icazəsiz giriş riskini artırır. Təqdim edilən xidmətlərin effektivliyi, şəffaflığı və rahatlığı ilə yanaşı, fərdi məlumatların məxfiliyinin qorunmaması, təhlükəsizlik boşluqları və potensial müdaxilə imkanları vətəndaşların rəqəmsal sistemlərə olan etimadını, inamını itirməsinə səbəb ola bilər. Kibercinayətkarlığın yüksək təhdidi, ilk növbədə, onun transmilli olması ilə izah edilir, yəni burada məkan və zaman anlayışı yoxdur. Kiber məkanında törədilən cinayətlər müəyyən bir yer ilə məhdudlaşmır və cinayət obyektinə fiziki müdaxilə tələb etmir.
Qeyd etmək lazımdır ki, kibercinayətkarlar yüksək texnoloji və intellektual bacarıqlara malikdirlər, bu da istintaq prosesini daha da mürəkkəbləşdirir. Digər tərəfdən, rəqəmsal dövlət sistemləri və süni intellekt tətbiqləri kibertəhlükəsizlik hücumlarına qarşı zəif ola bilər. Bu halda hakerlər sistemlərə daxil olaraq məlumatları manipulyasiya edər və ya funksional pozuntulara səbəb ola bilərlər.
Qarşıya çıxan əsas çətinliklərdən biri də etik və hüquqi məsələlərlə bağlıdır. Süni intellektin hüquqi və etik məsələlərə necə yanaşacağı hələ də müzakirə olunan məsələlərdən biri olaraq qalmaqdadır. Məsələn, süni intellekt tərəfindən qəbul edilən qərarların məsuliyyətini kim daşıyacaq? Vətəndaşların hüquqları necə qorunacaq? Bu cür məsələlər hüquqi boşluqlar və etik dilemmalar yarada bilər. Eləcə də, dövlətlər rəqəmsal etimad məsələsini həll etməli və rəqəmsal xidmətlərin etibarlılığına və təhlükəsizliyinə inamı gücləndirməlidirlər. Bunun üçün günün tələbinə cavab verən güclü kibertəhlükəsizlik strategiyalarına və imkanlarına malik olmaqla dəstəklənə bilər. Rəqəmsal dövlət xidmətlərinə etimadı artırmaq və vətəndaşlarla münasibətləri dəyişdirmək üçün dəqiq və etibarlı idarəetmə mexanizmləri işlənməlidir.
– Gələcəkdə süni intellektin tətbiqi ilə rəqəmsal dövlət xidmətlərinin “qüsursuz” olacağını söyləmək olarmı?
– Beynəlxalq təcrübəyə baxsaq, rəqəmsal dövlətin inkişaf modelləri ilə bağlı fərqli yanaşmaların olduğunu görərik. Süni intellekt texnologiyaların tətbiqi ilə yeni dövlət modellərinin işlənməsinin gələcəkdə mümkünlüyü qeyd olunur və fərqli futuristik yanaşmalar vardır.
Hazırda rəqəmsal dövlət layihələrinin həyata keçirilməsində əsas hədəf vətəndaşyönümlü yanaşma əsasında yeni hökumət modellərinin formalaşdırılmasıdır. Onların sırasında ağıllı dövlət, konqnitiv dövlət, çevik və adaptiv dövlət və “qüsursuz” (ingilis dilində seamless) dövlət kimi perspektiv yanaşmaları göstərmək olar. Getdikcə daha çox sayda dövlət qurumları istifadəçilərə problemsiz, “qüsursuz” xidmət göstərmək məqsədilə fərdiləşdirilmiş, proaktiv dövlət xidmətlərini inkişaf etdirməyə çalışırlar.
“Qüsursuz” dövlət konsepsiyasının həyata keçirilməsi üçün hökumətlər ənənəvi yanaşmalardan fərqli olaraq istifadəçi maraqlarını nəzərə alaraq xidmətlərin idarə olunmasına və inkişaf etdirilməsinə yönəlməlidirlər. Başqa sözlə, hökumətlər istifadəçilərlə əks əlaqə vasitələrini genişləndirməli və bürokratik əngəllər əvəzinə, vətəndaşlarla qarşılıqlı ünsiyyət üçün imkanlar yaratmalıdırlar. İstifadəçi ehtiyaclarına uyğun xidmətlər göstərilməsi üçün hökumətlər insan həyatı, həyatın müəyyən anları ilə bağlı hadisələri öyrənməyə başlaması təqdim olunacaq xidməti müəyyən etməyə imkan verəcək. Həyati hadisələrlə bağlı xidmətləri qruplaşdırmaq, onları müəyyən dərəcədə fərdiləşdirmək imkan verəcək ki, istifadəçiyə lazım olduğu anda bu xidmətlərə asan çıxış imkanı əldə etsin.
“Qüsursuz” hökumət konsepsiyası o zaman real ola bilər ki, bütün xidmətlər rəqəmsallaşdırılsın və insanın bilavasitə iştirakı və ya müdaxiləsi olmadan süni intellektlə idarə olunan tətbiqlər konkret məsələni və əməliyyatları yerinə yetirmək üçün istifadə edilsin. Bu mənada verilənlərin analitikası və süni intellekt “qüsursuz” idarəetmədə əsas açar rolunu oynaya bilər. Bu alətlər hökumətlərə ehtimal olunan problemləri daha ağır nəticələrə səbəb olmadan əvvəl məqsədyönlü şəkildə həll etməyə imkan verəcək. Xüsusilə pandemiya şəraitində böhran hallarında hökumətlər tərəfindən qərarların qəbul edilməsində baş verən çətinliklər, yaşanan xaos gələcəkdə proaktiv tədbirlərin görülməsinin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etmiş oldu. Təbii dilin emalı, maşın təlimi, nitqin və obrazların tanınması sahəsində əldə olunan son nailiyyətlər dövlətlərə problemləri proqnozlaşdırmağa və öncədən görməyə imkan verir. Hazırda prediktiv analitika müdafiə, təhlükəsizlik, səhiyyə və s. kimi bir çox sahələrdə tətbiq olunur.
Müsahibəni aldı:
Pünhan ƏFƏNDİYEV
XQ