Samir NURİYEV,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə ictimaiyyətin diqqət mərkəzində dayanan ən aktual mövzulardan biri Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, onun müstəqillik və suverenlik yolunda misilsiz xidmətləri ilə bağlıdır.
Hər bir xalqın müstəqillik və suverenlik uğrunda, işıqlı gələcək naminə apardığı şərəfli mübarizə yolu vardır. Tarixi inkişafın müxtəlif mərhələlərində Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar kimi dövlətlər və imperiyalar quran xalqımız xarici təcavüz və işğallara məruz qalsa da, öz zəngin dövlətçilik ənənələrini, mənəvi dəyərlərini, milli kimliyini qoruyub saxlamış, nəsildən-nəslə ötürmüş, azadlıq və müstəqillik arzularını gerçəkləşdirməkdən çəkinməmişdir. 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il yaşamasına və bolşevik işğalı nəticəsində süquta uğramasına baxmayaraq, müasir, milli suveren dövlət qurmaq, onun idarəçilik, müdafiə, təhlükəsizlik institutlarını formalaşdırmaq, ölkənin beynəlxalq əlaqələrini təşkil etmək ənənəsini yaratmışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1995-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda demişdir: “Ən böyük nailiyyət, tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik əhvali-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir”.
Təəssüf ki 1990-cı illərin əvvəllərində SSRİ dağılarkən və keçmiş müttəfiq respublikalar müstəqillik əldə etmək imkanı qazanarkən Azərbaycanda AXC-Müsavat iqtidarı keçmişin təcrübəsindən və acı dərslərindən nəticə çıxara bilmədi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilməsinə baxmayaraq, iqtidarda olan qüvvələr qarşılarında duran vəzifələri yerinə yetirmədilər. Ölkə daxilində anarxiyanın baş alıb getməsi, hakimiyyətin müxtəlif qruplar tərəfindən idarə olunması dövlət suverenliyinin oturuşmasını və müstəqil siyasət yürüdülməsini mümkünsüz hala gətirmiş, yaşanan hərc-mərclik ölkəni sanki feodal pərakəndəliyi dövrünə qaytarmışdı. Ali hakimiyyət müxtəlif qruplar tərəfindən idarə olunurdu, Qarabağ və Şərqi Zəngəzur Ermənistanın işğalı altına düşmüşdü, ölkə parçalanma həddinə çatdırılmışdı. İstər XX əsrin əvvəllərində, istərsə də sonunda Azərbaycan öz müstəqilliyinə qovuşmaq imkanı qazandığı dönəmlərdə cərəyan edən proseslər göstərdi ki, bir dövlət üçün müstəqillik və suverenlik yolunda həlledici amillərdən biri də real şəraiti düzgün qiymətləndirməyi, dövlətin bütün resurslarını vahid məqsəd uğrunda səfərbər etməyi bacaran, geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan, vətənpərvər və güclü liderin mövcudluğudur. Buna görə də, 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində Azərbaycan yenidən müstəqilliyinə qovuşmaq fürsəti əldə edərkən, məhz Ümummilli Lider Heydər Əliyev faktoru xalqımızın suverenlik və müstəqillik arzularının gerçəkləşdirilməsində həlledici amil olmuşdur.
Liderlik - gördüyü işlər sayəsində qazanılmış böyük nüfuza, yüksək təşkilatçılıq və idarəçilik bacarığına malik olan, hadisələrin gedişini dəyişdirməyi və istiqamətləndirməyi bacaran, müdriklik, uzaqgörənlik, qətiyyət və prinsipiallıq kimi keyfiyyətləri özündə birləşdirən xarizmatik şəxsiyyətlərə məxsus xüsusiyyətdir. Tarixi şəxsiyyət, böyük lider olan Heydər Əliyev respublikamıza rəhbərliyinin birinci dövründə öz fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqımızın istiqlal duyğularını, milli dövlətçilik düşüncəsini inkişaf etdirmiş, əsrin sonlarına isə müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, banisi olduğu bu dövlətin yüksəlişini, onun müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etmişdir.
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlamış Heydər Əliyev geridə qalmış və milli ucqar hesab olunan respublikamızın uğurlu inkişafını təmin edərək və onu SSRİ miqyasında birincilər sırasına çatdıraraq özünün yüksək liderlik, böyük təşkilatçı keyfiyyətlərini nümayiş etdirmiş, buna görə də Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrə irəli çəkilmişdir. Lakin 1985-ci ildə Sov. İKP Mərkəzi Komitəsinin Baş katibi seçildikdən sonra Mixail Qorbaçovun Heydər Əliyevin ölkə səviyyəsində gördüyü işlərə və böyük nüfuzuna qısqanclıqla yanaşaraq başlatdığı təzyiq kampaniyası ümumilikdə Azərbaycana qarşı yönəlmiş mənfur siyasətin tərkib hissəsi olmuşdur. 1987-ci ildə Heydər Əliyev vəzifəsindən istefa versə də, doğma Vətəninə qarşı həyata keçirilən çirkin kampaniya ilə barışmamış, Qanlı 20 Yanvar hadisələrinin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmışdır.
1990-cı ildə Moskvadan Vətənə qayıtdıqdan sonra Naxçıvana üz tutan və Muxtar Respublikanın Ali Məclisinin deputatı seçilən Ulu Öndər Heydər Əliyev dünya nizamında baş verən dəyişiklikləri düzgün qiymətləndirir və bilirdi ki, Azərbaycan müstəqillik və suverenlik yolu ilə getməlidir. Muxtar Respublikanın Ali Məclisinin 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş sessiyasında Naxçıvan Muxtar Respublikasının ali hakimiyyət orqanının yeni adının və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunması, Azərbaycan Respublikasında dövlət rəmzləri haqqında məsələyə baxılması və milli-tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayraq, gerb və himnin qəbul edilməsi barədə Azərbaycan Ali Məclisi qarşısında məsələ qaldırılması Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində müstəqillik yolunda atılmış ilk addım oldu. Kommunist partiyasının fəaliyyətinə xitam verilməsi və mülkiyyətinin milliləşdirilməsi məsələlərini müzakirəyə çıxaran Muxtar Respublikanın Ali Məclisinin 1991-ci il 3 sentyabr tarixli fövqəladə sessiyası isə müstəqil dövlətçilik yolunda ümummilli prosesin hərəkətverici qüvvəsinə çevrilən mühüm hadisə kimi səciyyələndirilməlidir.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı və iyunun 15-də Ali Sovetin sədri seçilməsi ilə başlayan növbəti 10 il Azərbaycanda müstəqil dövlətin qurulduğu, möhkəmləndirildiyi və gələcək inkişaf üçün təməllərin yaradıldığı mühüm tarixi mərhələdir. 1993-2003-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin işğal edildiyi bir şəraitdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin təmin olunması, dövlət idarəçiliyi mexanizminin və iqtisadi sistemin yenidən qurulması, beynəlxalq əlaqələrin dövlətin və xalqın ali məqsədlərinə uyğun əsaslı təşkili və bu kimi digər həyati vacib məsələlər qısa zamanda həll edildi, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin əsasları yaradıldı. Bu əsaslar Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuşdur.
Kompleks xarakterli və geniş məna daşıyan, empirik, nəzəri və normativ yanaşmaları ehtiva edən suverenlik termini müasir dövrdə dövlətin suverenliyi kontekstində onun daxili və xarici siyasət məsələlərində müstəqilliyini və dövlət hakimiyyətinin aliliyini ifadə edən anlayışdır. Tarixi inkişafın müxtəlif mərhələlərində suverenliyin qarantı və daşıyıcısı rolunda mütləq hakimiyyət çıxış etmişdir. Müasir dövrdə isə suverenliyin konstitusion nəzəri əsasları dünyada geniş yayılmış praktikadır. Konstitusion yanaşma çərçivəsində ölkənin Əsas Qanunundan çıxış edərək suverenliyin daşıyıcısı və onun özünün interpretasiyası müəyyən edilir. Demokratik inkişaf yolunu tutmuş ölkələrdə suverenliyin daşıyıcısı xalq və onun iradəsidir.
Hələ 1995-ci il iyunun 5-də yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında çıxış edən Heydər Əliyev demişdi: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”. Azərbaycan Respublikasının Konstitusiyasının l maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Əsas Qanunumuzun ll maddəsinə əsasən, öz müqəddəratını sərbəst və müstəqil həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Göründüyü kimi, Azərbaycan Konstitusiyası tarixi keçmişimiz və ümumbəşəri, demokratik dəyərlərə əsaslanan, dövrün çağırışlarına cavab verən, ölkəmizin gələcək inkişafı üçün geniş hüquqi baza yaradan, ən əsası isə xalqımızın suveren hüququnu və dövlətimizin suverenliyini təsbit edən fundamental sənəd kimi ərsəyə gəlmişdir. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü elan edilmişdir.
Azərbaycan Respublikasının ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi Konstitusiyamızda başlıca prinsiplərdən biri kimi təsbit olunmuşdur. 1995-ci il noyabrın 24-də Milli Məclisin ilk iclasında çıxış edən Heydər Əliyev demişdir ki, “yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır”. Bu məsələnin Azərbaycan üçün prinsipial əhəmiyyəti həm də ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsi və onu özününküləşdirmək cəhdi ilə bağlı idi. Əsasən İkinci Dünya müharibəsindən sonra demokratiya dalğasının təsiri ilə formalaşmış müasir beynəlxalq hüquq dövlətlərarası münasibətləri tənzimləməklə yanaşı, həm də mövcud normaların özünəməxsus şəkildə interpretasiyasına, ən acınacaqlısı isə sui-istifadə hallarına yol açmışdır. Bu kontekstə XVlll əsrdə formalaşmağa başlamış və müasir beynəlxalq hüquqda da özünə yer etmiş milli suverenlik doktrinası, yəni, “hər bir xalqın öz müqəddəratını təyin etmə hüququ” Ermənistan və onun Azərbaycan ərazisində qurduğu qondarma rejimin öz cinayətlərinə bəraət qazandırması üçün əsas bəhanəyə çevrilmişdi. Nəticədə Azərbaycanın suverenliyi pozulmuş, Konstitusiyamızın hüquqi təsiri və ali dövlət hakimiyyətinin suveren hüququ 30 il ərzində ölkəmizin 20 faiz ərazisinə yayılmamışdır.
Müstəqillik illərində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun təkmilləşdirilərək həyata keçirilmiş milli inkişaf strategiyasının başlıca hədəfi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olmuşdur. İki mühüm istiqamətin paralel şəkildə həyata keçirilməsi ilə şərtlənən siyasi xətt bir tərəfdən problemin beynəlxalq hüququn tələblərinin və beynəlxalq birlik tərəfindən məcburetmə tədbirlərinin tətbiqinə nail olunmasını, digər tərəfdən isə güclü dövlət konsepsiyasının reallaşdırılması və güc tətbiqetmə yolu ilə işğala son qoyulmasını ehtiva etmişdir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial siyasəti sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmış, nə beynəlxalq hüquq sistemində, nə də siyasi müstəvidə mübahisə predmeti olmuş, ölkəmizin işğal altında olan əraziləri üzərində hüquqi, tarixi və mənəvi haqqı qəbul edilmiş, Ermənistanın və onun havadarlarının torpaqlarımızda ikinci erməni dövləti yaratmaq cəhdləri nəticə verməmişdir.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev beynəlxalq birliyin laqeydliyi və selektiv yanaşması fonunda Ermənistan–Azərbaycan münaqişəsinin ədalətli həlli üçün güc amilinin önəmini aydın görmüş, müasir və güclü dövlət quruculuğunu, milli həmrəyliyin təmin edilməsini, ölkənin bütün resurslarının vahid məqsəd uğrunda səfərbər olunmasını həyata keçirdiyi siyasətin başlıca istiqamətləri kimi müəyyənləşdirmişdir. Buna görə də 2003-2020-ci illərdə bütün sahələrdə dərin islahatlar həyata keçirilmiş, Azərbaycan sürətli və dinamik inkişaf etmiş, əhalinin rifahı əsaslı şəkildə yüksəlmiş, cəmiyyət həyatının bütün sahələri yenilənmiş və müasirləşmişdir. Fəal xarici siyasət sayəsində ölkəmizin strateji tərəfdaşlıq münasibətləri, beynəlxalq əlaqələri genişlənmiş və zənginləşmiş, onun dünyada nüfuzu böyük dərəcədə yüksəlmişdir. Hərbi quruculuq işləri daim diqqət mərkəzində olmuş, ölkəmizdə müdafiə sənayesi formalaşdırılmış, Azərbaycan Silahlı Qüvvələri öz potensialına görə dünyanın aparıcı orduları sırasında layiqli yer tutmuşdur. Ən əsası, cəmiyyətdə birlik, həmrəylik hökm sürmüş, torpaqlarımızın işğaldan azad olunması hamı üçün başlıca vəzifəyə çevrilmişdir. Göründüyü kimi, Prezident İlham Əliyevin məqsədyönlü, qətiyyətli və prinsipial siyasəti sayəsində Azərbaycan heç bir yerdən yardım ummadan, heç kimdən çəkinmədən istər iqtisadi, istərsə də hərbi güc baxımından öz haqqını təmin etmək qüdrətinə sahiblənmişdir. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilmişdir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir”.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına və yeni işğalçılıq planlarına cavab olaraq başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və bacarıqlı sərkərdəliyi, Ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı və rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Azərbaycan Ordusu unikal hərbi əməliyyatlar keçirərək, düşmənin uzun illər ərzində qurduğu müdafiə xətlərini darmadağın edərək hərb tarixinə hələ çox danışılacaq və öyrəniləcək yeni şərəfli bir səhifə yazdı. Vətən müharibəsində parlaq qələbə ilə təkcə Azərbaycanın ərazi bütövlüyü bərpa edilmədi, həm də regionda yeni reallıq, yeni status-kvo yaradıldı.
2020-ci il noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat işğalçı dövlətin birmənalı kapitulyasiyasını ehtiva etsə də, ərazilərimizin bir hissəsində Ermənistanın hərbi birləşmələri və qondarma rejimin hərbi ünsürləri qalmaqda idi. Digər tərəfdən, Ermənistanda revanşizm əhval-ruhiyyəsinin günbəgün artması, sərhəd bölgələrində, habelə ermənilərin yaşadığı Azərbaycan ərazilərində hücum xarakterli yeni qurğuların inşasına cəhdlər göstərilməsi Ermənistan rəhbərliyinin və Qarabağdakı cinayətkar rejimin yeni planlar qurduğunu göstərmiş, qabaqlayıcı addımların atılmasını zərurətə çevirmişdi. Beləliklə, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuş, həmçinin Azərbaycan ərazisində hər hansı qanunsuz xarici hərbi mövcudluğa son qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Bu gün Azərbaycan öz iqtisadi, siyasi, diplomatik, hərbi və mədəni potensialını daha da inkişaf etdirərək Cənubi Qafqazın lider ölkəsi, siyasi və iqtisadi mərkəzinə, Avrasiya məkanının yeni orta güc aktoruna çevrilmişdir. Azərbaycan öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları və tərəfdaşları ilə regionun və dünyanın yeni enerji, nəqliyyat xəritəsini cızan, COP29 kimi nəhəng tədbirləri yüksək səviyyədə keçirən və qlobal problemlərin həllinə dəyərli töhfələr verən dövlət kimi beynəlxalq arenada böyük nüfuz sahibidir. Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru heç kimdən yardım almadan, öz gücünə bərpa edir və yenidən qurur, həmin ərazilərdə müasir infrastruktur yaradılır, yaşayış məntəqələri salınır, insanların doğma yurdlarına qayıdışı təmin edilir. Hazırda həmin ərazilərdə 45 mindən artıq vətəndaşımız yaşayır, işləyir, təhsil alır, yaradır, övladlarını böyüdür və öz gələcəyini qurur. Azərbaycan Prezidentinin bu bölgəyə hər səfərində çoxsaylı obyektlərin açılışı keçirilir, yenilərinin təməli qoyulur. Təbii ki, bütün bunlar Azərbaycanın böyük gücünün və geniş potensialının göstəricisidir. Eyni zamanda, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidən xalqa müraciəti, işğaldan azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi və bu prosesin parlaq nümunəsi kimi 2024-cü il prezident seçkilərində dövlət başçımızın ailəsi ilə birlikdə məhz Xankəndidə səs verməsi tam suverenliyimizin və Konstitusiyamızın hüquqi qüvvəsinin bütün ölkə ərazisini əhatə etdiyinin göstəricisi olmuşdur.
Dövlətin və cəmiyyətin qarşısında duran vacib məsələlərin həllində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm yer tutur. Hörmətli Mehriban Əliyeva ölkədə insanların həyat keyfiyyətinin yüksəldilməsini nəzərdə tutan çoxsaylı proqramların təşəbbüskarıdır. Uğurlu sosial siyasətin həyata keçirilməsində, dövlətin vətəndaşlara diqqət və qayğısının artırılmasında, əhalinin rifahının yüksəlməsində Mehriban Əliyevanın əməyi böyükdür. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yüzlərlə məktəb, uşaq bağçası, tibb müəssisəsi, mədəniyyət obyektinin tikintisini və ya əsaslı bərpasını həyata keçirmiş, Azərbaycan mədəniyyətinin inkişafına, mədəni irsimizin dünyada təbliğinə mühüm töhfələr vermişdir. Mehriban Əliyevanın fəaliyyəti və gördüyü işlər humanizmin, dövlətə sədaqətin, xalqa bağlılığın, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşması üçün layiqli xidmətin nümunəsidir.
Azərbaycanın XX əsr tarixinin böyük hissəsi Heydər Əliyev şəxsiyyəti, onun genişmiqyaslı quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq öz müstəqilliyinə qovuşduğu tarixi mərhələ, onun həyat yolu isə öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin təcəssümü, ümummilli məqsədlər uğrunda fədakarlığın və mübarizliyin rəmzi olmuşdur. Buna görə də Azərbaycan xalqının xoşbəxt gələcəyi, dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Konstitusiyamızın bəyan etdiyi prinsiplərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü qeyd etdiyimiz zamanda geriyə baxarkən keçdiyimiz inkişaf yolunun, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin qüdrətli bir dövlət səviyyəsinə yüksəltdiyi bugünkü Azərbaycanın əzəmətini daha aydın görürük. “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd olunduğu kimi, Ulu Öndərin qurduğu dövlət indi xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.