Ulu öndərin diqqət və qayğısı ilə şöhrət zirvəsinə pərvazlanan sadə zəhmət adamları çox olub. Onlardan biri də bərdəli pambıq ustası – “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenli, 23 yaşından başlayaraq 10 il keçmiş SSRİ-nin ən gənc deputatı, müstəqil Azərbaycanın 1-ci çağırış Milli Məclisinin üzvü olmuş Prezidentin fərdi təqaüdçüsü Tərlan Musayevadır.
Bu il 70 yaşı tamam olan əmək qəhrəmanının yubileyini daha da əlamətdar edən məqam onun ulu öndər Heydər Əliyevlə bağlı xatirə-memuar janrında yazılmış “Ulu Öndərə mənəvi borcum” kitabının və öz bioqrafiyasına işıq tutan “Ulu öndərin “canlı əsəri” Tərlan” adlı bədii publisistika nümunəsinin çap olunaraq geniş ictimaiyyətə təqdim edilməsidir.
Redaksiyamızın qonağı olan Tərlan xanım həmin kitablarını baş redaktor Əflatun Amaşova bağışladı və bu nəşrlərin unudulmaz dahi şəxsiyyətin anadan olmasının 102-ci ildönümündə, həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində oxuculara töhfəsi olduğunu bildirdi.
İlk növbədə nəfis tərtibatı ilə diqqət çəkən “Ulu öndərə mənəvi borcum” kitabı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin dəstəyi ilə nəşr edilib. Memuarların redaktoru araşdırmaçı yazar Vaqif Osmanlı, məsləhətçisi birliyin sədri, “Kəlağayı” ev muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlıdır. Bütövlükdə bu kitab Tərlan xanımın dahi liderin qayğısı ilə nurlanmış 70 illik zəngin və mənalı ömrünə özünün bir baxış prizmasıdır.
Son günlərdə xatirə kitabının Bakının Yasamal rayonunda, Naxçıvan və Culfada geniş təqdimatları olub. Müəllif bununla bağlı təəssüratlarını dilə gətirərək dedi ki, maraqla qarşılanan nəşrdə onun həyatının Heydər Əliyevlə bağlı mühüm dönəmlərini həzin xatirələr işığında oxucularına çatdırıb. Bu kitab həm də Azərbaycan tarixinin son yarım əsrlik dövrünün ictimai-siyasi hadisələri, Tərlan Musayevanın Ümummilli liderlə müxtəlif illərdə görüşlərindən doğan təəssüratları, Ulu öndərin ona göstərdiyi böyük atalıq qayğısı, ona güvənməsi, özünün isə etimadı doğrultmaq üçün göstərdiyi fədakar səyləri barədə maraqlı və yaddaqalan hekayətdir. Onun haqqında yazılmış “Ulu öndərin “canlı əsəri” Tərlan” kitabı isə, adından da göründüyü kimi, Tərlan xanımın özünün ömür yolunun vərəqləndiyi bir nəşrdir və sadə zəhmət adamı onu şöhrət zirvəsinə qaldırmış Heydər Əliyevi sonsuz qədirbilənliklə yad edib. Bu kitab qəhrəmanın parlaq tərcümeyi-halı üzərində ədəbi təhlilçi, Vaqif Osmanlının publisistik düşüncələrinin toplusudur.
Görüşümüz zamanı orta məktəbi əla qiymətlərlə bitirsə də, zəhmət meydanında çalışmağa üstünlük verib şan-şöhrət qazanmış Tərlan xanımın çox gənc yaşlarından tanınmasında Ümummilli liderin böyük rolu dəfələrlə vurğulandı. O, dünya siyasətində silinməz izləri olan əbədiyaşar liderin anadan olmasının 102-ci ildönümündə könül duyğularını dilə gətirdi:
– Ulu öndər Heydər Əliyev məndən mənəvi ata qayğısını əsirgəməyib və uğurlarıma hər zaman xüsusi diqqət və qayğı göstərib, böyük həssaslıqla yanaşıb. Həyatda qazandığım nə varsa, hamısına görə özümü Ümummilli liderin ruhuna hər zaman borclu bilirəm. Xatirə kitabımda bütün bunları bacardığım qədər ifadə etməyə çalışmışam. Uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanmış Heydər Əliyevin mənalı həyat yolunun, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğulamışam.
Kitabdan sətirlər...
“Heydər Əliyevlə bağlı qürurverici, qiymətli, unudulmaz, son dərəcə kövrək xatirələrim var. Dahi şəxsiyyətin sağlığında xatirələrimi yazmaq məqsədilə ilk qeydlərimi etməyə başlayanda, hadisələri zaman axarıyla sıralayanda bir az tərəddüd etdim. Ona sonsuz ehtiramımın, məsuliyyət hissimin böyüklüyü həmin xatirələri Ulu öndərin sağlığında yazmağa imkan vermədi, indi düşünürəm ki, bəlkə də cəsarətim çatmadı. Əlbəttə, Ulu öndər mənim üçün həmişə sağdır, yaşayır, əbədi yaşayacaq, unudlumazdır, indi də işıqlı xatirələri ilə yolumun yönünü istiqamətləndirir. Çətinə düşəndə, məsləhətə, öyüd-nəsihətə ehtiyacım olanda birinci üz tutduğum yer Ulu öndərlə görüşlərimdən yaranan unudulmaz xatirələrimdir. Bütün bunlar sənədli film kimi gözümün qarşısından keçir, onun insanlığına, mərhəmətinə sığınıb təsəlli tapıram. Bax, bu təsəlli, qayğı məni yoluma davam etməyə, ölməz şəxsiyyət haqqında xatirələrimi qələmə almağa vadar etdi, həvəslə işə başladım. Bu kitabı mənim əməyimə dəyər verən, ucaldan, mənəvi atalıq missiyasını ömrünün sonuna kimi təmənnasız yerinə yetirən böyük insana mənəvi övladının birinci dərəcəli mənəvi borcunun bir hissəsi hesab edirəm”.
Tərlan Musayeva Ulu öndərlə ilk görüşlərini bugünkü kimi, ən xırda detallarına qədər xatırlayır:
– Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dönəmdə 14 dəfə mənim yaşadığım, əmək fəaliyyəti göstərdiyim, respublikamızın ən nəhəng kənd təsərrüfatı rayonlarından biri, “aranın anası”, Nüşabə yurdu Bərdəyə səfər edib. Bu səfərlərin 12-də mən Ulu öndərlə görüşmüşəm. Elə səfərlər olub ki, protokola salınmasa da, mənimlə görüşmək üçün bizim kolxozun “ağ qızıl” tarlalarına gəlib.
Taleyimə minnətdaram ki, Heydər Əliyev kimi qədirbilən bir insanın diqqətini cəlb etmişəm. Mənim çağırışımla 400-ə qədər gənc, necə deyərlər, bir “ordu” arxamca gələrək sürücü-mexanik sənətini seçmişdi. 20 ilimi bu “kişi sənəti”nə həsr etməyimə qətiyyən peşman olmamışam... Bir gün məlumat verildi ki, Heydər Əliyev bizim sahəyə gəlir. Respublika rəhbəri ilə ilk dəfə görüşəcəyim üçün çox həyəcanlı idim. 21 yaşında, sakit təbiətli, böyüklər nəsə soruşanda yanaqları allanan bir kənd qızıydım. Maşın karvanı tarlanın kənarında dayandı, qonaqlar görüşmək üçün bizə tərəf addımladılar. İlk dəfə idi canlı görürdüm. Qabaqda Heydər Əliyev gəlirdi. Ürəyim elə döyünürdü ki, elə bil sinəmdən çıxmaq istəyirdi. Kolxozun sədri bizi bir-bir təqdim etdi. Heydər Əliyev hamımızla əl tutub görüşdü, hal-əhval tutdu. Onun üzündə xoş, qarşısındakı insanı ümidləndirən, cəsarətləndirən doğma təbəssüm vardı. Bu təbəssümün istiliyini ilk baxışdan hiss etdim. Ulu öndər əlini çiynimə qoydu, – Hə, maşınları işə salın, görək, – dedi. Eyni anda sürücü-mexanik yoldaşlarım bir-birinin üzünə baxdılar. Heydər Əliyev bizim duruxduğumuzu görüb soruşdu:
– Niyə başlamırsınız? Mən maşınla pambıq yığımını izləmək istəyirəm.
Bizdən yaşına görə böyük və səriştəli olan Soltan adlı mexanizator:
– Yoldaş Heydər Əliyev, belə hava şəraiti yığıma münasib deyil, – dedi.
Mənə tərəf dönüb “Bəs sən nə düşünürsən?” soruşanda ani fikirləşdim ki, uzunluğu 1 kilometrdən çox olan pambıq sahəsini o başa gedib gələnə kimi Heydər Əliyev bizi gözləməz, çıxıb gedər. Ona görə də mənə bir cəsarət gəldi.
– Yığmaq olar, mən yığıma başlayıram, – deyib tez sükan arxasına keçdim. Kombaynı işı salıb sahəyə girdim. Digər iş yoldaşlarım da həvəslənib kombaynlarını işə saldılar. Allaha yalvarırdım ki, kombayn sahədə batıb qalmasın, həm də nəmli pambıq maşında “dolama” yaratmasın. Gördüm ki, Heydər Əliyev və qonaqlar yığılan sahəyə baxa-baxa arxamca gəlirlər. Həyəcanlı idim. Maşından düşüb arxadakı pambıq kollarına baxdım. Sahə tərtəmiz yığılmışdı. Bunkeri doldurdum. Həmkarlarımın maşınları tarlanın ortasında batıb qalmışdı.Heydər Əliyev hamısının yaxın gəlməsini tapşırdı. O, üzünü sahədə batıb qalmış maşınlara tərəf çevirib nəsə düşünürdü. Sonra heç nə olmamış kimi, məni yanına çağırıb ata məhəbbəti ilə alnımdan öpərək mehribanlıqla söhbətə başladı:
– Sağ ol, qızım, sahənin pambığını çox təmiz yığdın, bir qozada da pambıq lifi qalmadı, – deyib əlimi sıxdı.
Sonra üzünü o biri sürücü-mexaniklərə tutdu:
– Niyə siz yarı yolda qaldınız, sahənin başına gəlib çata bilmədiniz? Həm də sizin yığdığınız cərgələr Tərlanın yığdığı cərgələrdən çox fərqlənir. Sizin cərgələrdəki qozalarda pambıq qalıb. Niyə belə oldu?
İş yoldaşlarımdan biri cavab verdi:
– Bəli, yoldaş Əliyev, pambıq nəm olanda maşın yaxşı yığmır, bunu açıq şəkildə sizə deməyə utandıq.
Ulu öndər soruşdu ki, bəs Tərlanın maşını niyə təmiz yığdı, həm də gəlib sahənin başına çatdı?
İş yoldaşım özünəməxsus mərdliklə: “Yoldaş Əliyev, o, Tərlandı, çox bacarıqlı, cəsarətli qızdı, – dedi. – Tərlan qız olsa da, maşına bizdən yaxşı qulluq edib, odur ki, “dolama” olmadı”.
Respublika rəhbəri əlini əlinə vurub, Soltanın sözlərinə ürəkdən güldü:
– Demək, boynunuza alırsınız ki, Tərlan həm siz kişilərdən qoçaq, cəsarətli, həm də bacarıqlıdır, eləmi?
Həmkarlarım onun dediklərini təsdiqlədilər. Heydər Əliyev əlini çiynimə qoyub, bu səhnəni izləyən insanlara məni göstərərək dedi ki, baxın, bu qız sizin və bizim “canlı” əsərimizdir.
Beləcə, onunla ilk görüşüm mənim həyatımda uğurlarıma bir tramplin oldu. Onu da deyim ki, dahi rəhbər hər bir tanınmış bərdəli əmək adamının adını əzbər bilirdi. Fenomenal yaddaşı vardı, bir dəfə görüşdüyü əmək adamını yaddan çıxarmazdı.
Tərlan xanımın yazdığına görə, sonrakı illərdə Heydər Əliyev nə vaxt Bərdəyə gəlirdisə, mütləq onların sahələrinə baş çəkirdi, problemlərlə maraqlanırdı. Bərdədə neçə-neçə sosial obyekti onların xahişi ilə inşa etdirmişdi. Bir görüşdə Tərlan xanım bildirib ki, kənddə feldşer-mama məntəqəsinə ehtiyac var. Onda Ulu öndər yanında dayanmış Nazirlər Sovetinin işçisinə tərəf dönərək deyib: “Yaz ora, Tərlan xanım deyirsə, biz onu eləməliyik”.
Bir dəfə də Tərlan Musayeva deputat olanda raykomun 1-ci katibi Rüstəm Səfərəliyev onu çağıraraq deyib: “Rayonumuza bir pambıqtəmizləmə zavodu bəs etmir, ikincisi tikilməlidir. Amma artıq Nazirlər Soveti plan tutub, bunu oraya daxil etməyib. Bəlkə sən desən, Heydər Əliyev qəbul edər”. Ümummilli lider Bərdədə olanda Tərlan xanım çıxışında bu məsələni deyib və rəhbər göstəriş verib ki, plana salınsın. Tarla qəhrəmanı nə qədər yaşayış evi, poçt, aptek, xəstəxana tikilməsinə kömək edib...
– Sizin 10 il dalbadal Sevil Qazıyeva adına mükafatın, həmçinin Paşa Angelina, Tursunoy Axunova mükafatlarının qalibi kimi şəninə mahnılar, poemalar, şeirlər yazılan tanınmış mexanizator kimi sənətçilərlə unudulmaz görüşləriniz də olub...
– Elədir. Ulu öndər rayonlara səfərlərə çıxarkən, camaatla görüşərkən yaradıcı insanlar – şair, yazıçı, bəstəkar və rəssamlar onu müşayiət edirdilər. Şairlərimizdən Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Davud Nəsib, yazıçılar Bayram Bayramov, İmran Qasımov, rəssam Tahir Salahov və bir çox məşhurları mən Heydər Əliyevin Bərdəyə səfərləri zamanı iş başında tanımışam, yaxından görmüşəm, görüşüb söhbət etmişəm. Belə görüşlərin birində Nəriman Həsənzadə “Tərlan bacım” şeirini yazdı. Heydər Əliyevin mənə bir dəfə “Maral” kimi müraciət etməsini şair o şeirində bədii dillə qələmə aldı. Dahi rəhbərin təklifi ilə bu şeirə görkəmli bəstəkarımız Emin Sabitoğlu o vaxt dillərdən düşməyən, indi də oxunan məşhur mahnını bəstələdi, Xalq artisti Yalçın Rzazadə möhtəşəm ifa etdi.
“Maral” dedi bir qardaşın sənə, Tərlan,
Maral kimi boylandın sən cərgələrin arasından.
Başında bir mavi örpək, sinəndə bir duyan ürək,
Uca, zərif, gözəl, göyçək ellər qızı, ellər qızı –
Tərlan bacım, çöllər qızı...
Kitabdan sətirlər...
“Bunun maraqlı tarixi var. Heydər Əliyev cənablarlı Bərdəyə, bizim “Kommunizm” kolxozuna gəlmişdi. Mövsümün qızğın vaxtıydı. Havada bəlkə 40 dərəcədən çox istilik vardı. Bakıdan gələn qonaqlar dözməyib sahənin kənarındakı çinarların kölgəsinə çəkilmişdilər. Amma Heydər Əliyev qızmar Günəş şüalarının istisinə fikir vermədən tarlanın kənarında durub gözləyirdi. Tər-qan və kirpiklərimə kimi toz içində maşından düşəndə möhtərəm Heydər Əliyev mənə “Maral qızım” deyə müraciət etdi. Tarladakılar mənim adımın Maral yox, Tərlan olduğunu bildirdilər. Heydər Əliyev cənabları özünəməxsus təmkinlə: – Nə fərqi var? Maral sürətlə qaçır, tərlan isə şığıyır. Hər ikisi ürəkaçandır, – dedi. Bundan sonra mənə “Bərdənin maralı” deyənlərin sayı çoxaldı. Nəriman Həsənzadə də şeirində belə yazdı...”
Tərlan Musayeva Ulu öndərin necə həssas, diqqətcil olmasından danışmaqla doymur. Unudulmaz anları sevə-sevə xatırlayır.
– Sizə bir epizod da danışım. 22 yaşımda Heydər Əliyevin məsləhəti ilə SSRİ Ali Sovetinə deputatlığa namizədliyim verilmişdi. Ən gənc deputat idim. Brejnev Azərbaycana gəlmişdi, Heydər Əliyev hər sahə üzrə adamları ona təqdim edirdi. Mən təzə deputat seçilmişdim. Gənc, arıq, qara və çəlimsiz qız idim. Deputat nişanım da yaxamda idi. Brejnev mənimlə görüşəndə dedi ki, “Vao, deyəsən, bu bizim deputatımızdır. Heç deputata oxşamır. Bu balacadır, cırtdandır”. Heydər Əliyev dedi ki, “yoldaş Brejnev, onun balaca olmağına baxmayın, gördüyü işlər çox nəhəngdir”. Sanki o mənim bütün həyatımı öyrənmişdi.
Söhbətimizin yekunda isə Tərlan xanım belə dedi:
– Heydər Əliyev belə rəhbər, çox diqqətli insan idi. Xalqımızın zirək övladlarını çox sevirdi. Onların, xüsusilə də qızların, qadınların gözəl, yaraşıqlı, zövqlü, intellektual səviyyəli olmasını, başqa millətlərin nümayəndələrindən daha səviyyəli görünməsini istəyirdi. Bu, ona xas xarakter kimi heç vaxt yadımdan çıxmır. Bu barədə bilgiləndirdiyim bir rəfiqəm mənə duyğulu şəkildə bayatı ilə belə cavab vermişdi:
Əzizim, mərd işidir,
İgidlik mərd işidir.
Yaşamağa nə var ki,
Yaşatmaq mərd işidir.
Onunla ata-bala, adi adam kimi etdiyim söhbətləri ömrüm boyu unutmaram. Moskvada Ali Sovetin sessiyalarında kreslolarımız yanaşı idi. Vəzifələrdən istefa vermiş Heydər Əliyev haqsızlıqlara sinə gərir, ruhdan düşmür, vüqar və əzəmətini azaltmırdı. Həmişə mənimlə respublika barədə söhbət edir, yarımçıq qoyub gəldiyi tikintilərlə maraqlanırdı. Xeyli müddət keçsə də, hamı, hər şey yadında idi.
Bir dəfə öz həyatından danışdı. Ömür-gün yoldaşını itirməsi onu sarsıtmışdı. Və mən ilk dəfə o böyük insanın səsində titrəyiş duyurdum: “Zərifənin ölümü mənə ağır zərbə oldu. O mənim həm də köməkçim, həkimim, mənəvi dayağım idi”...
İndi də Ulu öndərlə bağlı görüşlərdə, yığıncaqlarda çox oluram. Heydər Əliyevi xalq təbliğ edir, tükənməz sevgisini bildirir. Mən də fəxr edirəm və nə qədər ömrüm var, fəxr edəcəyəm ki, dünya arenasında tanınan, nüfuz qazanan, siyasi çəkisinə görə sözü keçən Azərbaycan Respublikasının Heydər Əliyev kimi unudulmaz rəhbəri olub. O, xalqımızın ömrünə doğan Günəş idi.
Ulu öndər Azərbaycanda 2-ci dəfə hakimiyyətə gələndən sonra yenə də Tərlan Musayevadan qayğısını əsirgəməyib. Onun məsləhəti ilə tanınmış əmək qəhrəmanı müstəqil Azərbaycanın 1-ci çağırış Milli Məclisinin deputatlığına namizədliyini verib və layiq olduğu mandatı qazanıb.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ