Əbədi Birlik Gənclər İctimai Birliyi‘nin təşkilatçılığı ilə “Əbədi Birliyin Təminatçısı: Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirildi Şimali Kiprli jurnalist, tədbir aparıcısı, uzun müddət Əbədi Birlik Gənclər İctimai Birliyi‘nin Şimali Kipr nümayəndəsi olaraq fəaliyyət göstərmiş Serdar Şengülün aparıcılığında olan tədbirdə Azərbaycan Milli Məclisi sədrinin müavini Musa Qasımlı, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə, qazi və müharibə iştirakçıları, siyasət, mədəniyyət, elm adamları iştirak edib.
İctimai birlikdən XQ-yə bildirilib ki, tədbir zamanı Ulu Öndər Heydər Əliyev və Türk dünyası şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə dövlətlərinin himnləri səslənib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisi sədrinin müavini Musa Qasımlı Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, onun Azərbaycançılıq ideologiyasının formalaşmasında və Türk dünyası ilə əlaqələrin gücləndirilməsində oynadığı müstəsna roldan bəhs edib. O, bildirib ki, Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının böyük lideri kimi tarixdə öz izini qoyub.
Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə isə çıxışında gənclərin milli və mənəvi dəyərlərlə tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətindən danışaraq, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra tədbirdə çıxış edən qazi və müharibə iştirakçıları, eləcə də tanınmış ziyalılar Ulu Öndərin müstəqil Azərbaycanın qurulması və qorunması uğrunda apardığı mübarizəni xüsusi vurğulayaraq, onun siyasi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, eləcə də iştirakçılar üçün azərbaycanlı dombra ifaçısı Adnan Əmirli tərəfindən “ErTuran - Türk Qanı” musiqisi səsləndirilib.
Sonda “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev tədbirin əhəmiyyətindən danışaraq, Heydər Əliyev irsinin yaşadılması və Türk birliyinin möhkəmləndirilməsi istiqamətində birliyin fəaliyyətini daha da gücləndirəcəyini bildirib. O, eyni zamanda, tədbirin təşkilinə dəstək verən bütün iştirakçılara və qonaqlara təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Şimali Kiprli jurnalist və tədbirin aparıcısı Serdar Şengül Ulu Öndər Heydər Əliyevin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyətə malik lider olduğunu vurğulayıb, çıxışında bildirib: “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti uğurla davam etdirir. Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti cənab Ersin Tatar ilə qurulan münasibətlər, Rauf Denktaş və Heydər Əliyev irsinin layiqincə davam etdiyinin göstəricisidir. Ankara–Bakı–Lefkoşa üçbucağında yüksələn Türk birliyi gələcəyimizin təminatıdır.”