Əzəmətin memarı

post-img

Heydər Əliyev quruculuq missiyasının təcəssümü

Müasir bəşəriyyət tarixində insan taleyinə uzun illər boyu yön verən, müsbət və əsaslı dəyişikliklərə imza atan, millətlərin və dövlətlərin gələcəyini müəyyən edən qərarlar qəbul edən şəxsiyyətlər barmaqla sayılacaq qədərdir. Bu nadir şəxsiyyətlər içərisində ümummilli lider Heydər Əliyevin adı xüsusi çəkilir.

Televiziya müsahibələrinin birində ulu öndər Heydər Əliyev öz arzusundan danışarkən demişdi ki, gəncliyində memar olmaq istəmişdi. Sarsılmaz iradəsi və qətiyyəti sayəsində İkinci Dünya müharibəsinədək o, Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuşdu. Lakin müharibə onu hüquq-mühafizə orqanları, dövlət təhlükəsizliyi və daha yüksək səviyyəli dövlətçilik vəzifələri ilə bağladı. Əgər bu baş verməsəydi, bu gün Bakının küçələrində Heydər Əliyevin layihəsi əsasında inşa olunmuş saysız-hesabsız binalar, onların üzərində isə xatirə lövhələri ola bilərdi.

Lakin məlum həqiqətdir: səmimi arzular gec-tez gerçəkləşir. Və beləliklə, ümummilli liderin taleyinə müstəqil, demokratik, tolerant, dünyəvi Azərbaycanın memarı olmaq yazıldı. Bu dövlətin milli prioritetləri heç də yalnız lokal və ya regional maraqlarla məhdudlaşmırdı – əksinə, Avrasiya ilə yanaşı digər qitələri də əhatə edəcək miqyasda idi.

Başqa sözlə desək, əgər Heydər Əliyev kimi bir fenomen olmasaydı, bu günkü qüdrətli Azərbaycan da olmayacaqdı. Elə bu səbəbdəndir ki, dünyanın müxtəlif guşələrindən real qlobal dəyişikliklərə nail olmaq istəyən şəxslər Bakıya – Odlar Yurduna gəlirlər, burada qlobal sivilizasiyanın başlıca bəlalarına dair müzakirələr aparır və qərarverici mərkəzlərə səslənirlər.

Memarlıq əvvəl plan, sonra gerçəklik tələb edir

Amma bu günümüzə qədər gəlmək üçün o zamanın reallıqlarını, dövləti uçurumun kənarına gətirib çıxarmış vəziyyəti analiz etmək lazım idi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə ən ağır zamanlarda deyil, birbaşa dağılmaq üzrə olan bir məqamda gəldi. Yerli qruplaşmaların dövləti parçaladığı, vətəndaş müharibəsinin bir addımlığında olan bir vaxtda.

Tarix “əgər”ləri qəbul etmir, lakin biz bilirik: əgər 1990-cı ilin Qanlı Yanvarı və həmin məşhur mətbuat konfransı olmasaydı, yəni Sovet İttifaqı kimi imperiyanın mərkəzindən hayqıran haqq səsi – Heydər Əliyevin səsi olmasaydı, bəlkə də bu gün Azərbaycan adlı dövlət xəritədə belə olmayacaqdı.

Çünki bu insanlar – gerçək liderlər – yalnız tarixin hökmü ilə yetişmirlər. Onlar sanki zamanın fövqündə yaranırlar. Onlar peyğəmbərlər, musiqiçilər, kəşfiyyatçılar, alimlər kimidirlər – sanki bir ilahi missiya ilə doğulurlar. Və bu missiyanı icra etmək üçün hər şeylərini fəda etməyə hazırdırlar.

Heydər Əliyev də belə idi. Partiya keçmişinə, yüksək dövlət imtiyazlarına, təhlükəsiz həyatına rəğmən o, doğma vətəninə – Azərbaycana qayıtdı. Əvvəl Bakıya gəldi, lakin burada onun həyatına edilən sui-qəsd cəhdi və tərəfdarlarının qətlə yetirilməsi onu Naxçıvana – doğma torpaqlarına çəkilməyə məcbur etdi.

Əslində isə bu, bir çəkilmə deyildi. Bu, böyük bir xalq hərəkatının başlanğıcı idi. Naxçıvanda qaranlıq bir dövrdə parlament sədri seçildi. Sovetlərin son nəfəsini aldığı dövrdə Azərbaycan xalqı öz tarixini yenidən yazmağa başladı.

Naxçıvanda atılan təməl – gələcəyin bünövrəsi

Naxçıvanda sözün əsl mənasında mühasirə şəraitində olan bir bölgədə Heydər Əliyev xalqın iradəsinə söykənərək konstitusiya dəyişiklikləri etdi. Ərazi adından "sosialist" və "sovet" sözlərini çıxartdı, parlamentdə üçrəngli Azərbaycan bayrağını ucaltmaqla bu günümüzün simvolunu yaratdı.

1990-cı ilin Qanlı Yanvar hadisələrinə siyasi qiymət verildi. 1991-ci ilin martında xalq SSRİ-nin saxlanması ilə bağlı "referendum"u rədd etdi. Naxçıvanda Sovet-İran sərhədindəki dirəklər söküldü, insanlar 160 ildən sonra ilk dəfə olaraq Araz çayını keçərək qohumları ilə görüşə bildi.

Və Heydər Əliyev, bu tarixi missiyanı tamamlayaraq 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Bütün Azərbaycan onun dönüşünü gözləyirdi

Bakıda xalqın vəziyyətə dözəcək gücü qalmamışdı. Vətəndaş qarşıdurması başlanmış, silahlı dəstələr şəhəri viran qoyurdu. Gəncədə artilleriya atəşi, Surət Hüseynovun Bakıya yürüşü – bu, artıq dövlətin sonuna aparan yol idi.

Heydər Əliyevin Bakıya dönüşü xalq üçün son ümiddən daha artıq idi. Onu qarşılayan insanlar təlimatla yox, ürəklərinin çağırışı ilə aeroportda onu gözləyirdilər.

Əslində həmin gündən etibarən Azərbaycanda sistemli dövlət quruculuğuna start verildi. Ulu öndər Heydər Əliyev həm daxili sabitliyi bərpa etdi, həm də xarici siyasətdə tarazlı, uzaqgörən kursla ölkənin beynəlxalq nüfuzunu bərpa etdi.

Əsrin müqaviləsi – Azərbaycanın yeni nəfəsi

Zaman göstərdi ki, ümummilli lider Heydər Əliyev 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın milli iqtisadiyyatını qlobal dəyər zəncirinə cəlb etməyə müdrik və uzaqgörən şəkildə başladı. Dünyanın səkkiz ən zəngin ölkəsindən 13 aparıcı neft şirkətinin iştirak etdiyi bu müqavilə Xəzərin dərinliklərində yerləşən “qara qızıl” yataqlarının işlənməsini nəzərdə tutur və ölkənin onilliklərə hesablanmış neft strategiyasının əsasını qoydu.

Xatırlatmaq yerinə düşər ki, “Əsrin müqaviləsi” sayəsində neft sənayesi dərin böhrandan çıxarıldı, ölkəyə ilk dəfə olaraq iri həcmli xarici investisiyalar cəlb olundu və bu investisiyalar sonradan qiymətsiz insan kapitalına, peşəkar kadr potensialına çevrildi. Nəticədə təkcə neft-kimya və neft maşınqayırması sahələri deyil, həm də humanitar və hətta kosmik araşdırmalar erası başlandı.

Bu müqavilə Azərbaycanın neft strategiyasında ciddi dönüş yaratdı – ölkəyə yalnız neft gəlirləri yox, həm də geopolitik dividendlər qazandırdı. Bakı bir addım, bir addım neft diplomatiyasının, sonradan isə qlobal diplomatiyanın mərkəzinə çevrildi və bu da ölkənin beynəlxalq aləmə uğurlu inteqrasiyasına səbəb oldu. Heydər Əliyevin neft strategiyası çərçivəsində Xəzərin statusu ilə bağlı ölkə üçün son dərəcə təhlükəli və mürəkkəb olan məsələ də hərəkətə gətirildi. Azərbaycanın Xəzər dənizindəki milli sektorunda iri neft-qaz şirkətləri ilə bağladığı yataqların işlənməsi barədə razılaşmalar milli sənayenin inkişafında müstəsna rol oynadı.

Ümummilli liderin əsaslı və uzaqgörən idarəçiliyi dövründə ölkəyə elə böyük pozitiv impulslar verildi ki, çoxmilyardlıq maliyyə axınları belə real nailiyyətlərin fonunda kölgədə qalır. Neft strategiyasının ən mühüm nailiyyəti isə ondan ibarət oldu ki, Heydər Əliyev bu strategiya əsasında ABŞ, Rusiya və onların iri müttəfiqləri ilə etibarlı tərəfdaşlıq körpüləri qurdu. Başqa sözlə, 90-cı illərin əvvəllərində iflic vəziyyətində olan Azərbaycan ümummilli liderin “resepti” ilə tədricən özünü toparlamağa başladı. O, yalnız bu strategiyanın memarı deyil, həm də az müddət ərzində ağır xəstəyə çevrilmiş dövlətin “müalicə edən həkimi” oldu – halbuki ölkənin düşmənləri və bədxahları onun tezliklə dağılacağına ümid edirdilər.

Əslində, məhz “Əsrin müqaviləsi” Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında miqyas dəyişikliyinə gətirib çıxardı. Ölkəyə daxil olan böyük maliyyə resursları sayəsində xalq xaosdan və parçalanmadan uzaqlaşmaq, mənəvi gücünü möhkəmləndirmək imkanı əldə etdi.

“Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra ard-arda baş verməyə çalışan dövlət çevrilişlərinin qarşısı alındıqdan sonra Heydər Əliyev Azərbaycanın müstəqil Konstitusiyasının hazırlanmasına başladı, ölkənin bütün istiqamətlər üzrə balanslaşdırılmış diplomatik kursa keçdiyini bəyan etdi. Nəticədə gənc və müstəqil “Odlar Yurdu” beynəlxalq təşkilatların əksəriyyətində təmsil olunaraq, regional və qlobal proseslərdə fəal iştirak edən tamhüquqlu dövlətə çevrildi.

Zaman sübut etdi ki, ümummilli liderin Avrasiya üçün son dərəcə əhəmiyyətli olan “Şərq-Qərb” layihəsinin həyata keçirilməsində də xüsusi rolu olub. 1998-ci ilin sentyabrında, Heydər Əliyevin təşəbbüsü ilə “Gülüstan” sarayında “Böyük İpək Yolunun bərpası” adlı Beynəlxalq Forum keçirildi və bu torpaqlar qlobal tranzit layihəsinin əsas qovşaqlarından birinə çevrildi. Onun uzaqgörən diplomatik strategiyasında başlıca məqam – ABŞ, Rusiya, Avropa və Yaponiya ilə eyni vaxtda konstruktiv tərəfdaşlıq qurmaq, Azərbaycanı müxtəlif dövlətlərin maraqlarının qovuşduğu bölgəyə çevirmək idi. Bütün bunlar isə təkcə ölkə deyil, bütövlükdə region xalqları üçün real və davamlı faydalar qazandırmaq məqsədi daşıyırdı.

Bütün bu işlərin əsasında isə bir memarlıq vardı – dövlətçilik memarlığı

Heydər Əliyev sadəcə bir lider deyildi. O, Azərbaycanın əsas memarı idi. Onun dövründə formalaşan sabitlik, hüquqi baza, balanslı diplomatiya və tolerantlıq ideologiyası bu günümüzün təməlidir.

1998-ci ildə Bakıda keçirilmiş "Böyük İpək Yolunun bərpası" forumu ilə Şərqdən Qərbə layihəsi reallaşdı. Azərbaycan Avrasiya geosiyasətində əsas tranzit nöqtəsinə çevrildi.

Bu gün tolerant, dünyəvi və sabit Azərbaycan Heydər Əliyevin qoyduğu ideoloji və strateji xəttin nəticəsidir. O, xalqı milli birlik ətrafında toparladı və bir daha xalqa səsləndi ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”

Bütün bu mühüm uaradıcılıq, quruculuq mərhələlərinin zirvəsində isə bir həqiqət ucalır: ümummilli lider Heydər Əliyevin ideyaları, müəyyən etdiyi strateji xətt və dövlətçilik fəlsəfəsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir tarixə çevrilməkdədir. İlham Əliyev bu ideoloji və strateji irsi müasir çağırışlara uyğun formada davam etdirərək, Azərbaycanı təkcə regionun deyil, bütöv dünyanın mühüm aktorlarından birinə çevirib. Müzəffər Ali Baş Komandan kimi torpaqlarımızın azadlığına nail olan, ölkənin hərtərəfli inkişafını təmin edən və müstəqilliyi daha da möhkəmləndirən Prezident İlham Əliyev, sözün əsl mənasında, Heydər Əliyev məktəbinin davamçısı və Azərbaycanın yeni zəfərlər salnaməsinin müəllifidir. Bu gün başlanmış işlər, aparılan islahatlar və qlobal miqyaslı təşəbbüslər – COP29 kimi dünya səviyyəli tədbirlərin Bakıda keçirilməsi də sübut edir ki, Azərbaycan artıq yalnız tarix yazan deyil, gələcəyi formalaşdıran bir ölkəyə çevrilmişdir.

İRADƏ AĞAYEVA

Bakı Xoreoqrafiya Akademiyasının

Kitabxana-informasiya mərkəzinin müdiri

 

Siyasət